Modern.az

Dilçilik tariximizin əvəzedilməz şəxsiyyəti - Qəzənfər Kazımov...

Dilçilik tariximizin əvəzedilməz şəxsiyyəti - Qəzənfər Kazımov...

Ədəbi̇yyat

6 May 2022, 10:00

(Analitik təfəkkür, kreativ zəka sahibi, ziyalı şəxsiyyəti barədə ədəbi düşüncələr...)
 

Qəzənfər Kazımov adı, soyadı heç bir titulsuz, elmi dərəcələri sadalamadan da geniş oxucu kütləsinə yaxından tanışdır. Bu adı-soyadı çəkən kimi hamının gözü önünə müasir Azərbaycan humanitar elmimizin ən populyar, məşhur simalarından biri gəlir. Necə ki, Əzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Musa Adilov, Ağamusa Axundov, Tofiq Hacıyev, Kamil Vəli, Kamal Abdulla, Nizami Cəfərov imza-soyadları çox mətləblərdən xəbər verir, eynilə də Qəzənfər Kazımov imzası-soyadı da bu playedada ən şərəfli yerini tutub və dilçilik tariximizdə öz sözü, müstəqil, bənzərsiz elmi yolu olan  əvəzedilməz şəxsiyyətdir!

  
Belə bir mərtəbəyə yüksəlmək üçün böyük, fenomenal istedad sahibi olmaq, ağır yaradıcılıq zəhmətinə qatlaşmaq, uzun və şərəfli həyat yolu keçmək lazım idi! Xoşbəxtlikdən hər iki cəhət vəhdət halında onun şəxsiyyətində əvvəldən cəmləşibdir!

Filologiya elmlər doktoru, professor, Əməkdar elm xadimi, uzun illər N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində çox mühüm vəzifələrdə səmərəli fəaliyyət göstərmiş, AMEA-nın Nəsimi adına Dilçilik İnstutunda dialektologiya şöbəsinin müdri olmuş, hazırda İnstitutun elmi qurumlarının üzvü, kərpic-kərpic on cildliyə sığmayan monoqrafiyalardan, dərsliklərdən, elmi-nəzəri, ədəbi-tənqidi, bədii-publisist məqalələrdən ibarət yaradıcılıq məhsulu onu elə bir yüksək mərtəbəyə qaldırıb, elə bir miqyasda tanıdıb ki, Qəzənfər müəllimi Avropanın ən sayılan-seçilən samballı elmi qurumlarına fəxarətlə fəxri üzv seçiblər...

  
 Azərbaycan, türk dilçilik dünyasının fəxri olan professor Qəzənfər Şirin oğlu Kazımov Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. O, həmçinin Böyük Britaniya Kembirc Beynəlmiləl Dühalar mərkəzinin üzvü və həmin mərkəz tərəfindən 1998-1999-cu illərin “Beynəlmiləl Adamı” elan edilmiş, gümüş “Şərəf medalı”na layiq görülmüşdür. Bu, professor Qəzənfər Kazımovun həyatında institutu “Fərqlənmə diplomu” ilə bitirdiyi zaman keçirdiyi fərəh hissinə tən gələn, amma Azərbaycan elminə fərəh gətirən hadisələrdəndir! Yanılmıramsa,  Sovet dövründə Asiya Kral Cəmiyyətinə bizdən yeganə olaraq böyük şəxsiyyət Xudu Məmmədov layiq görülmüşdü!..

  
Respublikamızda isə Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin, neçə-neçə elmi qurumların, təşkilatların üzvüdür... Q.Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

  
Sənət və qələm dostlarının onu “Dilçiliyimizin generalı”, “Dilçiliyin ensiklopediyası”, “Filoloji fikrimizin korifeyi”, “Heç kəsə bənzəmiyən, özü olan alim”  adlandırmaları da təsadüfi deyil... Bu gün respublikamızda bir neçə sayılıb-seçilən, güclü dilçi varsa, onlardan biri yox, birincisi Qəzənfər Kazımovdur… Klassik zəka, analitik təfəkkür, yüksək ziyalı şəxsiyyəti… Bunlar məcaz, təşbih olsa da, yalnız Qəzənfər Kazımov ünvanında həqiqət olur...  Qəzənfər Kazımov zamanın fövqündə özünə əbədi ömür qazanan böyük alimlər sırasında öz ləyaqətli yeri olan azman kişilərdəndir...

   
30-ildən artıqdır ki, rus məktəblərinin 2-3-cü, Azərbaycan məktəblərinin 8-9-cu sinifləri üçün «Azərbaycan dili» dərsliklərinin müəllifidir.

Ali məktəblər üçün «Müasir Azərbaycan dili. Morfologiya», «Müasir Azərbaycan dili. Sintaksis» dərslikləri hazırda universitetlərimizdə tədris olunan əsas dərsliklərdir. Bu o deməkdir ki, Azərbaycanın hər bucağında bu böyük alimi, bu böyük müəllimi tanımayan yoxdur...

  
Azərbaycan ziyalılığını böyük ləyaqətlə və yüksək elmi səviyyədə təmsil edən Prof.Qəzənfər Kazımov keçdiyi yol və onun çoxcəhətli fəaliyyəti həyat, insanlıq və yaratmaq eşqi dərsidir. Qəzənfər müəllimin 60 ildən çox dövrdə yazdıqları ilə düşündükləri və yaşadıqları arasında təbii bir tarazlıq vardır. Qəzənfər Kazımov yaşadığı kimi yazır, yazdıqları tərzdə yaşayır. Çağdaş Azərbaycan ziyalılığında bütövlük, halallıq və səmimiyyət nümunəsini, özü də, yalnız ona məxsus nümunəsini göstərən Qəzənfər Kazımov cəmiyyətə elmi təfəkkürlə mənəvi zənginliyi vəhdətdə təqdim edir.

 
Azərbaycan ictimaiyyətinin Qəzənfər Kazımovla tanışlığı onun hələ 62 il əvvəl, 1960-cıildən bu günümüzə qədər Azərbaycan dilciliyinin ən yeni problemləri haqqında yeniləşən təfəkkür işığında yazdığı elmi əsərlərlə başlayıb. Qəzənfər Kazımovun tədqiqatlarında Azərbaycan dilçiliyinin yeni mərhələsinə mənsub elmi-nəzəri  düşüncəsinin nəbzi döyünür. O, keçmiş ideoloji mühitin çətin dövrlərində elmi düşüncənin bədii təfəkkürə və gerçək həyata doğru inkişafına məsuliyyətlə xidmət edib. Qəzənfər Kazımov bədii dil məsələlərinə həsr edilmiş əsərləri ilə filoloji elmin altmışıncı illərdə meydana çıxan yeni təmayülünün formalaşmasına təkan verib.

  
Bu cəhətdən akademik Ağamusa Axundovun fikirləri olduqca səciyyəvidir: “Mənə qalsa, Qəzənfər müəllimi  dilçidən çox, sözün geniş mənaında filoloq hesab etmək olar və bu cəhətdən o bizim dilçilik klassiklərimiz Bəkir Çobanzadə, Əzəl Dəmirçizadə kimi alimlərlə müqayisə edilə bilər.

Nədir onun orjinallığı?

Qəzənfər müəllim dilin bizə məlum olan adi məsələləri ilə bərabər, estetik məsələlərinə ən çox fikir verən dilçilərimizdəndir. Yəni o, dilin o məsələləri ilə məşğul olubdur ki, indiyəcən bizim dilçiliyimizdə heç kəs onunla məşğul olmayıbdır. Məsələn, Azərbaycan dilində komizm ünsürlərinin yaranması. Bir tərəfdən baxanda, bəlkə də, bunu ədəbiyyat mövzusu hesab etmək olar. Amma bu ədəbiyyat mövzusunu, bu ədəbiyyat nəzəriyyəsinə aid olan bir məsələni Qəzənfər müəllim bir dilçi kimi həll edir və orjinal fikirlər söyləyir, orjinal nəticələrə gəlir. Hər halda, bizdə bu mövzuda, bu şəkildə yazan başqa bir dilçi yoxdur, olmayıb!”.
 

Akademik Bəkir Nəbiyev: “...Qəzənfər müəllimin yradıcılığının bir istiqaməti də bilavasitə poetika məsələləri ilə bağlıdır. Poetika, yəni bu və ya digər ədibin, sənətkarın, şairin öz yaradıcılığında, öz əsərinə istifadə etdiyi ədəbi-bədii sənətkarlığın incəlikləri. Öz aramızdır, bunun özünün təhlili üçün gərək bu barədə tədqiqat aparan müəllifin özünün adını çəkdiyimiz sahədə biliklərə bir incəliklə yiyələnməsi lazım gəlir. Bu cəhətdən də Qəzənfər müəllimi az-az alimlərlə müqayisə etmək olar... Öz daxili aləmi, şəxsi xarakteri, xasiyyəti ilə yaradıcılığının uyuşması baxımından Qəzənfər Kazımov həqiqətən də bizim alimlərimizin, müəllimlərimizin, ədəbiyyatşünaslarımızın içərisində nadir simalardan biridir!”.

Onu taniyan elm adamları Qəzənfər Kazımovun xarakterini əsasən “ciddi, səbirli, işinə vicdanla yanaşan bir alim” (prof. Kamran Məmmədov) kimi səciyyələndirirlər və bu olduqca dürüst müşahidədir...

 
Biz “türk dünyasının böyük dilci alimi” sözlərini başlığa təsadüfi çıxarmamışıq. İndiki mərhələdə bu sözlər, bəlkə də, bir az trafaret səslənir. Çünki indi əksər məqamlarda  bu məsuliyyətli, səlahiyyət yüklü sözləri dəb xatirinə işlədirlər. Oğul ona deyərdim ki, keçən əsrin 60-cı illərində ciddi elmi əsərdə çiynini belə bir  yükün altına verəsən, SSRİ Ali Attestasiyasının şovinist cəbbəxanasına sinə gərərək, ən çətin baryerləri, arakəsmələri aşaraq ümumtürk dili konsepsiyasını müdafiə edəsən!..

  
Qəzənfər Kazımovun 1967-ci ildə müdafiə etdiyi “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili” namizədlik işinə verilən rəsmi opponent rəyindən gətirəcəyimiz bu misal fikrimizə sübutdur: “Qəzənfər Kazımov “Dağılan tifaq”  pyesinin lüğətini vermiş, onun tərkibini elmi şəkildə, dəqiqliklə izah etmişdir. Tədiqatçı pyesdəki bir sıra azəri sözlərini (bu anlayışı da, o vaxtlar elmi müstəvidə işlətmək böyük cəsarət tələb edirdi – Q.B.) altay, başqırd, qazax, qaraqalpaq, qırğız, qumıq, noğay, tuvin, türk, türkmən, özbək, uyğur, xakas, çuvaş, yakut kimi türkdilli xalqların sözləri ilə müqayisə edir, pyesdəki sözlərin böyük bir qisminin müasir türk dillərində işləndiyini göstərir və belə bir doğru elmi nəticəyə gəlir ki, “həmin sözlər türk dillərinə məxsus ilk ana dilin əsas lüğət fondundakı sözlərdən olmuş və zəruri leksik vahidlər kimi müxtəlif türk dillərində indiyə qədər qalmışdır” (Prof. Kamran Məmmədov). Budur, ortaq türk dili ideyası və bu ideyanı hələ keçən əsrin 60-cı illərində bir daha elmi müstəviyə gətirən ciddi alimlər! İndi, “Bu ideyanı ilk dəfə mən irəli sürmüşəm!” –deyib, əyinlərinə “türkçü qəhrəman” cildi geyənlər çoxalıb, amma əlahəzrət fakt faktlığındadır! Hələ, indinin özündə də, gənclərimizin əksəriyyəti bilmirlər ki, altay, qumıq, noğay, tuvin, uyğur, xakas, çuvaş, yakutlar türk qövmünün ayrılmaz qollarıdır!..

  
Qəzənfər müəllim son dərəcə mühüm olan bu elmi istiqamətdə tədqiqatlarını heç vədə səngitməmiş, “dəbdən-dəbə” bu məsələyə qayıtmamış,  “Dilimiz tariximiz” (1998), “Azərbaycan dilinin tarixi” (ən qədim dövrlərdən XIII əsrə qədər)” (2003), “Dil. Tarix. Poeziya” (2005), “Homerin poemalarıı və “Kitabi - Dədə Qorqud” (2006) təkin monumental monoqrafiyalarda ardıcıl olaraq bu vacib problematikanı işıqlı, gələcəkli türkçülük ideyaları zəminində izləmişdir... Onun çox istedadlı tələbəsi yazıçı-publisist Əli Rza Xələfli “onun bu əsəri türk dünyasının ən yüksək ödülünə layiqdir” deyəndə, əlbəttə, yanılmır!

 
Məhz tədqiqatının bu istiqamətinə görə Qəzənfər müəllimin yaradıılığı müasir dünya türkologiyasının aparıcı nəzəriyyələri fonunda öz yeri olan masştablı baxışdır, onun nəzəri səviyyəsini qaldıran hadisədir...

  
Prof. Qəzənfər Kazımov həmişə filoloji elmin ən mühüm, aktual, az toxunulan və yaxud da heç toxunulmyan problemlərinə diqqət kəsilmiş, çoxsahəli elmi istiqamətlərdə az-az tədqiatçıya xas olan fəaliyyət göstərmişdir. Onun yaradıcılığına küll halında nəzər salanda adama elə gəlir ki, humanitar elmin elə bir sahəsi olmaz ki, Qəzənfər müəllim orada qadir olmasın! Mənə elə gəlir ki, Qəzənfər Kazımov yaradıcılığı, tədqiqat üslubu yalnız filoloji-dilçilik qadirliyi ilə yox, eyni dərəcədə bədii-estetik qadirliyi ilə də müəyyənləşir. Və buna görə də o, təkcə bir elmi sahəsində yox, ümumən filoloji-sənət sahəsinin, humanitar elmi sahənin hadisəsinə çevrilir...

 
Onun məşğul olduğu filoloji elmi istiqamətləri təxmini də olsa təsnif edəsi olsaq, belə bir mənzərə ilə qarşılaşarıq:
 

Azərbaycan dilinin tarixi;

müasir Azərbaycan dilinin quruluşu (morfologiya və sintaksis);

bədii əsərlərin dili;

mətn dilçiliyi;

komizm (satira və yumor) nəzəriyyəsi;

folklorşünaslıq;

üslub və üslubiyyat məsələləri;

ədəbiyyatşünaslıq məsələləri;

dialektologiya məsələləri;

metodika, dilin tədrisi;

Azərbaycan dili dərslikləri (orta və ali məktəblər üçün) və s...

Elə bu cür polifonizminə, yaradıcılıq palitrasının rəngarəngliyinə, tədqiqatında elmi istiqamətlərin çoxşaxəliliyinə görə onun qələmə aldığı əsərlər filoloji təfəkkürümüz üçün dəyərlidir, görümlüdür, cazibədardır... Və belə bir yaradıcılıq missiyasını gerçəkləşdirməyi ona orjinal, bənzərsiz istedadı, daim işlək təfəkkürü verir. Həmçinin, elə buna görə də filoloji iddiaçılıq ruhu, narsizmidən uzaq əsil alimə xas ambisiya onda üstündür və həm də xoşagələndir!.. Əslində Qəzənfər Kazımov ədəbi irsə malik alimdır. Qəzənfər müəllimin filoloji yaradıcılığı filoloji ənənələri davam etdirməklə yanaşı, onu inkişaf etdirən, ona yeni mövzular qatan, ən yeni və aktual mövzulara geniş diapozon ayıran, novatorluğu və elmi siqləti ilə fərqlənən bir irsdir... Elmdə irs yaratmaq isə fitrətən fövqıladə şəxsiyyətlərə məxsusdur!!
Əslində, Qəzənfər Kazımov adi, sıradan bir nəfər dilçi deyil, filosof dilçidir, düşünməyə və düşündürməyə təhrik edən, vəsilə yaradan alimdir!.. Onun əsərləri o qədər ağıllı, zərif və təsirlidir ki, sabitləşmiş filoloji qanunlar onun müqabilində haradasa gözə görünmür, ya da ağıla gəlmir. Qəzənfər müəllimin irəli sürdüyü elmi-nəzəri postulatlarda, fikirlərdə istedadlı tədqiqatçı, fəhmikar oxucu üçün zəngin fantaziya, yozum üfüqləri açılır. Bu üfüqdə görsənən sənət abidələrinə və bu abidələri yaradan yaradıcı şəxsiyyətin həyatından bəzi nüyanslara nəzər yetirək.

  
Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci ildə Qarabağın füsünkar bölgəsi olan, Araz boyunda, Xudafərin körpüsü səmtində yerləşən Cəbrayil rayonunun alimlər, ziyalılar kanı olan Soltanlı kəndində müəllim ailəsində anadan olub. Atası Şirin Kazım oğlu 1943-cü ildə faşizmlə müharibədə həlak olub və onun da qismətinə uşaqlıqdan yetimlik kimliyi yazılıb, dizləri təpər tutandan isə ailədə atasının missiyası onun çiyinlərinə düşüb... Orta məktəbi bitirib (1955), fərqlənmə diplomu ilə ali filoloji təhsil alıb (1960), orta məktəbdə müəllim işləyib (1960-1962), sonra əyani aspiranturaya daxil olub (1962), 1967-ci ildə müqtədir dilçi-akademik Əzəl Dəmirçizadənin rəhbərliyi ilə “Ə.Haqverdiyevin dramaturgiya dili” mövzusunda namizədlik, 1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili: 1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)” mövzusunda doktorluq dissertasıyaları müdafiə edib. 1989-cu ildən professordur.

   
Müəllimlik fəaliyyəti onun həyatının ayrılmaz və şərəfli bir hissəsidir. Professor Qəzənfər Kazımov 1965-ci ildən bu günə qədər ziyalı-müəllim, alim yetişdirməklə məşğuldur. 1965-1999-cu ilə qədər o Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb, uzun müddət filologiya fakültəsinin dekanı olub. Həmçinin o, Pedaqoji Universitetdə Müdafiə şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komsiyyasında ekspert şurasının üzvü (1996-1999) kimi onlarla alimin, müəllimin yetişməsində əvəzsiz xidmətər göstərib. Bununla yanaşı o, bir müəllim-professor kimi Bakı Slavyan Universitetində, Azərbaycan müəllimlər İnstitunda, Bakı Qızlar Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında mühazirələr oxuyub, respublikamızın hər kəndində-şəhərində, orta və ali məktəblərində onun yetişdirmələri, tələbələri maarifçilik işi ilə məşğul olur. Və elə bu fədakar xidmətlərinə görə onu da ustadları kimi “müəlimlər müəllimi” adlandırmaq daha dürüstdür və bu titul ona ən çox yaraşır!.. 

  
Təkcə bir faktı bura əlavə edim ki, prof. Qəzənfər Kazımov 20-dən çox filologiya üzrə fəlsəfə doktorunun elmi rəhbəri, 30-dan artıq fəlsəfə və elmlər doktorunun opponenti, 85 kitabın elmi redaktoru olub, mərkəzi mətbuatda və xaricdə 450-yəqədər elmi və elmi-publisistik məqaləsi çap olunub, müxtəlif elmi əsərlərə 200-dən artıq rəy yazıb. Və onun əsərlərinə də respublikamızın ən say-seçmə ziyalıları, alimləri, şair və yazıçıları 200-dən çox rəy-məqalə yazıb dərc etdiriblər ki, bu məqalələr bir neçə cild kitaba zorunan sığar.     

   
Adlarını yuxarıda çəkdiyim kitablarla bahəm onun “Azərbaycan dilində təcürbi məşğələlər (1973), “Yazıçı və dil” (1975), “Komik bədii vasitələr” (1983), “Bədii ədəbiyyatda komizm üsulları” (1987), “Qurbani” (1990), “Qurbani və poetikası” (1996), “Sənət düşüncələri” (1997),  “Üzeyir Hacıbəyovun dili” (2004), “Теория комизма” “Komizm nəzəriyyəsi”/, (2004, rus dilində), «Dilimiz-tariximiz» (1998), «Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)» (2003), «Dil, Tarix, Poeziya» (2005), «Qədim yurd yerim- sultan Soltanlı son 300 ildə» (2012), «Homerin poemaları və «Kitabi-Dədə Qorqud» (Təbriz, 2014), “Azərbaycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi” (2010) monoqrafiyaları, Ali məktəblərin filologiya fakültələri üçün “Müasir Azərbaycan dili. Sintaksis” (2000), “Müasir Azərbaycan dili. Morfologiya” (2010) dərslikləri nəşr olunub. Otuz ildən artıqdır ki, rus məktəbinin 2-3-cü, Azərbaycan məktəblərinin 8-9-cu sinif şagirdləri onun “Azərbaycan dili” mükəmməl dərslikləri ilə təhsil alır. 2008-2010-cü illərdə Qəzənfər Kazımovun hərəsi 35-40 çap vərəqi həcmində  on cildlik “Seçilmiş əsərlər”i cap olunub. Ümumiyyətlə, üst-üstə götürəndə Qəzənfər Kazımov 80-ə yaxın kitabın müəllifidir. Həmçinin, onun bu elmi əsərləri ilə yanaşı tərcümə əsərləri, hekayə və minatürlərdən ibarət bədii nəsri, xatirə-oçerkləri də mövcuddur. Onun bir sıra əsərləri Türküyə türkcəsində, rus və ingilis dillərində çap olunub, xüsusi maraqla qarşılanıb...

  
Azərbaycan dilinin əsl bayramı olan bu kitablar, bu on cildlik kərpic-kərpic “Seçilmiş əsərlər”, bu elmi külliyyat təkcə reallıq, dərinlik, sadəlik, aydınlıq, müdriklik salnaməsi kimi ədəbi fakta çevrilmədi, həmçinin əbədiyaşar elmi fakt kimi Azərbaycan dilçilik  tarixinə yazıldı, həm də müasir mərhələnin dil tarixinin özünü yaratdı...

  
Qəzənfər Kazımov 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda yüksək işgüzarlıqla fəaliyyət göstərir.  2001-ci ildən isə İnstitutda Azərbaycan dialektologiya şöbəsinin müdiri olub, bu dövrdə də neçə-neçə aspirantın, dissertantın və elmi əməkdaşın ustadıdı, müəllimi, rəhbəri, yol göstərənidir. Təsadüfi deyil ki, bilavasitə onun rəhbərliyi, müəllifliyi və təşkilatçılığı sayəsində şöbə “Azərbaycan dialektologiyası” seriyasından 12 kitab buraxılıb. Bu kitabların hər birinin böyük elmi və sosial-tarixi əhəmiyyətini qeyd etməklə yanaşı, xüsusən “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin Meğri şivəsi”, “İraq-Türkman ləhcəsi” (müəllifi prof.Qəzənfər Paşayevdir) kitabları fikrimizcə əlahiddə ictimai-tarixi əhəmiyyətə malikdir...

  
Azərbaycan filologiyasında cox böyük yeri, zəhməti və xidməti olan, Qəzənfər müəllimin adaşı professor Qəzənfər Paşayevin bu əsərlər barəsində fikri də əlahiddədir: “Qədim zamanlar bir yana, hətta orta əsrlərdə səyyahların, elm adamlarının, yazarların Azərbaycan haqqında dediyi hər hansı bir fikri əzizləyə-əzizləyə dəyərləndiririk. O da olsun dəlilə-sübuta ehtiyac duyulmayan “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin Meğri şivəsi” və “İraq-Türkman ləhcəsi” kimi tarixi abidələr. Adı çəkilən ölməz abidələrin işıq üzü ğörməsində Q.Kazımovun əməyi az olmamışdır. Gələcək nəsillərə bundan böyük ərmağan düşünmək çətindir.” 

  
Elə bu qəbildən olan “nəsillərə ərməğan əsərlərinə”, təkrarsız alim şəxsiyyətinə görə professor Qəzənfər Paşayev adaşı  professor Qəzənfər Kazımovu özünəxas ürək açıqlığı və bir az da fəxarətlə “xoşbəxt tədqiqatçılar sırasında” görür!!

  
AMEA-nın müxbir üzvü Nizami Cəfərov isə Qəzənfər Kazımovun yazdığı əsərləri böyük zəhmətin və istedadın, “gərgin əməyin və böyük başın”  bəhrəsi kimi qəbul etmiş, onları “tək Qəzənfər müəllimin əsərləri deyil, zəmanəmizin əsərləri!” adlandırmışdır!.. Nizami Cəfərov Qəzənfər müəllimin fenomenal erudisiyasını belə səciyyələndirir: “Ümumi baxanda hiss olunur ki, onun baxışlarında təxminən Lixaçovun müasir ədəbiyyata ümumi baxışı tipində bir baxış var. Yəni ümumi mədəniyyət, ümumi düşüncə, milli təfəkkürdən gəlmə, tənqidçilikdən çox bir maarifçi-ədəbiyyatşünasın işi... Təxminən elə bil ki, bu yazıları Abdulla Şaiq yazıb. Bu tipdə bir maarifçi baxışı var bizim ədəbi prosesə, heyrətlənmək var o yazıların qarşısında və bu heyrətin, elə bil, xəritəsini yaratmaq var, belə bir dərəcədə ki, elə bil, ədəbiyyatın metodologiyasını yaradır!”.
 

Professor Yusif Seyidov Qəzənfər Kazımovu “sözün geniş mənasında, filologiyanın bütün sahələrini birləşdirə bilən çox samballı, gözəl əsərlər” müəllifi kimi qiymətləndirib.

 
Bu məqamda xalq yazıçısı Anarın da fikri maraqlıdır: “Müasir Azərbaycan ədəbiyyatı, ədəbiyyat tariximiz, qədim və müasir dilimiz, sənət və sənətkarlıq məsələləri prof. Qəzənfər Kazımovun maraq dairəsinə daxildir. O, ədəbiyyatımızın bütün dövrləri haqqında öz fikirlərini, mülahizələrini, öz müşahidələrini yüksək səviyyədə bizə təqdim edir”.

 
Xalq şairi Söhrab Tahir isə böyük bir sənətkar səmimiyyəti ilə Qəzənfər Kazımova məhəbbət və hörmətini belə ifadə edir: “Azərbaycan dilinin qeyrətini çəkən bir alim kimi, dilimizin poetikliyini, onun qədimliyini öz məqalələrində oxucuya, elmi auditoriyaya gözəl məntiqlə çatdıran bir adam kimi mən Qəzənər müəllimi çox sevirəm!”.
 

Bütün bu həm yaradıcı, həm insani keyfiyyətlərinə görə, istedadı, işgüzarlığı, sadəliyi, təvazökarlığı, qayğıkeşliklə yoğrulmuş tələbkarlığı ona həm iş yoldaşları arasında, həm də ədəbi ictimaiyyətdə böyük hörmət, rəğbət, nüfuzla yanaşı, çoxlarına qismət olmayan səmimiyyətlə yoğrulmuş məhəbbət, sevgi qazandırıb!

   
Beləliklə, uzun illərdir ki, Qəzənfər Kazımov müasir filologiyamızın problemlərindən yüksək elmi-nəzəri səviyyədə yazılmış əsərləri və müəllimlik fəaliyyətilə ilə bu sahənin yeni nəsillərinin hazırlanıb ərsəyə gəlməsinə məsuliyyətlə xidmət edir və bizə elə gəlir ki, sonsuza qədər də xidmət edəcəkdir...

  
 Qəzənfər Kazımov alnına öz taleyindən daha çox dilçilik elmimizin taleyi yazılmış nurlu kişi, böyük insandır... Dilçiliyin poetika tədqiqat qolunu yaradan bu böyük alimin yüksək bədii zövqü, bədii sözün aşıdığı yükün elmi mahiyyətini aşkarlamaq bacarığı, həssalığı, duyum palitirası oxucusunu heyran qoyur. Mən cəsarətlə deyərdim ki, muasir dilşünaslıqda Qəzənfər Kazımov yeni, təzə, bənzərsiz kolorit yaradıb!! Qəzənfər Kazımov dilçilik koloriti!! İndi müsiqidə belə bir anlayışı – interpretasiya anlayışını, aranjiman anlayışını xüsusi yaradıcılıq əlaməti kimi tez-tez işlədirlər. Bəlkə də musiqi sahəsində belədir və kimlərəsə sərf edir... Amma elmdə bu keçməz! Nə gizlədək, elələri var ki, onun “elmi yaradıcılığı” elə aranjimandan və interpretasiyadan ibarətdir. Amma Qəzənfər Kazımovun bu 85 illik yaradıcılıq məhsullarında bir cümlənin belə interpretaiyasını, aranjimanını görə bilməzsən! Onun külli yaradıcılğı milli Azərbaycan dilçiliyimizin böyük sənət mənasında səviyyə göstəricisidir, humanitar elmimizin barometridir!

   
Demokritin məşhur kəlamı var: “Elmi hər adamın əlinə vermək olmaz. Elmi o adamın əlinə vermək lazımdır ki, ondan özü üçün yox, xalq üçün istifadə etsin!”.

Professor Qəzənfər Kazımov xalqının dilini öyrəndiyinə və öyrətdiyinə görə xalq üçün düşünən böyük, əvəzedilməz, əbədiyaşar xalq ziyalısıdır, xalq alimdir!..

 
Mən professor Qəzənfər Kazımovun barəsində yazdığım bu məqaləni  AMEA-nın müxbir üzvü, Əməkdar Elm xadimi, Qəzənfər müəllimin həmkəndlisi prof.Tofiq Hacıyevin sözləri ilə bitirmək istəyirəm: “Qəzənfər bu gün bizim filologiyamızın bu səviyyədə var olmasını təmin edən alimlərdən biridir. ...Qəzənfər müəllim dilçiliyin, filologiyanın həmişə lazım olan məsələlərindən, ehtiyac olan problemlərindən yazıb.
...Qəzənfər bu gün bizim dilçiliyimiz üçün lazımlı Adamdır! Qəzənfər bu gün bizim orta və ali məktəb təhsili üçün lazımlı Adamdır! Həqiqətən Qəzənfər yaxşı adamdır, yaxşı alimdir!”.
 

Bu lazımlı adama, yaxşı adama, yaxşı alimə - Qəzənfər Kazımova uzun ömür, cansağlığı, həmişəişlək təfəkkür arzulayırıq!.. Qürurla qeyd edirəm, 85 yaşını haqlayan professor Qəzənfər Kazımov Azərbaycan humanitar elminin moqikan, patriarx varisidir və bu səviyyədə varislik onun halal-hümmət haqqıdır! 85 yaşlı Qəzənfər Kazımov həmişə olduğu kimi, bu gün də humanitar elmimizin ön cərgəsindədir və mən sidq-ürəkdən inanıram ki, 90-da da, 100-də də və həmişə  belə olacaqdır!
 

Qurban Bayramov, ədəbiyyatşünas-tənqidçi,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
03.04.2022.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı