Modern.az

Belələri də var...

Belələri də var...

Ədəbi̇yyat

30 Mart 2022, 12:10

Bu günlərdə əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadənin Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmə həsr olunmuş “Belələri də var” (Satira Yumor) adlı kitabı işıq üzü görüb.


Nəfis şəkildə tərtib olunmuş bu kitabda sairin müxtəlif illərdə qələmə aldığı 54 satirik şeiri, 1934-cü ildə qələmə alınan oxucular tərəfindən maraqla sevilə-sevilə qarşılanan “Dramaturq Səfdər əmioğlu” əsəri və Q.Əsgərzadənin S.Rüstəmə həsr olunmuş və dövri mətbuatda işıqlandırılan yazıları yer alıb.

 
Uzun onilliklər ərzində S.Rüstəm əsasən, vətənpərvərlik, lirik ruhda yazılmış şerlər, həzin, duzlu qəzəllər, dram əsərləri, Cənub mövzusundan bəhs edən şeirlər və qəzəllər müəllifi kimi tanınsa da, onun satirik şeirləri sanki kölgədə qalmış, ona bir satirik kimi populyarlıq qazanmaq bir növ mümkün olmamışdı. Hərçənd, pyeslərində yumoru sezməmək mümkün deyildir.

Bu kitab Süleyman Rüstəm belə demək mümkünsə, 2-ci nəfəs gətirəcək. Yəni, bu kitabda dərc olunmuş şeirlərlə S.Rüstəm Azərbaycan ədəbiyyatı tarixində satirik şair kimi mövqeyi olan bir sənətkar kimi də oxunacaq, tanınacaq, xatırlanacaq. Haqlı olaraq, S.Rüstəmi bu janrda yazan çox görkəmli ədiblərin-S.Ə.Şirvaninin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, C. Cabbarlının davamçıları sırasında qeyd etmək olar. Məsuliyyətlə söyləmək olar ki, S.Rüstəm bu ədəbi məktəbin ən layiqli davamçılarından biri olmaqla, qüdrətli satirik şair kimi özünü təsdiq edə bilmişdir.

Müasirlərinin söylədiyi kimi, təbiətində yumor hissi, baməzəlik, zarafat olan S. Rüstəm yaşadığı və yaratdığı çox çətin, ziddiyyətli, mürəkkəb, senzuralı sovet rejimində heç də hər bir ədibin cürət etmədiyi satirik şerləri ilə oxucularının qəlbinə yol tapa bilmişdir.

Şeirlərini vərəqlədikcə şairin qüdrətli söz sərrafı kimi hədəfini düzgün seçdiyini açıq-aşkar görmək mümkündür. Belə ki, kitaba daxil olunmuş satirik şerlərində ziddiyyətli və mürəkkəb dövrün mənəvi-əxlaqi kodeksinə zidd olan yerlibazlığa, boşboğazlığa, proteksionizmə, gözdən pərdə asmağa, gözə kül üfürməyə, qohumbazlığa, özündən razı olmağa, yaltaqlığa, mütiliyə, riyakarlığa, donosbazlığa, vəzifə hərisliyin, böhtançılığa, iftiraya, özündən müstəbehlərə, pul hərislərinə, mənfəətpərəstlərə və s. hədəf almış şerləri məhz, şairin qüdrətli satirik şair olmasından xəbər verir.

Bu şerlər arasında “Mən varlıyam, sən yoxsul”, “Böhtanzadə”, “Yaxşı ki, yoxsan”, “Sənin canın cibindədir”, “Moda qurbanı”, “İnsan vəzifəni bəzəsin gərək”, “Dünya bir şey itirməzdi” və s. xüsusilə diqqət çəkir.

Kitabda bir özəllik də var. Həmin şeirlərdə eləcə də  “Dramaturq Səfdər əmioğlu” əsərində bu gün dilimizdə işlənilməyən arxaik və alınma sözlərin Azərbaycan dilində qarşılığı da kitabda öz əksini tapmışdır.

Bununla yanaşı, kitabın müəllifi və tərtibçisi Qafar Əsgərzadə kitaba yazdığı ön sözdə S. Rüstəmin bir satirik şair kimi yaradıcılığına qiymət vermiş, ədəbin bu sahədə rolunu xüsusi vurğulamışdır.

Müəllif kitabın “Süleyman Rüstəm yaradıcılığı dövri mətbuatda” bölümündə şairin yaradıcılığından bəhs olunan 7 məqaləsi ilə S.Rüstəm şəxsiyyəti və yaradıcılığı barədə oxucuda müfəssəl məlumat yaratmağa müvəffəq olmuşdur.

300 tirajla “Təhsil Nəşriyyat- Poliqrafiya” MMC tərəfindən nəşr olunmuş 141 səhifəlik kitab inanıram ki, yeni nəslə, ədəbiyyatçılara, alimlərə, şair və yazıçılara, tələbələrə, aktyor və jurnalistlərə, ədibin qüdrətli bir satirik şairi kimi də tanınması yönündə böyük maraq kəsb edəcəkdir.

Kitabın ərsəyə gəlməsində əməyi olan hər bir kəsə həm də bir oxucu kimi öz dərin minnətdarlığımı bildirirəm.

İnanırıq ki, bu oxucular tərəfindən maraqla qarşılanacaq.

 

Azadə Əsgərzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir