Modern.az

"Axundov Kitabxanası"nda Qazaxıstan guşəsi açıldı - FOTOLAR

Ədəbi̇yyat

17 İyun 2022, 22:28

Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan -Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ilə bağlı Azərbaycanda və Qazaxıstanda nəşr olununa kitabların sərgisi keçirilib.


Modern.az xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdukərimov, Azərbaycan Yazıçılar İttifaqının birinci müavini Çingiz Abdullayev, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, qazaxıstanlı yazıçı və naşirlərin, klassiklərin, şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş ziyalılar, alimlər və araşdırmaçılar  iştirk edib.


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov kitabxanada Qazaxıstana aid kitab guşəsini qonaqlara təqdim edib. O,  çıxışında bildirib ki,  Azərbaycan və Qazaxıstan dövlətləri arasındakı diplomatik əlaqələrin 30 illiyi münasibəti ilə M.F.Axundov adına Milli Kitabxanada rəqəmsəl  kitabxana hazırlanıb. Bu kitabxanaya tanınmış qazax aşığı və şairi Cambıl Jumayevin 1939-cu ildə Azərbaycan dilinə çap olunmuş “Layla” kitabı, eləcə də Abay Kunanbayevin  həyatı haqqında yazılmış,1954-cü ildə  azərbaycanca çap olunmuş “Abay yolu” kitabı,  sovet illərindən bu günə qədər qazax dilindən tərcümə olunan ədəbi və elmi əsərlər daxil edilib. 


Səfir Serjan Abdukərimov  Qazaxıstan və Azərbaycan arasında müxtəlif dövrlərdə şərəfli diplomatik müqavilələrin imzalanmasının əhəmiyyətindən, iki qardaş xalqı bir-birinə bağlayan dəyərlərdən danışıb. Bu diplomatik əlaqələrin töhfəsi olaraq Qazaxıstanda Heydər Əliyevin, Nizaminin adına, Azərbaycanda isə Abayın, Ahmet Baytursunovun adına küçələrin  olduğunu söyləyib. 
Axundov adına Azərbaycan Milli Kitabxanasında yaranan rəqəmsal elmi kitabaxananın açılmasının  diplomatik əlaqələrin  dərinləşməsi və daim yaşamasına, bütün dünyada olan azərbaycanlıların  qazax klassiklərini öz dillərində oxumaları üçün  gözəl bir fürsət olduğunu bildirib.  


Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidneti Günay Əfəndiyeva türkdilli xalqların  fonda verdiyi dəstəkdən danışaraq qeyd edib ki,  kitabxanalarda yaşayan kitablar türk xalqları arasındakı mədəniyyəti birləşdirir. 30 ildir ki, bu sahədə Azərbaycan və Qazaxıstan arasında da mühüm sənədlər imzalanıb. İki qardaş xalq hər bir sahədə bir-birinə dəstək olublar. İndi Axundov adına kitabxanada təqdim olunan  rəqəmsal kitabxananın vasitəsi ilə bütün türkdilli xalqlar  Azərbaycan dilinə tərcümə edilmiş  kitabları oxuya biləcəklər. Bu isə Azərbaycan və Qazaxıstan mədəniyyətinin daha da yaxınlaşması üçün böyük zəmin yaradır.


Yazıçı Çingiz Abdullayev  çıxışını “Yaxşı yazıçı xalqının əbədiyyətdə vəkilidr” fikri ilə başlayıb. Və əlavə edib ki,  bütün xalqların arzuları, istəkləri, sevdiyi insanları yazıçılar öz əsərlərində yazıb, yaşadırlar. Son 30 idlə Azərbaycanda 200-dən artıq türkdilli xalqın kitabları azərbaycancaya tərcümə olunub. Gələcəkdə həmin  kitabların da rəqəmsal kitabxanaya əlavə edilməsi çox gözəl olardı.


Daha sonra  qazax klassiklərini və tanınmış şəxsiyyətləri tərcümə edən alimlər, yazıçılar  Elxan Zal, professor Ramiz Əsgər,  Firuzə Ağayeva da tərcümə edikləri və çap olunan qazax ədəbiyyatı haqqında danışıblar.


Tədbirin sonunda  M.F.Axundov adına kitabxananın direktoru  qazax diplomatı Serjan Abdukarimova  rəqəmsal kitabxananın  elektron saxlanc variantını təqdim edib. Axundov kitabaxanasında hazırlanan “Abay “ səhifəsinin  təqdimatı olub. Bu rəqəmsal elektron kitabxanada Abay Kunanbayevin Azərbaycan dilindəki əsərləri, eləcə də yaradııcılığı haqqında çap olunan yazılar yerləşdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır