Modern.az

Əlvida, şair dostum! 

Əlvida, şair dostum! 

Ədəbi̇yyat

7 Fevral 2022, 10:08

Dünən səhərə yaxın çağdaş Azərbaycan ədəbiyyatının ən istedadlı şairlərindən olan Fəxrəddin Əzizin ölüm xəbərini eşidəndə ürəyim sızladı. Xəbəri mənə telefonla çatdıran şairin dost-doğma qardaşı Ramiz Əzizov idi. Üç ilə yaxın idi ölümlə çarpışırdı, şair. AYB-nin Mingəçevir bölməsində düzənlənən yaradıcılıq günlərinə də dişini-dişinə sıxıb gəlir, şeirlərini oxuyur, bir az oturandan sonra üzrxahlıq edib gedirdi. Çox istedadlı, təvazökar, səmimi və iddiasız qələm sahibi idi. Mingəçevirə gələndən sonra görüşmək istəyi ilə ən çox arzuladığım şəxslərdən biri idi o.

Ədəbiyyata öz halal zəhməti hesabına gəlmişdi. Halal xoşu olsun, AYB-nin Mingəçevir bölməsi yaradılandan sonra mərkəzi qəzet və jurnallarda onun da xeyli sayda şeirinin dərc ediməsinə dəstək vermiş, bir kitabının redaktoru və iki kitabının ön söz müəllifi olmuşdum. Bölmənin ədəbi orqanı olan “Bənövşə” (əvvəlki adı “Mingəçevir leysanı”) jurnalında poeziya şöbəsinin redaktoru vəzifəsini də ona həvalə etmişdik. Çalışqan, sözə məsuliyyətlə yanaşan, həmkarlarına müsbət aura aşılayan söz adamı kimi dəyər qazanmışdı. Mehriban ailə başçısı idi, iki il qabaq dünyasını dəyişən ömür-gün yoldaşı ilə baş-başa verib iki oğul, iki qız böyütmüşdü. Ən başlıcası isə çox xeyirxah, yanımcıl, vəfalı, ünsiyyətcil şəxs kimi tanınırdı.

   
Ağdaşın Qoşaqovaq kəndində dünyaya göz açsa da, ali məktəbi bitirəndən sonra təyinatla Mingəçevirə gəlmiş, ömrünün qalan hissəsini burada yaşamışdı. Bir müddət orta məktəbdə müəllim işləmiş, sonrakı dönəmlərdə ayrı-ayrı sahələrdə əmək fəliyyətini davam etdirmişdi. İlk gənclik illərindən istedadlı qələm sahibi kimi tanınmış, ona yaxın kitabını nəşr etdirmiş, çeşidli mətbuat orqanlarında, AYB Mingəçevir bölməsinin xəttiyə çap olunan “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs”, “Bir ocağın şöləsiyik” almanaxlarında xeyli sayda şeirləri yer almışdı. Özünə məxsus üslubda yazdığı hekayələri də maraqlı mövzulara və orjinal sujet xəttinə söykənmişdi. 2004-cü ildə mənim xeyir-duamla AYB-yə üzv qəbul olunandan sonra daha böyük həvəslə yazıb yaradırdı...

 
 2019-cu ilin oktyabr ayının birinci yarısında çoxsaylı oxucular qarşısında anadan olmasının 65 illiyinə həsr olunan yubiley tədbirini keçirəndə səhnədə mənimlə yanaşı əyləşən şairin əvəzindən qardaşı Ramiz müəllim çıxış etmişdi. Həmin vaxtdan xeyli qabaq amansız xəstəliyin çaynağına keçən şairin tezliklə sağalacağına ümid etsək də, fələk bu istəyimizi gözlərimizdə qoydu. O yubiley mərasimində iştirak edən qələm dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin, şeirlərini uşaqlara məxsus ləhcə ilə söyləyən nəvələrinin çıxışlarını dinməzcə seyr etsə də, baxışlarındakı sevins hissi açıq-aşkar hiss olunurdu...

   
Dünən günortaya yaxın dünyaya göz açdığı Qoşaqovaq kənd qəbristanında dəfn edilən Fəxrəddin Əziz bu fani dünyanı ömrünün ən məhsuldar illərində tərk etsə də, özündən sonra təmiz ad, heç vaxt təravətini itirməyəcək ədəbi irs qoyub getdi. Allah sənə qəni-qəni rəhmət eləsin, əziz şair dostumuz, sən zaman-zaman xatırlanmağa layiq dəyərli insansan!

    
P.S. Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsində təmsil olunan yazarların da adından şair Fəxrəddin Əzizin (Əzizov Fəxrəddin Hasan oğlunun) ailə üzvlərinə, yaxın qohumlarına və dostlarına dərin hüzünlə başsağlığı verir, mərhum qələm dostuma Ulu Tanrıdan qəni-qəni rəhmət diləyirəm! Ruhu şad olsun!

İsmayıl Mərcanlı İmanzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?