Modern.az

“Vaqifin ruhu 7 ildir məni tərk etməyib” – Mərhum şairin xanımı

“Vaqifin ruhu 7 ildir məni tərk etməyib” – Mərhum şairin xanımı

Ədəbi̇yyat

28 Yanvar 2022, 14:27

Bu gün Azərbaycanın Xalq şairi, görkəmli dramaturq, publisist Vaqif Səmədoğlunun anım günüdür. Mərhum şairin vəfatından 7 il ötür.

 

Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova anım günündə xatirələri barədə Modern.az-a danışaraq, onun unuda bilmədiyini söyləyib.

 

“Vaqif Səmədoğlu 7 ildir bu dünyanı tərk edib. Dünyadan köçsə də, ruhu məni heç vaxt tərk etmir. Yaşadığım hər anda kaş Vaqif yanımda olardı deyirəm. Həyatda tək olmuşdu, tək deyəndə, anası Xavər xanımla bir yerdə yaşamışdı. Onun içində ailə həsrəti qalmışdı və mən bu boşluğu doldura bildiyim üçün özümü xoşbəxt hesab edirəm. Biz ikimiz də eyni xasiyyətli adamlar olmuşuq. Özünə bir dəfə demişdim ki, həyatımda yeganə insansan səndən küsə bilmirəm".

 

Nüşabə Vəkilova Xalq şairi ilə bağlı xatirələri barədə kitab yazdığını qeyd edib:

 

“Vaqifdən danışacağım hər şeyi kitabımda qeyd etmişəm. Dünən bir nəşriyatda mənim xatirələr kitabım işıq üzü gördü. İçimdə rahatlıq tapdım ki, mən bunu etdim. Mənim bütün ömrümə Vaqif Səmədoğlu adı yazılıb. Vaqif mənə bir neçə şeir həsr edib. Mənə həsr etdiyi bir şeirdə deyir: “Mən sənin yuxunam”. Məhz buna görə kitabımın adını “Mən sənin yuxunam” qoydum”.

 

Xatırladaq ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 

 

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifələrində çalışıb. 1962-1963-cu ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.


Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2000-ci ildə Milli Məclisin deputatı seçilib.

 

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub. 2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub. 

 

Xalq şairi 2014-cü ildə İsraildə xərçəng xəstəliyindən müalicə olunan zaman Allaha müraciətlə bir şeir yazıb:

 

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

 

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub: 

 

“Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır