Modern.az

Bəlalardan qurtulmağın yolu...

Bəlalardan qurtulmağın yolu...

Ədəbi̇yyat

5 Sentyabr 2022, 16:18

Aida Eyvazlı

Yenə də bir dəhşətin şahidi olduq. Belə bəlalardan qurtulmağın yolu təhsil sistemimizi təkmilləşdirməkdir. İndiki təhsil sistemimiz bütün milləti kar, kor edib. Bizim insanların əksəriyyəti nə məktəbdə, nə evdə kitab oxuyurlar.

 

Çox savadlı gənclərimiz, dövlət qulluğunda işləmək istəyən vətəndaşlarımız Dövlət İmtahan Komissiyasının tərtib etdiyi suallar labiritində ilişib qalırlar. Dünyanın heç bir yerində təhsil almaq istəyənlərə, dövlət qulluğunda işləmək istəyən, dayısı olmayan vətəndaşa bizdəki qədər əzab-əziyyət verilmir. İllərdir yazırıq ki, bu sualları elə tərtib edin, müdavim nə yazıldığını anlasın. Əvəzində imtahan sonunda məlum olur ki, savadlı qalıb, savadsızı keçirirlər başa. Yüksək vəzifədə, rəhbər işdə işləyən savadsızın işi ancaq yüksək maaşa qol çəkmək olur.

 

Televiziyalarda milli düşüncəyə, ruha, elmə xidmət edən verilişlər bağlanan gündən növrağımız pozulub. Bacarıqlı, sözünü deyə bilən, fikri etalon olan jurnalistlər, televizyonçular jurnalistikadan uzaqlaşdırılıb, əvəzlərinə peşəkarlığın "p"sından, jurnalistikanın "j"sından xəbəri olmayanlar gətiriləndən mənəvi dəyərlərimizi dərəyə yuvarladıq. Hansı redaksiyaya baş vurursan, hamısı "kreativlik" axtarır. Bu kreativlikdə isə heç bir millilik olmur. Qeyri-peşəkar çəkilən mafiya kinolarımız, müğənnilərin alt paltarları, yataq otaqları, ərlə-arvadın boşanması televiziya erfirlərinə ayaq açandan sonra faciələrimiz başlandı. Ailə dəyərlərinin qorunması ilə bağlı axırıncı dəfə hansı veriliş yadınızda qalıb? Olmayıb!!! Çünki belə verilişi hazırlamaq üçün televiziyada ədəbiyyatımızı, tariximizi bilənlərin, rejissorların üzünə iş yerləri bağlanıb. Bir televiziya tamaşaçı kütləsi yığa bilmirsə, onun fəaliyyəti bağlanmalıdır.

 

Kredit borcuna alınmış telefonlar, məktəbdə keçilməyən dərslər, təhsildəki boşluqlar, iş yerlərinin olmaması... bütün bunların hamısı olmayanda insanın maariflənməsi mümkün deyil.

 

O loqoped müəllimlər, qızı zorlayan oğlanlar, ucqar kənd məktəbində adı keçib, özü oxumayan qızlar, bərbəzəkili, bahalı evdə tufli ilə gəzən, dodağını, hər yerini şişirdən, plastik əməliyyat etdirənlər... pulla diplom alan həkimlər, müəllimlər, bərbərlikdən jurnalistikaya gələn zurnaçalanlar, jurnalyuqalar... Bunların hansından soruşsan ki, axırıncı dəfə hansı kitabı oxumusan, cavabları olmayacaq. Bu gün professoru da, hakimi də, müğənnisi də, müəllimi də "tiktok"da vaxt keçirirsə, demək günah hakimiyyətdə oturub, siyasətimizi düzgün yeritməyənlərdədir.

 

Ali məktəb bitirənlər diplomunu 1 aydan 4 aya qədər müddətdə alır. Hələ bu azmış kimi, diplomu alanda ən azı 1000 manat şirinlik də verirlər. Diplomu əlinə alan tələbə də gedir iş axtarmağa. Döydüyü qapılardan aldığı cavab bu olur: İş stajın yoxdur. Axı bu gəncə sən qapı açıb, iş yeri verməlisən ki, nəsə öyrənsin, staj yığsın. Konstitusiyamızda da bu qanun belə tövsif olunur.

 

Hər hansı bir işə başlamaq üçün ali məktəb bitirən vətəndaş yenidən imtahan verməli olur. Məgər özünüz də görmürsünüz ki, dövlətin verdiyi diplomu şübhə altına alırsınız!? Bəs o zaman o tələbə, aspirant bu neçə ildə nə üçün oxumuşdu? Onun zəhməti hədər getdi?

 

Dünyanın heç bir yerində iş tapmaq istəyənlərə Azərbaycanda olduğu qədər maneələr yaradılmır.
 

Ona görədir ki, cəmiyyətimizdə oturuşmuş bir adətə uyğun olaraq, iş axtaranlar kütləvi şəkildə, əvvəlcə işə düzəlmək üçün "adam" axtarırlar. Əksəriyyət insanımızı biliyinə, bacarığına, savadına görə işlə təmin etmirlər.

 

Buna görə də savadlılar çıxış yolunu vətəni tərk etməkdə görür. Savadlı bir neçə nəfər olanda da, ona mütləq savadsız, kiminsə oğlu, qızı, kürəkəni rəhbər təyin edilir. Savadlılar işləyib qəpik-quruş alır, savadsız rəhbərə isə böyük məbləğdə maaş yazılır. Belələri dövlətə xidmət etmirlər. Haqlı şikayətləri qulaqardına vururlar.

 

Kimi ki nazir, direktor, komitə sədri təyin edir, etimad göstərirlərsə, bir-iki aydan sonra dönüb olur oliqarx. Xalqın tələblərini, təyin olunduğu vəzifəni yerinə yetirmək əvəzinə, başlayır biznes qurmağa. Saxta loqoped, kosmetologiya, uşaq bağçası yaradanlar da onların hakimiyyətindən yararlanırlar. Kənddən gələn bir kəndçi şəhərdə iki kilo kartof sata bilmir, polis kəsir başının üstünü ki, küçə ticarəti qadağandır. Dünənki "Mehnur" tipli reablitasiya mərkəzləri isə lisenziyasız bir neçə yerdə ofis aça bilir. Dövlətə vergi ödəməyən, min hoqqadan çıxan elə mərkəzlər var ki, nə polis, nə vergi, nə də icra hakimiyyəti strukturlarının mənsubları onlar tərəfə gözücü da baxırlar.
 

Nə vaxtsa bizim nəsil jurnalistlərinin sözünün hökmü, çəkisi var idi. İndi nə qədər yazsan da ki, təhsilimiz axsayır, məktəblərdə dərs keçirilmir, repetitorluq təhsili şikəst edib və ya hansısa hakim rüşvət alıb, icra başçısı mafiozdur... Yazdığımıza fikir vermirlər. Ən yaxşı halda deyirlər ki, dövlətin əleyhinə gedir. Lakin günlərin bir günü həmin mafioz kiminsə marağına və biznesinə müdaxilə edir, kiminsə pulunu düzgün çatdırmır... bax ondan sonra jurnalistin bir il, beş il əvvəl yazdığı öz təsdiqini tapır.
 

Hansı nazir, icra başçısı işdən çıxırsa, bundan sonra obyektləri, maşın kolleksiyaları, sevgililəri sadalanır. Axı elə bu işdən çıxarılan haqqında yazılanda niyə başının üstünü qanunla almırdınız? Niyə imkan verirdiniz ki, bu qədər talasın? Demək bu kresloda oturanda xalqı, dövləti, milləti deyil, yalnız özünü düşünürdü...

 

Bütün bu fəlakətlərin qarşısının alınmasının yolları var:

 

- hər işi öz peşəkarına həvalə etməli;

- rəhbər vəzifəyə gətirilən şəxsin əxlaqi keyfiyyətləri yoxlanmalı. Çünki balıq başdan iylənir;

- təhsili bazardan çıxarmalı;

- hakimə, deputata verilən yüksək maaş sisteminə uyğun, həm də müəllimlərə, həkimlərə yüksək maaş verilməli;

- məktəbi kurs, texnikum bitirənlərə deyil, ali təhsil alanlara etibar etməli;

- əsl pedaqoqlara qoyulan yaş senzi aradan götürülməli. Müəllimin qocası olmur. Müəllimin şərəflisi olur;

- istər orta, istər ali məktəblərdə müəllimin hörmətini bərpa etməli;

- xarici dilləri əla bilənləri deyil, xalqın dilini bilənləri rəhbər vəzifələrə təyin etməli;

- təhsil sitemindəki müəllimlərə, direktorlara hər axşam hesabat yazdırmaq əvəzinə, tədrisin keyfiyyətini, təlim-tərbiyəni yüksəktməli;

- təhsildə olan boşluqları aradan qaldırmalı;

- Finlandiya təhsil sisteminə keçməli;

 

Cəmiyyətimizi düşdüyümüz bəladan yalnız təhsil, oxumaq, oxutmaq və iş yerləri xilas edə bilər. İnsanı zəhmət, əmək ucaldır. Fərqi yoxdur ki, harada işləyirsən, təki işini vicdanla görəsən. Əlbəttə, hamı savad, ali təhsil almaq məcburiyyətində deyil, hər kəs bacardığı işlə məşğul olmalı, bunun üçün Azərbaycan insanına şərait yaradılmalıdır.

 

İşləyib, yorulan adam heç vaxt mənasız işlərə baş qoşmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü