Mahir Qabiloğlu
Tez-tez xatırlayıram o günləri. 1987-ci ildə əsgərlikdən qayıtdıqdan sonra ta atəşkəs rejiminə qol qoyulan günədək olan tarixi. Xidmətdən qayıdanda Kommunist Partiyasının üzvlüyünə namizəd idim. “Perestroyka” da öz axarı ilə gedirdi. Gələn kimi universitetdən dialekt toplamaq məqsədilə bizi Ordubada göndərdilər. Mehmanxanada qalırdıq. Hər gün də mehmanxananın qabağında Ermənistandan gələn 2-3 “İkarus” markalı avtobus dayanardı. İçində də məktəblilər. Mən 21 yaşlı cavan ilk dəfəydi ki, Ordubaddaydım. Kəndləri gəzdirirdilər. Xalq deyimləri, rəvayətlər, hakuşkalar toplayırdıq.
O yandan maşın gəlir,
Bu yandan maşın gəlir,
Maşınla işim yoxdur,
Şoferdən xoşum gəlir.
Çox kənd gəzdik. Onların içində ən yadımda qalanı Əylis oldu. Bir filoloq kimi “Hacı Qara” əsəri yadımıza düşdü. Əkrəm Əylisli xatırlandı. Kəndin küçələriylə gəzəndə evlərin çoxu boş idi. Xarabalığa dönmüşdü. Bəlkə də belə yüzlərlə ev vardı. Yerli sakinlər məlumat verdilər ki, əvvəllər bu evlərdə ermənilər yaşayıb. Sonra köçüblər. Köçüblər, yoxsa köçürdülüblər və ya niyə köçüblər? Hələ atamın “Kiş-kiş ilə donuz çıxar darıdan?” misrasına illər qalırdı. Kəndin ortasındakı Alban kilsəsinə girdik. Əslində bu tikilini bizə erməni kilsəsi kimi təqdim etdilər. İçərisində tövlə idi. Xaçların ucları sonradan yuvarlanmışdı. Divarlar ağardılmış, üstünə ermənicə nələrsə yazılmışdı. Səhər mehmanxananın qabağındakı, Ermənistan SSR-yə məxsus nömrə nişanlı avtobuslar da burda idi. Ekskursovod da ermənicə nəsə qırıldadırdı. Uşaqların baxışlarından isə heç nə oxuya bilmirdik. İndi başa düşürəm ki, buna nifrət deyərlər. Birdən Akademiyanın Rəyasət Heyətində keçirilən Səməd Vurğunun yubileyi zamanı Abbas Zamanovun tədbirə aid olmayan bir çıxışı yadıma düşdü. Atam danışmışdı. “Naxçıvan əldən gedir. Siz isə burada yubiley keçirirsiniz”. Atam dostlarıyla danışanda yaddaşıma təqribən belə həkk olunmuşdu. Bu çıxışdan sonra Abbas Zamanov partiyadan, ermənilər isə Naxçıvandan çıxmışdılar. Bir az dəqiqləşdirim. Abbas Zamanovu partiyadan, erməniləri isə Naxçıvandan didərgin salmışdılar. Heç toxumluq da saxlamamışdılar. Bizi o dövrlə böyük bir zaman kəsiyi də ayırmırdı. Səhv etmirəmsə 60-70-ci illər olmalıydı. Əlbəttə ki, 20-ci əsrin.
Xülasə Bakıya qayıtdıq. 1987-ci ilin noyabrında artıq Sov.İKP üzvlüyünə qəbul olundum. Ali təhsil aldığım Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ayda bir dəfə keçirilən partiya iclaslarında iştirak edirdim. Biz tələbələr müəllimlərimizə hörmət əlaməti olaraq arxa partalarda oturardıq, ağzımıza da su alardıq. Hərdən bir sosial yataqxana qayğıları önə çəkilirdi. O da ki, həllini tapmırdı. Vəssalam. Rüşvət yox, korrupsiya yox. Oxuyan oxuyurdu, oxumayana da adamına görə hörmət olunurdu. Bir bal yuxarı yazılırdı. Məsələn, mən “2”yə layiq dərs danışanda Qabilə görə “3” yazırdılar. Bu da partiya iclasının mövzusu deyildi ki, kimsə qabartsın. Bu sadəcə olaraq universitetimizin yazılmamış qanunlarından idi. Təkcə ziyalıya yox, ailəsinə də hörmət var idi. Nəsə mətləbdən uzaqlaşdım.
Partiya iclaslarında arxada oturan təkcə biz tələbələr deyildik. Aramızda bəstəboy, daim qəzetin tam səhifəsini açaraq gözünün önündə tutan Abbas Zamanov da vardı - Sabirşünas, professor, Akademiyanın müxbir üzvü. Sədarət tərəfdən baxanda özü heç görünmürdü də, bircə qəzet görünürdü. İclaslarımız da öz məcrasında davam edirdi.
1987-ci ilin sonları idi. Axşam saat 10 idi. Atam, anam və mən televizora baxırdıq. Birdən qapımız döyüldü. Atam hövllü açdı. “Görəsən nə olub?”. Qapıqonşumuz - xalq yazıçısı Bayram Bayramovun böyük oğlu Fəxrəddin idi. O atasından ayrı yaşayırdı, evli idi. Atamı ağzını açmağa belə, qoymadan “Qabil əmi, böyük bədbəxtçilik baş verib” dedi.
- Nə olub?
- Heydər Əliyevi vəzifəsindən və Sov.İKP Siyasi Bürosunun üzvlüyündən azad ediblər.
Atam duruxdu, sonra da dərindən nəfəs alaraq:
- Mən də elə bildim ki, Bayram ölüb,- dedi.
Fəxrəddin Bayram oğlu Bayramovun bu sözlərini biz sonralar daha yaxşı başa düşəcəkdik. Nəinki bədbəxtçiliklər, faciələr hələ qabaqda idi. Bayırda isə hələ 1987-ci ilin payızı, qışı idi. Artıq Qorbaçovun vasitəsilə ermənilər hərəkətə keçmişdilər. Sovet dövründə isə xəbərlər Azərbaycana geç çatırdı. Növbəti, adi partiya iclasımız idi. Sədrliyi partkomumuz, professor Zinyət Əlizadə edirdi. Yenə də arxada oturmuşduq. Aramızda kimsə çatmırdı. Düz tapmışdım. Abbas Zamanov yox idi. İclas başladı. Başlayan kimi 1-ci sıradan balaca bir əl yuxarı qalxdı. Bu Abbas Zamanov idi. Həmişə arxada oturan, qəzet oxuya-oxuya partiyamıza öz “hörmətini” gizlətməyən Abbas Zamanov. Söz aldı. Tribunaya çıxdı.
- Fransanın “Fiqaro” qəzetində Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqanbekyanın müsahibəsi çıxıb. Qarabağ Ermənistana birləşdiriləcək. Buna münasibətiniz?
Ara qarışdı, nə qarışdı. Partiyadaş müəllimlərimizə də demə bu lazımmış. Başladılar ermənilərə döşəməyə. Partiya iclasında oturub, necə deyərlər gəmidə oturub başladılar gəmiçini söyməyə. Abbas Zamanov isə artıq otaqda yox idi.
Bundan sonra tələbələrin kef günləri başladı. Dərslər keçirilmirdi. “Azadlıq!” qışqıra-qışqıra çıxırdıq küçəyə, gəlib dayanırdıq “Politexnik”in qabağında. Təqribən 1-2 dəqiqə “Tətil! Tətil!” hayqırandan sonra onlar da qoşulurdu bizə. Bir az irəli getdikdən sonra “İnşaaat” institutu da bizim sıralara qoşulurdu. Piyada gəlirdik Kommunist, indiki İstiqlaliyyət küçəsinə. Xalq Təsərrüfatı İnstitutunun da müəllim və tələbələri bizə səs verirdi. Son qoşulanlar isə Azərbaycan Pedaqoji İnstitutu olurdu, o biri tərəfdən də Neft və Kimya İnstitutundan gəlirdilər. Bu boyda tələbə selinin qabağında kim dayana bilərdi? Son nöqtə isə meydan idi.
Beləcə partiya gözdən düşməyə başladı. Bunun da fonunda SSRİ tarixi, Sov.İKP tarixi, Həsən Şirəliyev kimi bir müəllimin Elmi Kommunizm fənni də tənəzzülə uğradı. Hansı müəllimin duxu var idi ki, bu fənlərdən qiyməti avtomatik yazmaya. Nə olsun partiyaçı idik. Biz milliləşməyə başlamışdıq. Türkiyə ilə qapılar açılırdı. Qarabağdan güllə səsləri eşidilirdi. Leksikonumuzda “qaçqın, köçkün, didərgin” sözləriylə yanaşı, “istefa, ekstremist, demokratiya, saqqallılar, dığalar, OMON” və belə neçə-neçə sözlər daxil olmağa başladı. Qərbi Azərbaycandan gələn qaçqınların danışdıqları isə daha dəhşətli idi. Ermənilərin hərəkətləri “Sumqayıt hadisələri”ni alovlandırdı. Bu əslində elə ermənilərin düşünülmüş provakasiyası idi. Sonrakı istintaq bunu təsdiq etdi. Qaçqınların danışdıqları ziyalıları da özündən çıxarmışdı. Az.TV-də hamı “Xəbərlər”dən sonra efirə gedən “Aktual ekran” verilişini səbirsizliklə gözləyirdi. Mitinqlərdən canlı yayımlar da olurdu. “Aktual ekran” verilişinin növbəti qonaqlarından biri də ermənilərin bu hərəkətlərindən qeyzlənən xalq yazıçısı İsmayıl Şıxlı və atam Qabil oldu. Artıq Ermənistanda azərbaycanlı qalmamışdı. Bakıda isə ermənilər hələ də xürrəm yaşayırdılar. 20-ci əsrin əvvəllərində ermənilərin Bakıda törətdikləri qırğınlardan xəbəri olan bu ziyalıların çıxışından bircə şey yadımda qaldı: “Məqamdı, qovun erməniləri Bakıdan”. Bu bir çağırış idi. Bu qana-qan demək idi. Əvəz-əvəz idi. Axı, ilk addımı ermənilər atmışdılar. Elə bilirsiniz ki, şəhər əhalisindən kimsə bu erməniləri evindən qovdu, döydü, öldürdü - əsla. Heç çırtma da vurmadı. Evində gizlətdi, bağında himayə etdi.
Bakı bağları bu gün də öz aktuallığını saxlamaqdadır. Axı biz beynəlmiləl xalqıq. Ermənilərlə kirvəyik. Qız alıb, amma qız verməmişik. Bacıoğlu da öz dayısına güllə atarmı? Bir də ki, arqumentləri güclü idi - bu məsələdə Ermənistan ermənilərinin günahı var. Bakıda isə “Bakı erməniləridir”. Qarabağdakı erməniləri isə Ermənistandakı ermənilər heç erməni saymırlar. 2-ci sort deyirlər onlara. Onda biz niyə onlara toxunmalıyıq? Axı hələ Qarabağ müharibəsi başlamamışdı. Şəhidlərin tabutları durna qatarına dönməmişdi. Ermənilər məzlum xalq idi. Şair Qabilin və İsmayıl Şıxlının sözlərini onlar yox, Ermənistandan gələn qaçqınlar daha gözəl başa düşürdülər. Çünki ermənilər onların belinə samovar bağlayıb, sonra qaynatmışdılar. Bu azmış kimi “Dasni çors” da oynatmışdılar. Çünki ermənilər Əkrəm Əylislinin “yeraz” adlandırdığı hamilə qadınların üzərində vaxtından əvvəl xəncərlə “kesar” əməliyyatı apararaq çağalarını şişlərə sancmışdılar. Bu “yerazlar” indi də ermənilən onlara dağ basdıqları xaçları gəzdirirlər. Mən də yaxşı bilirəm. Bakıda olan hadisələrin bəzilərinin şahidi də olmuşam. Əcəb eləmisiniz. Qardaşınızın, bacınızın, atanızın, ananızın, uşağınızın, millətinizin qanını almısınız. Neçə-neçə faktı da mən əlavə edərdim. Bu təkcə 1988-ci illərin qisası deyildi, 1948-53, 1915 və neçə-neçə faciələrin cavabı idi. Sual necədirsə, cavab da elə olmalıydı.
Əkrəm Əylisli də elə bir məşhur kəndə doğulub, boya-başa çatıb ki, erməniləri yaxşı tanıyır. Bəlkə də onun əsəri neçə-neçə qanları təzədən qaynatmalıymış. Amma heç tam çap olunmamış ictimai qınaqla üzləşdi. Bədii əsər kimi yazıçı Əkrəm Əylisliyə biz yox, yalnız ədəbi tənqid qiymət verə bilər.
Mənim hansısa kanaldakı verilişdən xoşum gəlmirsə, dərhal kanalı çevirirəm. Mən Əkrəm Əylislidə bir günah, qəbahət görmürəm. Lakin bir xahişim var: o əsəri kitab halında, rusca çap olunmasına icazə verməsin. Paxıllıq etmirəm, bəlkə də tirajda digər xalq yazıçımız Çingiz Abdullayevi ötə bilər. Yalnız bircə şeyə görə:
Ermənilər “Sumqayıt hadisələri”ni lentə alıb dünyaya yaydılar. Vəhşi türk obrazını canlandırdılar. O günə kimi isə təzə evlənənlərə Zori Balayanın “Ocaq” kitabını cehiz verirdilər. Ermənilər indi daha da sevinc içindədirlər. Cehizin biri də arta bilər.