Modern.az

Həsən müəllimi düşünərkən....

Həsən müəllimi düşünərkən....

Ədəbi̇yyat

2 Fevral 2022, 12:32

2 fevral tarixi Azərbaycanın görkəmli torpaqşünas alimi, ictimai-siyasi xadim, akademik Həsən Əliyevin anım günüdür.

Respublikamızda elə görkəmli insanlar var ki, onlar haqqında müsbət mənada fikir söyləyərkən insan heç bir çətinlik çəkmir. Vaxtilə həm İnstitutumuzun (AMEA Coğrafiya İnstitutu) direktoru, həm şöbəmizin müdiri, həm də rəhbərim olmuş Həsən Əliyev də məhz belə ziyalılardan biri idi.

Mən kiçik elmi işçi kimi İnstituta gələndə buradakı ümumi atmosfer bir qədər fərqli idi. Əsl azərbaycanlı mühiti: böyük-kiçiyin yeri, bir-birinə səmimi münasibət, işdə ki öz yerində. Bu qaydalara əməl edən hər kəsin arxasında insanlıq, alimlik, haqq-ədalət simvoluna çevrilən bir dağ, bir azərbaycanlı kişisi olan–Həsən müəllim dayanmışdı!
Bu mühit içində formalaşan, respublikanın müxtəlif rayonlarından özlərindən də böyük problemlərlə şəhərə gələn hər birimiz gələcəyə çox böyük ümüdlə baxırdıq.

Həsən müəllim təkcə İnstitutun direktoru deyil, həm də hamımızın ağsaqqalı idi. Xüsusilə cavanların hər zaman böyük dəstəkçisi və bir çox problemlərinin həllində himayədarı idi. Mən İnstutumuzda elə bir adam tanımıram ki, onun ən çətin problemində belə Həsən müəllimin iştirakı olmasın. Onun ən yaddaqalan işlərindən biri İnstitutun cavanlarının mənzillə təminatı oldu. Yaşlılarımızın yaxşı yadında olar, o vaxtlar Mənzil Məsələsində uzun bir növbəlilik vardı. Buna baxmayaraq, Həsən müəllim çətinliklə də olsa institutumuz üçün tikdirdiyi kooperativ bina üzvlərinin boşalmış mənzillərini də qanunun tələblərinə uyğun cavanlara verdirdi.

Digər xidmətlərindən biri də Coğrafiya İnstitutunu çətinliklə də olsa birinci dərəcəli institutlar siyahısına keçirməsi oldu. Bu da İnstitut əməkdaşlarının maddi imkanlarının xeyli dərəcədə yaxşılaşması demək idi. Elə bir bayram olmazdı ki, həyat yoldaşı Zərqələm xanımla birlikdə təbrik üçün şöbəyə gəlməsin, qadınlarımızın böyük həvəs və zövqlə hazırladıqları milli xörəklərimizdən dadmasın, işlərimizlə, problemlərimizlə maraqlanmasın.

O, təkcə elmi rəhbər yox, həm də son dərəcə diqqətcil və qayğıkeş bir insan idi. Məhz bu səbəbdən də Həsən müəllim hamımız üçün həm də güvənli bir rəhbər idi. Səbəbini bilmədiyim mənə qarşı olan xüsusi münasibəti hər yerdə özünü göstərirdi. Başqalarından fərqli olaraq, dəfələrlə bayramlarda evinə dəvət edilməyim, şüfrəsində çörək kəsdiyim bu insanın mənəvi təmizliyi ilə bərabər ev, ailə işlərindəki davranışları yaxından tanışlığım alimi mənim üçün günbəgün ideallaşdırırdı.

İnstitutda milli kadrların yetişməsində, formalaşmasında həddən artıq ciddi bir səyi vardı. Məhz onun dövründə İnstitutumuz sırf milli tərkibli oldu. Bəlkə də buna səbəb həyatının son dərəcə ağır və amansız anları olmuşdu. Yaxşı yadımdadır, bir dəfə mənə redaktə etmək üçün ailəsinin başına gətirilən müsibətlərdən bəhs edən bir yazı verdi. Bu, onun həyatının ən faciəli anlarla dolu olan bir tale yazısı idi. Mən onun heç vaxt çap olunmayan həyat hadisələrini oxuduqca, dəhşətə gəlirdim. Bu, qardaş-bacılarının bəzilərini itirərək, doğma dədə-baba yurdlarından-Qərbi Azərbaycandan Naxçıvana köçmələrindən bəhs edən, faciələrlə dolu bir həyat hekayəsi idi. İndiyə qədər də yadımdan çıxmayan bu yazının sürətini çıxarıb saxlamadığıma görə özümü bağışlaya bilmirəm. Bəlkə də bu cür ürəkağrıdıcı faciələr, tarixin bir çox dəyişgənliyini gördüyü üçün idi ki, o insan ən çətin anlarda belə öz qürur və təmkinliyini saxlaya bilirdi. Bir şözlə, Həsən müəllim zamanın bütün çətinliklərini görmüş, onun bütün sınaqlarından qürurla çıxmış bir insan idi.

Həsən müəllim Azərbaycanın hər guşəsinə bələd olan, onu varlığı qədər sevən, canlı və cansız aləminə doğma münasibəti olan bir insan idi. O, bütün göstəricilərinə görə əsl azərbaycanlı idi, böyük hərflə yazılası bir AZƏRBAYCANLI!

1993-cü ilin bu günündə Həsən müəllim dünyasını dəyişdi. Bir sıra işlərdə problemləri bir təhər yola versək də, onun tam mənada layiq olduğu haqqını da vermək lazım idi. Layiq olduğu haqq Fəxri xiabanda dəfn məsələsi idi. Vəziyyət çətin idi. Bütün xeyirxah insanları və əməlləri himayə edən haqq-ədalət qanunu burda da öz sözünü dedi. Xalqımızın görkəmli şairi Məmməd Arazın ölkə prezidenti Əbülfəz Elçibəyə zəng edərək, çətinliklə “Əbülfəz, sən mənə müəllimim deyirsən, mənim də müəllimim olan Həsən müəllim rəhmətə gedib…” dediyi sözlərlə bu məsələ də layiqincə həllini tapdı.

Mən hər dəfə bu məzarlığın yanından keçəndə görkəmli heykəltaraş Ömər Eldarovun xüsusi istedadla hazırladığı, Həsən müəllimin əsl cismini xatırladan özünəməxsus qiyafədəki sadə qəbirüstü abidəsini görərkən həyat simvoluma çevrilmiş o insanın sonsuz sayda olan xeyirxah əməlləri göz önümə gəlir. Fikirləşirəm, nə yaxşı ki, Azərbaycanımızı candan sevən, əməli ilə onun təbliğatçısı olan, xeyirxah övladlarına daim dəstək verən bu cür ziyalı insanlarımız var imiş.

Mənə elə gəlir ki, həmişə böyük qürur hissi ilə yad etdiyim bu insan haqda deyiləsi mümkün olan və olmayan bir çox xatirələrin mükəmməl bir əsərə çevrilməsinin hələ ki zamana ehtiyacı var. Təki sağlıq olsun. İndi isə mən həmişə yeri bilinən bu böyük insana qəni-qəni rəhmət diləyib, qəbrin nurla dolsun deyirəm.


Ənvər Əliyev,
AMEA Coğrafiya İnstitunun şöbə müdiri,
Aqrar üzrə fəlsəfə doktoru, dosent

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!