Modern.az

Yaddan çıxmış sənətkarlar - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR

Yaddan çıxmış sənətkarlar - “Böyük dayaq”dakı Səkinə ana kimdir - FOTOLAR

24 May 2022, 08:50

Bu aktrisanı “Böyük dayaq” filmindən hamı Səkinə ana kimi tanıyır. Amma onun əsl həyatda kim olduğu haqda çoxları heç nə bilmir.

1962-ci ildə görkəmli rejissor Həbib İsmayılov Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkdiyi "Böyük dayaq" filmində ana obrazını ona tapşırmaqda səhv etməmişdi... 

Çünki aktrisa bu rolu o qədər səmimi, o qədər təbii ifa edib ki, onun kinoda oynadığını təsəvvür etmək belə çətindir...

Modern.az saytının “Yaddan çıxmış sənətkarlar” layihəsi bu dəfə yuxarıda haqqında bəhs etdiyimiz aktrisanı - Leyla Rzayevanı sizə tanıdır...

O Leyla Rzayeva ki, “Böyük dayaq” filmindən əvvəl də kinoya çəkilmişdi...

1959-cu ildə “Əsl dost”, 1960-cı ildə “Aygün” və “Səhər” filmlərində oynamışdı.

1962-ci ildə çəkildiyi “Böyük dayaq”dakı uğurlu ifasından sonra 1966-da ekranlaşdırılan “İstintaq davam edir” filmində də ana obrazı ona etibar olunmuşdu.

Amma o, daha çox “Böyük dayaq”dakı obrazı ilə yaddaşlarda silinməz iz qoyub.


“Böyük dayaq” filmi sovet Azərbaycanında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edir. Filmdə Rüstəm kişi kolxoz sədri olmaqla yanaşı, ağır təbiətli ailə başçısı, Səkinə ana isə onun sədaqətli həyat yoldaşıdır.

Aktrisa Leyla Rzayeva bu rolu çox real və təbii şəkildə canlandırmaqla tamaşaçıların sevimlisinə çevrilib desək, şübhəsiz səhv etmərik.

"Böyük dayaq"dakı Səkinə obrazı digər ekran əsərlərində gördüyümüz ana rollarından bir sıra xüsusiyyətləri ilə fərqlənir. O, həm övladlarını ürəkdən sevən bir ana, həm gözəl həyat yoldaşı, həm də mehriban qayınanadır.

Səkinə ana filmdə yenilik tərəfdarları olan gənclərlə həmfikir obrazdır.

Bəs Səkinə ananın bizə sevdirən Leyla Rzayeva kim olub?

Əməkdaşımız aktisa ilə bağlı araşdırma apararkən, onun nqohumlarından yaddan çıxmış sənətkar haqqında bəzi bilgilər toplayıb.


Leyla Rzayeva 21 aprel 1930-cu il tarixində Bakıda anadan olub. Azərbaycan Teatr İnstitutunda təhsil alıb (Mehdi Məmmədоvun sinfində). Daha sonra Milli Dram Teatrında səhnə fəaliyyətinə başlayıb. Və ömrünün sonuna kimi də bu sənət məbədində çalışıb.

Leyla xanım bu teatrın səhnəsində xeyli rollar ifa edib. “Хоşbəхtlər” tamaşasında Gülər, “Şöhrət və ya unudulan adam”da stenоqrafçı, “Ana ürəyi”ndə Nurəngiz, “Vaqif”də Tükəzban, “Əliqulu evlənir”də Yasəmən rоlları onun oynadığı çox sayda obrazdan bir neçəsidir.

Leyla Rzayeva “Böyük dayaq” filminə çəkilərkən onun 32 yaşı olub. Amma gənc olmasına baxmayaraq, 32 yaşlı Leyla Rzayeva yaşlı ana obrazının öhdəsindən çox məharətlə gələrək, həm rejissorun etimadını doğruldub, həm də tamaşaçıların sevimlisinə çevirilib.


Leyla Rzayevanın 4 övladı olub – 2 oğlu, 2 qızı...

Aktrisa həyatdan çox erkən köçüb.

Leyla Rzayevanın 4 övladından 2-si dünyadan köçüb.


Yeri gəlmişkən, Leyla Rzayevaın böyük qızı Məsumə Rzayeva da aktrisa olub. Məsumə xanım 30 ildən çox Musiliqi Komediya Teatrının aktrisası olub. 1949-cu ildə dünyaya gəlmiş Məsumə Rzayeva 2002-ci ildə 53 yaşında vəfat edib. O, xərçəng xəstəliyindən rəhmətə gedib.

Leyla Rzayevın digər qızı Qəmər xanım məşhur müğənni, Xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı olub. Bu evlilikdən onların Əhəd ağlı bir oğlanları doğulub. Amma atasının ölümündən xeyli sonra Əhəd də dünyadan köçüb.

Leyla Rzayevanın qızı Qəmər xanım və bir oğlu hazırda sağdırlar.

Leyla Rzayeva “Böyük dayaq” filmindəki kimi, həyatda da xaraktercə mehriban, xoşxasiyyət, ədəb-ərkanlı xanım olduğu bildirilir.


Leyla Rzayeva “Böyük dayaq” filmində səsləndirdiyi bir atalar sözülə diqqət çəkir. Ekran əsərinə baxmış tamaşaçılar yəqin ki, onun dilindən eşidilən bu məşhur məsəli xatırlayırlar: “Ho-ha var dağa çıxardar, ho-ha var dağdan endirər”...

Yuxarıda qeyd etdiyimiz kimi, Leyla Rzayeva həyatda bəxti gətirməyən qadınlardan olub, əcəl onu erkən yaxalayıb. Aktrisa 5 noyabr 1970-ci il tarixində beyninə qan sızmasından vəfat edib. Dünyasını dəyişərkən Leyla Rzayevanın cəmi 40 yaşı olub.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir