Modern.az

Yarımçıq ömürə elegiya - Əlirza Xələflinin sevda notunda “Bir bülbülün türküsü”

Yarımçıq ömürə elegiya - Əlirza Xələflinin sevda notunda “Bir bülbülün türküsü”

Ədəbi̇yyat

26 Avqust 2022, 10:45

(Fəlsəfi fikir düşüncəmizin poetik formatda “Fəxriyyə”si...)

“Yenə qonub şah budağa,
Nə sızlarsan belə, bülbül?! 
Vəfasızdır yarın sənin,
Yanıb dönmə külə, bülbül!

(Xalq şairi Məmməd Rahim)
 

Müasir ədəbi mühitin yaxşı, özü də rəğbətlə tanıdığı şair, yazıçı, publisist, jurnalist-tədqiqatçı, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələflinin yaradıcılığı ideya-estetik cəhətdən milli düşüncəni oyadan, milli ləyaqəti saflaşdıra-saflaşdıra yüksəldən ekspressiv yaradıcılıq qismindədir... Ədəbi mühitdə onun yaradıcılığını, xüsusən də, poeziyasını “dünyaya, insana, tanrıya sevginin qaynağı” hesab edənlər də var... Başqa sözlə, Zal oğlu Əlirza Xələfli görəvli bir  ziyalıdır...  
 

Əlirzanın qələmə aldığı əsərlərin, deyərdim ki, əksəriyyəti ədəbi hadisə qədərinə qədəm qoyur. İndi, isə qənşərimdə onun təzəcə dərc edilmiş  dörd hissədən ibarət “Bir bülbülün türküsü” lirik məsnəvi poeması durur... Oxuyuram... Romantik əhvallı minor-mojor duyğular selinə düşürəm... Bu poema da – “Bir bülbülün türküsü...” poeması da, digər poemaları, xüsusilə, “Anamın nağılı” xatirə poeması təkin, və yaxud “Damcılı” (2011), “Azadlığın qanı, yaxud doqquzuncu əsrə məktub” (2011), “Yurd”(2012), “Allahların döyüşü” və s. hamısı da, klassik formanın müasirlik ladında... Hamısının da,  lirik qəhrəmanları, obrazları, surətləri real həyatdan alınıb, müasirlərimizdir... Elə IX əsrin qəhrəmanı Babək də,  müasirimiz kimi təqdim edilir...
 

Onun poeziyası irfan dünyasından bir əlçim buluddur və bir bülbülün sızlar türküsünə çevrilib söz gülüstanına yağan ağ yağışdır...    Bülbül obrazı onun könül dünyasında çoxdan yuvalanıbdır. Əli Rzanın hələ 2012-ci ildə qələmə aldığı bir “Bülbül naləsi” əsəri də var. Sonra, “Yarımçıq ömürə elegiya” (2010) essesi gəlir... Bunlar, fikrimcə, nəsrlə yazılmış poeziyadır, “Bir bülbülün türküsü” poemasının yatağıdır, bünövrəsidir...
 

Gənc filosof Əbil Əbilovun – bu poemanın qəhrəmanının “Sevda türküsü” adlı ədəbi-estetik, elmi-nəzəri, fəlsəfi bi traktaktı var. Müəllif bu əsərə istinadən deyir: “... “Sevda türküsü”nü yazan qələm həmişə aranacaqdır. Sevdalar əbədiyyət qədər üzünömürlüdür. Nə qədər insanlıq var, sevdalar da, var. Türkülər isə Orxon – Yeniseydən üzü o yana və üzü bəri həmişə müqədəs nəğmələr kimi oxunur...”. Bütün bu fikirlər, hisslər “Bir bülbülün türküsü...” poemasına məharətlə, ustlıqla yansıyır, poemanın aparıcı lirk-fəlsəfi motivinə çevrilir...
 

Bu poemada xal­qın ic­ti­mai-fəl­sə­fi fi­kir ta­ri­xi, si­ya­si-ideo­lo­ji dü­şün­cə, zəka və təfəkkür yo­lu, xü­su­si­lə, müasir azər­bay­can­çı­ya məxsus mənəvi dəyərlər, yüksəlişlər poetik formullarda, qeybdən gələn səs təkin əksini tapıbdır... Əsası da budur ki, poemada poe­tik dü­şün­cə­­də, istedadlı  şair imp­ro­vi­zə­sində yer alan və Azərbaycanın gündoğanı, “Böyük çöl”, “Tanrı bağı” adlandırdığı Muğan vilayətinin obrazında simvollaşan, kodlaşan əsas ob­raz – Bö­yük Azər­bay­can, Bütöv Azərbaycan ob­ra­zı­dır... Və bu bütövlük bağında, şair Əlirza, gənc filosov Əbil Əbilov obrazında fərdiləşən Bülbül ötür: “Bu bağ sənin bağındır, Nəğməni oxu, bülbül!”.
 

Əlizanın, yuxarıda adını çəkdiyim “Anamın nağılı” xatirə-poemasıda bu misralar keçir:
 

“Gözlərimin önündən ocaqlar, pirlər keçir,
Oyanan yaddaşımdan açılmaz sirlər keçir”
 

Onun bu, yeni poemasında da, “gözlərinin önündən  fəlsəfi fikir tariximizin Yunis Əmrə, Əhməd Yəsəvi, Əbunnəcib Sührəvərdi, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sürhəvərdi, Eynəlqüzat Miyanəci, Cəlaləddin Rumi, İbrahim Həqqi, Əbülhəsən Bəhmənyar, Siracəddin Urməvi, Nəsrəddin Tusi, Beyazid-i Bistami, Mahmud Şəbüstəri, Məhəmməd Qarabaği, Fəzlullah Nəimi, İmadəddin Nəsimi və s. bu kimi elmi-fəlsəfi, bədii-estetik ocaqları, pirləri, irfan sahibləri keçir...
 

Onun poetik üslubunda metaforikləşmiş dərin məna yarada bilmə funksiyası hər məqamda özünü göstərir. Poetik üslubun assosiativ təzadlar silsiləsi bu adlar silsiləsinin tarixi mahiyyətinin duyumuna, dərkinə xidmət edir.
 

Əlirza Xələfli ümumi epik təsvirdən aralanaraq öz hiss və həyəcanlarını ifadə edir, müxtəlif yönlərdə mühakimələr yürüdür, həyat, insan, cəmiyyət haqqında düşüncələrini ifadə edir, burada bülbül nəğməli lirizm hərtərəfli  görünür. Bədii mətnin, parçanın məna tutumu çox yüksəkdir. Bir qoşa misrada – məsnəvidə obraza elə səmimi, duyğulu yanaşa bilir ki, kiçik mətndə, az sözlə bütöv bir obrazı, xarakteri təqdim edir.
 

Bu məna tutumu barədə müxtəlif mülahizələr də söyləmək olar. Amma şair sözdə ciddidir, sözü havayı yerə işlətmir. Bu mənada Əlirzanın ədəbi - fəlsəfi mühakimələri (mühakimələrində mübahisəli məqamlar da az deyil) ciddi marağa səbəb olmaya bilmir...
 

Əlirzanın yaradıcılığını həmişə müntəzəm izləmişəm, xüsusən də, poeziya yaradıcılığını... Xoşum gələni də olub,  gəlməyəni də... Firkrimi də, onunla səmimi bölüşmüşəm və bir-birimizi də anlaqlı, hörmətlə başa düşmüşük...  Onun, ümumən yaradıcılığının mühüm bir cəhəti həmişə məni məmnun edib – Əli Rzanın qələminə məxsus lap kiçik yazıda belə, xüsusən də, poeziyasında bəşərə, mühitə, ətrafına böyük məhəbbətin, etibarın, etimadın, həssaslığın təcəssümünü görmüşəm...
 

İndi, lap isti-isti onun oxuculara təqdim etdiyi “Bir bülbülün türküsü..." lirik-emosional, fəlsəfi poetik-ricət poemasının üstünə gələk... Poemanı oxudum... Bir də təkrar oxudum... Bəlkə də, oxumadım, bir bulaq suyu təkin başıma (sinəmə) çəkdim... Bu poema ədəbi quraqlıq dövründə, sözə təşnə vaxtımızda mənə yanğımı söndürəcək Xatın bulağının bir ovuc buz  suyunu xatırlatdı. Gördüm ki, qədim-qayım kişilərdə olan bir düşüncə dərinliyi var Əlirzada, amma yeniliklərlə, gənclik enerjisi ilə yoğrulmuş, cilalanmış poetik düşüncə tərzi... Və bu qənaətə gəldim ki, hissilərimi, duyğularımı əzizlərimlə -- oxucularımla bölüşüm...
 

Şairin “Bir bülbülün türküsü...” dörd hissədən ibarət poeması gənc şərqşünas, şərq fəlsəfəsinin aşiqi, istedadlı tədqiqatşı olmuş, lakin vaxtsız-vədəsiz fələyin “qara küləyi”nin güdazına getmiş, Səlyan – Muğan bölgəsinin yetirməsi olan, Azərbaycan ədəbiyyatına, elminə ləyaqətli insanlar bəxş etmiş bir irfan ocağının nümayəndəsi Əbil Əbilovun  xatirəsinə həsr edilmişdir. Müəllif əsərinin janrını  “düşüncələr poeması” təkin müəyyənləşdiribdir və əslində, bu poema gənc şərqşünas Əbilin obrazı fonunda bütün klassik Şərq – Azərbaycan fəlsəfəsinə, özündə Qərb-Şərq fəlsəfəsi ənənələrini birləşdirən müasir Azərbaycan fəlsəfi fikir şüləyinə, həmçinin Müğan bölgəsinin fikir nəhrinə bir poetik baxışdır, Əlirzanın lirik-fəlsəfi düşüncələr şüləyidir... Nəğmədir, şərqidir, türküdür, elegiyadır...
 

Diqqət yetirdinizmi, mən nəğmə və türkü  ifadələrini yanaşı işlətdim... Əlirza isə poemasını “Bir Bülbülün türküsü...” adlandırır və bu ifadə ilə həm əsərinə bir klassik fon verir, həm də, “türkü” sözü ilə türk qövmünün genoloji kodunu ortaya gətirir, nəğmə deyil, türküdür!! Burada iki söz arasında icə, kövrək və gerçəyi əks etdirmiş olan poetik-fikri təzad, sirli bir ovqat yaradır... Belə ki, Əlirza bu “türkü”, özü də “bülbülün türküsü”  duyğusunu öz bədii yaradıcılıq müstəvisində “Türkün türküsü” təkin poetik ucalığa yüksəltməyi  bacarır...
 

Qaramıx kollarına əsirdir güllər axı,
Qalınca bir tikana sinəni toxu, bülbül...
Yarımadın yazından güllər də soldu getdi,
Gözlərin tutulsa da, ətrini qoxu, bülbül...
 

Qönçələri don vurur, gülləri sazaq bükür,
Göylərin gözü dolur dərdli yağışlar tökür,
Böyük çölün üstünə kədər buludu çökür,
Gəl dağıt buludları, bir həzin oxu, bülbül...
 

Dağlardan yenib düzə, dumanlar tül əvəzi,
Sözümün qəm yağışı, küllüyə kül əvəzi,
Muğan Tanrı bağıdır, yovuşanı gül əvəzi,
Bu bəyazlıq üstündə dərdini toxu, bülbül!
 

Poemanı oxuduqca mənə elə gəldi ki, şair “bülbül” obrazı ilə şair “mən”ini və gənc filosof Əbili birləşdirərək uzaq keçmişlərdən günümüzə yol tutub gələn fəlsəfi söz bağçalarının, asma Babil bağlarının bülbülləridir...  Bu lirik türküdə sanki Azərbaycan fikir gülüstanında  “şah budağa” qonaraq xalqımızın ən qədim və zəngin hikmət qönçələrindən ilaham alaraq poetik fikir düşüncəsinin türküsünü ötürlər...
 

Bu bağ sənin bağındır,
Türkünü oxu, bülbül...
Çək döşünə bəxtini,
Var azı, çoxu bülbül...
 

...Səsin qəlbinə varar,
Ruhu tufan qoparar,
Xələflini aparar,
Əbədi yuxu, bülbül...
 

 Müəllif klassik bülbül obrazına yeni məzmun, yeni məna verə bilib, onu poemanın mərkəzi obrazına çevirərək, sanki Bülbülü insaniləşdirib. Bu mərkəzi Bülbül obrazında – bir tərəfdən müəllif obrazı, digər tərəfdən poemanın qəhrəmanı, təxəyyülün deyil, həyatın yaratdığı, müasirimiz olan, yaçcan gənc, fikrən “qoca” fiosof Əbil obrazında birləşir...


Əbil kimdir və necə olur ki, o belə bir mükəmməl poemanın qəhrəmanına çevrilir?
 


Qısa tanıtım:
Əbilov Əbil Etibar oğlu 1985-ci il iyunun 5-də Neftçala şəhərində dünyaya gəlib. 2003-cü ildə Neftçala şəhər 1 saylı orta məktəbi tamamlayıb. 2003-cü ildə daxil olduğu Bakı Dövlət Universitetinin İlhaiyyat fakültəsini 2008-ci ildə bitirib. Bəyazid Bistami, Mənsur Həllac, İmam Qazali, Muhyiddin Arabi, Mövlana Cəlaləddin Rumi, Əzizüddin Nəsəfi, Nəimi, İmadəddin Nəsimi, İbrahim Həqqi... yaradıcılığında təsəvvüf məqamlarını araşdırıb, “Təsəvvüf ədəbiyyatında insani-kamil” mövzusunda elmi əsər yazıb. 2004-cü ildən məqalə və araşdırmaları mətbuatda dərc olunub. 2005-ci ildə “Çöl mədəniyyəti kitabı”  Mərmərə və Yaxın Doğu Universitetlərinin İlahiyyat fakültəsindən Doç. Dr. Hasan Ciritin Ön sözüylə Bakıda nəşr olunub. Emine Taşgetirenin “Çocuklar için amentü” (İnanç esasları) kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırıb. 2006-cı il martın 3-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Asiya Müsəlmanları və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Qloballaşmanın çağırışları və müsəlman gəncliyi: Mötədillik yolu” mövzusunda keçirilən seminarda, 21 aprel 2007-də Peyğəmbər əfəndimizin doğumunun 1436 ildönümü münasibəti ilə Türkiyə Səfirliyi Bakı Böyük elçiliyinin keçirdiyi konfransda, 2009-cu ilin 14-16 dekabrında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə keçirdiyi II Beynəlxalq Nəsimi Elmi Konfransında və s. iştirak edib. Bakı Dövlət Universitetində İlahiyyat fakültəsinin “İrfan” və “Bəsirət işığında” qəzetlərini nəşr edib. 2008-2009-cu illərdə hərbi xidmətdə olub. 2009-cu ilin iyulundan 2010-cu ilin iyulun 28-nə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. 26 yaşında cavan ömrü yarımçıq qalıb, ruhu səmalara qovuşubdur...

   
Turan sevdalı bu gənc alimin – filosofun, Əbilov Əbilin mənsub olduğu ocaq, sözün həqiqi mənasında, böyük sənət ocağıdır. Bu ocağın sahibi, irfan ocağının baş ocaqçısı  babası İmamverdi Əbilov kimi ədəbiyyat şöhrətli, ədəbiyyat hamisi bir zəka sahibi olubdur... Digəri isə ədəbi cameədə məskunlaşmış, şöhrət sahibi, söz sahibi əmisi Azər Turan da, söz xridarı atası Etbar da var!! Şair bu irfan ünvanını belə təqdim eləyir:
 

Bir məbəd tanıyırdım, yolu, izi sadəydi,
Bu müdriklik məbədi İmamverdi Dədəydi...
 

Sözündə, sənətində ustadlıq yolu vardı,
Nəhəng fikir nəhriydi, şaxəli qolu vardı...
 

Bir gözü Azər Turan, bir gözü Etibardı,
Bu gözlərdən dünyaya Dədə gözü baxardı.
 

İmamverdi Dədədən yadigar inci qaldı,
Azər Turan qəlblərdə əbədi məsgən saldı.
 

Əbədi bir işıq da qəm evində nurlanar,
Bir Turan sevdasında alovlanar, qorlanar...
 

O sevda türküsünün nəğmələri dillənər,
Baş qoyduğu torpağın zərrələri güllənər...
 

İmamverdi Dədənin cənnətdəki bağında,
Əbil də söz bülbülü... Ötər öz budağında.
 

Poemada qədim tarixdən üzü bəri bu günümüzün də insanları olan silsilə obrazlarla rastlaşırıq... Amma bütün tarixi istinadlar, fəlsəfi ümumiləşdirmələr, obrazlı ifadələr bir ədəbi məqsədə xidmət edir...   Bu əsərlərin qəhrəmanları nə qədər qədim, nə qədər tarixi olsalar da, onlar mahiyyət və məzmunca real, yaşayan insanlar kimi təqdim edilir, elə bil, müasirimizdir və mənəvi xaraktercə bu günümüzün insanları ilə birləşirlər... Fərqi yoxdur, alimdir, döyüşçüdür, həkimdir, fəhlədir, amma bu günün adamıdır...
 

Poemada bir Çinar baba obrazı da var. Bu əzəmətli Çinar (“Dədə Çinar” Cəbrayıl qəsəbəsinin girəcəyində idi və bütün bir elin – Cəbrayılın simvoluna çevrilmişdi. Əlirza “Dədə”, “müdriklik məbədi”, “fikir nəhri” adlandırdığı yazıçı-publisist, ədəbiyyat ağsaqqalı  İmamverdi Əbilovu həm də, bu Dədə Çinara bənzədir və ona  “Pöhrəsidir ruhundan köklü Çinar babanın” -  deyə, xitab edir ki, bunu da təsadüfi hesab etmirəm... Çünki Çinar Əlirzanın təxəyyülündə bütöv bir elin, bölgənin obrazıdır, ona doğmadır, müqəddəsdir... Heç də təsadüfi deyildir ki, Əlirza Xələfli əvvəllər “Çinar hekayəsi” adlı xatirə-poemasını da yazmışdır:


... Mənim ürəyimdə Xan Çinar adlı,
Hələ yazılmayan bir kitab yatar.
Ömrün dan üzündən yol gələn atlı
Gün kimi doğular, ay kimi batar.
 

Əslində, “Bir bülbülün türküsü” poeması ömrü yarımçıq qalmış zəka sahibi olan  bir gənc  alimin tale faciəsinə həsr olunmuş poema-elegiyadır, hüzündür, qəmdir, kədərdir, lirik-dramatik faciədir... Mojor tondadır, amma qəribədir ki, minor ruhdadır... Başucalığı gətirəcək bir ömürə həzin baxışdır... Əlirzanın sahib çıxdığı söz mülkünün yüksək ucalıq mərtəbəsindəki  bir hücrəsidir...
 

Əlirza Xələfli “Bir bülbülün türküsü” düşüncələr poemasını  təsadüfən yazmamışdır. Onun bu qəbildən olan – həyatdan aldığı real şəxsiyyətlərə həsr edilmiş, deyərdim ki, silsilə poemaları var. Bu cəhətdən də, o, sanki Səməd Vurğun ənənəsini yaşadır (poemanın ikinci hissəsində Səməd Vurğunun “Muğan” poemasının xatırlanması da, təsadüfi deyil),  real həyatdan aldığı, müasirimiz olan, bir az da diqqətdən kənarda qalan (amma əsla qalmamalı) şəxsləri (Səməd Vurğunda - Sarvan, Maya, Bəsdi və s. kimi) poema qəhrəmanları edir... Bu cəhətinə görə, onun bu qəbildən olan poemalarını janr kimi “lirik poema oçerk”lər təkin təsnif edərdim...
 

Bu poemanı yazana qədər müəllif daxilən uzun bir hazırlıq mərhələsi keçib, mövzunu, necə deyərlər, içində qaynadıb, bişirib... Əldə olan fakta görə bu proses 2010-cu ildən başlayıb...  Gənc filosof Əbilin vaxtsız dünyadan qopması onun babası İmamverdi müəllimi elə sarsıdıb ki, dostu Əlirza Xələfli ilə dərdini bölüşüb, ona 26. ХII. 2010-cu ildə kövrək, nisggilli məktub yazıbdır. Bu məktubun nisgilli bir məqamı “Bir bülbülün türküsü” poemasının bütün ovqatına hopübdür: “Bizi ağlar gözlə taleyin ümidinə qoyub 26 yaşında bu keşməkeşli, acıqlı-mərhəmətli dünya ilə vidalaşan nəvəm Əbilin soyumaz nisgilindəyəm. Atası Etibarın, anası Tənzilənin sonsuz kədərinə el-oba, Muğan, Şirvan... şərik oldu... Təsəlli ötəri təskinlik gətirdi, Əbili yox! ...Onun millətə-dünyya əmanət qoyduğu yazılarını gözdən keçirəndə bir daha yəqin etdim ki, təkcə nəslimiz yox, Azərbaycan ziyalılığı necə böyük düşüncə nümayəndəsini torpağa tapşırıb”.

   
Bu itgi Çinar vüqarlı Çinar Baba İmamverdi müəllimin Neftçaladakı qonaqlı-qaralı, şeirli-şövkətli yazıçılar, şairlər evini qəmlər evinə döndərir, şair Xələflini  “qəmxar” edir:
 

...Qəmlərinin evində başa çəksən simsarı,
Ürəyi tel-tel olar, ağlar qışı, baharı,
Özünə həmdəm bilsən bu Xələfli qəmxarı,
Qurbanlar sənə deyər hər varı, yoxu, bülbül. 


Bu sətirlər isə Əlirza Xələflinin İmamverdi müəllimə məktubundandır:  “Azərbaycan xalqının böyük çinar əzəmətl ilə bənzərini tapan müdrikləri, ağsaqqalları çox olub. Əgər belə demək mümkünsə, gözdən-könüldən iraq bir əyaləti xalqın mənəviyyat paytaxtına çevirmək hər kəsə nəsib olmayıb.  ...Deməliyəm ki, Sizin yaratdığınız aura, əslində, Şeyx Nizami mənəvi aurasının varisliyidir. Bu, bir tarixi ənənədir. Azərbaycan müdriki, böyük insanlar harada yaşayıblarsa, yaşadıqları yerin torpağını tutiyaya çeviriblər. Bunu Əhməd Yəsəvi üçün də, Cəlaləddin Rumi üçün də, Mövlanə Füzuli üçün də, Mir Həmzə Seyid Nigari üçün də demək olar. Və bizim bir xoşbəxtçiliyimiz də var ki, belə bir tarixi gerçəkliyi tarixi şəxsiyyətə bəxş elədiyi möcüzəli aləmi öz zəmanəmizdə də gördük. Bəli, tarix bizi bu nadir, mənəvi görüntüdən Sizin simanızda ayırmadı.”

 
Burada yaş fərqinə baxmayraq istedadlı və ədəbi mühitdə lazımı səviyyədə tanınan böyük hərfli iki ziyalının heç də, həmişə müşaiyyət etmədiyimiz, az qala həsrətində olduğumuz bir-birinə qarşı yüksək əxlaqi-etik münasibəti özünü göstərir. Bu cəhət sonradan Əlirza Xələflinin poemasında bədii formatda əksini tapır:
 

Muğan düzdür, hamardır, zirvəsi insanlardır,
Zirvələrin zirvəsi Dədə bir ixtiyardır...
 

Əbədiyyət bağında saray qurub, taxt qurub,
Könüllərdə yaşarı tale qurub, baxt qurub...
 

“İlahi, bu necə qismət, necə taledir?!  Yaratdığına beş əllə verdiyini bütövlükdə birdən-birə qoparıb aparırsan. İtginin nə demək olduğunu dərk eləyəndə adam az qalır ki, havalansın. Axı söhbət milli sərvətdən gedir... Azərbaycanın mənəvi simasında ayrıca bir planet ola biləcək zəkanın itgisndən gedir...” – məktubun bu frazasında isə dərdkeşlik, dərdə şəriklik və gələcəkdə böyük fikir ulduzuna çevriləcək gənc zəkanın itgisinin yanğısı öz əksini tapır... Əlirza sanki, öz əzizini itirib... Bax, budur humanist ziyalı əxlaqı, ziyalı həmkarlığı, ziyalı dərdkeşliyi!! Bu dərdkeşlik hissi Əlirzanın qəlbində qövr edir, soyumur və “Yarımçıq ömürə elegiya” essesinə çevrilir...
 

Bu essedə Əbilovlar ocağının, İmamverdi Əbilov ədəbiyyat məbədinin sirləri çözələnir, özü də necə çözələnir, lap, Afroditanın qızıl yumağı təkin... Esse belə başlayır: “Əbil Əbilov – daha dəqiqi Əbil Etibar oğlu – bir az da dəqiqi Əbil İmamverdi nəvəsi... O kişinin nəvəsi olmaqdan gedir ki, onun ətrafında bütöv bir mənəvi qalaktika yaranıb. Bu qalaktikada hərəkət edən planetlər öz işığı, gücü ilə əslində, başqa qalaktikalara işıq vermək, güc vermək iqtidarındadır. Məsələn, Neftçalada İmamverdi Əbilovun siferasında, onun akvatoriyasında Azərbaycanın ən qüdrətli sənətkarları görünüb. Əslinə qalsa, Azərbaycanın bu ən görkəmli sənətkarları bu diyarda, bu ətrafda onun böyüklüyünü təsdiq etmək naminə görünüblər...”

  
Sonra müəllif bizi, bu ocağın yetirməsi olan Azər Turanla, istedadda, fəhmdə heç də, ondan geri qalmayan qardaşı, yazıçı-publisist Etibar Əbilovla, Etibarın oğlu Əbillə yaxından tanış edir... Bu ocaqdakı şəxslərin hamısı Allahdan gələn bir istedad işığına bələnibdirlər... Bu ailə ocağı əyalətdə - Neftçalada olsa da, öz fəaliyyət siferasına görə milli ziyalı elitanın dəyərlərindəndirlər...

 
Essedə bir “külək” obrazı var, əcəl küləyi... El arasında belə bir qarğış da var: “Səni görüm qara yel aparsın!” Bu obraz poemaya da yansıyır:
 

...Göy gurladı, sel gəldi mənim könül bağıma,
Yarpaqlar pərən-pərən, budaqlar sınıq-sınıq.
 

Yel əsdi, çöl üstümdən, gün döydü hər yanıma,
Torpağım cadar-cadar, yovşanım yanıq-yanıq.
 

...Ürklər duyğunu dilə çatdırar,
Aya olmasa da, ilə şatdırar,
Bilirəm, səsimi elə çatdırar,
Ruhumdan çağlayan bir külək də var...
 

Ruhda çağlayan bu külək yaradıçılıq sehridir... Yaradıcılıq sirri-üllahdır!! Yaradıcılıq psixologiyasının elə açılmamış sirləri var ki, bu sirlərin qarşısında “heyrət, ey büt”ün özü heyrətə düşür...


Müəllif lirik ricətlərlə geniş tarixi ekskurslar edir, olanları, olmuşları canlandırır, sosial əminlik hissi yaradır...  Tarixə, keçmişə bu poetik ekskurslar mövcud olan bütün baxış və nəzəriyyələrin müəllifləri ilə əsrlərin üzərindən "dialoq məkanını yaratmaq", deyilənləri təkrar etməmək, yalnız, yeni və fərqli fikir söyləməklə onu daha da zənginləşdirmək üçün əvəzsiz vasitədir. Tarixə, keçmişə bu poetik ekskurslar mövcud olan bütün baxış və nəzəriyyələrin müəllifləri ilə əsrlərin üzərindən "dialoq məkanını yaratmaq", deyilənləri təkrar etməmək, yalnız, yeni və fərqli fikir söyləməklə onu daha da zənginləşdirmək üçün əvəzsiz vasitədir...

 
Əlirzada poetik məntiq, novator yanaşma üsulu da, daxil olmaqla, demək olar ki, pozulmur... Onun "yaradıcı potensialı" az qala,  fenomenal tükənməzliyə yönəlikdir...

  
Onun poetik yaradıcılığına xas olan bir xüsusiyyyət də, ondan ibarətdir ki, istənilən problemə birtərəfli deyil, bütövlükdə yanaşılması, həm dini, həm dünyəvi, həm mistik, həm də real və praktik vəhdətdə götürülməsi onun orijinal olmaqla yanaşı, ən doğru mövqelərdə durduğunu sübut edir...  Bu poemada bədii-psixoloji xronotopun qorunması da maraq doğurur. Hadisələr bu xronotop axarında təqdim edilir...

 
Əlirza Xələfli gerçək həyatdan aldığı və çoxlarının tanıdığı gerçək şəxsiyyətləri əsərinin qəhrəmanına çevirərkən obrazın görünən tərəfi ilə bahəm, görünməyən tərəflərini (hətta doğmalarının görmədiyi tərəflərini)  görməyi, aşkarlamağı və göstərməyi bacarır... Görmək başqadır, gördüyünü bütün kamilliyi, çalarları ilə göstərmək başqadır...

   
Çoxları görür, amma göstərməyi baçarmır və yaxud dəyərincə göstərməyi bacarmır... Əlirzaya Allah elə bir təpər verib ki, görməyi də, göstərməyi də bacarır!! O, müşahidə elədiyi həyat hadisələrini ustalıqla və yetərincə bədii şəkildə, şair fəhmi –  intuitiv – bəsirət gözü ilə mənalandırdığından təsirli və sirayətedici keyfiyyət qazanır. Və beləliklə də, şox şairə müyəssər olmayan ədəbi hadisə baş verir – lirik qəhrəmanla real həyati qəhrəmanlar qovuşur, pərçimlənmir, harmonikcəsinə bir araya gəlir...   

  
Poemanın məsnəvi qoşa beytlərində Xəlil Rza Ulutürkün, Namiq Haçı Heydərlinin, Ərmuğanın, Habil Əsədin, Soltan Abbasın, Həbib Həbiboğlunun, Əlövsətin, Sabir Rüstəmxanlının dostu Ələkbərin, Cahangir müəllimin, Zabil Pərvizin adları keçir... Yox, yanlışlığa yol verdim, bu insanların Muğanda – Neftçala bölgəsində mövqeləri, şəxsiyyətləri, İmmverdi ocağının işığının pərvanələri kimi obrazları  canlandırılır... Məsələn:
 

Gündoğanda işıqlı simaların sayı çox,
Sayı çox olanların ziysının payı çox.
 

Ustad Soltan Abbasın ömür yolu dastandır,
Yazdığı, yaratdığı “Bustan”dır, “Gülüstan”dır.
 

Həbib Həbiboğlunun hər sözü bir nəfəsdir,
İlhamına yol açan sonsuz istək, həvəsdir...
 

Aforizm səviyyəsində olan  bu qoşa beyitlərdə adı çəkilən adamların – obrazların bir kitablıq xarakteri mətnin alt qatından boy çəkir.  Soltan Abbas yaradıcılıq siqləti ilə Sədi Şiraziyə, Həbib Həbiboğlu “hər sözü nəfəs” olan İsa Məsihə qiyas edilir və fəhmikar oxucunun nəzərlərində bütün parametrləri ilə canlanır... Əbil belə bir məkanda, belə bir mühitdə nəşvü-nüma tapıbdır:
 

Gündoğan bir çəməndir, burda güllər açılmış,
Dilə gəlib bülbüllər, susqun dillər açılmış...
 

Əbil də bu çəmənin əbədi solmaz gülü.
Bir sevda türküsünün əbədi solmaz gülü...
 

Bu qoşa beytlər hərəsi bir fəlsəfi postulatı xatırladır və deyim ki, gəlişigözəl ifadələr deyil, obrazıın xarakterinə uyğun məna və mahiyyətə, qoyulan problemə, məzmuna tamamilə uyar, Əlirza Xələfli poeziyasının kod açarına çevrilən aforizm gücündə olan qoşa misralardır...


Əlirza Xələflinin poetik təhlilləri zərif, şərhləri mənalı, izahları inandırıcıdır. O, təqdim etdiyi obrazların mahiyyətindən əxz etdiyi elə məqamlara toxunur ki, bu yığcamlıqda onların, az qala, bütöv portreti, bu portretin xarakterik mahiyyəti üzə çıxır...

  
Qeyd etdiyim kimi, Əlirzanın “Bir bülbülün türküsü...” poeması  klassik məsnəvi janrının müasirlik ladındadır... Əlirza klassik, orta əsrlər məsnəvi janrına yeni, təzə-tər nəfəs verdi...  Onda metaforik düşüncə silsiləsi var, amma bundan süi-istifadə etmir. Daxilən klassik məsnəvi estetikasına müxalifətdə, polemikada yeni məsnəvi estetikası calarları impuls edir, şüalanır, klassik, ənənəvi məsnəvi janrında yeni məzmunlu poetik mətn yaranır... Burada süni interpretasiya yoxdur, interpretavlik var... Məsnəvi intonasiyasında fərqli poetik not – səslənmə yaranır... Rəssamlıq anlayışı ilə desək, onun söz palitrasında qövsi-qüzehlik çalarları işım-işım işıldayır... Bu cəhətinə görə Əlirzanın poetik yaradıcılığında və eləcə də, bu poemasında mətnin assosiativlik qatı güclüdür və poetk mətnin görünən, oxunan tərəfi ilə yanaşı, oxucunun fəhminə yönəlik mətnaltı oxunmalı, duyulmalı poetik lay da mövcüddur... Bu layda zaman və məkan sərhədləri pozulur, oxucu kosmik çəkisizlikdə olduğu təkin laməkan və lazaman hiss, emosiya, düşüncə “fəzasında” sərbəstləşir, müxtəlif məkan və zamanların ortağına çevrilir:
 

Gündoğanda duyğulu ömürlər yaşanırdı,
Yarımçıq ömürlərdə, ruhlarda daşınırdı.
 

Keçir Asəf Zeynallı... Bülbül “Ölkəm” oxuyur,
Bu yaralı nəğməkar taleyini toxuyur.
 

Ərtoğrul Cavid gəlir, taleyi nur içində,
Böyük Turan ruhunu yaşadır qor içində.
 

Böyük Qıpçaq çölünün yovşan ətri, qoxusu,
Çin oldu Gündoğanda Murad Adcı yuxusu.


Ədilin varlığından Orxon, Yenisey axdı,
Suqovuşan üstündə gün doğdu, güney axdı.
 

Bu misal gətirdiyimiz qoşa beytlərdən də, göründüyü kimi, burada zaman və məkan sonsuzluğunda “Gündoğanda boz çölün türk ruhu çiçəklənir”, poemanın qəhrəmanı gənc filosof Əbilin şəxsində “Şərqin fikir aləmi çöl üstünə köçür”, Əbilin gənc qəlbində “Sevdalı bir bülbülün nəğməsi dillənir”, vaxt axarı boyunca “Nizamidən bu yana ruhları salamlayır”, zaman-məkan yerini dəyişir, Səməd Vurğun, Məmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Anar, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu “dəyişən zamanların qovuşan çağında” sənət yallısında qol-qola gəlir, “sözə məcnun” Əbilin varlığında zühur edirlər:
 

“Dəyişən zamanların qovuşan çağıdır bu,
Şahdağa boy göstərən Savalan dağıdır bu.” 

 

Və bu fikir nəhrinin coğrafiyasında o taylı, bu taylı, Şah dağlı, Savalanlı Bütöv Azərbaycan, Bütöv Turan boy göstərir...  Bu Vətən sevgisi deyil, ilahi sevdadır... Bu poemada “dəhşətli”  əzəmətli, böyük - bütöv Turan sevdası var, sevgidən ötə sevda... Bu poema Türkün bütün varlığının, fikir nəhənglərinin  ruhunun söz sandığıdı, fikir boxçasıdır, tarixdən bu günə Türk ruhuna lirik-fəlsəfi ekskursdur...


Mənə elə gəlir ki, bu poemanı Əlirza yazmayıb, Əlirzanın könlünə çökən, hopan Türk ruhu yazıb...  Əlirzanın köksünü – sinəsini yarıb onu yuyub, sonra ora Bütün Türk ruhunu doldurublar və indi o ruh Bülbülə dönüb poetik sözün şahbudağında türkün tüküsünü ötür...

  
“Bir bülbülün türküsü” poemasının  sonuncu – IV hissəsində əsərin qəhrəmanı – türklük fikir axınının bu güngü gürşadı gənc filosof  Əbilin, müəllif Əlirzanın və Türk dünyasının obrazları birləşir, qovuşur, Orxon, Yenisey, İtil, Amur, Aral nəhrlərinin axarlarında coşub-daşır... Altaydan üzü bəri Qaraqorum səhrasından cövlan edib Qərbə qədər kəhər üstündə şimşək kimi çaxan, qartal təkin şığıyan Atillanın izinə düşür, Yəsəvilərin fikir ocağında qızına-qızına böyük türkün köçündə  Alp Ər Tonqaya, Ərtoğrul Qaziyə dönür, “Öz külündən dirilən Türk ruhunun Simurqu olur, “sevda türküsü” oxyur:
 

...Dağılır fikirlərin boz-bulanıq bürküsü,
Dil-dil ötür, oxyur Əbil sevda türküsü.
 

Əbilin timsalında istedad parlayırdı,
Sanasan göy üzündən Ay nurunu yayırdı.
 

Onun Turan sevgisi Böyük Çöldən keçmişdi,
Ulu türkə sevdanı Buta yolu seçmişdi...
 

Əbil türkün varını yığmışdı gözlərinə,
Varlığından keçirib düzürdü sözlərinə...
 

Başqa bir rakursdan baxsaq, “Bir bülbülün türküsü...” poeması istedadı ulduz təkin parlayıb, gecənin qaranlığında səmada uçub yox olan istedadlı-filosof bir gəncin – Etibar Əbilovun oğlu, Azər Turanın qardaşı balası, İmamverdi Əbilovun nəvəsi Əbil Əbilovun poetik ömür kitabıdır:
 

Hər kəsin ömür yolu kitabından başlayır,
Gücündən, qüdrətindən, öz təbindən başlayır.
 

Türkün sevda türküsü sənin Çöl kitabındır.
Tarixə işıq salan dönməz yol kitabıdır...
 

Sənin Əbil adında türkün sözü göründü,
Yazında, kitabında türkün özü göründü.
 

...Əbilin könül evi Yəsəvi ocağıdır,
Ruhu türkü çağıran bir sevda qucağıdır.
 

Əlirza ”Bir bülbülün türküsü” poemasında (diqqət edin – “Bülbülün türküsü” yox, “Bir bülbülün türküsü”) “ruhu türkü çağıran, elmində bülbül təkin ötən bir şərqşünas-filosof gəncin yarımçıq ömrünə elegiya yazsa da, bu poemada çöküş ruhu, pessimizm, pasifist ovqat yoxdur:
 

...Yol çəkirəm Qarabağdan Gündoğana sözümlə,
Neçə ocaq yerindən od götürdüm sözümlə.
 

Mən Əbili görürəm dənizin üfüqündə,
Onunla görüşürəm səhərin şəfəqində...
 

Əlirzanın “Bir bülbülün türküsü...” poeması istər mövzu və problematika, istər həcm, istər ədəbi növ, janr, istərsə də bədii sənətkarlıq baxımından fərqlənir. Klassik gəraylı və ya müxəmməs-qoşma ilə açılan hər hissə, yenə də klassik məsnəvi formatında davam etdirilir və hər qoşa misrada – məsnəvidə bütöv bir obraz canlandırlır və ya təqdim edilir.

   
Qədim məsnəvi üslubu estetikasından yaradıcılıqla faydalanan müəllif, təzadlı obrazların harmoniyasının təsirliliyinə müasirlik ruhu qatmaqla, motivlərin funksionallığını  oxucuya çatdıra bilmişdir. Əlavə edək ki, onun hər bir kompozisiyasında fərqli rakursları bir araya gətirməklə, onların bütövlüyünə nail olması da klassik ənənəyə özünəməxsus münasibətinin nəticəsidir. Odur ki, belə əsərlər zamansızlığa qovuşmuş kimi ən ciddi və möhtəşəm söz sənəti ekspozisiyalarında oxucu diqqətini cəlb etməkdədir...
 

...Zaman-zaman türkümü eşidib də izləyən,
Sözümdən ocaq çatıb ürəyimi közləyən,
Bilənsən, bilməyənsən, ey yolumu gözləyən,
Sözümdə işığı gör, qanan güllər içində...
 

İşıq adamı kor da edir, işıq adamı aydınlıqlara da çıxarır. Sönməyən işığın haləsində olanlar bir-birini aydın görə bilir. Əli Rza bu poeması ilə əbədiyyətə - qaranlıqlara qovuşan bir istedadlı gəncin ömrünə məşəl tutdu və poeziya məkanında bu ömrü  əbədi elədi...
 

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
28.06.2022.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı