Modern.az

Cəbrayıl gülməcələri (XX)

Cəbrayıl gülməcələri (XX)

17 Sentyabr 2011, 19:10

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.

Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. 

Bakı metrosu – Yalan detektoru

Abdulla oglu Salmanın gülməcələri çoxdu. O, dolamağa adam tapmayanda, keçir özününkülərə. Zarafatlarının çoxu da “zırrama” zarafatlar olur.

Bir dəfə onun öz nənəsi Salatın arvadın başına gətirdiyi əhvalatı eşidəndə bir neçə dostu “yekə kişisən, yazıq arvadı niyə pis vəziyyətə salmısan?!” deyib, onu əməlli-başlı təhbeh eləyiblər. Salman müəllim də məsələni zarafata salıb “əşi, əl çəkin məndən, nə istəyirsiniz e?! İndi dəqiq bildim ki, nənəm babama xəyanət eləməyib” deyirdi.

Söhbət belə olub:

Salatın arvad xəstələnibmiş. Nəvəsi Salman müəllim onu Bakıya – Respublika Klinik xəstəxanasına gətirir ki, düz-əməlli diaqnoz qoysunlar. Xəstəxanaya metro ilə gedirlərmiş. Salatın arvad o vaxta qədər metro görməyibmiş. Nəvəsi bu məqamdan istifadə eləyib nənəsini dolamaq istəyir. (Onu deyim ki, bu əhvalat metroda əvvəlki turniketlər olan vaxt baş verib. Yadınızda olar, o vaxt turniketlər həmişə açıq olurdu, 5 qəpik atmayıb keçsən, şappılti ilə bağlanırdı).

Salman müəllim Salatın arvadın qolundan tutub turniketə tərəf aparır. Arada polisə göz vurur ki, qarışmasın, arvadla zarafat eləyir. Polis də maraqla nə baş verəcəyini gözləyir.

Salman müəllim qulağı ağır eşidən nənəsinə bərkdən deyir:

- Nənə, bax bu keçidi görürsən? Burdan keçməlisən. Amma bir məsələ var: Əgər keçmişdə bir pis işin olubsa, indidən de, yoxsa qapı səni buraxmayacaq.

- Nə pis iş, a kopolu?! Camaatın xeyirinə-şərinə yarıyan adam olmuşam! – Salatın arvad nəvəsinin üstünə çəmkirir.

- Yox e, nənə, elə pis işləri demirəm. Deyirəm yəni babama... o məsələ... –Salman müəllim ağzını arvadın qulağına lap yaxınlaşdırır, - xəyanət eləmisən? Yəni deyirəm babam örüşdə-zadda olanda ayrı kişi ilə mazaqlaşmısan?

Salatın arvad hürkmüş kimi tez cavab verir:

- Dilin qurusun, bala, mən heylə şey eləyərəm?!

- Yaxşı onda keç! – Salman müəllim pul atmayıb nənəsini turniketin arasına ötürür və ona xəbərdarlıq eləyir, - bax ha! Bu qapı yaman zəhrimar şeydi, yalan demiş olsan, onsuz da buraxmayacaq.

Məlum məsələdi ki, pul atmamış turniket qapanacaqdı. Salatın arvad elə irəli bir addım atır ki, turniketin dilləri guppultu ilə bağlanır. Arvad ilan vurmuş kimi geri tullanır, “bismillah!” deyib bir bağlı turniketə, bir nəvəsinə baxır. Sonra üzünü turniketə tutub qəhərsilənmiş halda deyir:

- Hacı Qaraman haqqı, mənim heylə bir işim olmayıb, a gözü çıxmış qapı!

(Salman müəllim sonralar danışırdı ki, bu məqamda polislərdən biri əlini bir-birinə vurub nə təhər qaqqıldadısa, aralıdakı pul xırdalayan metro işçisi maraqdan cəld otağının qapısını bağlayıb hadısə yerinə cumdu)

- Gördun, ay arvad!!! – Salman müəllim qalib görkəmi ilə nənəsinə baxır, - yaxşı fikirləş! Bəlkə nəysə olub, yadından çıxıb?!

- Qara yola, qara saata niyə gəldim bu Bəkiyə, qaxılıb oturmuşdum yerimdə. Nə biləydim bura beləymiş. Qarnı yanmış Abılı arvad mızladı məni ki, azarlamısan, dur get Bəkidə həkimlərə göstər özünü... – ətrafa toplaşanlar Salatın arvadın hündürdən dediyi bu monoloqun sonunun nəylə bitəcəyini gözləyir, bir-birini ləzzətlə dümsükləyirdilər.

Birdən Salatın arvad dayanır, üzündə yazıq bir ifadə yaranır:

- A bala, bəlkə bu andıra qalmış Sədrəddinin oğlu Əhmədəli ciyəri yanmışın bulağın üstündə qolumu qanırıb üzümdən öpdüyünü deyir?!

(Yenə Salman müəllimin sonradan dediyinə görə, bu sözləri eşitcək camaat bir qəhqəhə çəkir ki, metro qatarının uğultusu eşidilməz olur). 

- Hə, hə! Əhmədəli səni nə təhər öpdü, ay nənə?! – hadisə yerinə toplaşanlardan biri özünü saxlaya bilməyib söhbətə qoşulur.

Salatın arvad nəfəsini dərib davam eləyir:

- Amma cavabını da aldi! O Qara Daş haqqı (“Qara Daş”- Yarəhmədli məhəlləsinin yuxarısına nə vaxtsa düşmüş kosmik daş parçası idi, camaat onu müqəddəs sayırdı), su parçı ilə başına elə vurdum ki, qanı şoralana-şoralana rədd olub getdi!

- Yaxşı, -Salman müəllim turniketə xəlvətcə beş qəpik atıb nənəsini bir də “yalan detektoru”ndan keçirdir.

Bəladan qurtardığına hədsiz sevincək olmuş yazıq arvad həkimin qəbuluna girənəcən Sədrəddin oğlu Əhmədəlinin qarasınca danışır. “Babana demədim, desəydim, Sədrəddin uşağının dalına paya soxardı!...” – bu, Salatın arvadın metrodan çıxıb xəstəxanaya tərəf gedə-gedə dediyi ən yumşaq söz idi.

  ***

Azərbaycanın qara bayrağı

Nəcəfqulu oğlu Məmmədhəsən Tinli kəndi tərəflərdə həmişə “şiəliyin mücahidi” sayılıb. O, hər il aşuraya bir ay qalmış Matəm Dərəsi deyilən yerdəki hündür dirəyə -Ələm Ağacına - qara bayraq taxar, dirəyin lap başına da dəmirdən hazırladığı Həzrəti Hüseynin kəsilmiş əlini bərkidərdi.

SSRİ-nin bərkgedən vaxtı idi deyə, dinlə bağlı hər hansı nişanənin qoyulması bəyənilməzdi, ona görə də, görünməsin deyə, dirək kənddən aralıdakı bir dərədə basdırılmışdı.

İsti bir yay günü Bakıdan - Mərkəzi Komitədən yuxarı vəzifəli bir qonaq gəlmişdi. Qonaqla Dağ Tumas kəndinə gedib təsərrüfatları yoxlamalı idik. Dağ Tumas yolu Tinlidən keçir.

Matəm Dərəsi Tinli yolundan asan göründüyünə görə bir xeyli narahat idim. Baxma də, qonaqdı, Mərkəzi Komitədən gəlib, hər yerdə sözükeçən adamdı, özü də ateistdi, mən də Tinlidənəm. Bayrağı, Ələm Ağacını görsə, mənə irad tuta bilərdi.

“Qorxduğun başına gələr” deyiblər. Qonaq yolboyu ora-bura baxır, elə bil hər şeyi yaddaşına yazmaq istəyirdi. Matəm Dərəsnin tuşuna çatanda başını söhbətə qatmaq istəsəm də alınmadı.

- Səfiyar müəllim, o nə bayraqdı orda???

Nə deyəydim?. Düzünü demək olmazdı. Özümü sıxıb yalan dedim:

-Yoldaş Mahmudov, Azərbaycanın bayrağıdı də!

Mahmudov təccüblə:

- Bəs niyə qaradı?

- Yaydı də, yoldaş Mahmudov, gün vurub qaraldıb.

Fikirləşdim ki, indi Mahmudov “məni dolamısan, Səfiyar müəllim?” deyib abırımı ətəyimə bükəcək. Xoşbəxtlikdən elə olmadı.

- Dağ Tumasdan qayıdanda tapşırarsınız ki, dəyişib yerinə təzə bayraq qoysunlar, Moskvadan-zaddan gələn olar, görüb irad eləyərlər, - Mahmudov sakitcə deyib yenə ətrafa baxmağa davam elədi.

Sürücüm gözucu mənə baxıb qımışdı. Mən də ona göz vurub gülümsədim.  

***

Özüm irəli, cibim geri

1950-ci illər imiş. İxtisasca ədəbiyyat müəllimi olan Həsənəli oğlu Bayram Quycaq kənd (onu deyim ki, bu qədim kəndin adına Qasımbəy Zakirin şeirində rast gəlmək olar) orta məktəbinin direktoru olur. Bayram müəllim Quycağa yaxın Safarşa kəndində yaşayırdı. O, müharibədən zabit kimi qayıtmişdı, ona görə də həmişə hərbi paltar geyirdi.

Daşkəsən kəndindən olan (bu kənd Quycağa Safarşadan daha yaxındı) Nəriman Sadıqov Rayon Xalq Maarif Şöbəsində müfəttiş işləyirmiş, amma evinə yaxın olduğu üçün Quycağa direktor getmək istəyirmiş. Həm də direktorun maaşı müfəttişin maaşından iki dəfə çox imiş.

O vaxt Cəbrayılın birinci katibi əslən Qubadlıdan olan Yusif Qasımov imiş.

Nəriman Sadıqov Yusif Qasımovun yanına minnətçı göndərir ki, işi onun xeyrinə həll eləsin. Katib də Maarıf Şöbəsinin müdirinə bu haqda tapşırıq verir.

Müdir Bayram müəllimi çağırıb təklifi ona deyir və gözlənildiyi kimi, qəti rədd cavabı alır.

Məsələyə katib özü qarışmalı olur. O, Bayram müəllimi raykoma çağırtdırır.

- Sizi müharibədə iştirak etmiş bacarıqlı zabit, həm də yaxşı müəllim kimi rayon Xalq Maarif şıbəsinə inspektor gətiririk. Razısınız?

- Yoldaş katib, razı deyiləm, öz yerimdə işləmək istəyirəm!

- Yoldaş Əbilov, siz gərək partiyaya minnətdar olasınız ki, sizə belə etimad göstərib irəli çəkir!

Bayram müəllim əlini enlı şalvarının cıbınə salıb əvvəl irəli, sonra da geri çəkib deyir:

- Özümü irəli, amma cibimi geri çəkirsiniz!!!

Katib də əlini şalvarının cibinə salıb əsəbi halda:

- Əsas məsələ vəzifədə irəli çəkilməkdi!, -deyib Bayram müəllim kimi cibini irəli-geri çəkmək istəyir, amma şalvarı dar olduğundan cibi sökülüb əlində qalır.

Ərtafdakılar xısın-xısın gülüşür. 

Həmin əhvalatdan sonra Cəbrayılda kadrlar şöbəsi işçiləri arasında bu söz dəbə düşür. Bir adam təklifdən imtina eləyəndə deyərlər:

- Balam, bilmirəm niyə tərslik eləyirsən? Bayram müəllimdən fərqli olaraq, biz həm özünü irəli çəkirik, həm də cibini!

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi