Cəlaləddin Qasımov
Mübariz İbrahimovun yolu...
Kamo qoca Radikə hər şeyi başa saldı. O da təlimata olduğu kimi əməl etdi.
...Bu arada bir haşiyə çıxmasaq olmaz. Bizim qəhrəman əqidəsinə sadiq olduğu kimi, dininə də sadiq adam idi. Mübariz bu bağlılığını hərbi hissədə də davam etdirirdi. Vaxtlı-vaxtında namazını qılır, ibadətini edir, sonra da əsgərlərimizin posta hazırlıqlarını yoxlayırdı.
Belə günlərin birində ona Radikdən zəng gəldi.
Erməni qoca ona Kamonun dediyi kimi girovlar barəsində xəbər verdi.
Mübariz də öz növbəsində ondan şəkil, ad və soyad istədi.
Radik:
– Mən bir neçə dəfə onlarla söhbət eləmişəm, erməni əsgərlərə siqaret verəndə onlarla danışmağa icazə verirlər. Onda yeddi nəfərdi, indi iki nəfər qalıb. Adlarını da bilirdim, amma çoxdandır görmürəm.
Mübariz:
– Məndən soruşmuşdun ki, sənə inanırammı? Mən də indi verirəm cavabını. Sənə o halda inanaram ki, onların adlarını, yerlərini mənə deyəsən.
– İki gün içərisində hamısını deyəcəyəm. Onda inanarsan ki, ermənilərin də arasında namuslu adamlar var.
Radik Kamonun yanına qayıtdı:
– Gördün, o mənə inandı. İndi de görüm, mənim nəvəmi nə vaxt buraxırsan? Evə buraxdığın əsgərlərin hamısı qayıdıb, çağırtdırmısan. Qoy mənim nəvəm də heç olmasa bir gün mənim yanımda, evimdə qalsın.
Kamo əlini qocanın çiyninə qoydu:
– Sənə halal olsun, inandırdın. Qoy iki gün keçsin, mən o əsirlərin adını sənə verəcəyəm. Nəvəndən də narahat olma, o əsgəri, azəri türkünü mənə ver, mən də nəvəni sənə təhvil verim. Əsgərliyi qurtarana qədər evdən çıxmayacaq. Sənə söz verirəm.
Azərbaycan postu.
Mübariz hərbi hissədə əsgərlərin nizam–intizamına baxaraq xidmətini davam etdirirdi. İki gün keçdi, erməni Radik ona zəng vurdu:
– Əsgər, mənəm, gedib öyrəndim. Girovlar çoxdur, erməni komandirləri, generalları çoxunu evində saxlayır, həmin hərbçilərdən biri də indi təqaüdə çıxan Ter-Tadevosyandır. O, 1992-ci ildə ermənilərin Qarabağ qüvvələrinin komandanı olub. Xankəndində, Ağdərədə, haranı işğal ediblərsə, o rayonda özünə ev tutub. Yerevanda yaşasa da, buradakı evlərinin bağlarında əsirləri işlədir. Bu yaxınlarda da, bizə yaxın yerə, Ağdərəyə iki əsir gətirməlidir. Onun bağında on gün işləyəcəklər.
Mübariz:
– Sən onların neçə gün işləyəcklərini hardan bilirsən?
Qoca:
– Mən mühafizəçilərə siqaret verib, onlarla türk dilində danışmaq üçün icazə aldım. Dedilər ki, “bu türklər erməni dilində səndən yaxşı danışırlar. Bu yaxınlarda generalın Mardaketdəki bağına gətirəcəəklər, onları orda tez–tez görəcəksən”.
Mən də əsgərlərə yenə gələcəyimi, bağımdan sovqat aparacağımı vəd etdim.
Mübariz:
– Neçə nəfər nəzarət edəcək?
– Bilmirəm, təxminən üç, ya da dörd erməni əsgəri olar. Amma hamısının avtomat silahı var. Onları yaxşı qoruyurlar.
Mübariz:
– Bəs adları necə? Öyrənə bildinmi?
– Birinin adı Cəbrayıl Şahlarov, kəlbəcərlidir. 1965-ci il doğumludur. O birisi isə Elbrus Məmmədov, 1978-ci il təvəllüdlüdür, Xocalıdandır. Hələ keçmiş müdafiə nazirinin, başqa erməni nazirlərinin evlərində, bağlarında da var əsirlər. Mən onların hamısının adını öyrənə bilərəm, amma şəkilə söz verə bilmərəm. Bu çox risklidir. Mən o biriləriin də adını öyrənib, sənə deyəcəyəm.
Mübariz:
– Mən sənə inanmağa başlayıram. Etibarımı qazansan, daha çox inanacağam. Səndən cavab gözləyirəm.
Mübariz sözünü bitirib, telefonu söndürdü.
Kamo:
– Radik, əla iş bacardın. İndi o türk əsgər sənin verdiyin adları yoxlatdıracaq. Fakt təsdiqini tapan kimi zəng vuracaq.
Sənsə onunla artıq əskik danışma. De ki, bu günlərdə əsirləri gətirməlidirlər.
Mən sənə dediyim vaxt ona xəbər edərsən, biz də hazırlığımızı görək. Ya biz onu aradan götürəcəyik, ya da o bizim hamımızı öldürəcək. Ona görə də ehtiyatlı olmalıyıq
Mübariz hərbi prokurorluğun müstəntiqinə zəng vurdu:
– Girovlar arasında Cəbrayıl Şahlarov, Elbrus Məmmədov barəsində məlumat varmı?
Müstəntiq:
– İndi yoxlayaram.
Bir müddətdən sonra müstəntiq Mübarizlə əlaqə yaratdı:
– Bəli. Cəbrayıl Şahlarov barəsində məlumat var. O, Kəlbəcərin işğalı zamanı əsir düşüb. Onu girovluqda görənlər var, qohumları Natiq Ağayev, kəndçiləri Fərman Musayev əsirlikdən azad ediləndən sonra ifadələrində onunla bir yerdə olduqlarını bildiriblər. Ermənilər onların bu ifadələrini inkar ediblər. Elbrus Məmmədov barəsində də məlumat var. Onu Xocalı işğalı zamanı əsir götürüblər.
Şuşa həbsxanasında Ələddin İslamov, Natiq Abdullayev, eləcə də iyirmiyə yaxın əsirdən onlar haqda izahat alınıb. Hamısı Elbrusu Şuşa qazamatında, sağ-salamat gördüklərini deyir, amma ermənilər onun barəsində heç bir məlumat vermirlər. Hətta Qırmızı Xaç Komitəsinin o vaxtkı nümayəndələri onu Şuşa həbsxanasına qeydə almışdılar. Ermənilər israrla onlar haqda heç bir məlumat olmadığını deyirlər. Sən onlar barəsində nəsə bilirsən? Bir məlumat varmı?
Mübariz:
– Bu yaxınlarda olacaq. Birinci sənə deyəcəm, mənə elədiyin köməyə görə təşəkkür edirəm.
– Mən səndən xəbər gözləyirəm, Mübariz. Sən məndən iki nəfəri soruşdun, məndə səkkiz yüz əsirin sənədi var. Onları sağ-salamat əsirlikdə görənlər var. Əlimizdə qırmızı Xaç Komitəsinin qeydləri də var, amma ermənilər bu faktlara yaxın durmurlar. Yalan olduğunu iddia edirlər. Sadəcə iki nəfəri, elə sənin dediyin adamların sağ olduqlarını görsək, dünyaya həqiqətləri sübut edərik. Bu fakt o biri əsirlərimizi tələb edə bilmək üçün əlimizə əsas verər.
Onlar bir az danışdıqdan sonra sağollaşdılar.
Mübariz Radiklə əlaqə saxladı:
– Sən mənə o əsirlər gətirilən kimi xəbər elə.
Radik:
– Oldu.
Radik birbaşa Kamonun yanına qaçdı.
Kamo:
– Sən məndən tez gəlmisən hərbi hissəyə. De görüm, nolub? Bir xəbər ver.
Radik:
– Əsgər məndən xəbər gözləyir. Mən həm də nəvəmlə görüşmək istəyirəm.
Kamo:
– Yaxşı. Get görüş. Əsgərə də de, əsirləri Ağdərəyə gətiriblər. Mənsiz başqa heç bir söz demə. Deyəsən onun nəsə planı var.
Radik nəvəsi ilə görüşüb evinə gəldi, Mübarizə də zəng vurub, əsirlərin gətirildiyini xəbər verdi.
Mübariz:
– Sən onlardan soruş gör əsirlikdə 20 il əvvəl tanıdıqlarından, qohum–qonşularından kimləri görüblər?
Radik:
– Oldu, öyrənib deyərəm.
Radik Kamoya məlumat verəndə o:
– Deyəsən o tam əmin olmaq istəyir, biz səhv buraxmamalıyıq. Gözlə, mən onu da öyrənərəm.
Kamo Xankəndi ilə əlaqə saxladı:
– Cəbrayılla Elbrusu dindirib mənə təcili məlumat verin. Öyrənin görüm, onlar 20 il əvvəl tanıdığı adamlardan kimləri görüblər?
Bir neçə saat sonra Kamoya istədiyi məlumat gəldi. Ona əsirlərin adları verildi, qeyd edib özü ilə götürdü. Səhəri gün Radik vasitəsilə Mübarizlə əlaqə saxlanıldı.
Qoca erməni:
– Əsirlərə qatıqdan, qaymaqdan apardım, başları üstündəki əsgərlərə də siqaret verdim. Beləcə əsirlərlə sohbət eləmək imkanım oldu. Onlardan Cəbrayıl Şahlarov Kəlbəcər işğal olunanda əsir götürülüb, onu girovluqda olan oz qohumları Natiq Ağayev, kəndçiləri Fərman Musayev görüblər. Elbrus Məmmədov da Xocalıda əsir düşüb. Şuşa həbsxanasında Ələddin İslamov, Natiq Abdullayev onu görüblər. Radik söhbət əsnasında on beşə yaxın adamın adını çəkdi. Mübariz adları qeyd etdi.
Mübariz:
– Bəs yaxşı, sən bu on beş adamın adını yadında necə saxladın?
– Mən Bakıda böyümüşəm, türk adları yadımdan çıxmaz. Sənə demişdim axı, yaddaşım pis deyil.
O mənə iyirmiyə yaxın ad verib, yadımda on beşi qalıb. İndi sənin fikrin nədir? Sabah gəlirsən? Mən sənə evi göstərəcəyəm.
Mübariz:
– Mən sənə xəbər verəcəyəm. Hələ bilmirəm.
Erməni Kamo Radik vasitəsilə aldığı məlumatlar barədə rəhbərliyə məruzə etdi:
– Azərbaycanlı əsgər bu günlərdə gələcək. Sərhəddə hazır olun.
Mübariz 17 iyun 2010-cu il tarixində atasına zəng vurdu, səsini dəyişib “oğlunuz Vətən uğrunda şəhid oldu. Sizinlə danışan Mübarizin komandiridir” dedi. Atası bir kəlmə ilə “Vətən sağ olsun” deyib, telefonu əlindən yerə qoydu. Telefonu alan anası nə baş verdiyini soruşanda o:
– Mənəm ana, atamla zarafat elədim.
Atasının gözləri doldu, ancaq ağlamırdı...
– Oğlum, elə də zarafatmı olar?
Mübariz qardaşlarına, qohumlarına salam gönrərdi. O hamını bir-bir soruşdu, salam söyləyib sağollaşdı.
O zəngdən sonra atasına məktub yazdı:
"Canım, atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin, Vətən sağ olsun.”
O yazdığı məktubu, əl telefonunu rəfdəki hərbi paltarının cibinə qoydu. Namazını qıldı, hərbi hissədə Heydər Əliyevin böyük rəsminə yaxınlaşıb ona hərbi salam verir. Ürəyindən bu sözlər keçib dilindən süzüldü: “Atam məni Vətən üçün fəda deyib. Mənim ən böyük arzum Vətən üçün şəhid olmaqdır”.
Bundan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin böyük şəklinə yaxınlaşıb ona da hərbi salam verdi: “Cənab prezident, məni heç bir düşmən aldada bilməz. Şərəfimə and içirəm, onlara elə bir dərs verəcəyəm ki, bunu heç vaxt unutmayacaqlar! Mənim prezidentim, Vətən sağ olsun!”.
Mərhum Heydər Əliyevin əsgər və zabit heyəti ilə görüşləri onun gözünün qabağından bir kino lenti kimi keçib gedirdi…
Və həmin tarix… Bir Azərbaycan igidinin tarixə şanlı hərflərlə adını həkk elədiyi o gün.
18 iyun 2010-cu il.
Gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına erməni postunu keçib, yüksəkliyə qalxdı. Ordan qoca erməniyə dedi:
– Mən hazıram. Ağdərə istiqamətinə gedən yüksəklikdəyəm.
Radik:
– Hə, gəlmisən? Gözlə, mən nəvəmə baş çəkib gəlirəm. Bəlkə onu bir də görmək mənə qismət olmadı.
Radik hərbi hissəyə gedib Kamoya Mübarizin yerini xəbər verdi. 80 nəfərlik heyət həyəcan siqnalı ilə ayağa qaldırıldı. Mərkəzdən də əlavə qüvvə tələb olundu.
Mərkəz:
– 100 nəfər hazırdır. Siz qərbdən, bizsə şərqdən mühasirəyə alarıq. Bu qədər erməni əsgərinin qarşısında o nə edə bilər ki? Təslim olacaq!
Mübariz onları yüksəklikdən izləyirdi. Erməni postundan ona tərəf on metrdən bir olmaqla 80 əsgər hazır vəziyyətdə gəlirdi. Bir də baxdı ki, Ağdərə istiqamətindən hərbi maşınlar irəliləyir. Həmçinin çox sayda əsgər də eyni aralıqlarla addımlayır. Düşmənin niyyəti aydın görünürdü. Onu mühasirəyə almaq nəzərdə tutulmuşdu. Onun yüksəklikdən Azərbaycan tərəfə keçmək şansı vardı, amma o, hava telefonu ilə Radiki çağırdı.
Radik özünü tülkülüyə vurur:
– Nəvəmlə görüşüm, gəlirəm.
– Nəvən burdadır, səndən qabaq gəlib, sən harda qaldın?
– Bəlkə səni izləyib, sərhədi keçdiyindən xəbər tutublar?
– Yox, məni heç kim izləməyib. Sən elə bildin ki, məni aldada bilmisən, hə? Mən olduğum yüksəkliyi görürsən, yəqin ki, mən burdan Boz dağa çıxıb, ordan da dərənin arası ilə çox rahat sizinkilər gəlmədən Azərbaycan tərəfə keçə bilərəm. Amma mən getməyəcəyəm, bu erməni əsgərlərinin birini də sağ buraxmayacağam! Qoy görsünlər ki, Azərbaycanın bir əsgəri nəyə qadirdir. Bax o əsgərlərin içərisində sənin nəvən də olacaq, qoca.
– Yadındadırsa, sənə bir misal çəkmişdim; demişdim ki, adamı bir kanala salıb arxasınca bir silah çəkirlər, qaç, arxada qalanı güllələyəcəyik. Mən o misalı özümə çəkmişdim. İndi həmin kanaldayam. Hələ 1990-cı ildən bunlar məni o kanala salıblar.
Mübariz qocaya:
– Səni bir şərtlə bağışlayaram, əgər dediklərin düzdürsə, mənə o əsirlərin yerini de.
Radik:
– Mənim sənə dediklərimin hamısı düzdür. Xocalıda başımıza gələnləri də düz demişəm. Ailəmi itirə–itirə gedirəm. Mən sənə heç nəyi yalan deməmişəm. O əsirlər bağlarda işlədilir, amma güclü mühafizə var.
Mübariz:
– Bu doyüsdə səni, bir də nəvəni öldürməyəcəyəm, qoca, mənə yalan demə.
Mübariz qocayla danışa-danışa yüksəklikdən endi. Orda bir çökək vardı, sağ və sol tərəfdən gələn ermənilər atəş açarsa, o çuxurdan səngər kimi sitifadə etmək olardı. Təbiət sanki bu igidə qucaq açmışdı, dağlardan axan sular burda bir yarğan yaratmışdı.
Qoca:
– Sən dağların üstü ilə qaçdınmı?
– Yox, qaçmamışam, düz üstünüzə gəlirəm. Səni də görürəm, ən arxadasan. O yanındakı da komandir Kamodur.
Kamo qocanın əlindən çəkib hava telefonunu aldı:
– Hə, sən qaçmadın, deməli 180 nəfərlə tək döyüşəcəksən?
Mübariz:
– Hə, tək döyüşəcəyəm. Mən bu günü çoxdan gözləyirdim. Elə bilirsiniz məni tələyə salmısınız?
Kamo Mübarizə cavab verdi:
(Ardı var)