Modern.az

İsa Muğannanın taleyində “9”lar

İsa Muğannanın taleyində “9”lar

Ədəbi̇yyat

12 İyun 2022, 12:59

Zaman-zaman ədəbi və tarixi şəxsiyyətlərin obrazlarını əsərlərində bədiiləşdirən Xalq yazıçısı İsa Muğanna artıq özü də ədəbi və tarixi şəxsiyyət olaraq Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutmaqdadır. Ədəbiyyat tariximizdə İsa Muğanna imzası bəşəri, xəlqi və fəlsəfi ideyalar müəllifi kimi mövcud olmaqdadır. Ustad sənətkarın yaradıcılığında əsasən xalqın taleyi, güzəranı açıq aydın gerçəklikləri ilə əks olunmuşdur. Məlum olduğu kimi ədibin yaradıcılığı əsasən sovet rejimi dövrünə təsadüf etmişdir. Muğanna 40 ildən çox rejimin mövcud olduğu dövrdə yazıb yaratmış, bu səbəbdən də senzura ilə üzləşən ədəbiyyat müəyyən mənada Muğannanın qələminə də təsir göstərmişdir. Ustad sənətkarın cəsarəti, yazıçı bacarığı fikirlərini oxucusu ilə bölüşməyə imkan verirdi. Nasirin düşüncələri özünün seçkinliyi, dolğunluğu və məntiqi ilə diqqət cəlb edirdi. İsa Muğannanın bədii nəsrində milli mənəvi dəyərlər, adət-ənənələr, folklor nümunələri, rəmzlər xüsusi yer tutur. Yazıçı qeyd olunan milli keyfiyyətlərə məxsusi önəm verirdi. Rəmzlər demək olar ki, ustad sənətkarın əsərlərində müntəzəm sərgilənmişdir. Nasirin yaratdığı bədii obrazlarda da simvolik və rəmzi detallar özünü göstərməkdədir.

         
Ustad sənətkarın taleyində də rəqəmlərin rəmz olaraq xüsusi yeri vardır. Hər bir insanın ömür tarixçəsində müəyyən seçilmiş rəqəm və ya rəqəmlər özünü göstərməkdədir. Yazıçının taleyində “9”u uğurlu rəqəm kimi xarakterizə etmək olar. İsa Muğannanın doğulduğu tarixin rəqəmlərini topladıqda 29 alınır. (12.06.1928) Nasirin bədii nəsrinin başlıca mövzusu müharibə dövrü və müharibənin gətirdiyi çətinliklərdir. 1939-cu ildə başlayan ikinci dünya müharibəsi bəşər cəmiyyəti üçün acı bir hal olsa da, Muğannanın yaradıcılığı üçün sanki qığılcım rolunu oynadı. Müəllif əsasən eşidib gördüklərini qələmə alırdı. Uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyindən onun yaradıcılığında müharibə dövrü ən xırda detalları ilə təsvir olunmuşdur. İsa Muğannanın yaradıcılıq taleyində “9” rəqəmi ilk başlanğıc kimi özünü belə göstərdi. İsa Muğanna Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alarkən “Arx” adlı hekayəni qələmə almışdır. 1947-ci ildə çap olunan bu hekayə ədibin ilk qələm təcrübəsi idi. Lakin ədəbi nümunə böyük redaktələrə məruz qaldığından İsa Muğanna 19 yaşında yazdığı hekayəni natamam olduğu üçün ilk mətbu yazısı hesab etməmişdir. 1949-cu ildə “Anadil ötən yerdə” oçerki “Azərbaycan” jurnalında çap olunmuşdu. Oçerkdə İsa Muğanna avtobioqrafizmlər yaratmışdır. Atasının və dayısının avtobioqrafik obrazlarını canlandıran yazıçı obrazların fonunda gördüyü hadisələri ədəbi nümunədə geniş təsvir etmişdir. Həmin oçerk bir növ Muğannanın yaradıcılığında mayak rolunu oynadı. Ədib sonrakı bütün əsərlərində gerçək hadisələri avtobioqrafizm hüdudlarında əks etdirmişdir. 50-60-cı illərdə yazıçı yazdığı əsərlərə görə rejimin tərəfdarları tərəfindən haqsız tənqid və təhdidlərə məruz qalmışdır. Təbidir ki, bu da yazıçını müəyyən qədər ruhdan salmış, qələminin boğulması Muğannanın taleyinə də təsirsiz ötüşməmişdir.

         
1969-cu ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra İsa Muğannanın yaradıcılığında sanki yeni bir günəş parladı. Ulu öndər Heydər Əliyev ədibin yaradıcılığına xüsusi diqqət göstərdi. Bunun bariz nümunəsi olaraq “Nəsimi” filminin ssenarisini yazmağı İsa Muğannaya tapşırdı. Diqqətdən ruhlanan nasir filmin ssenarisi üçün Moskvadan alınacaq rəyi bir günün ərzində alıb geri qayıtmışdır. Heydər Əliyevin diqqəti Muğannanın sonrakı fəaliyyətində də özünü göstərdi. 1979-cu ildə “Məhşər” romanın çap olunması Muğanna yaradıcılığının birinci dövrünün kulminasiyası oldu. “Məhşər” romanı birinci dövr yaradıcılığının son əsəri olmaqla yanaşı Nəsimi düşüncələrinin tirajlanmasında mühüm yer tutdu, eyni zamanda Muğanna yaradıcılığı daha geniş masştabda təqdim olundu. 1969-cu il İsa Muğannanın yalnız yaradıcılıq fəaliyyətində deyil, bütövlükdə taleyində uğurlu il olmuşdur. Ustad sənətkar iyirmi il övlad həsrəti ilə yaşasada, məhz həmin ildə Tanrı İsa Muğannaya böyük sevinc bəxş etmişdir. (1969-cu ilin 9-cu ayı övladı dünyaya gəlmişdir) Tanrının ən böyük hədiyyəsindən sonra yazıçı yazıb-yaratmağa daha da ruhlanmışdır. Baş verən uğurlu hadisələrin vəhdəti Muğanna yaradıcılığının sonrakı bütün dövrlərində öz müsbət təsirini göstərmiş oldu.       

         
80-ci illərin əvvəllərindən “İdeal” və sonrakı əsərlərdə bəşəri ideyalar və fəlsəfi düşüncə daha geniş yer tutdu. Buna uyğun olaraq ədəbi tənqid də mövqeyini dəyişdi. “İdeal”a qədər susmayan ədəbi tənqid, “İdeal”dan sonra müəyyən mənada durğunluq dövrü keçirməyə başladı.

         
Yazıçı 90-cı illərin əvvəllərində səhhəti ilə bağlı müəyyən problemlər yaşamış, 1995-ci ildə İnfarkt keçirmişdir. Həmin hadisədən sonra cismən 19 il ömür sürmüşdür.


İsa Muğanna səhhətində yaranan problemə rəğmən yenə də yaradıcılıq fəaliyyətindən uzaq düşmür, bütövlükdə həyatını ədəbiyyata bağlayan nasir təxəyyülünün məhsulunu kağız üzərində əks etdirirdi. 90-cı illərin sonunda ədib dövlət tərəfindən yüksək mükafata layiq görüldü. 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə İsa Muğannanın “İstiqlal” ordeni ilə təltif edilməsi yazıçının ədəbiyyata olan xidmətləri ilə bərabər milli, mənəvi dəyərlərə verdiyi töhvənin yüksək qiyməti idi. Bu sərəncamın verildiyi tarix də özündə iki doqquz rəqəmini ehtiva edir. Haqsız tənqidlər və təqiblər yazıçının səhhətinə elə mənfi təsir göstərmişdir ki, həmin gərgin anların fəsadları ədibin ömrünün sonuna qədər (cismən) onu narahat etmişdir.


2005-ci ildə İsa Muğanna “9” dəqiqəlik kliniki ölüm keçirmişdir. Tanrının möcuzəsi, ailəsinin və həkimlərin birgə səyi nəticəsində yazıçı yenidən həyata qayıtdı və bu hadisədən sonra “9” il cismən ömür sürdü. Muğannanın səhhətində baş verən problemlər mənfi hal kimi dəyərləndirilə bilər. Lakin bu cür çətin durumdan sonra yenidən həyata qayıtmağın özü də insana Tanrının böyük töhvəsidir. 2008-ci ildə ədibin “80 illiyi” münasibəti ilə əsərləri dövlət tərəfindən nəşrə hazırlanmış, lakin həmin əsərlərin çapı 2009-cu ildə gerçəkləşmişdir. Altı cilddə toplanan seçilmiş əsərlər dövlət tərəfindən Muğanna imzası ilə çap olunduğundan İsa Muğannanın bioqrafiyasında bu hadisə də xüsusi önəm kəsb edirdi. Digər bir maraqlı məqam ondadır ki, altı cildliyin I və II cildinə nasirin doqquz povesti daxil edilmişdir. III, IV və V cildlərdə müəllifin romanları, VI cilddə isə Muğannanın məqalələri, müsahibələri və haqqında yazılanların bir qismi əks olunmuşdur. Ədib qələmə aldığı sonuncu romanını “Türfə” adlandırmışdır. Ədəbi nümunənin çapı 2015-ci ilə təsadüf etsə də, əsər 2009-cu ildə tamamlanmışdır. “9” rəqəmi Muğannanın yaradıcılıq taleyində özünü daha çox biruzə vermişdir. Xalq yazıçısı İsa Muğanna ömrünü cismən doqquzuncu on illikdə başa vurmuşdur. Ədibin doğum günü doqquzuncu dəfə bu yazının yazıldığı il (iyun 2022) İsa Muğannanın nəfəsi duyulmadan qeyd olunur. Yazıçının şəxsiyyəti və yaradıcılığı onu ədəbiyyat tarixində əbədi yaşadır və yaşadacaqdır.  

 


Ülvi AYDIN
Bakı Dövlət Universitetinin doktorantı
AYB-nin və AJB-nin üzvü

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar