Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü

Nağıqızı poeziyasında obrazlılığın fonetik səviyyədə təzahürü

Ədəbi̇yyat

4 Oktyabr 2022, 22:36

Azərbaycan poeziyasında milliyi, navatorluğu və şeirlərinin poetik təsirliliyi ilə müasirlərindən fərqlənən Mahirə Nağıqızı yaradıcılığının sənətkarlıq xüsusiyyətlərini tədqiq etmək, dil sənətkarlığını öyrənmək tədqiqatçıdan xüsusi yanaşma, sözə, ədəbiyyata dərindən bələd olmağı tələb edir. Nəzərə alsaq ki, sözün yaradıcısı həm də sözün təlimçisi- filologiya üzrə elmlər doktoru, professordur, o zaman tədqiqatçının məsuliyyəti iki qat artır.
Fikir cümlə, cümlə söz, söz isə səs ilə ifadə olunur. Bədii sözün təsir gücü səsdən başlayır  desək yanılmarıq. Odur ki, şairin söz sənətkarlığını tədqiq etmək üçün ilk növbədə onun lirik şeirlərinin fonetik səviyyədə obrazlığına işıq salmaq lazım gəlir.
 
 Mahirə Nağıqızının poeziyası bu mənada bir dərya, həqiqət dənizdir. Bu dəryada üzməyə qəvvas gərəkdir. Ustad aşıq Xəstə Qasım yazırdı ki, “Həqiqət bəhrində qəvvasam deyən, Qəvvas isən, gir dəryada üzhaüz”. Şairin həqiqət dənizində qəvvas olmaq üçün misraların sirrini, sehrini, daxili təlatümlərini, burulğanlarını, şair sözünün güclü dalğalarına sinə gərməyi biləsən gərək. Şair Mahirə Nağıqızının poeziyasında obrazlılığın fonetik səviyyədə təzhürü haqqında tədqiqat aparmağımız da bu zərurətdən yaranmışdır. Mahirə xanımın poeziyasında elə dil faktlarına rast gəlinir ki, onların müəyyən edilib, linqvistik təhlilə cəlb edilməsi şeir dilinin elmi müstəvidə təhlilinə imkan yaradır.


Məlumdur ki,  şeirin fonetik səviyyədə obrazlılığını dərindən duymaq üçün məhz  dilin ən kiçik vahidi olan səsdən başlamaq lazımdır. Rus şаiri Bunin yаzırdı ki, şеir yаzmаğа bаşlаyаndа əvvəlcə «səsi tаpmаq» prоblеmi ilə üzləşirsən. Münаsib səs tаpılаn kimi hər şеy öz-özünə düzəlir. “Səsi tapmaq” anlayışından yola çıxarsaq, o zaman ritm və intоnаsiyаnın rоlunu düzgün müəyyənləşdirə bilərik. Alliterasiya və assonans bu baxımdan ritmik çalarlı şeir dilinin ecazkarlığını təmin edir.


Mahirə Nağıqızının poeziyası ilə yaxından tanış olduqda aydın olur ki, eyni səs notları əsasında qruplaşıb melodiklik yaradan söz düzümü onun bədii fikrinin aydın şəkildə təqdim edilməsinə şərait yaradır. Məsələn, şairin 2020-ci ildə nəşr olunmuş  “Onun daş nağılı” kitabında yer alan “Ağlama” şeirindən təqdim etdiyimiz aşağıdakı nümunədə alleterativ təkrar şeirin estetik təminatçısı kimi çıxış edir:


“Yağış yağar, sellər axar, qum quru,
Yanağını gülər görüm, qumquru.”


Şairin bir çox şeirlərində səslərin fonetik xarakteri öz əks-sədasını alliterasiyada tapır. Şeirlərinin dахili pоlifоnikliyi, çеvik ritmi və intоnаsiyаsı, nümunəvi fоrmа nахışlаrı охucunu öz güclü təsiri аltınа alır ki, burada alliterasiyanın rolu danılmazdır.


Həqiqətən də şairin “Tanrının verdiyin pay” şeirinin ilk bəndində həm üfiqi, həm də şаquli аllitеrаsiyа pоеtik hаdisə  kimi ritm-kоmpоzisiyа rоlunu оynаyır:


Xəlvəti söz olar, xəlvəti söhbət,
Hər xəlvət bir açıq söhbətə bənddi.
Ayın o xəlvətə baxmağı bir dərd,
Sevginin xəlvəti bir ayrı dərddi.


Bəndin ilk misrasında “x”, “s”, “t” səsləri digər misralarda da güclü alliterativlik yaradır. Lakin bu bənddə yazıda görünməyən, orfoepik səviyyədə də “t” samitinin alliterasiyasına rast gəlirik. Deməli, Azərbaycan dilinin orfoepiya qaydalarına görə “d” samiti əksər sözlərdə söz sonu mövqeydə işləndikdə, özündən sonra samitlə başlayan şəkilçi və ya söz gəldikdə “t” kimi tələffüz edilir.Eyni orfoepik vəziyyət ikinci misrada “açıq”sözündə də var. Düzgün tələffüz normasına görə sonu “q” samiti ilə bitən milli sözlər özündən sonra samitlə başlayan sözlə birlikdə tələffüz edildikdə “q” samiti “x” səsinə çevrilir. Belə olduqda isə ikinci misrada “x” səsinin təkrarı yaranır ki,  məhz bu faktlara  görə də şeirin səsli oxunuşunda biz alliterasiyanı daha qüvvətli hiss edə bilərik. Qeyd etmək yerinə düşərdi ki, “Tanrının verdiyi pay” şeiri oxucunu sadəcə estetik gözəlliyi, obrazlılığın fonetik səviyyədə göstəricisi ilə ovsunlamır, şeirin oxucuya aşıladığı fikir və məna dərinliyi səs gözəlliyi ilə düz mütənasibdir.


Müəllif, ilk misrada insanlar arasında xəlvəti (gizli) söz və ya sirrin olmasını məqbul hesab edir, lakin ikinci misrada müdrikcəsinə vurğulayır ki, hər bir gizli söhbət  nə zamansa gün işığına çıxacaqdır. Üçüncü misrada gizliliyin nisbi olması qənaətinə gəlmək olar, çünki “Ayın o xəlvətə baxmağı bir dərd” ifadəsi bizə gizli görünənlərə ay şahidlik edir, hətta gecənin qaranlığında, kimsənin kimsəni görmədiyi bir anda belə insanları görən, onların üzərinə işıq salan ay vardır fikri aşılanır. Şeirin ilk bəndi nə qədər məzmun dolğunluğuna malikdirsə, digər bəndlərində də məna tutumu qüvvətlidir. Məsələn, ikinci bənddə ilk misradakı bədii sual “Ay niyə xəlvəti baxır, kim bilər” birinci bənddə oxucuya təlqin edilən müdrik fikrin davamı üçün zəmin yaradır. Maraqlı kompozisiyaya malik bu şeirin üçüncü bəndinin ilk misrası da bədii sualla “Buludlar nə qədər gizlədə bilər”başlayır. Dördüncü bənddə də ilk misrada “Qəlbini kim aldı bilirsənmi ki” bədii sualla qarşılaşırıq. Lakin dördüncü bəndin son iki misrasında əsas fikir aydın olur:


Qəlbini kim aldı bilirsənmi ki
Boşalan ruhunda yeri kim tutar.
Ən uca bəndə də Tanrı deyil ki.
Axtar o sevgini Tanrıda axtar.


Bu şeirdə oxucu allitеrаsiyаnın lirik mətn mühitində yаrаtdığı üslubi tərаvətin, pоеtik şirinliyin təsiri altında şairin əsas poetik axtarışlarını, gəldiyi qənaəti – Tanrıdan gizli heç nə yoxdur, gizli olan gec-tez aşkar olacaq, Tanrı hər əməlimizə şahiddir, ən böyük sevgi Yaradana-Tanrıya məxsusdur  düşüncəsini duya bilir.


Akademik Ağamusa Axundov  “Şеr sənəti və dil” əsərində yazırdı ki, “s”, “z”, “y”, “t”, “d”, “ç”, “l”, “m”, “n” və s. sаmitlərin  аllitеrаsiyаsı аhəng və mеlоdiyа yаrаdıcılığındа dаhа fəаldır. Bu fikrin əyani təzhürünü Mahirə Nağıqızının poetik dilində müşahidə etmək mümkündür. “Ürəyin nağılı”şeirində nəinki “d”, “n” samitlərinin həm üfüqi, həm də şaquli alliterasiyasını, həm də “f” samitinin alliterativliyini asanlıqla müşahidə etmək mümkündür.
                                           

Daha nə dedilər, nə demədilər,
Filanın nəfsi var, filan bədnəzər...
                                         

Niyə dillənmədi orda bir nəfər,
Deyəydi bu yükə ürəkmi dözər...


Səslərin rəngi var, səslərin sözə, fikrə gətirə biləcəyi məna çalarını müşahidə etmiş Q. Mustafayeva “Azərbaycan dilinin üslubiyyatı” əsərində  haqlı olaraq qeyd edirdi ki, “n”, “m” səsləri  dərdin, kədərin, “d”, “t” samitləri isə daha çox titrəyişli halların ifadəçisi kimi çıxış edir. Yuxarıda qeyd etdiyimiz bənddə də  alliterativlik yaradan samitlər şairin bədii kədərinin fonetik obrazlılıq fonunda ifadəçisinə çevrilir.


“Onun daş nağılı” kitabında  yer almış şeirlərin bir çoxunda “s” samitinin alliterasiyası ilə qarşılaşırıq. Səslərin şeirdə mənaya təsirindən danışan bir çox tədqiqatçılar vurğulayır ki, “s” səsinin alliterasiyası sakitlik, süstlük məna çaları yaradır. Ola bilsin ki, müəyyən ədəbi parçalarda bu hal təsdiqini tapsın, lakin Mahirə Nağıqızının “Xocalı ”şeirində “s” samitinin alliterasiyası  oxucunu mübarizliyə, vətən harayına, intiqama çağırır:
 

Nə oğuldur intiqamım almasa,
Son-söyləyir, göz yaşına, son yasa
Hamımızı haraylayır qisasa
Xalqıma yol yoldaşıdı Xocalı


Şeirin son bəndində isə “s” samitinin alliterasiyası fonunda hökm daha qüvvətlidir:

Yetir işi sona səsin susmasın
Nağıqızı ana səsin susmasın
Susanları qına, səsin susmasın
Susanların qarğışıdı Xocalı


“Xocalı” şeirində alliterasiya emosianallıq, xüsusi qüvvət, üslubi dəyər qazanaraq poetik hadisəyə çevrilir.
 
Assonans
 
Şeir dilini fonetik səviyyədə obrazlılıq olmadan təsəvvür etmək mümkün deyil. Səslər təsviri və tərənnümü bədii şəkildə təcəssüm etdirir. Səslər misraya və yaxud bəndlərə elə düzülür ki, estetik zövqlə yanaşı obrazlı təəssüratı qüvvətləndirir. Bu təkcə alliterasiyanın deyil, eyni dərəcədə assonansın iştirakı ilə də mümkündür. Şeir dilində eynicinsli saitlərin təkrarı hesab edilən assonans bir tərəfdən bədii fikrə professional poetiklik qazandırırsa, digər tərəfdən şairin şeir texnikasına mükəmməl bələd olmasından xəbər verir.
Mahirə Nağıqızı poeziyasında elə şeirlərə rast gəlirik ki, poetik hiss, fikrin səmimiliyi assonansın köməyi ilə  təzahür edir. “Daş olar” şeiri bu baxımdan səciyyəvidir:

 

Ağlama, anam balası,
Quru məzarım yaş olar.
Yerimdə yata bilmərəm
Burda da qəm yoldaş olar

 
Fonetik qabıq dərin məna ilə birləşdikdə əsl sənət nümunəsi yaranır. Şairin  torpaqlarımız uğrunda canlarından keçən müqəddəs  şəhidlərimizə həsr etdiyi  “Şəhid nəğməsi” şeirində assonaslıq dərin məna ilə üvi surətdə bağlıdır.


Şəhidlər, Şəhidlər! Öz canımızla,
Bizə yol açdınız, dövran verdiniz.
Millətə diz çöküb baş əymək üçün,
Şərəfli, müqəddəs ünvan verdiniz.

 
Vətən naminə canlarından keçən igidləri dərin kədər və iztirabla xatırlayan şairin bu misralarında  “ə” və “i” saitlərinin bir-birini izləməsi lirik kədəri daha da qüvvətləndirir. Ümumiyyətlə, şairin vətən mövzusunda yazılmış şeirlərində fonetik səviyyədə obrazlılıqda saitlərin agəngdarlığı ön plandadır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qısa bir müddət sonra çap olunmuş “Salam olsun” kitabında yer almış alovlu misraların demək olar ki, əksəriyyətində assonanas müşahidə edirik. “Salam olsun” kitabında yer alan “Ana dilim” şeirindən seçdiyimiz bir bəndə diqqət yetirək:


Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın,


Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim.


İlk misrada 6 incə “i” saiti  bütün misralarda təkrarlanaraq bənddə ümumilikdə 21 “i” saitinin güclü assonanslığını yaradır. Maraqlıdır ki, ilk misradan başlayaraq “a”, “ə” “ü” saitlərinin də bir-birini izləməsi poetik gözəlliyi bütünləşdirir.


Mahirə Nağıqızı yaradıcılığında saitlərin assonanslıq yaratma texnikası baxımından bu nümunəyə uyğun daha bir şeirə onun “Yanından keçmə dağların” kitabında rast gəlirik:


Dərdin simsar bilər məni
Qəm ilə sürmələr məni
Anası itmiş quzuyam,
Tap, qalmayım mələr məni


Bir bəndlik bu şeirdə nəinki  “ə” və “i” saitləri assonans yaradır, hətta misralara diqqətlə baxdıqda görürük ki, təkrar edilməyən səs yoxdur. Birinci misrada saitlərdən “ə”, “i” saitlərinin bir-birini izləməsi ilə  yanaşı, “d”, “s” samitləri, “n”, “m”, “r”, “l” sonorları təkrar işlənməklə fonetik təsiri qüvvətləndirir və  ilk misrada fonetik təsiri artırmaqla yadda qalan bu sonorlar digər misralarda da işlənmə tezliyinə malikdir. Seçilmiş bu nümunədə təkcə iki saitin deyil, ardıcıl olaraq “a” və “u” saitlərinin də bir- biri ilə uyumlu ahəngini müşahidə edə bilərik. Cəmi səkkiz heca və dörd misradan ibarət bu bənd oxucunu elə ovsunlayır ki, onun təsir dairəsindən çıxa bilmirsən. Həm də təkcə ona görə yox ki, burada səslərin sehirli cazibəsi var, burada həm də  insanı ovsunlayan məna var, insanı kəməndə salan sözlər var. Sözlərin lüğəvi mənalarına bələd  olduqda isə oxucu özünü güclü dalğalardan sıyrılıb  dəryada rahatlıq tapmış kimi hiss edir.  


Poeziyada adətən uzun tələffüz olunan saitlərin assonansı müşahidə edilir. Lakin Mahirə Nağıqızınin lirikasında  uzun tələffüz olunmayan, qapalı “ı” səsinin  digər saitlərlə uyumlu bir şəkildə assonansı ilə qarşılaşırıq. Şairin  “Salam olsun”  kitabından seçdiyimiz “Qayıtmayam”  şeirinin bir bəndinə nəzər salaq:

 

Cığırınnan fal eyləyəm,
Dağınnan əhval eyləyəm.
Çiçəyindən bal eyləyəm,
Dadam, bir də qayıtmayam.


Birinci  misranın ilk  3 qapalı, qalın “ı” səsi misranın davamında açıq, incə “e” və “ə” səsləri ilə ahəngi tamamlayır. Sistem ikinci misrada da eyni şəkildə davam etdirilir, lakin ikinci  və sonrakı misralardakı assonaslıqda qalın, dodaqlanmayan,  açıq “a”  saitini də müşahidə edirik.


Mahirə Nağıqızı poeziyasında elə incilərə rast gəlmək mümkündür ki, onlarda alliterasiya və asssonans qovuşuq vəziyyətdədir. Bunun səbəbi şairin poetik dilinin çoxminillik, bulaq zümzüməsi kimi musiqili bir dil olan folklor dilimizlə bağlı olmasındadır.

 

Ay alalar, alalar,
Al qırmızı lalalar
Tanrının rəhmi gəlsə
Məni yada salalar.


2021-ci ildə nəşr edilmiş “Yanından keçmə dağların” kitabından seçdiyimiz bu misralarda şifahi xalq ədəbiyyatından süzülüb gələn sadəlik və aydınlıq fonetik obrazlılığın müşayəti ilə müdrikliklə qoşalaşır.
“Yanından keçmə dağların” əsərində assonans həm də dodaqlanan saitlərin iştirakı ilə formalaşır:


Ömrümün yarı könlümü,
Dövləti, varı könlümü.
Dünya, gəl atından salma,
Mənim süvarı könlümü.


Səkkiz hecalıq bu bəndin ilk misrasının altı hecası dodaqlanan saitlərin iştirakı ilə formalaşır.  İkinci misrada dodaqlanan saitlər “ö” və “ü” saitlərinin sayı ilə  sonuncu misradakı  “ö” saitinin yaratdığı heca sayı bərabərdir. Sonuncu misrada “süvari” sözünün seçilməsi assonanslığı qüvvətləndirməyə xidmət edir. Maraqlıdır ki, bədii dilin fonetik səviyyədə obrazlılığı təmin edilir, amma eyni zamanda şeirin məna yükü də unudulmur, forma məzmuna üstün gəlmir, əksinə forma və məzmun bir-birini tamamlayır.


Mahirə Nağqızı şeiri musiqidir, bu poeziyada dağların bağrından süzülüb gələn gur sulu çayların gurultulu səsini, bulaqların həzin şırıltısını, əsən meh, bəzən də fırtına səsini duymaq mümkündür. Bu təbiətin səsi, dilin musiqisidir. Şübhə yoxdur ki, dilin musiqisini şeirə gətirmək qabiliyyəti Mahirə Nağıqızıya Azərbaycan poeziyasının vahid simfoniyasına qoşulmaq haqqı vermişdir. Bu mənada Mahirə Nağqızı şeirinin bədii dilinin elmi müstəvidə tədqiqi Azərbaycan poeziya dilinin araşdırılması baxımından aktualdır.

 

Bəhram Cəfəroğu
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı