Modern.az

Təbii dünya nizamı - Metamodernizm

Təbii dünya nizamı - Metamodernizm

Ədəbi̇yyat

4 May 2022, 20:24

Məleykə Alı qızı,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent


Bu məqalədə, təxminən üç-dörd min il bundan əvvəl formal mədəniyyətlərdə yer alan inanc sistemlərini, 400 il əvvəlki modernizmi və yaxud 70 il əvvəlki postmodernizmi deyil, məhz günümüzdə varlığına şahidlik etdiyimiz metamodernizmlə (“ekskluziv postmodern şeytanın övladı”) bağlı düşüncələrimizi ələ alacağıq. Keçmişin bədii əsaslarını yeniləməklə ənənəvi mövzulara yeni baxış sərgiləyən metamodernizm (“meta” prefiksi “sonra”), “indinin sərhədlərini gələcəyin hüdudlarına” dəyişməklə, insanı baş verən ani dəyişiklikləri izləməyə, reallıqları fərqli tərzdə əks etdirməklə əbədi dəyərləri yenidən düşünməyə sövq edir; “dövr dalğalanmalarında sabitdir, dalğalanmalar isə sabitliyə can atmaqdır”. Bu yaradıcılıq prosesi şəraitdə dəyişimlərə yol açmaq, proses naminə natamam sistemin ona bağlılıq ehtiyacını öncədən təyin etmək və təbii məhdudiyyətləri nəzərə alaraq irəli getmək, burada məqsəd deyil, əski dövrlərin mədəni irsi ilə oynamaq cəhdidir. Metamodernizmdə uğursuzluqların qaçınılmazlığı gözə alındığından, heç vaxt üzə çıxmayacaq həqiqət sonsuza qədər axtarışdadır; “əli kökə çatmayan eşşək kökü qovalayır”.


“Bədii ədəbiyyatın tənəzzülü” kontekstində bir termin olaraq təklif edilən (R. Akker və T. Vermeul), “zaman” və “mədəniyyət” paradiqmaları mənasında işlədilən, dəyişən vəziyyətlər fonunda hadisələrə yeni rakusdan boylanmağı qərarlaşdıran, daha geniş yayılmış simulyasiya daxilində “mini-oyun” olaraq dəyərləndiriən bu yeni cərəyan, öz ilkin vəzifəsini keçmişin, indinin, hətta gələcəyin üfüqlərindən kənara çıxmaqla dünyanı gözəlləşdirməkdə və yaxud əksinə, onun naqisliyini vurğulamaqda, yoxluğunun da qaçınılmaz olduğunu diqqətə çəkməkdə görür. Mənalılıq aurasında təsvir olunan metaforalarla “ölçüyəgəlməz dərəcədə qəribə bir şey”ı daha incə və dolğun əks etdirməklə ziddiyyətli dəyişiklikləri hədəfləyən bu hərəkatın “qurucuları”, “dünyanı antinomiyalar yolu ilə vahid bir şəkildə düşünmək” cəhdindədir: “Artıq illüziyalarımız yoxdur, amma məhv olmaqdan bezmişik”. Metamodernizmin “din”i libasda görünməsi, “mədəni həssaslıq”, yaxud “düşüncə tərzi və mədəni kod” olaraq dəyərləndirilməsi ideoloji əsaslara söykənməyən praqmatik romantizmə yol açır və bu zaman çətin üfüqlər axtarışında dəyişən vəziyyətin mahiyyəti açıqlanır: “Biz irəli getməliyik və tərəddüd etməliyik!”


Son qlobal hadisələrə (qeyri-sabit sistem, iqlim dəyişikliyi, maliyyə böhranı, rəqəmsal inqilab, neft böhranları, işğalçılıq siyasəti, populist ekstremizm və s.) mədəni reaksiya olaraq meydana gələn, “postmodernizmin çətiri” altında “intellektual məkan”a “yeni səmimiyyət”lə (“anti-ironiya”) təklif edilən “zamanı ifadə edən yeni dil”, ilk növbədə zövqlər, maraqlar və ümumi məqamlar arasında gəzişən “münasibət”lərdə özünü göstərir. Cəmiyyətin əmtəə-ideologiyasının mahiyyətini açıqlamaqla dünyanı ideoloji asılılıqdan xilas etmək, zövqlərin müzakirəsindən yan keçərək “onsuz da gələcək bir gələcək”lə bağlı yeni etiketə olan ehtiyacı ödəməyə çalışmaq, müasirliyin sərhədlərini dağıdaraq özünü onda yerləşdirmək cəhdi ilə bağlıdır; “özünü dəyişdirmək və olmaq paradiqması”.

Bu “qeyri-maddi efir”in “rəqs edən, gülən, boş-boş danışan, amma bir anlıq donub qalan, narahatlıq keçirən müqəddəs bir axmaqlıq” olaraq dəyərləndirilməsi, onun çeşitli ideologiyaya əsaslanması ilə bağlıdır. Müasirlikdən yan keçərək multikulturalizm şəraitində yaşamağa üstünlük verməsi, müstəsnalığa, marjinal təhsilə, şəxsi azadlıq hüququna əsaslanmaqla siyasi və fəlsəfi baxışlara fürsət tanıması “mədəni mənimsəmənin yeni səviyyəsini təyin edir”. Rəqəmsallaşan dünyada öz həyat fəaliyyətinin həmmüəllifi sayılan “yeni tərz insanı” ilə (“xəyalpərəst viziyonçu”), “epoxaya iddialı pafosla gündəmə gələn” metamodernizm arasında elə də ciddi bir fərq görünmür: İkisi də “yenidən düşünməyə deyil, dünyanı yenidən və bütöv şəkildə yaşamağa” meyillidir; “bizi aşındırıcı istehzanın nəticələrindən sağalt və postmodernliyin buraxdığı boşluq ağrısından xilas et!”


İstehza ilə səmimiyyət arasında yerləşən xüsusi estetik “həssaslıq” (“bədii quraşdırma”) olaraq dəyərləndirilən metamodernizm, arxadan nələrin gəldiyinə, eyni zamanda onun kənarına da baxmaq gərəkliyinə diqqət çəkərkən istehzanı səmimiyyətdən ayırmır, əksinə onların birləşməsi arasında mümkün məcburi seçim mövqeyini ortaya qoyur. Daimi hərəkətdə olan və davamlı olaraq iki ifrat arasında yellənən və tarazlığa meyl edən insanı, heç vaxt onu əldə edə bilməyən sarkaça bənzətməsi buradan qaynaqlanır. Hazır ideya və ya konsepsiyadan deyil, “salınan hərəkət”dən faydalanan insan, kinli ironiyanın gətirdiyi boşluqların ağrısından parçalanan ürəyin çarəsini sevgidə (ilahi ilə fani arasında metaksis) arayır. Fərqli mövqe və maraqlara xidmət edən iki müxtəlif insanın bir araya gələrək bütünləşməsində ortaq psixoloji məkanın (keçid zonası) tapılması, metamodernizmdə şərt saylır. Özünə tənqidi yanaşmaq, yaradıcılıq duyğularını ifadə etməkdən çəkinməmək “səsləndirilməmiş dəyərlər sistemi”ndə əsas meyar olaraq qəbul edilir. Sosial təmasdan yan keçən “Yeni Dünya”nın insanı, özünü fərqli şəkildə dərk etməyə, özünə dəyər verməyə, öz fərdi yaradıcılıq potensialından bəhrələnməklə ənənəvi münasibətlərdən vaz keçməyə - dünya ilə təmasa girməyə can atır; dünya ilə əlaqə qurana qədər “şəxsiyyət öz introspeksiyasında istər-istəməz təkdir, sözlərin tənhalığı onu təqib edir”.


Haqqında söz açdığımız bu “kristallaşan dünyagörüş”, gözəlliyi “xırda şeylərdə” arayır, mürəkkəblikdə gizlənən sadəliyi izləyərkən aradakı “zaman” və “inkişaf” anlayışlarını “təcrübədən ölümə aparan bir çay” olaraq görüntüləyir; “vaxt, bizim övladlarımıza ötürəcəyimiz bir hədiyyədir, onlar da, öz növbəsində onu öz uşaqlarına ötürəcək”. Reallığa paradoksal yanaşma tərzi ilə seçilən bu yeni ”ideologiya”, bədii və estetik cazibədarlığa nail olmaq üçün ziddiyyətlərin birləşdirilmədən kənarlaşdırılmasını tətikləyir. Hər şeyin inkarına çalışır, dünyanı yenidən düşünmək, onu yenidən, bütöv şəkildə qurmaq və fərqli tərzdə yaşamaq gərəkliyini vurğulayarkən insan istəklərini gerçəkliyə qarşı qoyur; “təqlidin təbii və hətta gözəl olduğunu unudun, arzularınızı reallıqla müqayisə edin”.

Monoqam həyat tərzinə, azad sevgiyə, əldə edilən təcrübəyə əsaslandığından ənənəyə, sosial normalara, praktika ilə əldə edlən qaydalara qarşı olan bu qlobal mədəni proses, həyatdakı hər şeyi mövzu sayır. Məzmunun şəklinə önəm verdiyindən məsafələri aşan, maskalar arxasında gizlədilən gerçəkliyi araşdırmaqda fayda görür. Qarşıya qoyulan məqsədə çatmaq üçün ən ciddi sənət əsərlərinə  səmimiyyətlə və eyni zamanda ironiya ilə yanaşmağı tövsiyə edir. “Yeni qanun”a uyğun olaraq yeni mallara və xidmətlərə olan tələbatın ödənilməsinə, virtual aləmin paylaşımlarına münasibətdə səmimiyyətin ortaya qoyulmasına, onlayn satışla bağlı reklam işinin təşkilinə, qanuni dizayn və s. məsələlərə ayrıcalıq tanıyır. Keçid dövrü rolunu oynadığından heç bir şey vəd etmir. Lağlağılıqdan, tənqiddən, sitat gətirmələrdən imtina edir. Postmodern mədəniyyətin kinayəsindən qurtulmağa (xüsusilə fotoqrafiya sahəsində) can atarkən “nəyi aydınlaşdırmaq istərdim?” sorusuna cavab axtaran “dəyşikliklərin agentləri”, əvvəlki sənət növlərindən faydalanaraq kökə qayıtmağı, sadə hisslərlə hekayələrə dönüş etməyi son dərəcə gərəkli hesab etməklə yanaşı, mədəniyyətlərarası dialoqlara da üstünlük verir, yerli və məzmunlu əsərlərə ümumibəşəri mənalar yükləməklə orjinallığa və səmimiyyətə yol açırlar.  


Metamodernizmin ilkin təbiəti “yenidən tərtib olunan xəritələr” və yaxud “suda tikilən və ya təmir edilən qayıqla (“münasibətlər”) bağlı olsa da, sonradan yaradıcıları tərəfindən dəyişdirilərək “davamlı dalğalanma”, “məsumluğun itirilməsi” kultu ilə eyniləşdirilir. Bu, sənətdə hər yeni şeyin tez-tez yenidən düşünülməsi və həm də köhnəyə uyğunlaşdırılması, məzmun istehsalında xəbərlərin və “jurnalist” mətnlərinin avtomatik olaraq robotlaşması (robotlaşma zamanın deyil, məkanın dəyişdirilməsi olaraq qəbul edilir) ilə bağlıdır; “qlobal mənada bu, SSRİ-nin dağılması, Çinin bazara açılmasıdır”.

Müəlliflə alıcı münasibətlərində köklü dəyişikliklər, kontekstdə fəallaşan, alıcı ilə dialoqa girən müəllifin rolunun və mövqeyinin xüsusi əhəmiyyət kəsb etməsi, istehlakçısı tərəfindən qavranılan obyektə təsir imkanlarının genişləndirilməsi metamodern incəsənətin əsas xüsusiyyətlərindədir. Qəsdən özünü aldatma və əks mövqeli istehza ilə həvəs arasında “geri dönməz sürüşmələr”in ilkin təzahürləri, ilk növbədə V.Anderson, M. Julia və S.Jonesin filmlərində, A.Fire, B.Calahan və “Gələcək İslandlar” qruplarının musiqi əsərlərində, D.F.Vallace, Z.Smith və R.Bolanonun televiziya yayımlarında, J.D.Vaqner, S.Collins və M.Broderin mistk multimediya layihələrində, O.Eliasson, P.Doig və Guidovanın vizual sənətlərində özünü biruzə verir. Şəbəkəli mədəniyyətlər (ekstremist siyasi qrupların qiyamları, İşğal hərəkatı və ya “Çay partisi” hərəkatları, obyektiv yönümlü ontoloji fəlsəfələr) fonunda intişar etməsi, bu hərəkatın müəyyən metodlara yiyələnməsi və dəyərlər sistemində yer alması ilə bağlıdır.


Böhrandan çıxış yolları müstəqil kinoda, bədii obrazlarda, yeni estetikada, yəni açıq modernist jestlərdə, uşaq sadəlövhlüyündə, səmimiyyət və aşiq olmalarda, bəzi neqativ məqamlarda, təbiət və sənaye estetikasının vəhdətindən doğan romantikada axtarılır; “infantil nəsil infantil kinonu istehlak etməlidir”.


Sənətin birdən-birə “cavanlaşması” və “stereotipik” uşaqlığın ab-havası “qəribə tərzdə” işləyən rejissorların “qeyri-adi” filmlərində ifadə olunur. Başqasının və yaxud “digərinə”nin (insan olmaya da bilər) qeyri-müəyyən münasibətlərinə ironik yanaşmalar, yeni texnologiyalar olmadan da olmağın meta-reallığını hiss etdirməyə zəmin yaradır. “Pişiklər şəhəri” filmində (C.Torun) pişiklərin davranışları insani baxımdan izah olunur. “İtlər adası”nda (U.Andeson), sanki təsadüfən hamı bir-biriylə ana dilində ünsiyyətə girir; film boyu itlər tamaşaçı ilə eyni dildə danışır.


Metamodernizmdə yeni formalar axtarışı özünü vizual fərqlərlə müşahidə olunan müasir memarlıqda daha aydın göstərir. Vahid bədii strategiyanı müəyyən etmək çətinliyi “şəhər mühitinə uyğunlaşdırılan funksional aksesuar”ın (dəbin) təqlidinə olan ehtiyacı qaçınılmaz etsə də, müasirliyin ziddiyyətli əhval-ruhiyyəsi (“mədəni həssaslıq metaforası”) təqlidə yol vermədən istəniləni etməyə, çox qatlı fantaziyalardan faydalanmağa əsas verir; “memarlıqda məna məkanı yaradır”.


Modanı, çağdaşlığı özündə əks etdirən funksionar aksesuar olaraq qəbul edən bu yeni dövr, moda təqlidçiliyinə istehza ilə yanaşmır. Detalları incəliyinə qədər yenidən araşdırmağa, bayağılığı aşaraq gözəlliyi dəyərləndirməyə səsləniş edir. Dekonstruksiyanı keçilmiş mərhələ sayır, qurmaya önəm verir: “Fotoqrafiyanın ümumiləşdirici jesti izləyicini çox cüzi bir seçimlə dayandırır: ya götürün, ya da tərk edin”.     


İkiqatlı olduğundan heç bir məna kəsb etməyən çağdaş sənət, fikirlərin müəkkəməl şəkildə açıq söylənilməsinə (“uçuş xəttinin qurulması”), gülüş vektorunda şəkillərin və mühitin tamamilə dəyişdirilməsinə olan ehtiyacı ortaya qoyarkən, bir-biri olmadan mövcud ola bilməyən postmodern mətnlərdən fərqli olaraq, xüsusi üslub strukturuna malik olan leytmotivin mətnini (tənhalıq, xarici yaxınlıq, daxili uzaqlıq, insanlar arasında anlaşılmazlıq) “dil adalarına” bölür: Özünü dərk et, işinə aşiq olan parlaq qadınları cəlb et, həqiqilik və qayğıkeşlik etikasına sahiblən, ətraf mühitə qayğı bəslə, poeziyada mövzuya maraq göstər, kökünə, adət-ənənələrinə sayğı duy; “dünyada şəxsiyyət olmanın mahiyyətini anla”.


Bədii üslub fərqinə, sənət əsərləri yaratmaq baxımından özünəməxsus texnikaya malik olan metamodern sənət, ona zidd olan bir şeyə inanmaq üçün qəsdən özünü aldatmaq imkanlarına sahibdir. Rəssamlıqda rasional konseptual sənətin affektiv sentimental abstraksiyalarla əvəzlənməsi, uydurma süjet (“Şərqin Əhdi” - D.Thorp), həqiqətlə fantastikanın bir arada mövcudluğu (“Səhər tezdən, gecə saatları”- K.Donaçi), naməlum səbəbin səssizliyi, romantik abstraksiyadan gen-bol istfadə, qeyri--müəyyən süjet xətləri (“Səssiz qalmaq qərarına gəldim” - G.Rubsamen və  “Adsız” - G.Grewdson) metamodern üslubdan xəbər verir.  Təbiətə müraciət, təmiz məkan (M.Revu) və ona həssas münasibət; rənglərdə incəlik, təzadlılıq, canlı xətt və qarışıq çizgilər; müxtəlif materialdan hazırlanan orjinal formalar – naxışlar, döymələr, taxta heykəllər; kontrastlar - gözlənilməz həllər; təbii materiallardan hazırlanan rəngarəng maskalar, ən yaxşıların keçmişdə yaradılması fikrinə qarşı həssaslıq, tarixi irsin dağıntıları üzərində gəzişmələr, empatiya və “köhnə cəhdləri”n  yenidən dəyərləndirilməsi, vizual metafora (keramika, qab-qacaq, çini və şüşə qırıqlarından ibarət “qırılmış” mozaika texnikası) və s. kimi cəhdlər, yeni sosial-mədəni paradiqmanın dominantlıq xüsusiyyətlərini təyin edir.


Dünyaya, səmimiyyətə, sadəlövhlüyə və postironiyaya köklü olan metamodernist təsviri sənəti, daimi romantik oyun vəziyyətindədir. Burada alıcı, rahatlıq zonasını tərk edərək, narahat və qeyri-adi bir mühitə yuvarlanaraq heyrətamiz reallıqla üz-üzə qoyulur. Bilik və idrak arasındakı bu uyğunsuzluqların (J.Turrell) fonunda fotoşəkillərin və əski açıqçaların köməyi ilə kağıza köçürülən fantaziyalar (P.Doiq), görünən və həm də bir anda yox olan incə kağız heykəllər (H.Y.Shi), gündüzlə gecə, yuxu ilə reallıq arasında sürüşən zaman və məkan, onların xarakteri və təsviri (romun təsiri – K.Donaçi), tamamilə yeni bir şey yaratmaq cəhdinə hesablanır.   


“İtirilmiş nəsil”lərdən (“bit”çilər) fərqli olaraq, ən yaxşıların keçmişdə yaradıldığı qənaətində olan metamodernizm, “köhnə cəhdləri” yenidən dəyərləndirməkdə fayda görür. Öz sələfi kimi tarixi irsin xarabalıqları üzərində gəzişsə də, postmodernizmdən fərqli olaraq dağıdıcılığa və zərərli istehzaya önəm vermir, əksinə empatiyaya və “köhnə vəsiyyətnamələr”ə həssaslıqla yanaşır. İnsan dualizmini və qeyri-müəyyənliyini təcəssüm etdirərkən ortada tutulmaz həqiqət olaraq diqqət çəkir. Mədəniyyətə yeni baxış tərzi sərgiləyərkən insanları ümumi humanitar bilik axınına qaytarmağa çalışır; ”insan, onun mahiyyətini izah edən sosiallaşmaya önəm verməlidir”.


Metamodernist sənət, yeni bədii ifadə vasitələri axtarışı mərhələsində reallığın semiotik və formal-stilistik təhlilini vermək, kompozisiya və kolorit xüsusiyyətləri vasitəsilə yeni xronotipoloji mərhələni vurğulamaq məqsədiylə fərdi və ya kollektiv emossional vəziyyətləri və təcrübələri özünün “hiss strukturu”nda əks etdirir. Sünilikdən, səthilikdən və dərinliksizlikdən qurtulmağa, itirilmiş sənəti mənalar, dərinlik və reallıq təcrübəsi ilə doldurmağa çalışır; “sənətin mahiyyətində sevincsiz uyğunsuzluq dayanır”: İrəliləmə, yellənmə və istehza ilə səmimiyyət arasında davamlı dalğalanma (“təbii bir dünya nizamı”), bir-birinə zidd fikirlər və mövqelər arasında (iki “ata”) “çaxnaşma”, konkret şərtlər daxilində obyektlə mövzu arasında yaranan açıq vəziyyət - “daldırma”, aura ilə atmosferin fizikliyi (Bohema) - alışılmamış yaşam tərzinin praktikası və ən nəhayət, izləyicinin emossionallığı və öz təxəyyülü ilə bağlılığı; “burada xətti keçməyə, normanı təhrif etməyə güclü meyl var”.  


“Sistemlərlə dinlərin arxasında duran sabit bir şey”, “insanın öz başına tapmalı olduğu bir yol”, “vahid mühit” olaraq görülən, bununla da modern idealların dirçəlməsinə töhfə verən bu yeni “estetik rejim”, modernist estetika ilə yaxından maraqlanmaqla kifayətlənmir, eyni zamanda iqtisadi və siyasi sahələrə də nəzər yetirir. İnsan haqlarını müdafiə edir, irqi ayrı-seçkiliyə, qadın zorakılığına qarşı çıxır. “Vətənpərvəlik duyğusu”nu illüziya hesab etsə də, şəxsiyyət itkisinə yol verməmək üçün ən böyük birlik illuziyasına olan ehtiyacı ödəməyə çalışır. Kütləvi informasiya vasitələrinin və internet texnologiyalarının gücündən faydalanmaqla fərdlərlə institutların qarşılıqlı əlaqəsinə nail olmağa səy göstərir. Gələcək rifahın qarantı hesab etdiyi “müasir cəmiyyət”in ardından gələn və kənarına gedən bir cəmiyyəti (“dinləyən və eşidilən cəmiyyət”) inşa etmək, onu yan təsirlərlərdən, yeni təzyiq mexanizmlərindən qorumaq üçün fərqli düşünmək, fərqli sevmək və hətta daha fərqli ictimailəşmək gərəkliyini ortaya qoyur; “insan, ruhun həyatını yaşamaqda israrlı olmalıdır!”.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir