Modern.az

Bir kəndin TARİXİNDƏN 

Bir kəndin TARİXİNDƏN 

Ədəbi̇yyat

31 Yanvar 2022, 13:28

 Şəmdin Abuşovun  xatirəsinə


Bizdən fərqli olaraq, köhnə kişilər təbiətlə daha sıx bağlı idilər. Əslində, “bağlı idilər” ifadəsi bu məqamda fikri doğru-dürüst ifadə etmir. Keçmiş insanlar təbiətlə  birbaşa təmasda olmuş, onun qoynunda yaşamış, onunla birgə nəfəs almış, dağın-daşın, otun-suyun, gülün-çiçəyin dilini  bilmiş, təbiətlə öz dilində danışmışlar. İnsanoğlunun həyatı,  yaşayışı, bir sözlə, bütün ömür-günü birbaşa təbiətlə bağlı olmuşdur. Köhnə kişilər bu yer düzənlikdi, bura laləzardı, ora gülüstandı deyib, harada gəldi məskən salmayıblar. Bəzən yox, bəlkə də, çox vaxt elə bir bulağa görə bir kənd salınıb, bir yurd canlandırılıb. Bu kiçik girişlə demək istəyirəm ki, hər yerdə yurd salınmaz, hər yerdə ocaq çatılmaz. Necə ki, ulularımız söyləyib:

“Dərədə tikmə sel aparar, təpədə tikmə yel aparar”. Haqqında söhbət açacağım  Hal kəndini də köhnə kişilər  həyat və yaşayış üçün yararlı olan bir məkanda salmışdılar. İndiki Qubadlı rayonun ərazisində yerləşən Hal kəndi Zəngəzur qəzasının qədim kəndlərindən sayılır. Kənd  mənbəyini Zəngəzur silsiləsinin Ərikli dağından götürən, Qubadlıya tərəf axdıqca təbii bulaq suları ilə qidalanan Bərgüşad çayının üzü gündoğana baxanda  sağ sahilində yerləşir. Kənd Bərgüşad çayı və onun ətrafında yerləşən münbit torpaqlara görə binə olunub.

Bir toponim olaraq  Hal sözünün etimologiyası mürəkkəb olduğu qədər də maraqlıdır. Çox müxtəlif mənalarda işlənən “hal” sözü ərəb dilinə məxsusdur. “Hal” sözü bir məfhum olaraq  hal-əhval, əhval-ruhiyyə, vəziyyət mənasını ehtiva edir. Xalq etimologiyasına görə də  Hal kəndinin adı elə bu mənanı- hal əhli, əhli-hal mənasını ifadə edir. Türk inancında sırf bu məna ilə səsləşən bir “hal dili” anlayışı da mövcuddur. “Hal dili”- ruh dili, ruh halı, bədən dili anlamındadır . Əvvəllər “hal dili”  deyilən məfhumu bu gün bədən dili, jest, mimika dili ifadələri əvəzləyib. “Hal dili” tərsinə bir dildir. İnanca görə, insanlara məlum olmayan digər dünyanın, o cümlədən canlıların həyatı, yaşayışı, hətta dilləri belə bu dünyadakının tam tərsinədir. Məs. ağla(maq) əvəzinə gül(mək), otur(maq)  yerinə dur(maq) deyilməlidir. “Hal dili” insanın daxili  mənəvi aləmi ilə birbaşa bağlı olan təsəvvüfün başlıca dəyərlərindəndir. Təsəvvüf dini-fəlsəfi  təlim olub, insanın mənəvi aləmi və əxlaqının saflaşmasına xidmət göstərib. Bir qədər də sadə desək, təsəvvüf  insanın öz nəfsi ilə mübarizə apararaq Allaha qovuşmaqdır. Təsəvvüf demişkən, bu məqamda onu da qeyd edək ki, Hal kəndində vaxtilə zəmanəsinin dini təhsilini almış və Allaha ibadət edən xeyli insan yaşayıb. “Hal dili” qəlbin-könülün dilidir. “Hal dili” könülün gözü, qəlbin duyğusudur. Bu dildən hali (hal) olan insanlar bir-birini ağızlarını açmadan, dodaqlarını tərpətmədən, dil bir kəlmə kəsmədən, qulaq bir səs eşitmədən başa düşüblər. El arasında bu gün də  belə  ifadələr işlənir: “Arifə bir işarə kifayətdir”, “Könüldən könülə yollar görünür”, “Filankəs hal əhlidir”, “Filankəs quş dilini bilir”. Bu ifadələr özündə təsəvvüfü və “hal dili”nin simvolikasını hələ də qoruyub saxlayır. Bütün bu dediklərimizdən belə qənaətə gəlmək olar ki, Hal sözünün xalq etimologiyası əsasında bu izahı inandırıcıdır. Bu  etimoloji izahı kənarda saxlamaq və yaxud tamamilə  inkar etmək də doğru olmazdı. Ancaq Hal toponiminin fərqli etimoloji izahı da istisna edilmir. Özündə çox sirlər gizlətmiş və  hələ də əl dəyməmiş  tarixi mənbələrdə Hal toponiminin başqa izahlarının olduğuna heç bir şübhəmiz yoxdur. Tarixin  məntiqi ilə də  bu ehtimal ağlabatan və inandırıcı görünür. O da danılmaz həqiqətdir ki, toponim daha çox coğrafi mövqe və relyeflə bağlı olur. Bəlkə, elə Hal toponimi də belədir.

Kəndin bünövrəsini qoyan kişilər köçəri həyat keçiriblər. Hal kəndi orada yaşayan əhalinin qışlaq yeri olub.  Kənd əhalisi çəltik (düyü), arpa, buğda, darı və s. taxıl məhsulları əkmiş, heyvandarlıqla məşğul olmuşdur. Sovet dönəmində kənddə tütünçülük və baramaçılıq da inkişaf etmişdir.

Zəngəzur mahalı Çar Rusiyasının təsiri altında olduğu illərdə Hal kəndi Bərgüşad minbaşılığının inzibati idarəetməsinə daxil edilib. 1832-33-cü illərdə Çar Rusiyasının Zəngəzur mahalı üzrə titulyar müşaviri Suşko tərəfindən aparılmış kameral təsvirdə, müasir leksikonla desək, əyani formada yerlərdə əhali və ona məxsus mülkiyyətin rəsmi  siyahıyaalınma sənədlərində belə yazılıb:  “Qışda oturaq, yayda köçəri həyat tərzi sürən müsəlman əhali. Taxıl və çəltik əkirlər. İldə adambaşına gümüş pulla 3 rubl 50 qəpik, çəltik və taxılın isə beşdə birini malcəhət vergisi olaraq ödəyirlər. Kənddə 120 əkingünü əkinəyararlı və 130 əkingünü dəmyə torpaq var”.
 

Bu qeydlərin ardınca daha bir maraqlı tarixi fakt var. Tarixən Qarabağ xanlığına daxil olan bu torpaqları Qarabağ xanı Mehdiqulu xan yerli bəylərdən olan Hidayət bəyə, Əsədulla bəy İsmayıl oğluna, Şükür bəyə, Uğurlu bəy Cəfərqulu bəy oğluna, İbrahim bəy Həsən bəy oğluna və b. verib. Tarixi sübut kimi o da xüsusi olaraq vurğulanır ki, bu torpaqların adıçəkilən bəylərə verilməsi haqqında hicri təqvimi ilə 1224-cü ildə təsdiqlənmiş rəsmi sənəd də vardır. Çar Rusiyasının inzibati-siyasi idarəetməsi altında 1832-33-cü illərdə aparılmış kameral təsvirə (siyahıyaalınma) görə Hal kəndində 33 ailə yaşayıb.

 
Çar Rusiyasının 1874-cü ildə Zəngəzur qəzasında apardığı kameral təsvirə, real formada yaşayış məskənlərində gerçəkləşdirdiyi statistik hesablamalara görə həmin vaxt Hal kəndində 57 ailə yaşayıb.


1874-cü ilin kameral təsvirində Hal kəndində 8 bəy ailəsi də qeydiyyatdan keçirilmişdir.


Çar Rusiyası tərəfindən sonrakı illərdə inzibati idarəetmədə islahatlar aparılmış, yerli idarəetmə təkmilləşdirilmişdir. Bu islahatlar sayəsində inzibati ərazi  idarəetmə və yerlərdə vergilərin toplanması xeyli asanlaşdırılmışdır. XIX əsrin son rübündə Çar Rusiyası  yaxın kəndləri bir ərazi vahidi kimi qeydiyyatdan keçirmişdir. Söhbətgedən tarixdə Hal kəndi ətraf üç kəndi özündə birləşdirən kənd cəmiyyəti, indiki leksikonla desək, icra nümayəndəliyi kimi (bu gün də kəndin həmin statusu saxlanılır) formalaşdırılmışdır. Hal kənd cəmiyyətinə qonşu kəndlər olan Mirlər, Məmər və Qəziyan daxil idi.

 
1893-cü ildə Çar Rusiyasının məmurları tərəfindən aparılmış əhalinin siyahıyaalınmasına görə Hal kəndində 82 ev olub. Həmin vaxt kəndə 512 nəfər yaşayıb. Onlardan 262-si kişi, 250-si qadın olub. Həmin siyahıyaalınmada kənddə beş bəyin, onlardan ikisinin qadın olduğu da qeyd edilib. Görünür, bu iki qadın da bəy ailəsinə (nəslinə) mənsub olublar.

  
Yuxarıda Hal kəndinin mahalın qədim kəndlərindən biri olduğunu qeyd etdim. Bunu  tarixən aparılmış statistik göstəricilərə əsaslanaraq söyləyirəm. Belə ki, müxtəlif dövrlərdə aparılmış kameral təsvirlərdə (siyahıyaalınma) Hal kəndinin əhalisi digər yaşayış məskənləri ilə müqayisədə xeyli çoxdur.

  
Oxucular üçün yazının epiqrafına da bir aydınlıq gətirməyi vacib sayıram. Şəmdin  Abuşov Hal kəndinin yetirməsidir. O, vətənpərvər, el-obasına bağlı, doğma Hal kəndinə isə könlündə-gözündə təşnə bir sevgi və sayğı bəsləyən  insan idi. Harada rastlaşsaq, harada görüşsək, salam-kalamdan, hal-əhvaldan sonra ilk sözü bu olardı: “Bizim kənd haqqında kitab yazmaq olarmı?”.

 
Şəmdin  Abuşov 2 mart 1964-cü ildə Hal kəndində anadan olmuşdur. 1981-ci ildə Hal kənd orta məktəbini, 1986-cı ildə Ukrayna Respublikasının  paytaxtı Kiyev şəhərində ali məktəb bitirmişdir. 

O uzun illər Bakı şəhərinin lift təsərrüfatında müxtəlif vəzifələrdə çalışmış, müstəqillik dövründə isə azad bazar iqtisadiyyatının real imkanlarından peşəkarlıqla  yararlanaq lift sahəsi üzrə özəl müəssisə təsis etmişdir.

Çox təəssüflər ki, Şəmdin  Abuşova  illərlə  həsrəti ilə yaşadığı, hər an görüşünə tələsdiyi, canından belə çox sevdiyi doğma kəndini görmək nəsib olmadı. O, mənfur və məxfi düşmən olan karonavirusun qurbanı oldu. Şəmdin Abuşov 8 noyabr 2020-ci  ildə əbədiyyətə qovuşdu.

Bu kiçik yazıda Şəmdin  Abuşovun adını anmağım Hal camaatının, həmçinin onu tanıyanların hər birinin ürəyincə olacağına əminəm.



Xeybər Göyyallı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar