Modern.az

Xatirələrdə yaşayan Eldar Səfərov...

Xatirələrdə yaşayan Eldar Səfərov...

Ədəbi̇yyat

4 Mart 2022, 14:48

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında, xalq, millət üçün canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməyi isə hər bir kəs özünün vətəndaşlıq borcu sanmalıdır.

 Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olaraq, vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxan qeyrətli vətən oğullarımızdan biri də 30 il öncə şəhidlik zirvəsinə ucalmış Ağdam rayon sakini Eldar Səfərovdur.

Eldar Səfərov 1949-ildə Ağdamda anadan olub. Orta məktəbi, Bakı Energetika Texnikumunu bitirdikdən sonra hərbi xidmətini hava hücumundan müdafiə hərbi hissəsində keçirib. Sonra Ağdam Musiqi Məktəbində, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsilini davam etdirib.

Əmək fəaliyyətinə başladığı vaxtdan Eldar Səfərov gənclərə Qarabağın ab-havasından mayalanmış xalq musiqimizi aşılayıb, şifahi xalq yaradıcılığı nümunəsi olan muğamı yüksək peşəkarlıqla təbliğ edib. Azərbaycan xalqının sənət incisi, kimliyi, milli sərvəti olan muğamları sevə-sevə gənclərə öyrədib.

Eldar Səfərov idmançı, cüssəli, qamətli olsa da, sakit təbiəti, mülayim xarakteri ilə sevilib.

El-oba, rayon ictimaiyyətində sayılıb-seçilən, sözünün sahibi olaraq, vətənpərvər vətəndaş kimi hörmət-izzət sahibi olan Eldar Səfərov 1988-ci ildən başlayan Azərbaycanda xalq hərəkatının fəallarından biri olub. İctimai-siyasi tədbirlərdə fəal iştirak edib.

Birinci Qarabağ müharibə başlayanda Eldar  Səfərov Ağdam rayonunun Güllücə kənd musiqi məktəbinin direktoru vəzifəsində çalışıb. Müharibənin ilk günlərindən onun da qəlbində erməni daşnaklarına, müharibəyə, xain düşmənə sonsuz nifrət yaranıb.   O, mərd, mübarız, qorxmaz, ölümün gözünə dik baxan vətənpərvər Azərbaycan vətəndaşı olaraq,  müharibə çətinlikləri ilə üzləşən soydaşlarımıza hər an kömək əli uzatmağa hazır olub. 

Eldar Səfərova vətənin ağır günlərində, xalqın dar ayağında, millətin heysiyyatına toxunan bir vaxtda xalqla birgə olmaq, ona valideynlərindən əxz olunub. Böyük Vətən müharibəsinin iştirakçısı olmuş atası Ənvərdən, şəfqətli əlləri ilə insanlara şəfa bəxş etmiş anası Solmazdan Eldara xeyirxahlıq, insanlara mərhəmət hissləri aşılanıb.

Təsadüfi deyildi ki, müharibə başlayanda Eldar da öz sevimli peşəsindən ayrılıb, vətənin müdafiəçilərinin yanında olub, onlara maddi və mənəvi köməklik göstərib.

26 fevral 1992 il – o, müdhiş tarixdə Eldar Səfərov Xocalıdan gələn vətəndaşlarımızı qarşılayib, öz evində 4-5 ailəni yerləşdirib, sonra isə onları öz arzuları ilə Bakıya və digər şəhər və rayonlara getmələrinə yaxından köməklik göstərib.

12 mart  1992-ci ildə ermənilər Ağdamı aramsız qrad atəşinə tutanda, Eldar Səfərov qadın və uşaqları təhlükəsiz yerə köçürülməsi üşün bütün gücünü  səfərbər edib.  Ölümün gözünə dik baxaraq Xocalıdan qaçqın düşmüş soydaşlarımizi atəş nöqtələrindən uzaqlaşdırılmasında yaxından köməklik göstərib. Və həmin gün düşmən gülləsinə tuş gələrək vətən övladlarının təhlükəsizliyini təmin edərkən həlak olub. Beləcə, Ağdamın qeyrətli oğlu millət yolunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq şəadətini qazanıb.

...İnsan ömrü təqvimdəki rəqəmlərlə ölçülən zaman kəsiyidir. Təqvim yalnız  yaşanmış illərin sayını göstərir, ömrün mənasının, dəyərinin göstəricisi isə həyatda qoyduğun izlər və əməlləridir.  Xoşbəxt o kəslərdir ki, vətən, millət yolunda üzərinə düşən missiyanı həyata keçirərək xatirlərdə yaşayırlar. Bu baxımdan Eldar Səfərov da xoşbəxt azərbaycanlıdır.

Məhəmməd Peyğəmbər (s.a.s.) buyurub ki, gələn təhlükəni görüb qapanmayan gözün sahibi Allah yolunda bu təhlükəni aradan götürürsə, o bəndə, bütün insanlardan daha xeyirli iş görmüş olur. Ölümündən 30 il ötən Eldar Səfərov da Uca Allahın bəyəndiyi xeyirli işlərə canı, qanı hesabına imza ataraq, nəcib əməlləri ilə könüllərdə yaşamaq səadətini qazanaraq daim xatirələrdə yaşayacaq.

Ruhun şad, məzarın cənnət olsun, bizə əziz məkan olan Ağdamın qeyrətli oğlu! 

 

Hikmət Xudiyev,

Əməkdar jurnalist, tarix üzrə

fəlsəfə doktoru, istefada olan polkovnik

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir