Xeybər Göyyallı
“...Hamımız bir Günəşin zərrəsiyik...”
Azərbaycan xalqının özünəməxsus özəllikləri var. Çox vaxt xalqımızın ətrafında baş verən hadisə və proseslərə laqeyd və biganə münasibət bəslədiyinin, həlli vacib olan problemlərə saymazyana yanaşdığının şahidi oluruq. Səmimi qeyd edək ki, bizə belə bir xarakter məxsusdur, bir xalq kimi özümüzdə bu cür halları müşahidə edirik. Ancaq ədalət naminə onu da etiraf edək ki, xalqımızın belə bir mental xüsusiyyəti də var: o, yerindən qalxanda şir kimi qalxır. Azərbaycan türklərinin bu özəl keyfiyyətini 1988-ci ildə, Meydan hərəkatı dövründə tanınmış xarici mətbuat nümunələri də qırmızı xətlə qeyd etmişdir. O da danılmaz bir həqiqətdir ki, həmin il xalqımız dünyada ilin xalqı kimi tanınmışdır.
...Doğrusu, çox gözlənilməz oldu. Qarabağda bir göz qırpımında gedən döyüşləri də gözləmirdik, lokal qələbədən şahə sıçrayan sevinc hisslərini də. Düzdür, biz daim böyük həsrətlə bütün itirilmiş torpaqların alınmasını gözləyirik. Mən bu günə qədər o fikirdə qalıram ki, xalqımızın bütün problemlərinin həlli Qarabağın qayıtması ilə öz həllini tapacaq. Qarabağ probleminin həllini tapmaması xalqımızda çox böyük məyusluqlar, pessimizm yaradıb. Bu fikrimi Qarabağ uğrunda gedən bir-iki günlük lokal döyüşlərdə üç yüksəkliyin alınması nəticəsində ümumən xalqda yaranmış ruh yüksəkliyi və sevinc hisslərinin yaranması, bir göz qırpımında birləşməsi əyani şəkildə göstərdi.
Hamımız son günlər belə bir mənzərini kütləvi halda müşahidə etdik. Qarabağ uğrunda gedən bir-iki günlük şərəfli döyüşlər son 25 ildə bu və ya digər səbəbdən pessimizmə meyillənmiş xalqımıza güclü bir stimul verdi.Azərbaycan insanın çiçəyi çırtladı, içi güldü, ruhu dirçəldi. İnsanların rəngi-ruhu açılmış, hər kəs sevicdən pərvazlanırdı . Ən əsası isə o idi ki, millətin ruhunun ölmədiyinin şahidi olduq. Ruh diridirsə, qarşıda duran bütün müşkülləri həll etmək mümkündür. Milləti ayaqda saxlayan onun ruhu-iradəsi,əzmi və qətiyyətidir. Yaşadığımız günlərdə oyanmış ruhun, şahə qalxmış sevincin əyani, gözlə görünən qürur və fərəh hisslərinin açıq-aşkar şahidi olduq. Heç bir təbliğat və təşviqat kompaniyasının təsirinə məruz qalmadan xalq bir göz qırpımında birləşdi. Bu birlik genetik kodun diktəsi idi. Hamını daxilindən gələn özəl hisslər birləşdirirdi. Sonuncu döyüş xalqın yaddaşını silkələdi- o birləşdi. Bu mənəvi birlik göstərdi ki, Azərbaycan xalqı birləşmə məqamlarında- Vətən və torpaq təəssübkeşliyinin önə çıxdığı anlarda bir yerdə olmağı bacarır.”Millət millət olur xeyri-şəriylə” (B.Vahabzadə).
Bütün xalq könlündə-gözündə şəhidləri ağladı,qazanılmış qələbəyə isə daha çox sevindi. Qələbəyə ona görə daha çox sevindi ki, ordumuz itirilmiş torpaqlarımızın bir qismini geri almışdı-şəhidlərimizin qanı yerdə qalmamışdı. Sevindik ki, yüksəkliklər alınır. Biz də bir millət olaraq yüksəlirik. Qarabağ şəhidləri ilk dəfə idi ki, bu cür qələbəlik və yüksək coşqu ilə dəfn olunurdular.Azərbaycan bayrağına bələnmiş şəhidlər ilk dəfə idi ki, alqış sədaları və “Qarabağ bizimdir , bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi notların sədası altında əbədiyyətə yola salınırdı.
Azərbaycan torpaqlarının suverenliyi və bütövlüyü uğrunda canlarına qıymış bütün şəhidlər bizim üçün müqəddəsdir. Onların hər birinin uyuduğu Vətən torpağı bizim and yerimiz, qibləgahımızdır. Sonuncu döyüşlərdə Müşfiq Orucov da şəhidlik zirvəsinə ucaldı. Ömür payı Tanrı qismətidir. Amma Tanrının kodlaşdırdığı bəndələr də öz əməlləri ilə çox şeyə qadirdirlər. Səlahiyyət sahibləri olan şəxslər Müşfiq Orucovu qoruya bilərdilər. Onun kimi gənclər Azərbaycanın bu gündən çox, gələciyinə lazımdırlar. Müşfiq Orucovlar Azərbaycan dövlətinin QIZIL FONDUNA daxil edilməlidirlər. Müşfiq Orucov Azərbaycanın nadir istedadlı gənclərindən idi. O, 700 bal toplayaraq ali məktəbə qəbul olunanlardandır. Müşfiq Orucov kimi intellikt sahibləri də hərbi xidmət keçməli - Vətənə oğulluq borcunu verməlidirlər. Amma bir qədər arxa nöqtədə məskunlaşmış hərbi hissələrin birində. Müşfiq Orucovlar mənfur erməni gülləsinə tuş gəlməməlidirlər. Müşfiq Orucovlar qorunmalıdırlar. Lap yuxarı,ən yüksək səviyyədə.
Sonuncu döyüşlər bizə çox şeylər öyrətdi. Sonuncu döyüşlər bizə bir dövlət kimi çox üstünlüklər gətirdi. Bir dövlət kimi başımız ucaldı. Bir daha dost-düşmənimizi tanıdıq. Kimin kimin yanında olduğu bir daha bilindi.
Sonuncu döyüşlər kimlərinsə yuxusuna haram qatdı. Onlar əl-ayağa düşdülər. Atəşkəs üçün dəridən-qabıqda çıxdılar. Niyəsini biz də bilirik. Bizə görə yox, məkrli qonşularımıza görə idi bu canfəşanlıq. Qorxdular ki, birdən hiylənin,məkrin,terrorun kökü kəsilə bilər. Axı Qafqazı əldə saxlamaq üşün kimlərəsə terror daha çox lazımdır.
Sonuncu döyüş dedik. Bu, hələlik sonuncu döyüşdür. Bizə sonuncu döyüş- qələbə döyüşü lazımdır. Bizi mənfur düşmənlə sonuncu döyüş gözləyir. Gec-tez o, nə vaxtsa olacaq...