Modern.az

Müşfiq və rabitə (Bu haqda ilk dəfə)

Müşfiq və rabitə (Bu haqda ilk dəfə)

22 Oktyabr 2022, 02:10

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əsasən romantik şair kimi tanıdığımız, sevdiyimiz Mikayıl Müşfiqin yaradıcılığı çoxşaxəli, rəngarəngdir. Lirik, həzn şerləri ilə yanaşı, müəllifin ana, vətən, torpaq, əmək, təbiət və.s bəhs edən əsərləri də axıcılığı ilə fərqlənir, oxucuda maraq doğurmaqla, onları düşündürür. Şairin təbiətini səciyyələndirən bu ecazkar misraları isə zövq oxşayır, oxucu qəlbinə asanlıqla yol tapir. Belə ki, Müşfiqin hər bir şerində,hər bir misrasında  böyük məna, hikmət, fəlsəfə, yenilik var. Şairin qəlbinin, ruhunun dilini məhz onun şerlərində görmək mümkündür.  


1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl tərəfindən əsası qoyulan poçt xidmətinin təşəkkülü ilə həyata vəsiqə alan, qədim tarixə malik Azərbaycan rabitəsi zaman-zaman ədiblərimizin əsərlərində öz əksini tapmışdır. Mikayıl Müşfiqin şerlərində də “poçt”, “teleqraf”, “telefon” kimi movzular poetik misralarla oxucu sevgisi qazanmışdır desək, yəqin ki, yanılmarıq.


Əslində bu şerlərdə də ilk növbədə romantik hisslər sezilir. Şair sanki, bu dilsiz-ağılsız rabitə vasitələri ilə həmsöhbət olur, həm də bir rəssam kimi onların misralarla tablosunu çəkir, rəng çalarlarını, cazibə qüvvəsini qələminin qüdrəti ilə göstərir, oxucusuna çatdırır.


Şairin “Poçt qutusu” şerində illərdən bəri divarlara pərçimlənən dəmir qutusunun sirli aləmlə dolu olması, topladığı məktublarla kimisinin sevincinə, şadyanalığına, kiminsə qəminə, kədərinə “bais” olmasını, uzaq-uzaq ellərdən, müjdələr gətirən “sehrli” poçt qutusunu belə təsvir edir:
 

 İllərdir bu divara, sən ey poçta qutusu,

Yorğun bir adam kimi dayamışsan arxanı,

Saqlıdır içərində sirlərin ən quytusu,

Tanımayan bulunmaz sənin açıq yaxanı.


Karvanların uzayan yollarının zülmünə

Canla, başla, ürəklə dəmir köksünü gərdin.

Kiminə nəşə sondun, qəm içirdin kiminə,

Buna həyat, onaysa ölüm pəyamı verdin.


Misralarında insanların çılpaq, nakam arzularını, romantik duyğuları xəyal gölləritək göz önündə dalğalanır. Bir sözlə, Müşfiq bu cansız, dəmirdən olan poçt qutusunun insan həyatında oynadığı əhəmiyyətli rolu ustalıqla tərənnüm edir:
 

Xoş gəlir mənə səndən bu aldığım duyğular,

Ey dəmir qutu, fikrim halqalanır önündə.

Sayəndə canlanırkən çılpaq, yetim arzular,

Xəyalımın gölləri dalğalanır önündə.
 

Mikayıl Müşfiqin uşaqlıq illəri Azərbaycanın dilbər güşələrindən olan Xızıda keçib. Hər dəfə doğmaları ilə Xızıdan Bakıya və ya əksinə, Bakıdan Xızıya gələrkən, yolçuluq edərkən, ucsuz-bucaqsız yol boyu, o geniş kimsəsiz çöllərdə yan-yana dirənən dirəklər və onlara bərkidilmiş sim tellər, quşların qatar kimi düzülmüş mənzərəsi balaca Mikayılın marağına səbəb olub, diqqətini çəkmişdi.Şairin 1929-cu ildə qələmə aldığı “Teleqraf telləri” şerində ədibin qəlbində kök salmış marağı, hiss və duyğuları poetik misralarda öz dərin əksini tapmışdır:
 

                              Uzanan yolları gödəldən, qısaldan,

                              Yorulan yolçunun başını ucaldan,

                              Çırpınan qəlblərin dərdini azaldan,

                              Yolların yolçusu teleqraf telləri,

                              Ellərin elçisi, teleqraf telləri.

                              Görmədən çıxdığı yoxuşda qəhirlər,

                              Sizinlə bir yerdə toplanır şəhirlər.

                              Ürəkdən dalğalar, arzudan nəhirlər

                              Daşırkən içiniz, teleqraf telləri,

                              Gəliniz, keçiniz, teleqraf telləri.


Müşfiqin bu movzularda yazdığı əsərlər sırasında “Telefon söhbəti” şeri xüsusilə seçilir. Burada həm şair, həm rəssam, həm də uzaqgörənlik təxəyyülü bir-birilə möhkəm vəhdət təşkil edir. Əbədi sevgidən, lirik hiss və duyğulardan, ülvi hisslərdən yoğrulmuş misraları ilə saf məhəbbəti, tükənməz və sağlam eşqi daim uca tutan şair bu şerində sevgilisi ilə telefon söhbətində sanki mahir bir şehrbaz kimi telefondakı hiss və həyacanını, duyğularını istədiyi şəkildə təsvir edir. Həmçinin, uzaqgörənlikə, hələ 1929-cu ildə hazırda məişətimizə, həyatımıza daxil olan videotelefon, skayp, facebook, vatsappdan görüntülü danışıqları əminliklə, eləcə də yüksək ustalıqla təsvir edirdi:
 

Sən məndən uzaqsan, mən səndən uzaq,

Uzaqdır sevimli gözlərin mənə.

Yaxındır telefon sayəsində bax,

Ürəkdən saçılan sözlərin mənə.

Məhəbbətin dərin, xəyalın dərin,

Nə çıxar sözlərə könlümü versəm?!

Əslinə varmaqçın bu söhbətlərin,

Nolur gözlərini telfonda görsəm?!

Əvət, böylə qalmaz yarın bu ölkə,

Telefonda fikrimi açarkən sənə,

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.


Bəli, bu gün Müşfiqin o xəyalları gerçəkləşib. Aşiqlər, sevgililər, bir sözlə, bütün insanlar artıq telefonda danışarkən bir-birilərinin üzünü, sevən simalarını görür,bəlkə də şairin ruhuna dualar edirlər.


Müşfiq yaradıcılığı qaynar, çağlayan bir bulaqdır.Ədib hansı mövzuda olursa olsun, xususilə də rabitə mövzusunda çox maraqlı, oxunaqlı, romantik hisslərlə dolu sənət inciləri yaratmağa müvəffəq olub. Bu şerlər ona ölməzlik bəxş edib, əbədi sevgi qazandırıb:

         

                    Yaşasın dünyada ulu qəlbbimiz!

                    Böyük arzularla boylu qəlbimiz!

                    Nəşəmiz, qayğımız, ehtirasımız,

                    Büllür bir cam kimi dolu qəlbimiz.


Qafar Əsgərzadə
Əməkdar jurnalist
Pedaqokika üzrə fəlsəfə doktoru, dosent


PS. Bu yazını bitirərkən yadıma Azərbaycanın korifey sənətkarı, böyük yazıçımız Mirzə Cəlil Məmmədquluzadə düşdü... Bir əsr öncə məşhur “Poçt qutusu” hekayəsində qələmə aldığı bədbəxt Novruzəlinin faciəli taleyini xatırladım. Hekayədə Mirzə Cəlil Azərbaycan kəndlisinin mükəmməl obrazını yaratmaqla onları bu hala salan insanlara gülürdü..

Mikayıl Müşfiq illər sonra, XX əsrin 20-ci illərində  qələmə aldığı, “Poçt qutusu”, “Teleqraf telləri”, “Telefon söhbəti” şeirlərini yazmaqla ilk Cümhuriyyət dövrünün üstünlüklərini qələmə almışdır.

Sürətlə tərəqqi edən bu virtual dünyada Mirzə Cəlilin “Poçt qutusu”, Mikayıl Müfiqin “Teleqraf telləri” şeirləri bizə artıq xəyal kimi görünür.

44 günlük Vətən mübaribəsində  Xilaskar Alı Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, xilaskar, şanlı, müzəffər ordumuzun düşmən üzərində tarixi qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə yeni quruculuq işləri sürətlə davam edir. Füzuli və Zəngilanda açılan Beynəlxalq Hava limanlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Cümhurbaşkanı cənab Rəcəb Tayyib Ərdoğanın iştirak etmələri tarixi bir hadisəyə çevrildi!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?