Modern.az

Sərhədsiz düşüncə, orijinal baxış

Sərhədsiz düşüncə, orijinal baxış

Ədəbi̇yyat

29 Aprel 2022, 10:33

Tanınmış yazıçı-publisist Nizami Rəhmanlının yaradıcılığını xarakterizə edən mühüm məqamlar əsasən bunlardı

Akif Cabbarlı,
Yazıçı – publisist, Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının redaktoru


Bu günlərdə iş yerimə gəlmişdi. Çoxdan görüşməsək də simasında o qədər də dəyişiklik hiss eləmədim. Sadəcə saçı azacıq ağarmış, bir az da arıqlamışdı. Təbii ki, bunlar da yaşla bağlı olmalıydı. Yarım əsr əvvəlki baməzəliyini, şuxluğunu necə var, eləcə də saxlamışdı. Əvvəlki qaydalarla qucaqlaşdıq, “keçmişin kitabını” sətirbəsətir vərəqlədik. Azərbaycan Radiosunda birgə işlədiiymiz dövrdə Lermontov küçəsində bir rus qadının evində kirayədə yaşadığımızı yada saldıq. Mən yatandan sonra işığı yandırıb hansısa qəzetə məqalə yazmağını, sonra çaydanı qaynadıb tünd çay içdiyini, hər dəfə də mənim guya ki, qətiyyən narahat  olmadığımı boynuma qoyduğunu xatırladanda iri, mənalı gözləri qıyıldı və ürəkdən güldü.
 

- Sən yaxşı bilirdin ki, gündəlik işlər ədəbi yaradıcılığıma mane olurdu. Ona görə gecələr yazırdım, həm də beş-on manat qonorara ehtiyacım vardı axı…
 

Doğrudur, qonorara hamımızın ehtiyacı vardı, amma Nizami Rəhmanlını gecələr yazı-pozu ilə məşğul olmağa həvəsləndirən başqa səbəblər idi. Böyüdüyü mühit, ailədə qazandığı dəyərlər çeşidli mövzulara çevrilib, qəzet-jurnal səhifələrində boy göstərirdi. Atası Sədri müəllim biologiya-coğrafiya müəllimi idi, anası Məzəxanım müəllimə isə riyaziyyatdan dərs deyirdi. O, həm də Şabran rayonunun Orta Əmirxanlı kənd 8 illik məktəbinə 27 il direktorluq etmişdi. Evləringdə kitabların sayı-hesabı yox idi. Nizami də hələ məktəbli ikən bu kitabların sayını artırmaq, böyük kitabxanaya çevirmək eşqi ilə yaşayırdı. Bu arzu ilə də BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olmuşdu. Universiteti bitirdikdən sonra isə taleyini jurnalist sənəti ilə bağladı. Həmkarlar İttifaqı sistemində üç ilə yaxın işlədikdən sonra fəaliyyətini Azərbaycan Radiosunda davam etdirməyə başladı. Onun efirə hazırladığı verilişləri yaşlı nəslin nümayəndələri bu gün də yaxşı xatırlayırlar. Redaktoru və müəllifi olduğu proqramlar elmiliyi, dolğunluğu ilə seçilirdi. O, bədii sözün  qüdrətindən bacarıqla istifadə edirdi.
 

Sonralar «Həyat», «Azərbaycan», «Respublika» və «Panorama» qəzetlərində çalışdı. «Panorama»nın Rusiya üzrə müxbiri işlədiyi dövrü yaradıcılığının ən qaynar və sevincli illəri kimi xatırlayır.
 

- Bu qəzetin yaradıcılıq potensialımın üzə çıxmasında müstəsna rolu olub. Rusiyada, Ukraynada  və Belorusdakı diasporamızın fəaliyyti ilə bağlı yüzdən çox məqaləm, müsahibə və oçerkim respublika mətbuatında işıq üzü görüb. Rusiya Federasiyası Hüquqşünaslar İttifaqının Birinci vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavini, Rusiya Prezidenti yanında İdarəetmə Akademiyasının kafedra müdiri, professor Ələsgər  Tağıyevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti ilə bağlı yazdığım «Bu dünya bir pəncərədir» kitabım isə mənim üçün daha əziz, daha qiymətlidir. İndiyədək çap olunmuş on səkkiz  kitabımın sırasında nüfuzlu həmyerlimiz barədə yazdığım bu əsəri qəlbimə daha  yaxın hesab edirəm.
 


Azərbaycan Yazıçılar Birliyinin üzvü Nizami Rəhmanlı diaspor fəaliyyəti barədə yazan müəlliflər arasında xüsusilə seçilir. Adları çəkilən ölkələrdə yaşayan elm və mədəniyyət xadimləri, böyük şəxsiyyətlər, biznes adamları, müxtəlif peşə sahibləri barədə irili-xırdalı yazıları ədəbi tənqid və oxucular tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanıb. Bu, onun sadəcə peşə marağı və hobbisi deyil, vətənimizə, soydaşlarımıza olan məhəbbətindən və qədirbilənliyindən qaynaqlanır. Bu gün onun Azərbaycandan uzaqlarda çoxlu dostları və təəssübkeşləri var. Yaxın-uzaq ölkələrdə Nizamini  yaxşı tanıyır və yaradıcılığını diqqətlə izləyirlər.
 

- Mən buradakı dostlarımı  çox istəyir, xətirlərini həmişə əziz tuturam. Biri elə sənin də yaxşı tanıdığın, dostluq etdiyin Ələsgər Bədəlov uzun illər polis orqanlarında rəhbər vəzifələrdə işləyib. İndii istefada olan polkovnikdir. Sadəliyini,  şəxsiyyətini qoruyan, bütövlüyü ilə nümunə olan kişilərdəndir. Şakir Yaqubovla sənin də yerin qəlb evimdə daimidir.
 

Nizami Rəhmanlı ilə görüşümüz xeyli uzandı və biz yaxın-uzaq illərə maraqlı ekskurs da elədik. Şabranda və mənim doğma yurdum Qəbələdə keçirdiyimiz unudulmaz günləri yada saldıq. O, atam İsmayıl  kişi və əmim Ələsgər müəllimlə də dostluq edirdi. Valideynləri, həmyertliləri məni də öz yaxınları kimi qəbul edir, doğmaları təki yola salırdılar.
 

Nizami istedadlı qələm sahibi, vəfalı dost olmaqla bərabər həm də nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Hörmət xanmıla ulduzları hələ Radioda ikən barışıb. Üç övladı var – oğlanları Orxan hüquqşünas, Tural nəqliyyatçıdır. Qızı Turan isə həkimdir. Beş nəvəsindən biri ilə – Hüseynlə ayrılmaz dostdurlar.


- Bunlar öz yerində. Həyatda ən yaxın dostum  və sirdaşım isə Hörmət  xanımdır. Cavanlıqda da, indi yaşlaşan vaxtlarımda da hər cür şıltaqlığıma dözüb, nazımı çəkib. Allah üzünü ağ eləsin, çətin günlərimin də, xoş günlərimin də həmdəmi olub. İndi yetmiş yaşım tamam olur, amma xanımımın hesabına özümü uzağı əlli yaşındakı kimi hiss edirəm.


Nizami bəlkə də özü bilmədən yetmiş yaşa çatdığını dilə gətirir.


- Mayın 5-də yeddinci onluğu qatlayıram. Səndən bircə yaş cavanam,  artıq üzü səksənə gedirik. Amma sən də yaxşı qalmısan ha… görünür üzünə evdə yaxşı baxırlar – dedi.


Bu fikri ilə də razılaşmamaq mmükün deyildi. Xeyli söhbətdən sonra nəvəsinin dalınca məktəbə gedəcəyini deyib xudahafizləşdi. Elə mən də günrdəlik baba borcunu vermək üçün tələsdiyimdən ayrılmalı olduq. Təbii ki, yenidən, xoş günlərdə görüşmək üçün…


…Qaldı ki, Nizami Rəhmanlının  70 yaşına, qoy bu qısa qeydlərim onun üçün yubiley hədiyyəsi olsun.


Yüz yaşa, amma sağlam yaşa!


Ən əsası və başlıcası ruhun təzə, həyat eşqin tükənməz  olsun!


P.S. “Arayış – verilir Əliyev Nizami Sədri oğluna, ondan ötrü ki, o, yəni ki, Nizami Rəhmanlı həqiqətən də ölkə mediasının və publisistikamızın say-seçmə nümayəndələrindən biridir”.

Bu virtual və simvolik arayış-zəmanəti isə uzun illərdən bəri özünə yaxın bildiyi tanınmış jurnalist Şakir Yaqubovla bu sətirlərin müəllifinin imzalaması Nizami müəllimin  etiraf elədiyi kimi kifayət qədər yetərincədir və keçərlirdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi