Modern.az

“Nə Lütfi Zadənin, nə də Eynşteynin elmlər doktoru dərəcəsi olub” - Rafiq Əliyev

“Nə Lütfi Zadənin, nə də Eynşteynin elmlər doktoru dərəcəsi olub” - Rafiq Əliyev

Ədəbi̇yyat

1 Fevral 2022, 17:53

Elmi dərəcələr sovet dönəmində iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində “elmlər namizədi” “fəlsəfə doktoru” ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır.

 

Dünyada elmi adlar necə verilir və bir çox elm adamlarını düşündürən ikipilləli elmi dərəcələrdən necə imtina edilə bilər?

 

Bununla bağlı Modern.az-a açıqlama verən Lütfi Zadə elmi irsinin varisi, professor Rafiq Əliyev bildirib ki, əgər biz elm, təhsil sahəsində dünyaya inteqrasiya etmək istəyiriksə, o zaman dünyada magistratura səviyyəsindən sonra cəmi bir elmi dərəcəni tətbiq etməliyik.

 

Onun sözlərinə görə, buna fəlsəfə doktoru, bəzən də PhD deyirlər.

 

“Nə Lütfi Zadənin, nə Nyutonun, nə də Eynşteynin elmlər doktoru dərəcəsi olub. Həmişə bir dərəcə olub: Elm sahəsi üzrə fəlsəfə doktoru. 

 

Biz 2006-ci ildə Bolonya sisteminə daxil olmuşuq. Bununla da təhsilimiz Qərbə inteqrasiya olunmalı idi. PhD səviyyəsi də təhsil zəncirinin bir halqasıdır. Əgər biz bu sistemə keçmişiksə, ikinci dərəcəyə nə ehtiyac var? 1990-cı illərin əvvəllərində "Elm haqqında" Qanunun hazırlanmasında iştirak etmişəm. Orada da ancaq bir dərəcə, elm sahəsi üzrə fəlsəfə doktoru nəzərdə tutulmuşdu. Lakin parlament qərar qəbul edəndə, səhv etmirəmsə, 1993-1994-cü illərdə, kiminsə təklifi ilə elmlər doktoru elmi dərəcəsini də saxladılar. Bu gün hətta postsovet məkanında çox ölkələr bundan imtina edib. Məsələn, qonşu Gürcüstan və bir çox ölkələr. Əgər Türkiyə ilə bütün sahələrdə inteqrasiya olunuruqsa, oraya nəzər salaq. Türkiyədə iki elmi dərəcə yoxdur. Bir elmi dərəcə var.

 

Əgər fəlsəfə doktoru elmi dərəcəsini almaq istəyən şəxsin yazdığı elmi iş dünyanın qəbul elədiyi, məşhur istinadlı jurnallarda dərc olunubsa, bu o deməkdir ki, həmin elmi məqalə dünya rəyindən keçib. Dünyanın o sahə üzrə alimləri həmin məqaləyə müsbət rəy veriblər".

 

R.Əliyev vurğulayıb ki, burada ən əsas meyar hansısa bir məqalənin dünyanın məşhur elmi jurnallarında dərc olunması, rəylərdən keçməsidir: 

 

“Bütün bunlar olarsa, o zaman bu iş dünya səvviyyəli iş olur və qəbul edilir. Bundan böyük rəy nə ola bilər?

 

Bu tətbiq uzun zaman alan proses deyil. "Ali təhsil haqqında" Qanun parlamentdə müzakirə olunacaq. Orada da bu təkliflər irəli sürülüb ki, bir dərəcə olsun.

 

Hər zaman deyirəm, mənim mentalım qərb, əxlaqım şərqdir. Yəni, bu gün dünya elminin və təhsilinin Məkkəsi Amerikadır. Əgər dünya üzrə top 10 universitet götürsək, onun 7-8, 100 universitet götürsək, onun 70-80-ni Amerikadadır. Necə olur ki, orada bir dərəcə olur, bizdə iki dərəcə?”

 

R.Əliyevin fikrincə, nə vaxtsa bu məsələyə yəqin ki, qayıdılacaq:

 

"Amma dünyada professor adı almaq çox çətindir. Professor adı almaq üçün illər lazımdır ki, orada bal yığıb və artıq 1-2 məqalə yox, çoxlu məqalələr çap edib, dünyaya çıxa biləsən. Onda professor adı verirlər. Və bu çox ağır prosesdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür