Modern.az

Çalma, qaboy

Çalma, qaboy

Ədəbi̇yyat

23 Fevral 2022, 10:48

Şair Qabil

Kamil Cəlilovun ifasını dinlərkən...

Heç vaxt boyanmamış qana
Qarabağ bugünkü kimi.
Bir baxın dağa-arana -
Tanınmaz olmayıb heç vaxt
Aran-dağ bugünkü kimi,
Heç kim görməmişdi yana
Bu torpaq bugünkü kimi.

Bəsdi inlədin, qaboy!
Bəsdi sızıldadın, dayan!
Ah-naləni kənara qoy,
Nə yasin - fatihə, filan?!
Bu, bir deyil, bu, beş deyil,
Bu, baş deyil, bu, leş deyil,
Vətəni qoyaq tabuta?
Sonra da ayaq üstündə
Dalaq bir anlıq sükuta?..


Bəsdir inildədin, qaboy,
Qulaqlarım döyənəkdir,
Şıdırğıdır bu qanlı toy
Düşmən əlində avtomat...
Səninkində dəyənəkdir...
Xəyanətin barını dər.
Xocalıya qəzəb göndər.
Mən igidəm, əlim boşdur,
Hara gedim bəs boş əllə?
Yağıların qəlbi daşdır,
Daş yumşalmaz bəmlə, zillə.
Bizə silah gərək, qaboy,
Çalma, bir iş görək, qaboy!
Hanı xalqın sərkərdəsi,
Hanı yurdun başbiləni?
Sərkərdənin gəlsin səsi!
Öldük eşitməkdən səni...
Ərkim sənə çatır, qaboy,
Çalma, nə’rəm batır, qaboy!



Üç gündən bir, beş gündən bir
Bu nə matəm havasıdır?
BMT-dən səsim gəlir -
Yox, bu millət işi deyil:
Dava sərhəd davasıdır,
Dava torpaq davasıdır,
Namus, qeyrət davasıdır.
Qüdsi Qur’an davasıdır
Qara xaçla.
Qədim Turan davasıdır
Qara xaçla.
Dayan, qaboy, asta fülə,
Körükləmə, döndük külə...


Dörd dövrəmdə min bir qorxaq,
Xalq ki, birdir, xalq vahiddir!
İsti yerdə əsir qorxaq,
Əsrarəngiz yollarında
Buz heykəli qundaq-qundaq...
Cahan şahid - xalq şahiddir.
Nə qəddarmış yağım, qaboy,
Dağ üstündən dağım qaboy!


Çalma, çalma göz yaşlarım
Boğur məni,
İlk çərşənbəm, ilk baharım
Boğur məni.
Çalma, qaboy,
Biz çalmamış
Şanlı zəfər havasını...
Düşmənimdən bac almamış,
Qələbəylə bitirməmiş, -
Oğul kimi bitirməmiş
Ana Vətən davasını.
Çalma, çalma almayınca           
Bəkarətin qisasını.
Papağımı yerə soxan
Xəcalətin qisasını.
Tarixlərdə törənməmiş
Cinayətin qisasını.
Çalma, qaboy,
Çalma, qaboy!
Qisas dolu ürəyimdən
Sən də qisas alma, qaboy
 

26 mart, 1992.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!