İmamət İsmayıl Ədilbəyli
İnsan həyatı boyunca xoşbəxtliklərə çatmaq üçün daim mübarizədədir. Düzdür, xoşbəxtlik hər kəs üçün fərqli anlam daşıyır, hamı üçün bir başqa mahiyyət ifadə edir bu xoşbəxtlik fəlsəfəsi. Kimisi üçün daxili mənəvi hüzurluq, kimisi üçün maddiyyat, kimisi üçün yardıma ehtiyacı olan insanlara kömək etmək, kimisi üçün də heyvanlara başlarını sığallayıb qayğı göstərməkdir bu anlayış. Hər kəs bu yolda yuxarda anlatdığım hüquqları yerinə yetirməkdən doğan mənəvi-rahatlıq, sevinc hisslərini yaşamaq istəyir. Amma bəzən bu, istədiyimiz kimi olmur. Nəyinsə bizə meydan oxuduğunu, onun həyatımızda əsl “sağ göstərib, sol vurma” prinsipini idarə edib, bizi asılı vəziyyətə saldığını görürük. Təbii ki, bu durum da bizi ruhdan salır, həvəsimizi boğazımızda düyünləyib qursağımızda qoyur.
Bu, “Şüur yoxdur, sadəcə, instinklə hərəkət edir” dediyimiz heyvanlar üçün də belədir. Əvəzolunmaz təbiətin vəhşi möcüzələri olan heyvanlara qarşı tolerantlığın bəlkə də bir az əyləncənin nümunəsi kimi zooparklarda qəfəsə bağlı heyvanlar insanları böyük tamaşaçı yığmaq, reytinqə işləyib fəaliyyət göstərdiyi şəhərdə yek və tək ad qazanmaq, sirklərdə insanları əyləndirmək üçün min bir əzab-əziyyət verilən həmin canlıların zəncirlə vurularaq öyrədilməsinə son qoyulmaqdır xoşbəxtlik.
Bu xoşbəxtliyi onlara yaşatmağın bir yolunu da vegeterianlar edir. Ət yeməməklə. Onlar bunu heyvanlara qarşı olan işgəncənin başqa bir növü kimi qəbul edib, bundan kənardırlar. Buna nəinki xoşbəxtlik, hətta, təbiətimizi canlı, maraqlı, həyatları, funksiyaları və vərdişləriylə rəngarəng edən heyvanlara olan yardımın başqa üsulu da deyə bilərik.
Əlqərəz bu xoşbəxtlik anlayışının kim və nə üçün, necə anlam ifadə etdiyini izah etmək deyil, məqsədim əziz,oxucu. Bu cızma-qaranı yazmağa vadar edən “yutub” (youtube) sosial şəbəkəsində sirklərdə insanların əhval-ruhiyyəsini xoş etmək məqsədilə tərbiyələndirilən, başqa sözlə, sirk işçisinə bu tərbiyə metoduyla tabe olundurulan vəhşi olsa da, aciz heyvanlardı.
Düzü, başqa bir məsələylə bağlı “yutub”a müraciət etsəm də, bilirsiniz ki, videolar bir-biriylə mahiyətcə oxşardır. (bəzən də bu portal özü material təqdim edir). Bu materialların birində indi vurğulayacağım görüntülərə rast gəldim.
Deməli, tamaşaçıların nəhəng zalın dörd bir qırağının əhatə etdiyi sirkdir. Sirk işçisinin qəddarlıqla növbə ilə filə, pələngə, ata dəridən-qabıqdan çıxıb hansısa elementi öyrətmək üçün çubuqla vuraraq, heyvanın ona tabe olması və nəticədə sanki böyük maraq yaratması tamaçaşının da gur səslə alqışlaması, nəhayət sirk ustasının özünü sanki böyük qəhrəmanlıq nümayiş etdirərək, qollarını havada uzadıb, maraqdan gözlərin bərəlməsindən sonra alqış, afərin tələb edərək yelləməsi heç də təqdirəlayiq deyildi. Gördüyüm görüntünün dəqiq olub-olmamasını araşdırmaq üçün “yutub”da bu kimi videolara səyahətimi davam etdirdim. Qarşıma çıxan digər videolar isə daha dəhşətli idi.
Deməli işçi yuxarıda qeyd etdiyim həmin “sehirli dəyənək”lə balaca pələng balasını tamaşaçı alqışı üçün öyrətməyə çalışır. Öyrətmə prosesi çətinləşdikdə - heyvan tabe olmaq istəməyəndə, həmin bu “sehirli dəyənək” işə düşür. Bu an balaca pələngdən ağrıdan qovrulan canlının fəryadı qopur. Balaca heyvan işi dayandırmaq üçün əlləşsə də, çabası boşa çıxır. Amma proses davam etdirilir. Yəni bildiyiniz işgəncə.
Bəllidir ki, istənilən nəticəyə gəlmək üçün heyvanlarla yeni balalanma olan vaxtından bir qədər böyüdükdən sonra təcrübəyə başlanılır. Əslində vəhşi heyvanların öyrədilməsi mümkünsüzdür və ya qismən mümkündür. Hər bir halda adından bəlli olduğu kimi əhəlilləşməsi çətin olduğundan da vəhşilik funksiyasını və ismini daşıması bizə hər şeyi deyir. Müəyyən qədər müsbət nəticə olsa belə, şəraitdən asılı olaraq axır-əvvəl əcdadlarının daşıyıcısı olduğunu biruzə verəcəkdir.
Bütün dünya sirklərində də belə “öyrədilmə prosesi”ni bilmək üçün sosial xəbər portallarına baxmaq kifayətdir. İşin ən maraqlı tərəfi odur ki, belə hadisələrin çoxu inkişaf etmiş dövlətlərdə baş verir. Həqiqətə qalanda bu strategiyanın heyvanlara olan işgəncələrə qarşı çıxmaq və ya bu kimi hadisələrin olmaması üçün inkişaf meyarlarından danışmaq düzgün olmazdı. Yəni istər inkişaf olsun, istərsə də yox, hər bir halda bu yolverilməzdir.
Digər bir videomaterialda isə həmişə işgəncə görən əks tərəfin hücumu olur. Göstərilir ki, hazırıqlar bitib və tamaşa hazırdır. Bir müddət keçir, meydana əlində “sehrli dəyənəyi” (elə hesab edir ki bu çubuqla vuran kimi parıltılar ıtrafa yayılacaq və nəticədə xoş bir hal baş qaldıracaq. Ona görə bəzi cümlələrdə çubuğu “sehrli dəyənək” deyə adlandırıram) olan “sehrbaz” sirk ustası və gözlənildiyi kimi qəfəsdə yan-yörəsində də pilləkənlər olan şir çıxır. “Sehrbaz”ımız işinə başlayır və heyvana bir neçə elementi göstərməsini dəyənəyilə əmr etdikdən sonra “əsl şou” başlayır. Vəhşi heyvan sanki illərdir döyülməkdən, işgəncə görməkdən yığılıb qalmış hirsini üzə çıxararaq işçinin üzərinə hücuma keçir. Bu an təbiidir ki, hamı şok vəziyyət alır. Rahatlıq yerini narahatlığa, həyəcana, panikliyə verir. Necə də olsa, boyun hissəsindən yapışılan, nəhəng dişlər arasında o tərəf bu tərəfə sürünülən insandır. Yazıq heyvan burada da zərbə görür. Bu dəfə öyrədilmək üçün yox “qurban”ını buraxması üçün. Belə də edir. Başqa nə çarə ola bilərdiki?!
Qurbanın insan olması böyük rezonans yaradır, amma bir heyvanın işgəncə görməsinə ötəri yanaşılır. Çünki şüurun olmaması, özünü müdafiəsi, daha doğrusu özünümüdafiə etməsinə cəhd edə bilməməsi “necə də olsa heyvandır” deyimi onları bizim gözümüzdə kiçildib, başqa sözlə əhəmiyyətsizləşdirib. Təəssüfedici haldır ki bu bütün dünyada belədir tapmamış problemlər sırasında yer alır.
Sonda deyəcəyim başqa tərbiyə və ya öyrətmə vasitəsini “kəşf etmək” üçün hər hansı elmi nailiyyətlimi olmaq lazımdı və ya başqa bir metodla işləmək, elmi nəzəriyyənin əsasını qoymaq, adını “Nobel mükafatı” ala biləcək alimlərin siyahısına salmaq qədər çətindimi? Bu suala cavab olmasa da, məsələnin başqa cür həlli olmasa belə, heç deyilsə, sirklərdə heyvanların min cür əzab-əziyyət hesabına nümayiş etdirilməsinin qarşısını alaq. Sirklərdə insanlar dəmir halqalarla və ya ip üzərində də təhlükəsizliyi qorunmaq şərtilə də şou göstərmək olar. Əlqərəz heyvanlarsız keçinmək də mümkündür. Bununla bəlkə də göstəriş zamanı vəhşi heyvanların insanlara,”müəlliminə” hücumunun qarşısı ömürlük alınar. Axı nəticə də insan həyatıdır.
Ölkə kimi, bu sahədə ilk möhürü vursaq, heç də yanılmış olmarıq.