Modern.az

Dünyanın ən qeyri-adi şairi - 74 yaşlı Vaqif Bayatlı

Dünyanın ən qeyri-adi şairi - 74 yaşlı Vaqif Bayatlı

1 Oktyabr 2022, 18:09

Ən gözəl nəğməni, ən gözəl şeiri
Uşaq vaxtı
bir yaz
üzüstə düşüb
bir qarışqa yuvasına demişəm.
O nəğmə təzədən
gəlib qərib-qərib duracaq gendə
Nə ola,
bir də o düzümdə, o gözəllikdə
təzə bir söz demək qismətim ola...

 

Bu gün dünyanın ən saf adamının, ən böyük şairinin, söz elçisinin - Çağdaş Azərbaycan poeziyasının tanınan simalarından olan Vaqif Bayatlı Odərin doğum günüdür.
 
Modern.az-ın məlumatına görə, Vaqif Bayatlı Odərin 74 yaşı tamam olur.

Vaqif Bayatlı bütün varlığı ilə qeyri-adidir. Onu müasir Azərbaycan poeziyasının nəhənglərindən biri sayırlar.

Üz mimikalarından, geyim formasından, həyat tərzindən, yerişindən, danışığından, şeirlərindən ancaq Vaqiflik yağır. Özünə oxşayan ikinci belə adam tapmaq bəlkə də mümkünsüzdü.

Min ildi, milyon ildi,
bağlayıb yollarımı bir-birinin ucuna
gəlib çatdım axırı Sənin dar ağacına.
Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.
Boynum dincələn görüb tez vururlar başımı…
çiynim dincəlir, Allah…
Şükür, şükür, çox şükür, Sən yenə Göy üzündən
mənə sarı enirsən…
dünya sönüb itdikcə,
tək bir Sən görünürsən…


Həmişə göy üzünə sarı uçuşlar edib, ordan- ucalıqdan salam göndərir hər gün sevdiklərinə.

Vaqif Bayatlı ilə tək Azərbaycanda yox, ümumi dünyada müqayisə ediləcək şair yoxdu.

70-cı illərin sonlarında ədəbiyyata gəlsə də, poetik istedadı daha çox 80-ci illərdən etibarən parlamağa başladı.

V.Bayatlı poeziyaya daha çox intonasiya fərqliliyi gətirmiş şairdi. Şairin poeziyası milli ənənəvi şeirin yeni yolayrıcına düşüb öz cığırını açması baxımından önəmlidir.

Sevgi sözünü yazıram,
sevgi sözündən sənin qoxun gəlir,
Vətən sözünü yazıram,
Vətən sözündən sənin qoxun gəlir,
su yazıram, od yazıram, torpaq yazıram,
sudan da, oddan da,
torpaqdan da sənin qoxun gəlir,
mən bu dünyadan getmərəm,
bu dünyadan sənin qoxun gəlir.


Vaqif Bayatlı Odər 1948-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti fakültəsinin axşam şöbəsində təhsil alıb. 

Bakıda 445 saylı tikinti idarəsində fəhlə, inşaat texniki, 48 saylı tikinti idarəsində normalayıcı mühəndis, "Məhsul" cəmiyyəti mərkəzi şurasında mühəndis, "Ulduz" jurnalında şöbə müdiri işləyib. (1981-1990). "Xəzər" toplusunun baş redaktoru olub (1989-1992). Azərbaycan Televiziya və Radio Şirkətinin xarici ölkələrə verilişlər studiyasının direktoru vəzifəsində çalışıb (1992). Azərbaycan Yazıçılar Birliyi katibliyi idarə heyətinə (gənclərlə iş üzrə) katib seçilib (1991). 

Ümumittifaq konfranslarında, Sovet ədəbiyyatı günlərində, XI poeziya festivalında iştirak edib. Azərbaycan mətbuat fondunun "Mirzə Cəlil mükafatı"na (1993) və Moskvanın "Molodaya qvardiya" nəşriyyatının kütləvi tirajla buraxdığı "Sıçrayış" kitabına görə Gürcüstan Nazirlər Sovetinin "Vladimir Mayakovski mükafatı"na layiq görülüb.

2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

V.Bayatlı “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır”, Ən gülməli ölü”. “Yupyumru bir eşq ilə” kimi məşhur şeirlərin müəllifidir.

Son illər tez-tez səhhətilə bağlı problemlər yaşayan Vaqif Bayatlı Ödər ötənilki doğum gününü dostlarının təbriki, oğlunun nitqi ilə qarşılamışdı.

Vaqif müəllimin bir arzusu da var: doğulub boya-başa çatdığı torpaqları – Cəbrayılı, Böyük Mərcanlı kəndini gedib gəzmək...
 

Bir göz yaşında azmışam,
üzlə axıram aşağı,
ancaq üzü tanımıram...
Bu göz yaşı məndən axır?
Mən bu gözü tanımıram...



Əfqan Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi