Modern.az

Xankəndidə yeri rahat olmayan məzarlar - İlham Cəmiloğlu yazır

Xankəndidə yeri rahat olmayan məzarlar - İlham Cəmiloğlu yazır

Ədəbi̇yyat

31 Mart 2022, 10:54

Hərdən yaddaşımı qınayıram. Qınayıram ki, atamla bağlı xatirələrimi özündə saxlaya bilməyib. Əslində, yaddaşın günahı yoxdur, vur-tut 10 yaşı olan bir uşağın atası ilə bağlı zəngin xatirələri ola bilməz axı. Bəli, atam vəfat edəndə cəmi 10 yaşım var idi. Yaddaşımda qalan məni qucaqlayanda üzünün cod tüklərinin məni dalaması, birinci sinifdə oxuyanda arabir sinfimizin qapsını açıb müəllilimiz Tahirə xanımla salamlaşdıqdan sonra mənə diqqətlə nəzər yetirməsi və bir də Xankəndi şəhərinin mərkəzində, Atarbekov küçəsi 68-də yerləşən kiçik ikiotaqlı mənzilimizdə onun bütün günü yazı-pozu ilə məşğul olmasıdır.

Atamın Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə dərs dediyi şagirdləri də  az-çox yadımda qalıb. Sonradan onların arasından Milli Qəhrəman, general, ayrı-ayrı sahələr üzrə tanınmış mütəxəssislər də çıxıb. Şagirdləri Cəmil müəllimə istənilən məsələ ilə bağlı müraciət etmək “səlahiyyətinə” malik idilər. Bu “səlahiyyətləri” atam özü onlara vermişdi. Ucqar kəndlərdən Xankəndi şəhərində təhsil almağa gələnlərin təhsil problemlərindən tutmuş məişət qayğılarına qədər ortaya çıxan çətinliklərin aradan qaldırılmasında atam onlardan heç vaxt öz köməkliyini əsirgəməyib. Çünki özünün də ömür yolları çətinliklərdən keçmişdi...

Cəmil Xudiyev 1924-cü ildə Xankəndi şəhərində anadan olub. Müharibə başlananda 17 yaşı tamam olan, hələ çağırış yaşına düşməyən gənc Cəmil cəbhəyə könüllü gedənlərin sırasında dayanıb.

Onun döyüş yolları ən ağır cəbhələrdən keçib, tank qoşunlarında xidmət edən gənc döyüşçü Stalinqrad uğrunda gedən ağır hərbi əməliyyatların iştirakçısı olub. 1943-cü ildə döyüşlər zamanı yaralanmasına və müalicədən sonra arxa cəbhəyə dönmək imkanı olmasına baxmayaraq, o, yenidən cəbhəyə qayıdıb. Xidmətini Ukrayna cəbhəsində davam etdirən Cəmil Xudiyev Böyük Qələbəni Almaniyanın şərqində qarşılayıb.


Müharibədən sonrakı dövrdə Cəmil Xudiyev ali təhsil almaq arzusunu gerçəkləşdirib. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olub. Həyatını bütövlükdə pedaqoji fəaliyyətə bağlayan Cəmil müəllim Yuxarı Qarabağda tanınmış ziyalılardan biri sayılıb.

Cəmil müəllim uzun illər Xankəndi şəhərində yaganə Azərbaycan məktəbi olan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə tarix və veteran zabit kimi ibtidai hərbi hazırlıq fənnini tədris edib. Erməni millətçiləri üçün bu məktəb həmişə hədəf seçilib, imkan düşdükcə onun fəaliyyətinə əngəlliklər yaradılıb. Bu mübarizədə Cəmil müəllim sözünü deməyi bacaran, ermənilərin məkrli planlarını ifşa edə bilən ziyalılardan biri olub.

Cəbhədən qayıdan Cəmil müəllim üçün ikinci cəbhə Xankəndi şəhərində açılıb. Hər addımda erməni xislətinin iyrəncliyini hiss edən Cəmil Xudiyev millətçilərin məkrli niyyətlərindən agah olub. O, yüksk təhsilli savadlı bir tarixçi kimi erməni həmkarlarına əsl həqiqətləri başa salıb, ermənilərin tez-tez biruzə verdikləri torpaq iddialarına tarixi faktlarla cavab verib.

Mövcud dövr Xankəndi şəhərində yaşayan azərbaycanlıların xeyrinə işləməyib. Xankəndi zaman-zaman daşnak yuvasına çevrilib. Bu şəhərdə yaşayan azərbaycanlılara qarşı gizli tələlər qurulub. Nəhayət, 1967-ci ildə ermənilərin iç üzü açılıb. Erməni məktəblisini vəhşicəsinə qətlə yetirərək, cinayəti azərbaycanlıların üstünə atmaq, üç azərbaycanlıya məhkəmədə ən ağır hökmü oxumaq və hələ bundan sonra da hər üçünü günün ortasınada şəhərin mərkəzində diri-diri yandırmaq bütün Azərbaycanın diqqətini Xankəndi şəhərinə yönəldib. Həmin dövrdə DTK sədri vəzifəsində çalışan Heydər Əliyevin Xankəndi şəhərinə ezamiyyəti nəticəsində bütün həqiqətlər üzə çıxıb, erməni məktəblisinin məhz ermənilər tərəfindən qətlə yetirilməsi sübut olunub. Bununla bağlı Heydər Əliyevin rəhbərliyi ilə aparılan araşdırmalarda və istintaq prosesində Xankəndi şəhərində yaşayan azərbaycanlılar da fəallıq göstəriblər. Məhz Dağlıq Qarabağ Muxtar Vilayətində sayılıb-seçilən ziyalılardan biri kimi, Cəmil Xudiyev də bu hadisələrdə böyük fəallığı ilə fərqlənib.

Cəmil müəllim Xankəndi şəhərində, bütövlükdə vilayətdə işi çətinə düşən azərbaycanlılara yardımçı olub, onların problemlərinin həlli üçün müvafiq qurumlara tutarlı məktublarla müraciət edib, yerli azərbaycanlıların haqqını yersiz gələn erməni məmurlardan tələb edib.

Xankəndi şəhərində yaşayan erməni “ziyalılar” Cəmil müəllimlə mübahisə etməkdən, fikir mübadiləsi aparmaqdan həmişə çəkiniblər. Ağır müharibə yollarını keçmiş bu ziyalınan qarşısında özlərini aciz sayıblar. Amma millətçi ermənilər bu acizliyin qisasını “biganəliklə” ondan ala biliblər. 1975-ci ilin martın 31-də Cəmil müəllimin qan təzyiqi ilə bağlı səhhətində problem yarananda, cəllad erməni həkimləri azərbaycanlı ziyalıya qarçı laqeydlik edərək, heç bir ciddi tədbir görmədiklərindən o, həyatla vidalaşıb.


Ölüm haqq işidir, Tanrı əmridir və biz itkilərlə barışmağa məhkumuq. Amma 47 il öncə dünyasını dəyişən atamın 34 il məzarını ziyarət edə bilməməyim nə haqqa sığışır, nə də bu məhrumiyyətlə barışa bilirəm. O dünyada nə var, nə yox bilmirəm. Təkcə onu bilirəm ki, düşmən tapdağı altında olan torpaqda uyuyanların yeri heç də rahat deyil. Bu narahatlıqla atamın əziz xatirəsini ehtiramla yad edir və ruhuna azadlıq diləyirəm.
 

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir