Pistolet

Pistolet

Ədəbi̇yyat

12 Oktyabr 2022, 01:02

Akif Cabbarlı

(hekayə)


Kərim Kərimlinski son cümləni də bitirib dərindən nəfəs aldı. Sonra balkona çıxıb siqaret yandırdı. Ürəyində Allaha şükürlər edib yavaşca mızıldandı da: “Nə yaxşı ki, vaxtında bitirdim bu həyat hekayəsini. Elbrus Şahtaxtinski sıradan bir adam deyil axı.. Məhşur memardı, onun layihələri ilə şəhərdə nə qədər yaraşıqlı imarətlər tikiblər, obyektlər yaradıblar. Nə olsun ki, bu evlərdən ona əməlli – başlı pay düşməyib. Yeddi baş ailəsi ilə üç otaqlı mənzilə sığınıblar. Dostlarımın arasında belə gözütox, nəfisi üstündə olan adam tanımıram. Mənə həmişə inanıb, ərk eliyib, bu yazının konturlarını özü cızıb, inanıb ki, ortaya bir şey qoya bilərəm. Qələmimə bələddir, redaktorluğuma şübhəsi yoxdur. Olsun. İndi gərək kişinin ürəyindən keçənlərin yazılı variantını əvvəldən axıra bir də oxuyum, bəlkə unudulan, gözdən qaçan nə isə tapılar...”.


Sonra Kərim müəllim illərin dostu saydığı, sənətinə, özünə, ailəsinə böyük hörməti olan memar Elbrus Şahdağlinskinin xahişi ilə qələmə aldığı həyat hekayəsini əvvəldən axıradək oxumağa başladı.

           
“Məni böyüdüyüm, boya – başa çatdığım kəndə qədər aparmağa söz verən taksi sürücüsü lap heyvərənin yekəsiymiş. Yolboyu o qədər danışdı ki, onun əvəzində mən yoruldum. Vaxtilə Rusiyanın hansısa şəhərində bazar əhvalatlarını elə bəzəyib – düzəyib nağıl edirdi ki, sanki qarşısındakı yetmiş yaşlı dünyagörmüş kişi deyildi, orta məktəbin şuluq, dəlisov şagirdlərindən biri idi. Çarəsizlikdən söylədiklərini təsdiqləyir, güman edirdim ki, söhbətinə ara verər, azacıq da olsa başım dincələr. Alınmadı, məni kəndin qurtaracağında, uşaqlıq dostumun həyət darvazasında düşürəndə Allaha min şükür elədim. Amma elə bil sürücü bir balaca narazı kimi qalmışdı. Görünür uydurma əhvalatlardan birini də danışmaq istəyirmiş, vaxt da ki, imkan verməyib bu kəmfürsətə.

           
Kəndin bütün itləri ağız – ağıza verib qısa fasilələrlə elə hürüşürdülər ki, sanki dayansaydılar dünya qopacaqmış. Bu səs – küy mənə kənddə keçən uşaqlığımı xatırladır, xəyalən uzaq illərə aparırdı. Atamın ləzgi dostlarından olan Zeynəddin kişinin lap küçüklüyündən gətirib həyətimizə buraxdığı Toplan böyürüb lap Baskervillərin köpəyi boyda olmuşdu. İstədiyi vaxt atlını vurub yerə sərir, amma dəymirdi, qapmırdı. Sadəcə ehmallıca öz gücünü göstərir, rahatca da aralanırdı. Sonralar qonşulardan biri nəyisə bahənə edib günahsız itin qarnını qırma ilə doldurmuşdu. Qardaşım Rafiqlə bağımızın ayağında bir dərin çala qazıb Toplanı torpağa tapşırmışdıq. O itin surəti hələ də gözümün qabağındadır...


Yerdən bir daş götürüb darvazanı xeyli taqqıldatdım. Axır ki, alaqapı aralandı, uşaqlıq dostum, orta məktəbdə bir sinifdə oxuduğum Zahid iri, alacalanmış gözləri ilə məni xeyli süzüb bağrına basdı, xoşgədin elədi.


- Nə yaxşı təsadüf, bəs niyə xəbər eləməmisən, rayon mərkəzində qarşılayardım səni, - Zahid qayğılı – qayğılı dilləndi.


- İstəmədim sənə əlavə əziyyət verim – dedim. Onsuz da qalan ömrümü sənin evində başa vuracam.


- Necə yəni, qalan ömrümü. Axı sənin Bakıda evin, oğul – uşağın...


- Zahid, bildiyim qədər bu evdə tək – tənha yaşayırsan. Məni də qəbul elə, əl- ələ verək yaşayaq özümüz üçün. Pensiya alıram, qoyun – quzunu, mal – qaranı saxlamağa sənə kömək edərəm, vallah. Kənddə böyümüş adamam, az – çox hər şeydən başım çıxır.


Dediklərim Zahidə dərhal çatmadı. Ona görə də bir az ətraflı danışmağı lazım bildim.


- Bilirsən, Zahid, yaşımızın elə vaxtıdır ki, istər – istəməz sakitlik, hüzur arzulayırsan. Deyirsən ki, şəhərdə evin – eşiyin, ailən, dostun – tanışın, sənə nə güc düşüb ki, durub basa – basa ucqar dağ kəndinə gəlirsən. Başqa çıxış yolum qalmadı, Zahid. Evdə yeddi nəfərik. Nəvəm bugün – sabah ailə qurmalıdır. Oğlanın mənzili olmadığından o da bizə buyuracaq inşallah. Deməli olacağıq səkkiş nəfər. Çox çətindir, üzülürəm, dözə bilmirəm. Səhərlər tualete növbə düzülür. Mən də ki, yaşlı adam, səbrimi birtəhər basıram. Çox vaxt, həyətə düşüb mühafizəçilərin növbəsinə girirəm. Yaş köpəyoğlu şey imiş, özümdən asılı olmayaraq bir də görürsən yeriyəndə ayaqlarımı sürütləyirəm. Arvad da bunu üzümə vurur, oğul – uşaq da. Hətta doqquz yaşlı nəvəm çəkələklərimi gizlədir, deyir ki, baba ayaqyalın gəz, elə gəz ki, səs çıxmasın. Bir nəvəm də hər dəfə deyir ki, yeyəndə dodaqlarını aralama, protezlərinin şaqqıltısı qulağımı deşir. Televizora baxmağa da həsrətəm. Uşaqlar cizgi filmini bir – birinə calayırlar. Telefonum da Nuh Nəbidən qalmadır, heç nəyə yaramır.


Sözümü tam qurtarmamış Zahid ayağa qalxıb məni möhkəm – möhkəm qucaqladı.


- Ay Elbrus, vallah papağı günə yandırmısan. Sənin taylarının şəhərdə dösd – beş yerdə evi, villası, bağı, amma əlli ilin memarı, sənətkarı olan sənin vəziyyətin lap ruscaymış ki, qardaş. Təmiz işləməyin, təmənnasızlığın axırı belə olur da. Deməli başqa şıxış yolun qalmayıb da...


- Yox. Zahid, bir – iki dəfə baş idarəyə müraciət elədim, mümkün olmadı. Dedilər ki, qoca kişisən, get otur evində, evimiz olsa cavanlara verərik də. Bir xanım var, neçə ildir ki, dostluq edirik. Şair Mahir Qabilzadə demişkən ara – sıra daxili energetik bazadan bir fazanı onun istifadəsinə yönləndirirdim, son vaxtlar bu limit tükəndiyindən həmin xanım da üzünü tam əks tərəfə döndərdi. Daha heç üzüm də gəlmədi ki, ona deyim ki, mənə sığınacaq versin. Nəyinə lazımam axı, evin küncünə söykəyəsi deyil ki, süpürgə kimi məni. Bax, vəziyyət bu cürdür.


- Zahidin dəmlədiyi pürrəngi çaydan içib, Allahın verdiyindən dadıb bir xeyli də söhbətləşəndən sonra yatağımıza girdik.


Ertəsi gündən zənglər başladı. Arvad məni dəli adlandırırdı, oğlum dedi ki, kişi, çaşmısan, qızım ağladı, nəvəm adəti üzrə rusca söydü...


Dedilər ki, hara itmisən, cəhənnəm olmusan, birdən Rusiyaya – zada keçərsən, tutub basarlar Ukrayna tərəfə, cəhənnəmə vasil olarsan. Guya ki, məni çox istəyirlər. Olsun, razıyam. Amma...

Hə, yadıma düşdü. Nəvəmə, kiçik Elbrusa söz vermişdim axı, söz vermişdim ki, ona təzə pistolet alacam. Keçən ay aldığımı həyətdə hansısa dələduz uşaq oynamaq adına götürüb aradan çıxıb. Növbəti zəng də nəvəmdən gədi: “Baba pensiyanı almısan? Alan kimi mənə qəşəng bir pistolet alarsan. Kişiyəm axı, qoy mənim də silahım olsunÜ.


Olsun bala, qoy olsun. Mənim də pistoletim olub vaxtında, indi özü də yoxdur, güllələri də. Baban gələr, inşallah. Sənə yağlı – zağlı bir pistolet alar, düşərsən həyətə, tuşlayarsan o haramzadaya, sənin  pistoletini götürüb qaçan gədəyə...


Hə bax, mən də belə qəribə adamam, durub basa – basa iki yüz kilometr yolu gəlmişdim ki, qalan ömrümü kənddə, qəbristanlığın lap qonşuluğunda yaşayan dostum Zahidlə birgə başa vuracam, indi də bu pistolet məsələsi. Qayıdım görüm nə baş verir, qismət Allahdandır”.


Kərim Kərimlinski dostunun – məşhur memar Elbrus Şahdağlınskinin həyat hekayəsini axıracan oxuyub dərindən bir ah çəkdi; - mən bacardığımı elədim, onun dediklərini mətnləşdirdim, qalan məsələlər onluqdur. Nə bilim, vallah, dünyada belə qəribə, həssas, ağılsız və duyğusal adamlar da olur axı...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı