Modern.az

Yeni-yeni obrazlar, mövzular sorağında

Yeni-yeni obrazlar, mövzular sorağında

1 Aprel 2022, 11:22

Akif Cabbarlı


Yüzlərlə şeirin, məqalə və oçerkin, “ Borçalı nisgili”, “ Vurğuna vurğun gəlin” və “Ana fəryadı “ kimi dram əsərlərinin müəllifi və peşəkar neftçi Zaməddin Ziyadoğlunun 75 yaşı tamam olur. Doğum tarixi aprelin 1- nə düşdüyündən  dostları bu baməzə və zarafatcıl kişiyə “ birdən bizi aldadarsan ha, dəqiq bilirsənmi ki, aprelin 1 – də anadan olmusan?” – deyə sataşırlar da. O da sadəcə bircə cümlə ilə cavab verir; “ doğrusunu cicim ( yəni ki, anam – A.C) bilər, ondan soruşun” Allah dostumuzun anasına rəhmət eləsin, amma biz də müəyyən “mənbə”lərdən dəqiqləşdirmişik, düz 75 il əvvəl şairlər yurdu Qazax elinin Xanlıqlar kəndində doğulub əzizimiz, dostumuz, yoldaşımız və qələmdaşımız Zaməddin Ziyad oğlu Həmişəyev. Bakı Neft Texnikumunu və Moskva Ümumittafaq Həmkarlar Hərəkatı Ali Məktəbini bitirib. Bir müddət Neft Daşlarında işləyib. Sonralar Neft Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub. Daha sonra Əli Əmirov adına Neft və Qazçıxarma idarəsində ağsaqqal neftçi Kərim Kərimovun müavini vəzifəsində çalışıb. Köhnə və sadiq dosti Mətləb Qarayevlə bir kollektivdə işləməsi də ürəyindən olub.



Zaməddin müəllim neftçi əməyinə, bu sahədə çalışan mərd və yenilməz insanların xarakterinə yaxşı bələd olduğundan poeziyasında da bu prinsipləri önə çəkir, yaxşı insanların, xeyirxah adamların tale yollarına işıq salır. Təpədən dırnağa folklar  ruhuna bələnmiş Zaməddin müəllimin poetik düşüncələri sərhəd tanımır. Başıbəlalı Qarabağın harayı ( çox şükürlər olsun ki, Qarabağımız düşmən tapdağından azad olundu), Damcılı bulağın, Qəbələnin, Qəçrəşin, Zaqatala meşələrinin, Lənkəranın əsrarəngiz təbiəti, mədən yolları, dost könülləri, Borçalı nisgili Zaməddin Ziyadoğlu yaradıcılığının əsas mövzularındandır. Onun yaradıcılığı haqqında mətbuatda çox yazılıb. Xalq şairi Mirvari Dilbazi, akademiklər Teymur Bünyadov, Nizami Cəfərov, istedadlı şair Rəfail İncəyurd və digər tanınmış qələm sahibləri Zaməddin müəllimin poetik duyğularını yüksək qiymətləndiriblər. Hacı Zaməddin Ziyadoğlu hələ gənclik illərindən həmyerliləri şair Əbdürəhim ağa Dilbazdan, dövlət adamı Yusif Yusifovdan, əmisi Şirin Həmzəyevdən və digər tanınmış hünər və zəka sahiblərindən, söz – sənət adamlarından bəhrələnmiş, onlardan öyrəndikləri mətləbləri yaradıcılığında təcəssüm etdirmişdir.
 

                                             “ Vidadi, Vaqifdi, Vurğundu yurdum,

                                                Şəninə şeirdən çələnglər hördüm.

                                                Saz üstə söz deyib, aqildən sordum;

                                                Dedi ki, sayrışan nurdu Qazağım.”
 

Ötən əsrin 90 – cı illərində məşhur neftçi Kərim Kərimovun yubiley məclisində Böyük Vətən Müharibəsi veteranı, tanınmış şair və publisist Gəray Fəzlinin yubliyar haqqında seirini Zaməddin müəllim səsləndirmişdi.Nədən ki, ağır döyüşlərdə düşmən gülləsi Gəray müəllimin səs tellərini zədələdiyindən o, öz şeirlərini yüksək tonla oxuya bilmirdi. Həmin gecə də Gəray müəllimin şerini oxumaq  qisməti Zaməddin müəllimin payına düşmüşdü və o anlar yaşadığmız kövrək hissləri indiyədək unuda bilmirəm. Gəray müəllim Zaməddini bağrına basmış və demişdi,    “ Sən yaxşı şair və ustad natiq olacaqsan “. Gəray müəllimin proqnozu həqiqətə çevrildi və bu gün Zaməddin Ziyadoğlu Azərbaycan poeziyasında öz dəst – xətti olan qələm sahibləri sırasındadır. Onun rəhbərlik etdiyi “ Neftçi”  ədəbi məclisi “ Vışka” qəzeti redaksiyasının nəzdində fəaliyyət göstərsə də xoş sorağı respublikamızın hər yerindən gəlir. Zaməddin müəllimi doğma Qəbələmizdə də yaxşı tanıyırlar. Vaxtilə atamla da dostluq edirdi. Hər il mayın 9 –da Qələbə bayramını və atamın ad gününü qeyd etmək üçün bir yerdə Qəbələyə gedərdik. Deyirdi ki, İsmayıl kişiyə baş çəkməsəm, onu Qələbə münasibətilə təbrik etməsəm, rahatlıq tapmaram. Qələbə günü həm də Zaməddin müəllimin dili ilə desək bizim üçün Qəbələ günü hesab olunurdu. İndi də ara – sıra yolumuz Qəbələyə və Qazaxa düşür, köhnə və yeni dostlarımızla görüşürük. Hər dəfə də ondan məşhur “ Həncərisən” şeirini oxumağı xahiş edirik.
 


30 – 35 il əvvəl yazdığı şeirdə Zaməddin müəllim deyirdi;
 

                          “ Aman Allah, keçən günlər hardadı?

                            El – obamın yaylaqları dardadı

                            Yaddaşımın yadında da var dadı

                            Qulançarı, cincilimi, pencəri?

                            Ağrın alem, həncərisən , həncəri?”
 

İllər keçib, el – oba yaylaqları dardan qutarıb, dağlarımızda, yamaclarımızda novruzgülləri, lalələr boy göstərir. Zaməddin müəllimin qəlbindən də şirin – şirin duyğular keçir. Şair yeni mövzular üzərində düşünür, yeni – yeni qəhrəmanlar, obrazlar soraqlayır. Bizə də o qalır ki, 75 yaşlı dostumuza, həyatın hər üzünü görmüş, taleyin bütün sınaqlarına mərdanəliklə sinə gərmiş, ləyaqət, dəyanət və xeyirxahlıq simvolu kimi tanıdığımız Zaməddin Ziyadoğluna cansağlığı, uzun ömür, yeni yaradıcılıq uğurları arzulayaq. Yaz, yarat, qardaş, yeni şeirlərini və dost məclislərində çox həvəslə dinlənilən mənalı və məzəli söhbətlərini, lətifələrini səbirsizliklə gözləyirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir