Academia

Ədəbi̇yyat

16 Fevral 2022, 10:24

İbrahim Nəbioğlu

Hətta iqtidarlar belə elmin tərəqqisinə mane ola bilmirlər...

Leszek Kumor
 

Akadem (yunanca Akademos) qədim yunan mifologiyasında bir cəngavərdir.

Afina yaxınlığında bir zeytun bağında dəfn edilib.

Platon eramızdan əvvəl 4 -cü əsrdə tələbələrinə bu bağda dərs deyirmiş.

Akademin şərəfinə Platonun bu fəlsəfə məktəbinə “Akademiya” (lat. Academia) adı verilmişdi.

Cəmi 144 il fəaliyyət göstərdi Akademiya.

Eramızdan əvvəl 6-cı əsrdə imperator I Yustininan bütpərəslərin qalasıdır deyə Akademiyanı qapatdı…
 

***

Şahin Mustafayevin “Tiflis əyalətinin müfəssəl dəftəri: Borçalı və Qazax (1728-ci il)” adlı kitabı “Elm” nəşriyyatında işıq üzü gördü.
 

Müəllifin özünün də yazdığı kimi, 1728-ci ildə tərtib olunmuş bu Osmanlı maliyyə-vergi reyestri Azərbaycan və Cənubi Qafqazın sosial-iqtisadi tarixinə dair ən dəyərli qaynaqlardan biridir. Mənbədə adı çəkilən bölgələrin 1000-dən çox yaşayış məskəni və orada yaşayan və vergi ödəyən əhalinin adları qeyd olunub…
 

Akademik Şahin Mustafayevin təvazökarlığındandır, yoxsa zamanla uyğunlaşa bilməyən elmimizin qısqanclıq mərəzindən, bilmirəm, amma bu gün o, xaricdə daha çox tanınır. Ş.Mustafayev ölkəmizin yetişdirdiyi görkəmli tarixçi alimlərdən, Azərbaycandan kənarda istinad edilən, tanınan azsaylı tədqiqatçılardan biridir…
 

Universitetin Şərqşünaslıq fakultəsini fərqlənmə ilə bitirib.
 

Aspiranturanı SSRİ EA-nın Moskvadakı Şərqşünaslıq institutunda oxuyub.
 

Namizədlik dissertasiyasını 28 yaşında Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda müdafiə edib.
 

1998-ci ildə Ankara xəstəxanlarından birində Şahinin yaxın qohumu ürəyindən əməliyyat olunacaqdı. Gecələri xəstənin yanında qalıb ona qulluq edir, ertəsi gün Osmanlı arxivləri ilə kitabxanalara qaçırdı. Yəqin ki, adını çəkdiyim kitab da o vaxtkı yuxusuz gecələrin məhsuludur.

Axşamlar mən də xəstəni ziyarət edirdim. Gecə gec saatlara qədər orada gələcəyin parlaq alimi ilə xeyli söhbət edərdim. Şahin tanış olduğu məşhur türk tarixçilərindən, tapdığı yeni-yeni tarixi sənədlər haqda həyəcanla danışardı.
 

Bu gün o tanınmış alimlər Şahinə artıq “Hocam” deyə xitab edir, bununla da onun şəksiz elmi nüfuzunu təsdiq edirlər.
 

Bu gün akademik Mustafayev sadəcə Azərbaycanda deyil, bütün Dünya Türkşünaslığında etibar edilən və qəbul görən görkəmli türkoloq və osmanlışünasdır.
 

2008-2013-cü illərdə Şahin Mustafayev YUNESKO-nun nəzdində Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun (Səmərqənd, Özbəkistan) direktoru kimi fəaliyyət göstərib.

Onu bu səfər uzaqdan izləyirdim.
 

Özbəkistanda işlədiyi 6 il çox məhsuldar oldu, araşdırmaları, hər kitabı səs gətirirdi.

Alim burada özünü başqa bir ampluada – elm təşkilatçılığında da göstərdi. YUNESKO-nun egidası altında keçirilən elmi konfranslara bir çox azərbaycanlı alimləri dəvət etməklə onlara beynəlxalq arenaya çıxma imkanı yaratdı.
 

Səmərqənddə Şahin Mustafayev YUNESKO-nun təqdim etdiyi 57 kitaba elmi redaktorluq edərək çap etdirdi. Özbəkistandakı fəaliyyəti Şahin Mustafayevin alim kimi nüfuzunu daha da artırdı. Ona bir çox xarici universitet və elm mərkəzlərindən dəvətlər gəlsə də, Milli Akademiya Ş.Mustafayevə Vətənində daha çox ehtiyac var deyə onu ölkəyə geri çağırdı.
 

Bu gün Ş.Mustafayev yaralı elmimizin üzünü ağ edən sanballı tarixçilərdəndir. Onun kimi sayları günü–gündən azalan ləyaqətli alimləri, elm fədailərini yetərincə tanıyır, qoruyur və qiymət veririkmi? Yəqin ki, yox.
 

Elmlər Akademiyası ətrafındakı son günlər baş verənlər olmasaydı, bəlkə də mən heç bu yazını yazmaz, post-pandemiya dövrünü gözləyib, Şahin müəllimin adına yaraşan daha nikbin bir yazı hazırlayardım.
 

Təəssüf ki, qaş düzəltmək yerinə göz çıxarmaqla məşğuldur Akademiyanın məmurları. Saxta diplomlu “alimlər” ordusu ölkəmizin gələcəyini baltalamaqla məşğuldurlar. Qaragüruh olub-qalanı yıxmağa təşəbbüs edir.
 

Namizədlik dissertasiyamı akademik Azad Mirzəcanzadənin elmi rəhbərliyi altında müdafiə etmiş biri kimi mən də Elmlər Akademiyamızın və bütövlükdə elmimizin gələcəyindən əndişə duyur, məqalələrimdə, sosial şəbəkələrdə onun sabahı haqda tez-tez fikirlərimi bölüşürəm.
 

Amerika ilə Avropada, habelə Yaponiya və Koreya kimi ölkələrdə elmin əsasən universitetlərdə təkmilləşdiyi, professor və tələbələr üşün münbit mühitin məhz ali təhsil ocaqları olduğu barizdir. Ancaq biz artıq uzun illərdir ki, fərqli yolla irəliləyirik. Bu gün, bu dəqiqə kəskin dönüş etsək faydası zərərindən çox olar.
 

Bu səbəbdən də ciddi dəyişikliklərə getmək, yeni yol xəritəsi hazırlayaraq Akademiyaya keyfiyyətcə yeni nəfəs vermək lazımdır. Kiminlə gediləcək bu dəyişikliklərə? Təbii ki, Akademiyanın sağlam təfəkkürlü olan-qalan həqiqi alimlərilə.
 

Akademiyadakı həqiqi alimlər bizim Milli Sərvətimizdir. Azdırlar, onlara sahib çıxmalıyıq. Yoxsa…

Yoxsa ikinci bir imperator Yustinian vaqeəsi baş verəcək – qapısına kilid vurulacaq Akademiyanın…
 

***
 

Səhər saat altıda Votsap-dan bir mesaj gəldi.
 

Göndərən əziz müəllimim, görkəmli riyaziyyatçı, akademik Asəf Haciyev idi. Saytlardan birində dərc olunan “Как быть с азербайджанской наукой и что делать? - РАЗМЫШЛЕНИЯ АСАФА ГАДЖИЕВА” məqaləsinin linkini atmışdı.
 

Zəng elədim Asəf müəllimə. Təyyarədəydi. Mərkəzi İstanbulda yerləşən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi olan Asəf müəllim xaricə ezamiyyətə uçurdu. Çox danışa bilmədi, “Ayın 20-si qayıdıram, görüşək” dedi.
 

İstanbulda yaşayan müəllim-tələbənin bu səfərki görüşü çox fərqli olacaq…
 

Gələcək Elmlə Gələcək.
 

Gələcək Çox Tez Gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır