Modern.az

Almas Yıldırım haqda kitabın təqdimatı olub

Almas Yıldırım haqda kitabın təqdimatı olub

Ədəbi̇yyat

18 Avqust 2022, 15:06

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Almas Yıldırımın həyatından, yaradıcılığından bəhs edən, Faiq Ələkbərli ilə birgə yazmış olduğu “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının İstanbulda – Türk Ədəbiyyatı Vəqfində təşkil olunan təqdimatında çıxış edib.
 
Modern.az xəbər verir ki, imzası Azərbaycan oxucusuna yaxşı tanış olan, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar təqdimat mərasiminin aparıcısı olaraq, Almas Yıldırımın həyat və yaradıcılığı, təqdim olunan kitabın içəriyi və təqdimat mərasimi barədə yığcam məlumat verib.


Ev sahibi Vəqfin başqanı, görkəmli ictimai və ədəbiyyat xadimi Serhat Kabaklı ürək sözlərini bölüşərək, Almas Yıldırımın Azərbaycan qədər Türkiyə üçün də əziz olduğunu bildirib, özəlliklə Elazığda Almas Yıldırımın irsini çox insanın bildiyini vurğulayıb. Vəqf başqanı Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin bu günü və gələcəyi barədə də fikirlərini bölüşüb, “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının nəşrinin və ilk təqdimatının İstanbulda baş tutmasını ədəbi əlaqələrin mövcud durumunu ifadə etmək gücündə olduğunu söyləyib.   
Sonra, söz Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, təqdim olunan kitabın həmmüəlifi Qənirə Paşayevaya verilib.

 

Mithat Cemal Kuntayın

“Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, Vətəndir”


məşhur misralarını xatırladan Q.Paşayeva öncə şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıb, qazilərə möhkəm can sağlığı diləyərək, təqdimatın təvafüq etdiyi günün əlamətdar anlarını, Ənvər Paşanın 100 il bundan öncə, 40 yaşında şəhid olduğunu, eləcə də, təqdimatdan bir gün öncə Qarabağda uğurlu “Qisas” hərbi əməliyyatının keçirildiyini vurğulayıb.


Q.Paşayeva ön söz yazdığı kitabın İstanbulda nəfis tərtibatla gün üzü gördüyünü bildirərək, ilk növbədə görkəmli şairin kitabının təqdimat mərasiminin keçirilməsində əməyi keçən hər kəsə, o cümlədən Türk Ədəbiyyatı Vəqfinin (TƏV) başqanı, görkəmli şair Serhat Kabaklıya, tanınmış şair-tərcüməçi İmdat Avşara könül dolusu  təşəkkür edərək, sözə başlayıb.


Azərbaycanın qurtuluşu uğrunda mübarizə aparan və ömrünün böyük hissəsini qardaş ölkədə, Elazığda keçirən şair, müəllim Almas Yıldırımın anadan olmasının 115-ci ildönümü münasibəti ilə hazırlanmış “Bir Vətəndən bir Vətənə Almas Yıldırım” kitabının yazılmasını müstəqil Azərbaycan aydınlarının vəfa borcunun ifadəsi olaraq şərh edib. Kitabın ilk təqdimatının Türkiyədə keçirilməsinin təsadüfi olmadığını vurğulayan Q.Paşayeva, Almas Yıldırımın Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan ayırmadığını, bütün həyat və yaradıcılığına da yüksək qardaşlıq ruhunun hakim kəsildiyini söyləyib.


Ömrünü Azərbaycanın istiqlaliyyətinə həsr etmiş, bu şərəfli işin çox ağır bədəllərini ödəsə də, öz ideallarından geri dönməmiş, amma doğulduğu eldən-obadan, vətəndaşı olduğu ölkədən didərgin salınmış şairin ruhunu şad edən ən əsas amil kimi Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsini göstərən Q.Paşayeva, özəlliklə, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərin bütün nakam ömürlərə işıq saldığını, haqq dünyasında olan aydınlarımızın ruhunu şad etdiyinin inancı içində olduğunu bildirib.  


“Azərbaycanın hürriyyət şairi, Türk dünyasının “Səssiz səsi” Almas Yıldırımın xatirəsinə aid etdiyimiz bu kitabı dəyərli yeni nəsil aydınlarımızdan Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazmışıq. Əziz Türkiyəmizin oxucuları üçün nəzərdə tutduğumuz kitabın öz missiyasına layiqi şəkildə ictimai, ədəbi fikrə təsirsiz ötüşməyəcəyinə inanırıq. İnanırıq ki, qardaş ölkəmizin oxucuları, qədirbilən aydınları bu kitab üzərindən Almas Yıldırımın həyat və yaradıcılığına yenidən nəzər salacaqdır.


Heç təsadüfi deyil ki, evsahibi qurumun təsisçiləri də Elazığlıdır və Almas Yıldırımın həyat və yaradıcılığı Bakı qədər Elazığ üçün də əzizdir, bütün Azərbaycan və Türkiyə üçün əzizdir”.  


Elazığı çox sevdiyini vurğulayan Q.Paşayeva Elazığın “Türkiyədəki kiçik Azərbaycan” olduğunu bildirərək, Almas Yıldırımın, digər Azərbaycan ədiblərinin xatirəsini daim əziz tutduqları üçün, Azərbaycanla bağlı çoxsaylı küçə, meydan, park açdıqları üçün Elazığın, ümumən Türkiyənin rəsmi qurumlarına, müvafiq bələdiyyələrə, ümumən türk xalqına və dövlətinə könül dolusu təşəkkürlər yetirib. Q.Paşayeva Türkiyə Cümhuriyyəti qurulmasının 100-cü ildönümü münasibəti ilə yazdığı çoxcildlikdə Elazığ haqqında özəl bölümün olduğunu söyləyib.  


Komitə sədri Qazi Mustafa Kamal Paşa Atatürkün Elazığda Almas Yıldırımın yaşamı, yaradıcılığı, əhvalı barədə soruşarkən, “Sayın Cümhurbaşqanım, hər şey yaxşıdı, bircə Xəzər yoxdu” deməsi üzərinə Atatürkün Elazığdakı məşhur gölün adının Xəzər olaraq dəyişdirilməsi təlimatı verdiyini xatırladıb. – “Hesab edirik, Xəzər gölünün sahilində, Almas Yıldırımın bir abidəsinin ucaldılması tarixi irsə sayğı olar, Almas Yıldırımın da ruhunu şad edər. İkinci xahişimiz və təklifimiz, Almas Yıldırımın dəfn olunduğu Malatyada da bir xatirə abidəsinin qoyulması ilə bağlıdır. Ümidvarıq, əlaqədar bələdiyyələr, digər qurumlar bu xahişlərimizə, təkliflərə müsbət yanaşar”...
 
Təqdimatda Azərbaycanın Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı, “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, Türkiyənin tanınmış ictimai-siyasi xadimi Gökhan Türkeş Öngel və başqaları çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.


S.Rüstəmxanlı Kabaklı ailəsinin, “Türk Ədəbiyyatı Vəqfi”nin, Elazığın, ümumən qardaş ölkə Türkiyənin yaradıcılıq qurumlarının, yaradıcı insanlarının Azərbaycana, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə köklü sevgisindən söz açıb. Almas Yıldırımın idellarından danışan Xalq şairi yeni nəsillərin Almas Yıldırımı unutmamasını, onun haqqında kitablar, təqdimatlarla çıxış edilməsini, şairin ruhunu şad edən  hadisələr olaraq dəyərləndirib. S.Rüstəmxanlı qeyd edib ki, Almas Yıldırımın adı, əsərləri hər zaman cazibədar olub və bundan sonra da belə olacaq. Almas Yıldırımı öyrənməyin, öyrətməyin vacibliyinə toxunan Xalq şairi onun həyat və yaradıcılığının XX yüzil Azərbaycan gerçəkliklərini önəmli dərəcədə ifadə etdiyini, “Bir insan, bir şair nə üçün mühacir həyatı yaşamalı, el-obasından, ailə doğmalarından ayrı düşməlidir?” sualını güncəlləşdirdiyini və tarixi günahkarlardan cavab tələb etdiyini deyib.
 
“UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev Almas Yıldırımın Azərbaycanın görkəmli mühacir ədibləri, ziyalıları içərisində özünməxsus yeri və rolundan danışıb: “Cəmi 44 il ömür sürdükdən sonra – 14 yanvar 1952-ci ildə, qardaş Türkiyədə, Elazığda vəfat edən Almas Yıldırım, qısa fiziki ömründə Azərbaycan ədəbiyyatında, ictimai fikrində layiqli yer qazanmışdır. Baxmayaraq ki, onun fiziki ömrünün önəmli bölümü doğma kəndindən, şəhərindən və nəhayət ölkəsindən kənarda keçib, yenə xalqın, vətəncanlılığın, istedadın və poeziyanın parlaq imzalarından biri kimi xatırlanır, sevilir, öyrənilir və öyrədilir. Bildiyiniz kimi, bu, hər ədəbiyyatçıya, hər mühacirə nəsib olmur. Bu mənada, Almas Yıldırım nakam şair olsa da, xalq sevgisi baxımından xoşbəxt şairdir”.
 
Tanınmış ictimai-siyasi xadim Gökhan Türkeş Öngel Almas Yıldırımın həyat və yaradıcılığını, haqqında olan ədəbiyyatı, o cümlədən təqdimatı olan kitabını bir nakam taleli şairin ümumxalq sevgisini necə qazanmasının aydın ifadəsi kimi qiymətləndirib: “Bu sevginin səbəbləri çox sadədir: istedad, əqidə, vətəncanlılıq, ümid”…
 
Almas Yıldırımın övladlarına qoyduğu adlarla da öz milli-mənəvi kimlik keyfiyyətlərini, dogma el-obaya yüksək bağlılığını açıq-aşkar göstərdiyini vurğulayıb: Azər, Araz, Orxan və Bakıxan...


O qeyd edib ki, “Vətən həsrəti, qəribliyin hüznü Almas Yıldırımın, demək olar, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir”.
 
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, şairlər, yazıçılar, jurnalistlər, o cümlədən qardaş Özbəkistanın tanınmış ədəbiyyatşünas alimi Babaxan Şərif, İstanbulun keçmiş Milli Təhsil müdiri Ömər Balibəy və b. iştirak edib.


Təqdimat mərasimində Güney Azərbaycandan olan müğənni Huşəng Cəfəri şairin şeirini səsləndirib, sonra tədbir Almas Yıldırımın sözlərinə yazılmış mahnıların ifası ilə davam edib.


Mərasimin sonunda Q.Paşayeva və Azərbaycan nümayəndə heyəti TƏV-ə, eləcə də, təqdimat iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.


Q.Paşayeva təqdim olunan kitabı oxucular üçün imzalayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi