Modern.az

Göy türklər kimi Göy Səmaya inanan ROMA PAPASI

Göy türklər kimi Göy Səmaya inanan ROMA PAPASI

25 Sentyabr 2022, 08:57

Modern.az saytı jurnalist Aida Eyvazlının Astanada keçirilmiş Dünya və ənənəvi din liderlərinin VII Qurultayı zamanı müşahidələri əsasında qələmə aldığı  yazını təqdim edir. 

 

Mütləq oxuyun, yazıda çox önəmli mesajlar vardır.


Astana sülh və həmrəylik şəhəridir. 1998-ci il 6 iyulda şəhərin ilk təməl daşı qoyulanda Qazaxıstanın birinci prezidenti Nursultan Nazrbayev Azərbaycanın ümumimilli lideri Heydər Əliyevi də ali qonaqlar siyahısında dəvət etmişdi. Heydər Əliyev o zamankı çıxışında yeni şəhərin adı kimi astanasından da xoş niyyətli insanların keçməsini arzulamışdı. Çünki bu  bozkırlar ölkəsi hər zaman darda qalana, çörək tapmayana, sürgünə göndərilənə həm vətən, həm məzar oldu. Bütün gəlmələrə öz övladı kimi baxdı, insanları öz son tikəsini aclarla böldülər, çadırlarında qızınmaq üçün yer göstərdilər. Beləcə Qazaxıstan müstəqil dövlət kimi də özünün keçmiş ənənələrini unutmadı.
 

2003-cü ilin sentyabr ayında bu tarixi missiyaya sadiq qalan Nursultan Nazabayev Astanada Dünya və ənənəvi din liderlərinin Qurultayını keçirdi. Bu qurultayada səslənən çağırışlar sülh, həmrəylik, sevgi çalarları üzərində səsləndi. O gündən sonra dini liderlərin qurultayını keçirmək ənənə şəklini aldı. Burada edilən çağırışlar insanları terrorizmdən, narkotikdən, pis vərişlərdən, atom bombasından, qanlı müharibələrdən əl çəkməyə, təbiəti sevməyə, onun harmoniyasını duymağa yönəldi. Fərqi yoxdur dinin hansıdır, özün hansı irqə məxsussan. İstər İslam, iudaizm, xristianlıq olsun, istər sintoizm, induizm, buddizm olsun, təki etiqad etdiyin din insanlara sülh və həmrəylik gətirsin.
 

Bu dəfə də belə oldu.
 

13 sentyabr 2022-ci ildə Qazaxıstanda Dünya və ənənəvi din liderlərinin VII Qurultayının katibliyi hazırlıq iclaslarına başladı. Dünyanın aparıcı dinlərinin məşhur təmsilçiləri və liderləri ilk növbədə Nursultan Nazarbayevin böyük sevgi və məhəbbətlə başladığı təşəbbüsün bu günə qədər gəlib yetişməsinə görə Qazaxıstanı alqışladılar.
 

Tədbirin  ikinci günü isə bütün qonaqlar daha bir dini lideri - Vatikan kilsəsinin pantifiki, Roma Papası Fransiski salamladılar. O, Qazaxıstan prezidenti Kasım-Jomərd Tokayevin şəxsi dəvəti ilə Qurultayın qonağı idi. Həm də pantifik  Fransisk rəsmi Moskva və Kiyevin dəvətindən imtina edib Qazaxıstanı seçmişdi.
 

Mən Roma Papasının fikirlərini, mənalı çıxışlarını təkcə Qazaxıstana aid etmədim, o öz fikirləri ilə böyük Türk dünyasının dəyərlərindən danışırdı. Onun diqqətini çəkən dombra, Abay sözü idi. Əgər bir katolik, özü də katolik təsisatının rəhbəri  dombradan və Abaydan danışırsa, bu, ümumi türklüyün təntənəsidir.

Roma Papası öz çıxışına bu sözlərlə başladı: “Qazaxıstan təkcə qəhrəmanlar yurdu deyil, o eyni zamanda rəssamlar, mütəfəkkirlər və əzab çəkənlərin yurdudur”.

Papa belə deyərək reppressiya illərində bu yurda pənah gətirən xalqları və onlara qucaq açanları xatırladı.  Qazaxıstana zəvvar kimi ziyarətə gəldiyini dedi. Dombradan danışdı.
 

“Mən bu ölkədə olmağımdan çöx şadam, Qazaxıstan böyük olduğu qədər də qədimdir. Bu ölkədə dialoqun və birliyin yolunu tapmaq üçün dünyanın bir zəvvarı kimi ziyarətə gəlmişəm. Bizim dünyamızda təcili olaraq harmoniyanı  bərpa etməyin zamanı yetişib.


Ölkənizə məxsus ənənəvi və xüsusi bir musiqi aləti var, artıq onunla tanışam. Adı dombradır. Qazaxıstanın mədəni simvolu olan dombra o qədər vacib alətdir ki, hətta onun adına xüsusi gün də təyin etmisiniz. Ona görə də mən öz çıxışımı elə bu sirli musiqi alətinin üzərində qurmaq istəyirəm. Buraya gəlməzdən əvvəl öyrəndim ki, hələ orta əsrlərdən başlayaraq insanlar bu musiqi alətində ifa ediblər, onun sədaları altında şeir deyib, dastanlar danışıblar. Bununla da keçmişi bu günlə bağlayıblar. Müxtəlifliklə davamlılığın simvolu bütöv bir ölkənin ritm yaddaşıdır və bu, bizdən əvvəlki həyat ilə, keçmiş ilə bağlarımızı unudulmağa qoymur. Həmçinin, əcdadlardan qalmış ənənələr keçmişi xəzinə kimi qorumağı öyrədir, bu da ki, sizdə vardır. Burada sizin gözəl bir adətinizi xatırlamaq istəyirəm: həftənin cümə günləri səhər tezdən əcdadlarınızın adına 7 çörək bişirirsiniz”.
 

Dünya və ənənəvi din liderlərinin VII Qurultayının bağlanış günündə isə Roma Papası iştirakçılara “Biz bir göy qübbəsinin oğlanları və qızlarıyıq”- deyə müraciət etdi. Roma Papası Göy türklər kimi Göy Səmaya inanınır. Görün bir öz nitqində Bozkırların hansı çalarlarını dilinə gətirdi:
 

“Əziz liderlər və dünya ənənəvi dinlərinin təmsilçiləri, biz  uzun əsrlər boyu üstündən  böyük karvanlar keçən bir məkandayıq. Böyük İpək Yolu vasitəsi ilə burada bir çox mədəniyyətlər birləşib və ayrılıb, ideyalar, inanclar və istəklər yaranıb”.
 

Roma Papasını bu fikirləri məni çox düşündürdü. Böyük İpək Yolu Fateh Əmir Teymurun yaratdığı Birlik yolu idi. Və bu gün bütün dünya həmin yola qayıtmaq istəyir. Bu yolun üstündə isə  Bakı-Tbilisi-Ceyhan Boru kəməri var, Zəngəzur var, bu yolun üstündə bütün dünyaya çıxış var. Bu yolların hamısı gəlib Azərbaycandan keçir.
 


Dünən dombradan danışan Roma Papası bu gün isə onu dinləyənləri Abay sözü ilə təəccübləndirdi. Mən isə qətiyyən təəccüblənmədim. Çünki Qazaxıstan prezidenti Kasım-Jomərd Tokayev böyük mütəfəkkir şair Abay Kunanbayevin 175 illiyinin böyük bir möhtəşəmliklə 50 xarici ölkədə keçirilməsi haqqında sərəncam imzalamışdı. Hətta araya COVİD-19 pandemiyasının düşməsinə baxmayaraq, Abay Kunanbayevin 175 illiyi keçirildi və dünya bir daha Abay sözünü dinlədi. Azərbaycanda da Beynəlxalq Türk Akademiyası möhtəşəm Abay günləri təqdim etdi. Mənim də Abay irsinə töhfəm oldu. Böyük mütəfəkkirin “Qara söz”ünü Azərbaycan türkcəsinə çevirdim. Kitabı elə Beynəlxalq Türk Akademiyası çap etdi.
 

Və bu gün bütün dünyanı sözünə və fikrinə ehtiram etdirən Vatikan lideri böyük türk oğlu Abayın sözlərindən, kitablarından misal çəkirdi. Onun müdrikliyindən, inancından, savadından, bilgəliyindən, xalqına böyük sevgisindən danışırdı. Bir şerindən bir sətri xatırladı. Dedi:
 

“Görün Abay nə deyir: “Məgər həyatın gözəlliyi onun dərinliyinə enməkdə deyilmi?”. Abayın “Qara Söz”ündəki 6-cı Sözü xatırlayaq: “Könlü şad olan adamın ağlı da işıqlı olar. Əgər qəlbin ölüdürsə, yaşamağında nə anlam? Əgər deyilən söz sənə təsir etmirsə, halal zəhmətlə qazana bilmirsənsə, onda niyə yaşayırsan?”.

Onun bu fikirlərini oxuyanda insan istər-istəməz daxilində dini rahatlığa ehtiyac duyur. Abay bizə deyir ki, “biz yalnız özümüzü təmin etmək üçün deyil, eyni zamanda  ətrafdakıları da düşünməliyik”.
 

Abayın bu fikirlərini dilə gətirdikdən sonra Papa belə dedi:
 

“Qardaşlar və bacılar, dünya bizdən açıq ruh və aydın ağıl istəyir, həqiqi ruhanilik istəyir. Abayın 45-ci sözündə deyilir ki, “Biz Tanrının  məhəbbətinə və ədalətinə inandığımız halda ona itaət edirik, lakin bir başqasını ona ibadət etməyə inandıra bilməyəcək qədər gücsüzük. Biz kimsəni inanca məcbur edə bilmərik”. Abay bu fikri ilə dinin və ruhaniliyin də azadlığından danışır. Bu hər kəsin özünə aid olmalıdır. Dini ibadət hər kəsin öz şəxsi işidir”.
 

Dombranın Bozkırlarda yayılan ecazkar səsindən, Abaydan danışan Pantifik, dünyanı ağuşuna alan sonuncu COVİD-19 pandemiyasını da xatırlayaraq dedi ki, “COVİD-19 bizim hamımızı bərabərləşdirdi. Abayın yazdığı “Biz yaradan deyilik, biz ölümlüyük” (Söz 45) sözləri bizi bir daha düşünməyə, onu anlamağa vadar etdi. Həmin ağır günlərdə bizim hamımızın köməyə, sevgiyə, mərhəmətə ehtiyacımız var idi. Pandemiya bizə anlatdı ki, insan özündən razı və təkəbbürlü ola bilməz”.
 

Poma Papası eyni zamanda dünyadakı ac insanları unutmamağa çağırdı. Yenə də Böyük Abayın sözündən (Söz 25) sitat gətirdi:
 

“Uşaqlarımızı  oxutmaq  ən  yaxşı  bir  işdir, buna görə onlara hər şeydən öncə türk savadı vermək gərəkdir. Bizim bu dərül-xarabatımız-da uşaqlara öncə mal-dövlət yığmalıyıq, ondan sonra ərəb-fars dillərini öyrətmliyik. Qarnı ac adamın başında ağıl, üzündə ar, elmə həvəsi haradan olacaq? Kasıblıq olan yerdə, qohumlar da bir-birinə düşmən kəsilir, oğurluq, zorakılıq, tamahkarlıq qohumluğa üstün gəlir. Evində bolluq olanda, qarın da tox olur. Tox adam sənət və peşə də öyrənə bilir. Qarnı tox olan adamın beyni də iti olur. Ondan sonra fikirləşir ki, uşağımı hansı sənətə yiyələndirim?

Övladına vicdanla, öz əlinin zəhməti ilə elə sənət, elə peşə öyrət ki, hər zaman özünə çörək qazana bilsin, qoy, başqalarına da onun bu işi örnək olsın...”.
 


Roma Papası Abayın “38-ci söz”ündən misal çəkdi. Sonra “12-si söz”ündəki sitatı xatırladı: “Hər kəs öyrənmədən, çatışmazlıqlarını tamamlamadan, bilə-bilə geridə qalırsa, öyrənməkdən vaz keçirsə, onu Tanrı bağışlamaz, ibadətləri qəbul olmaz. Amma və lakin hər kim ki, imanını necə kamilləşdirdiməyin yollarını bilmədən, çatışmazlıqlarının nədən ibarət olduğunu dərk etmədən, təkcə başına əmmamə qoyub, namaz qılan, oruc tutan, məclislərdə imandan danışaraq, dinin əsil  mahiyyətinin bilməyib, duaların yerini səhv salırsa, elə bilməsin ki, bununla o, Tanrının könlünü xoş edəcək”.
 

Roma Papası Abay Sözünü Tanrı sözü qədər yüksəltdi və onun “34-cü söz”ündən misal gətirdi: “Ölümün hər kəsin qapısını döydüyünü bilirik. Ölüm heç kimin qapısından yan keçmir. Onun üçün qoca və ya cavan olmağın fərqi yoxdur  və gedənin bir daha geri dönməyəcəyi də hamıya bəllidir”.
 

Və Roma Papası çağırış etdi, dedi: “Qardaş və bacılar, Abayaın yazdığı kimi, İnsan bu dünyada qonaqdır”.


Abay sözünü, Abay fikrini öz düşüncə süzgəcindən keçirən pantifik əslində Astanadakı Müstəqillik Sarayında keçirilən VII Dini Qurultayın bağlanış konfransında hamı ilə Abay dilində danışırdı. Abayı və Qazaxıstanı, Türk dünyasının mütəfəkkirndən öyrənməyə çağırdı, onun yazdıqlarının ən böyük kitab kimi oxunmasına, tədqiq olunmasına, riayət edilməsinə ehtiyac olduğunu vurğuladı.
 

Bizdə deyərlər ki, “Arifə bir işarə də bəs edər!”.
 

Roma Papası öz fikirlərində Dombranın ecazkarlığını, Abayaın sözünü səsləndirməklə dünyanın musiqi və gözəl sözə ehtiyacı olduğunu bildirdi, insanları öyrənməyə, elmə, bilgiyə, biliyə sahib olmağa çağırdı. Həmin gün Roma Papası dünyaya bir Abay dərsi keçdi. O, Abay dərsində müharibəyə “YOX!”, “Təbiətə SEVGİ”! notları səslənirdi.
 



Aida Eyvazlı
Bakı-Astana-Bakı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir