Modern.az

Ləyaqətli ömür yolu 

Ləyaqətli ömür yolu 

Ədəbi̇yyat

13 Sentyabr 2022, 10:52

Firuz MUSTAFA

(Yazıda yarım əsrdən çox pedaqoji fəaliyyətlə məşğul olmuş mərhum Əli Köçəri oğlu İsayev haqqında müxtəsər söhbət açılır)

 
Tez-tez müəllimlərimi xatırlayıram. Yeri gəldikcə, onlar haqqında düşüncə və xatirələrimi mətbuatda və şifahi söhbətlərdə geniş auditoriya ilə bölüşürəm.

  
 İlk müəllimlərimdən biri Əli müəllim olub, Əli Köçəri oğlu İsayev (İsalı). O, zahirən çox ciddi, zəhmli, sərt bir adam təsiri bağışlayırdı. Sinfə daxil olanda biz- ibtidai sinif şagirdləri istər-istəməz özümüzü yığışdırardıq. Orasını da deyim ki, mən solaxay olduğum üçün ilk günlər sol əllə yazırdım. Əslində mənə belə asan və rahat idi. Digər müəllimlərim kimi, Əli müəllim də bunu bir neçə dəfə mənə irad tutmuşdu. Amma mən sağ ələ “keçməyi”, sol əllə qələm tutmağı bacarmırdım. Yadımdadır, bir dəfə Əli müəllim əlindəki ağac əsanın ucu ilə yüngülcə dirsəyimə vurub dedi:

   
- Sol əllə yazanların xətti yaxşı olmur... Sağ əllə yazsan, daha səliqəli xəttin olacaq. Sağ ələ keç...

  
Mən müəllimin deyilənə əməl etməli oldum.

  
 Bəli, həyatın isti-soyuğunu görmüş Əli müəllim, zahirən sərt adam təsiri bağışlayırdı. Amma sonralar, müəyyən zaman keçəndən sonra mən bu qaş-qabaqlı, zəhmli müəllimimizin və qohumumuzun  necə həssas və kövrək ürəyə malik olduğunun şahidi oldum. Bir çox istəkli və doğma insanların faciəli anlarında, o cümlədən,  həmkarı və  yaxın qohumu olan atam  Qədimalı Mustafayevin vəfatı zamanı Əli Köçəri oğlunun təsirlənib uşaq kimi necə göz yaşı tökdüyünün, çoxları kimi  mən özüm də şahidi olmuşam.

  
Əli Köçəri oğlu 1908-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olub. Atası Kərbalayi Köçəri öz dövrünün mütərəqqi, elmə rəğbət bəsləyən adamı olub. Bu mənada Əli müəllim əsl maarifçi idi. O, öz işini, öz sənətini ürəkdən sevən insan idi. İlk illər kiçik Əlinin elmə həvəs göstərməsində atasının və əmisi Məşədi Mehralının mühüm rolu olmuşdur.  Elə bu qaygı və içəridən gələn həvəsin sayəsində gənc,  dünyəvi təhsil almağı qərara alır. Qazax pedaqoji seminariyası o zamanlar özünün şöhrətli vaxtını yaşayırdı. Bu məşhur məktəb vaxtilə Qori müəllimlər seminariyasının bazası əsasında yaranmışdı. Belə ki, 1918-ci ildə Qazaxa köçürülən təhsil ocağının həmin il noyabr ayının 10-da, Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə  təntənəli açılışı olmuşdu. Seminariyanın müdiri məşhur maarifçi Firudin bəy Köçərli idi. Pedaqoqlar isə vaxtilə Qori Müəllimlər Seminariyasının məzunları olmuş  Əli Hüseynov, Əhməd ağa Mustafayev, Yusif Qasımov, İsfəndiyar Vəkilov, Məiş Hüseynov kimi gənc və ortayaşlı zayalılar idi. Xatırlatmağı vacib bilirik ki, 1920-ci ildə Firudin bəy Köçərli xalqımızın düşmənləri tərəfindən qətlə yetiriləndən sonra seminariyaya bir müddət, daha dəqiq desək iki il müddətində pedaqoq  Əhməd ağa Mustafayev, bundan sonra isə məşhur ədibimiz, Xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov müdirlik edirdi. Məktəbdə yüksək nizam-intizam hökm sürürüdü. Bir haşiyə çıxaraq qeyd etməyi vacib bilirəm ki, Əli Hüseynov şagirdlərin hər bir çıltaqlığına güzəşt etsə də onların siqaret çəkməsinə qarşı dözümsüz, daha doğrusu “amansız” idi.

  
Burada bir haşiyə çıxmaq istəyirəm. Yadımdadır, bizim yaxın qohum, anamın əmisi oğlu, Gədəbəy maarifinin təşkil və inkişafında mühüm rol oynamış, haqqinda söhbət gedən seminariyada oxumuş  Əli  Rəsulov  bir dəfə çox  maraqlı əhvalat danışırdı: “Bizimlə eyni dövrdə gələcəyin tanınmış simaları Səməd Vurğun, Osman Sarıvəlli, Mehdixan Vəkilov təhsil alırdı. Mən Əli Hüseynovun oğlu Mehdi ilə bir qrupda oxuyurdum. Mehdi əlaçı, səlqəli, ədəbli bir tələbə idi. Amma xəlvətə düşəndə siqaret çəkirdi. O vaxt Seminariyanın dəhlizindəki lövhəyə iri hərflərlə, ərəb əlifbası ilə yazılmışdı: “Siqaret çəkənlər seminariyadan qovulacaq”.  Günlərin bir günü gördük ki, Mehdi dərsə gəlmir. Hamımız narahat olduq. Axı o, bütün uşaqlarla dost və mehriban idi. Atasının müdir olmasına baxmayaraq, istiqanlı, təvazökar bir gənc idi. Tezliklə eşitdiyimiz xəbər bizi az qala sarsıtdı: sən demə, gələcəyin böyük yazıçısı Mehdi Hüseyn daxili nizam-intizama əməl etmədiyinə görə, yəni siqaret çəkdiyi üçün öz atasının əmri ilə məktəbdən azad edilibmiş. Sonralar Mehdi təhsilini Bakıda davam etdirdi. Mənim tələbə yoldaşlarımdan biri də həmyerlim Əli Köçəri oğlu idi. Həmin dövrdə Şınıxdan gəlib Qazaxda təhsil almaq asan iş deyildi. Tələbələrin çoxu bir qarın ac, bir qarın tox yaşayırdı. Biz çalışırdıq ki, müəllimlərin və valideynlərin bizə olan ümidini doğruldaq. Buna görə daim oxuyurduq. Müəllimlərimiz bizim xətrimizi çox istəyirdi. Təhsili başa vurandan sonra hərəmiz öz seçimini etdi. Əli Köçəri oğlu öz doğma kəndinə qayıtdı, mən isə yeni açılmış məktəbə müdir təyin olundum”.   

  
Əli Köçəri oğlu  bax belə bir tələbkar və  sərt mühitdə təhsil almışdı. O, təhsilini başa vurduqdan sonra – 1924-cü ildən ta ömrünün sonunacan (1982-ci ilə qədər) İsalı kəndində müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Elə o özü də vaxtilə təhsil aldığı seminariyadakı hörmətli müəllimləri kimi məktəbdə və ailədə çox tələbkar idi.

 
Əli müəllim həm də  el ağsaqqalı idi. Yaxın və uzaq adamların, dost və tanışların sevincli və kədərli günlərində fəal iştirak edər, ehtiyacı olanlara əl tutar, kömək edərdi. Qohum-qonşular Əli müəllimdən həmişə dəyərli məsləhətlər eşidərdilər.

    
Əli İsayevin qardaşı oğlu, tanınmış tarixçi alim, professor Xəlil Köçərlininin dediklərindən: “Atam Süleyman və əmim Salman 30-cu illərdə “kulak” adı ilə sürgün olunmuşdu. Ağrılı-acılı günlər yaşayırdıq. O vaxt ailəmizin çətin vəziyyətdən çıxmasında böyük əmilərim Cəmil baba və Qasım müəllimlə yanaşı, kiçik əmim Əli müəllimin də çəkdiyi əziyyəti unuda bilmərik. O, bizim təhsil amağımız, tərbiyəmiz, ümumiyyətlə  yaşamağımız üçün hər çətinliyə qatlaşırdı. O, böyükləri repressiya qurbanı olan başqa  ailələrin də ayaqda durması üçün əlindən gələni əsirgəmirdi... Represiyadan sonra daha böyük  çətinliklərlə üzləşməli olduq. İkinci cahan müharibəsi başladı. Cəbhədəki hərbçilər torpaq uğdunda, arxadakılar insanlar isə yaşamaq uğrunda mübarizə edirdilər. Belə müdhiş, ağır illərdə Ailəmizin qayğısına qalan, bizim təhsilimizə və təlim-tərbiyəmizə nəzarət edən Əmimiz Əli müəllim idi. Əli müəllim çətin dövrlərdə bizim əlimizdən tutub...”

 
Dediyim kimi, Əli müəllim zəhmli adam idi. Amma zarafatı, yumoru da sevərdi. Yadımdadır ki, o, həm öz qonşuları, həm də qohumları ilə zarafat edər, baməzə əhvalatlar danışardı. Yaxın qohumları, daha doğrusu qardaşı uşaqları, ölkənin tanınmış ziyalıları Firudin, Xəlil, Tofiq, Ənvər  Köçərlilərlə saatlarla maraqlı söhbətlər edər, arada şahidi olduğu ibrətamiz olaylardan söhbət açardı.

  
Əli müəllim dini, din tarixini, yaxşı bilirdi, Quranı mükəmməl şəkildə öyrənmişdi. O, dinimizə ehtiram bəsləməyin tərəfdarı idi. Lakin bu təcrübəli pedaqoq fanatizm və cəhalətin təbliği ilə qətiyyən  barışmır, dünyəvi elmlərin tədrisini daha vacib hesab edirdi. Onun yetirmələrinin, keçmiş tələbələrinin sorağı bu gün ölkəmizin və dünyanın müxtəlif guşələrindən gəlir.

  
Əli Köçəri oğlu nümunəvi ailə başçısı idi. O, öz mərhum ömür-gün yoldaşı Zərinə xanımla birgə ailədə doqquz övlad böyütmüş, onların hamısına ali təhsil vermişdi. Belə ki, Şahniyar ruyaziyyatçı, Fəxrəddin fizik, Səməndər cografiyaçı, Məhəmməd, İsa və Məqsəd iqtisadçı, Rizvan həkim, Qəmzə və Məlahət  pedaqoqdur. Yeri gəlmişkən ailənin böyük övladı mərhum Şahniyar Köçərli yaxşı riyaziyyatçı idi, xüsusən Sumqayıt şəhərinin tanınmış ziyalısı idi. Pedaqoji sahədəki fəaliyyətinə görə onun əməyi yüksək qiymətləndirilmiş, “Əməkdar müəllim” fəxri adına layıq görülmüşdü... Əli müəllimin nəvə və nəticələri bu gün müxtəlif sahələrdə çalışır. Onlar harada çalışmalarından asılı olmayaraq öz babalarının daim təqdir etdiyi halal zəhmət yolu ilə ləyaqətlə irəliləyirlər.

  
Əgər yadınızdan çıxmayıbsa, mən söhbətimin, daha doğrusu, bu yazının əvvəlində ilk vaxtlar qələmi sol əllə tutduğumu, yazılarımı da həmin əllə yazdığımı və müəllimimin, o cümlədən Əli müəllimin bununla bağlı iradını xüsusi vurğulamışdım. İllər keçəndən sonra, Sovetlər ömrünü baça çatdıran ərəfədə əlimə düşən bir jurnalda həmin problemlə, yəni məktəblərdə “solçuluqla mübarizəyə” dair bir sənədlə tanış oldum. Orada bəzi məsələrə “aydınlıq” gətirilirdi. Sən demə, sol əllə yazanlara qarşı “qabaqlayıcı tədbir görmək” heç də bizim təsəvvür etdiyimiz qədər sadə məsələ deyilmiş. Sənəddə qeyd edilirdi ki, uzun illər Sovet pedaqoqları belə bir iddiada bulunmuşlar ki,  sol əllə yazmaq şagirdin onurğa-bədən quruluşuna ziyan vurur, partada əyləşən şagird yoldaşının yazı prosesinə mane olurmuş. Ən əsası və maraqlısı isə budur ki, dünyanın az qala hər yerində bir çox şeylərin, məsələn: ev, maşın və digər əşyaların dəstək və qulpları məhz sağ əlin istifadə etməsi üçün nəzərdə tutulub. Təhsilin “yuxarı ranqında” dayananlar bu cür iddialardan çıxış edərək israrla bildirirdilər ki,  sol əllə yazmaq çox “zərərlidir”. Hətta, maraqlıdır ki, bu cür şagirdlərin tənbeh olunması da məqbul hesab edilir, yəni “qanundankənar” hesab olunmurdu. Məktəblərə bu “gizli tövsiyə” bəzi istisnalarla 1980-ci illərin ortasına qədər qüvvədə qalıb...  Əlbəttə, sol əllə bağlı vaxtilə irəli sürülmüş bu mülahizələr  əslində qeyri-elmi mahiyyət daşıyırdı. Dünyada sol əllə yazan, şəkil çəkən, iş görən adamların sayı kifayət qədərdir. Hətta, burası da məlumdur ki, Amerika prezidentlərinin mütləq əksəriyyəti “solçudur”. Elə mən özüm də bu ötən illər ərzində  “solçuluğumu” tam tərgidə bilmədim. İndinin özündə belə, bəzən qələmi və fırçanı sol əllə tutur, yeri gələndə hansısa bir yükü, məsələn, daş parçasını uzaq məsafəyə sol əllə atıram...

 
Mənim “solçuluqla” bağlı bir qədər ətraflı şəkildə söhbət açmağım təsadüfi deyildir. Heç şübhəsiz ki, Əli müəllim kimi təcrübəli pedaqoq da belə bir tapşırıqdan hali olmalı idi. Və tələb olunanlara tabe olmaq müəllimin vəzifəsi hesab edilirdi. Amma təəssüf ki, mənim bilib eşitdiyimə görə bir çox məktəblərimizdə sovetdənqalma həmin “gizli tövsiyyənin” tələbləri yenə qüvvədə qalmaqdadır. Mən həm də bu cür “müəmmalı” halları nəzərə alaraq mövcud “pedaqoji ekskursa” bir qədər ətraflı şəkildə ehtiyac duydum.

  
İllər bir-birini əvəz edir. Nəsillər dəyişir. Amma bizim hər birimizin taleyində, ömründə müəllimlərimizin saldığı “iz”, onların qiymətəgəlməz əməyi heç zaman unudulmur.  İndi haqqında müxtəsər  söhbət açdığımız Əli Köçəri oğlu İsayev də  məhz belə müəllilmlərdən biri idi. Şagirdləri onu bu gün də ehtiramla xatırlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir