Modern.az

Öz Fulyamız

Öz Fulyamız

22 İyun 2021, 11:06

Hər şey borcumuz idi, həm də hamımız üçün.

 

İstər döyüşdə olan, istərsə arxa cəbhədə peşəsindən aslı olmayaraq hər kəs üçün.

O Azərbaycan vətəndaşı deyildi, amma gözlərindəki sevgi pasportsuz vətəndaşlıq, kağızlara sığmayan millət eşqinin möhürü idi.

Bir obraz kimi düşünün. Şablon adlardansa, elə Fulya olsun, o obraz. Necə ki, yəhudi əzablarını, o boyda müharibə faciəsini pianist adıyla filmə sığışdırıblarsa.

 

 

Bəli, heç də dünyaya çıxan media deyil türk mediası;-deyə bilərsiniz. Uzaq Afrika çöllərində, ya elə Avropasında yaşayanlar bizim həqiqətimizi bildi, nə olacaq, bilmədi,nə olacaq? İllərdi BMT-indən filanına kimi məgər üç rəqəmli qətnamələrə kimi bilmirdilər?! Özümüzü dünya həqiqəti bilsin köhnə deyimləriylə aldatmağa ehtiyac yoxdu. Önəmli olan, dostlar durumumuzu bilin. Yandırdığımız Dədə Qorqud ocağını görüb, gələ bilsin.

Müasir dövrdə həqiqət nədir, hamı bilir. Bizə lazım olan elə türk cəmiyyətinin dəstəyi idi ki, bu media da işini gördü.

Əsla, bizim medianın işini küçümsəmək niyyətim yoxdur. Əksinə, lazım olandan bəzi məqamlarda artığını da görüblər.

 

 

Başqalarının onları görməməzliyinə baxmayaraq.

Gördülər də, bu hamımızın işi, borcu deyilmi?

Məgər bütün bunlar medal, mükafat üçün idi? Elədirsə, bir söz demirəm.

Yanına bomba düşmək qəhrəmanlıqdırsa, illərdir partlayış səsinə oyanan cəbhə bölgəsində peşəsini yerinə yetirən müəllimlər, şagirdlər, qəhrəman deyilmi? Eləsə filmi haqq edirlər.

Gəncəyə, Bərdəyə o raketlər düşərkən o əhalinin orda olması qəhrəmanlıq deyilmi? Eləsə onlar da filmi haqq edirlər.

Atəşkəs adlı dövrdə səngər həyatı keçirən başı üzərində güllələr vıyıldamağı, buna baxmayaraq metr-metr irəli səngər çəkən, sm-sm torpaq azad edən oğullarımızın etdikləri qəhrəmanlıq deyilmi? Eləsə filmi haqq edirlər.

 

 

Ya elə götürək bu müharibədə olmağı...Bu barədə geniş danışmayacam.

Bunun üçün illah da yazı-pozu adamı olmağı, hansısa peşəyə mənsub olmağa ehtiyac yoxdu.

Hamınız qəhrəmansınız, əzizlərim. Hamınızdan bir-bir film çəkilməyi də haqq edirsiniz.

Amma haqqınızda nəsə çəkilməyi istərkən, mükafat gözlərkən zəhməti, cəsarəti olmuş bir xanıma kin-küdurət güdmək lazım deyil. Məsələn, belə demək olardı, Fulyadan çəkirsiniz, çox gözəl, əla, pakizə...Buna oxşarın da elə cəbhəyə məktub yazan gələcəyin jurnalist körpəsindən bir film çəkin...Belə də deyə bilərsiniz. Ya elə yuxarıda sadaladıqlarımdan.

Bir də bir jurnalist tanıyıram. Yaşı 50-ə yaxın. Qələmini əksərimizin sevdiyi. Birinci Qarabağ müharibəsinin iştirakçısı. Daha sonra illərlə cəbhə bölgəsində zabit kimi xidmət edib. Vətən müharibəsində də iştirak etdi. Nə gileyləndi, nə də bir şey. Sevgi dolu adamdı. Şeir kimi adam. Şeir demişkən məni görərkən ilk bu şeiri demişdi.

 

 

Səni niyə belə sevdim,

Belə istədim,niyə?

Canımdakı min tikana,

Gülə istədim,niyə?

Eşqdə gizlətdim bu canı,

Görəmməyən varmı, hanı?

Həm gizlətdim,həm də hamı,

Bilə istədim niyə?

Min illərçün də Allahdan,

Gecə gündüz,hər an,hər an,

Səni qəlbimə həm sultan,

Həm də...

Həm də kölə istədim

Niyə?...

 

Film deyil, filmləri haqq edən bu adam susdu, mükafatı Qarabağın azadlığı bildi.

O adam İlham Tumas idi...

Fulya kimdi? Bir millət, iki dövlət deyildik? Niyə ona özgəsi kimi yanaşaq. O da bizlərdən deyil, bir millətdən deyil? Axı, özünüz deyirdiniz bir millət...

Damarımızda axan qan, eyni amal, sevgi deyil də, kağızlara sığan vətəndaşlıq, hansısa orqanın möhürü daha önəmlidir?

 

Onun haqqında kiçik qaralamanı etməyə bilməzdim. Azərbaycan sevən hər kəsi sevirəm, bu millət uğrunda nəyəsə qatlaşan hər kəsə aşiqəm. Sizi sevdiyim, aşiq olduğum kimi.

Elə Fulyanı da sevirəm, ona aşiqəm...

 

Emin PİRİ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu