Modern.az

Kəlbəcərə qar yağdı, amma Nicatın izlərini örtə bilmədi... - FOTOLAR

Kəlbəcərə qar yağdı, amma Nicatın izlərini örtə bilmədi... - FOTOLAR

26 Oktyabr 2022, 11:30

"Aida Eyvazlı Göytürkün “Səbaildən Şuşaya qədər 44 gün” kitabından bir yarpaq...
 

Fəxr elə ki, mənim kimi oğlun var


Yeganə Şükürova televiziyada xəbərləri izləyirdi. Ermənilər iki gün əvvəl yenə Tovuz rayonu istiqamətində atəşkəsi pozmuşdular. Bu gün isə iyulun 14-ü idi. Xəbər aparcısı deyirdi ki, ermənilərin təxribatı nəticəsində Azərbaycan Ordusunun generalı Polad Həşimov və yanındakı 11 nəfər həlak olublar. Xəbərlərdə şəhidlərin tabutlarının valideynlərinə təhvil verilməsini göstərirdilər. Yeganə müəllimə özlüyündə dəhşətə gəldi. Fikirləşdi ki, yəqin ki, belə bir itkidən sonra müharibə başlanması labüddür. Müharibə qanunlarına və hərbi doktrinaya, konvensiyalara görə, bir dövlətin önəmli şəxsi düşmən tərəfindən öldürülərsə, həmin dövlət müharibəyə başlaya bilər. Şəhidlərin analarına baxıb “Anan ölsün ay bala, yazıq necə dözəcək sənin bu dərdinə” - deyib, özündən asılı olmayaraq ağlamağa başladı. Bir azdan qonşusu Ramilə gəldi. Yeganə müəlliməni pərişan görüb nə baş verdiyini soruşdu. Yeganə müəllimə: “Bu ermənilər indi də bir generalımızı, polkovniklərimizi, əsgərlərimizi öldürüblər, çox pis təsir edib mənə... Müharibə başlasa , neyləyəcəyik?”- dedi.


Axşam ailə bir süfrə başına yığıldı. Birlikdə yenə generalın və polkovniklərin həlak olmasının acısını paylaşdılar. Nicat həmin axşam çox dalğın göründü anasının gözünə. Ana isə fikirləşdi ki, “Başqa cür ola da bilməz axı, mən hansı hissləri keçirirəmsə, Nicat da mənim hisslərimi keçirir”.


Yeganə Şükürova Humanitar fənlər təmayüllü məktəb-liseydə sinif müəlliməsi idi. Səhərisi günü baxdı ki, oğlu bütün söhbətlərində döyüşməkdən, qisas anının yetişdiyindən bəhs edir. Və oğlunu bu fikirlərdən yayındırmaq üçün evdə daha belə söhbətləri gündəmə gətirmədi. Bir neçə gündən sonra qızı Nigar ona dedi ki, Nicat gedib adını könüllü  hərbi səfərbərliyə yazdırıb. Bu xəbəri anasına verəndə, Nicat da evdə idi. Yeganə dönüb key kimi oğlunun üzünə baxa-baxa qaldı və sual etdi: “Sənin səfərbərlikdə nə işin var?!”. Nicat duruxdu. Anasını yayındırmaq üçün ağlına gələn ilk fikri dedi:


- Ay mama, guya ki, indi müharibə var ki? Yeddi min könüllü yazılıb. Onlardan biri də mənəm. Kimdir məni aparan?!


Oğlunun bu sözündən təskinlik tapdı. Fikirləşdi ki, Nicat əsgərliyini çəkib gəlib, tək oğlandır, yəqin ki, onu aparmazlar...



Sentyabrın 25-i ailəliklə yığışıb yenə Kürdəmirin Qaraqocalı kəndinə getdilər. Bura Nicatın atası Ayazın ata ocağı idi. Babası Əlipaşa da yaşlaşmışdı. Tez-tez ailəliklə gəlib qocanı yoxlayır, hal-əhval tuturdular. Nicat da Əlipaşa babasını görməyə sevinə-sevinə gəlirdi. Bu dəfə də elə gəlib Qaraqocalı kəndinə çatmışdılar ki, kişinin yenə əhvalının yaxşı olmadığını gördülər. Nicat maşınına oturub həkim dalınca getdi. Babasına əlac qılandan sonra Nicat macal tapıb qohum-əqrabanı da ziyarət etdi.


Sentyabrın 27-si elə kənddəcə müharibənin başlanması xəbərini eşitdilər. Nicat yaşıdı olan əmi, dayı, bibi, xala uşaqlarına müharibəyə gedəcəyi haqqında məlumat  verdi. Elə həmin gecə Bakıya döndülər. Yol boyu döyüş zonasına yollanan hərbi zirehli texnikalar, avtomobil karvanları keçirdi. Nicat həm avtomobili idarə edir, həm də sevinə-sevinə bu mənzərələri telefonunun yaddaşına köçürürdü. Yeganə də tez-tez: “Ay Nicat, fikrini yayındırma, yolunu sür...”- deyirdi. Axşam evə yetişdilər. Nicat yol boyu fikirləşirdi ki, müharibəyə yollansa, anası onun yoluna çəpər olacaq. Ürəyində xeyli götür-qoy elədi və belə fikrə gəldi ki, bu saatdan etibarən anası ilə acıqlı danışacaq, ona qarşı əsəbililik nümayiş etdirəcək. Bəlkə belə edərsə, anası ona hirslənib, sevgisini, qayğısını azaldar. Yoxsa ki, o müharibəyə çağırılacağı təqdirdə anasının əlindən başqa cürə çıxıb gedə bilməyəcəkdi. Elə bu vaxt anasının səsi gəldi:


- Ay Nicat, çay dəmləmişəm, gəl bir stəkan çay iç, yoldan gəlmisən, yorğunsan.


- Ay mama, bəsdir də... qoy istirahətimi edim, sənin əlindən istirahət də edə bilmirəm...


Yeganə oğlunun bu cavabına məəttəl qaldı. Axı nə baş vermişdi ki, Nicat birdən- birə anasına
belə kobud cavab verdi. Yenə onun otağına keçdi:


-Nicat, nə olub, niyə belə bərkdən danışırsan...


-Ana, bəsdir də... İmkan verməzsən ki, bir özümə gəlim. İstəmirəm çay... əl çək məndən.


Yeganə gözləri dolmuş halda onun otağından çıxdı. Gecə də nəsə yuxusu ərşə çəkildi, yata bilmədi.


Səhər yuxudan oyanıb, fikirli halda məktəbə getdi. COVID-19 pandemiyası səbəbindən çox yerdə işlər ev rejiminə keçirilmişdi. Lakin məktəblərdə az sayda olsa da dərslər keçirilirdi. Aşağı siniflər az-az olsa da dərsə gəlirdilər. Tənəffüs vaxtı müəllimələrlə söhbət etdilər. Hamının üzündə bir kədər, həyəcan var idi. Bütün müəllimələr deyirdi ki, Allah ordumuza güc versin, əsgər balalarımızı qorusun. Günorta evə gəldi. Nicat yenə anası ilə soyuq davrandı. Salamını da dilucu aldı. Yeganə yenə yaşla dolmuş mas-mavi gözlərini oğluna zilləyib soruşdu:


-Ay bala, sənə nə olub eee... Dünən gecədən, məni acılayırsan. Bu nə hərəkətdir...


-Ay ana, get işinlə məşğul ol... Mənim işlərim var, onları yoluna qoyuram.


Yeganə fikirləşdi ki, yetkin oğlandır, artıq söz deyər, aranı daha da sərinlədər. Mətbəxə keçib çaydanı qaz pilətəsinin üstünə qoydu. Mətbəxlə Nicatın otağı üz-üzə idi. Yeganə yan otaqda dayanıb sakitcə Nicatın otaqda nə işlə məşğul olmasına baxdı. Gördü ki, oğlu paltar dolabındakı hərbi biletini götürüb baxır. Fikirləşdi ki, Nicat evdən çıxan kimi, onun hərbi biletini götürüb gizləyəcək.


Sonra başı ev işlərinə qarışdı. Onun otağına keçməyi də unutdu. Ürəyində oğlundan küsmüşdü, fikirləşirdi ki, bu mənimlə niyə belə davransın ki... Xarakter etibarı ilə Yeganə çox kövrək adam idi. Bir incikliyi oldumu, gözləri bulaq kimi dolar, göz yaşları yanaqlarından damcı-damcı süzülərdi. Onun belə kövrək olduğunun fərqinə varan həyat yoldaşı Ayaz Şükürov çalışardı ki, xanımının xətrinə dəyməsin.


Sentyabrın 29-u işdən evə qayıdanda Yeganə yaşadıqları məhəllədəki evlərinə gedən yolun üstündə yerləşən özlərinə məxsus meyvə dükanına yaxınlaşdı və gözləri dolmuş halda Ayaza dedi ki, Nicat iki gündür məni acılayır. Baxdı ki, Ayazın da rəngi qap-qara qaralıb. Hirsli görünür. Nə baş verdiyini xəbər aldı. Ayaz dedi:


- Nə olacaq ki... Nicat gedib könüllü yazılıb. Deyir ki, döyüşə gedəcəm. Beyni çönüb, sözümə baxmır. Az qala üzümə ağ oldu.


Yeganə hirsli-hirsli əlini piştaxtanın üstünə çırpdı:


- Allah haqqı, bunu əcəl girləyir, necə yəni, döyüşə gedəcəm... Heç evində 5 oğlu olanlar var ki, biri də getmir, bu nə əl qatıb özünə... Odeeeyyy, qonşunun oğlu, əsgərlikdən də saxlatdırıb özünü... Belə də dərd olar, ay Allah...


Yeganə ürəyində bəxtindən-taleyindən şikayət edə-edə, oğlunu qınaya-qınaya dar dalanlardan, küçələrdən keçib gəlib evə çatdı. Qızı Nigarın gözləri qıp-qırmızı idi. Ağlamışdı. Həyəcanla nə baş verdiyini soruşdu. Nigar dedi ki, Nicat getdi hərbi səfərbərlik və çağırış idarəsinə. Qonşular da qarşısını kəsdi, yalvarıb-ağladılar, mən də qabağına keçdim, dedim ki, gözlə heç olmasa, mama gəlsin, onunla görüş. “Yox!” deyib, arxasına baxmadan qaçdı. Dedi ki, mama gəlsə, məni buraxmayacaq.


Evin tavanı sanki Yeganənin başına fırlandı. Ayaqları taqətdən düşdü, dizləri büküldü. Güclə özünü divana çatdırdı. Nigar anasının belə həyəcanlandığını görüb qardaşına telefon açdı: “Nicat, tez gəl, mama ilə görüş, vallah, dedi ki, ağlamayacaq, ancaq sən gəl...”. Nicat isə bacısına söylədi:


- Bacı, de ki, ağlamasa, mənə mane olmasa, gəlib görüşərəm...


Heç 10 dəqiqə çəkmədi ki, Nicat qapıda göründü. Nicat gələndə Yeganə mətbəxdə başını işə qatmışdı. Belə edirdi ki, oğlundan küsdüyünü büruzə verməsin. Nicat bacısından yol üçün paltarlar istədi. Sonra mətbəxə keçib əlini anasının kürəyinə çəkdi. Yeganə çevrilib oğlunun üzünə baxmaq istədikdə Nicat tez üzünü yana çevirdi. O, anası ilə göz-gözə, üz-üzə gəlməkdən qorxurdu. Bilirdi ki, anası ilə göz-gözə gəlsə, yaşlı gözlərini görsə, ondan keçə bilməyəcək.

Nicat anasını mətbəxdə qoyub yan otağa keçdi. Yeganə yenə də özünü iş görürmüş kimi məşğul göstərdi. Nigar yenə anasına səsləndi:


- Ana, gəl, görüş... Nicat gedir...


Yenə yer Yeganənin ayaqları altından qaçdı, dizləri taqətdən düşdü. Belindən ağrı tutdu. İçərisində bir süstlük yarandı. Qadın elə bil ki, havasızlıqda idi, uçurdu... Gəlib qeyri-ixtiyari oğluna yaxınlaşdı. Üzündən öpdü. Bu bəs eləmədi, iki qolları ilə onu bir də qucaqladı, hər iki yanağından öpdü. İstədi ki, həmişəki kimi Nicatını bağrına sıxsın, saçlarının ətrini qoxlasın, ürəyinin içərisində tutub saxlasın, lakin Nicat ilan kimi sıvrılıb tezcə anasının qolları arasından çıxdı. Və bu sözləri dedi: “Sən qəm eləmə, fəxr elə ki, mənim kimi oğlun var.”


Yeganə ürəyində özü-özü ilə danışdı: “Mən elə hər zaman səninlə fəxr edirəm də...”.


Getdi Nicat Şükürlü. Sentyabrın 29-da bir axşamçağı  ailəsindən belə ayrıldı. Yol üstündə atasının işlətdiyi dükana gəlib onu da özü ilə götürdü. Hərbi səfərbərlik və çağırış məntəqəsinin yeni köçürüldüyü 49 saylı məktəbə birlikdə gəldilər. Ayaz oğlu ilə görüşdü. Elə bil ki, içərisində nəsə qırıldı. Elə bil ki, kişinin ürəyi köksünə sığmırdı. Bu nə həyəcan, nə darıxmaq idi, başa düşmürdü. Nicat sonuncu dəfə atası ilə vidalaşıb: “Həəəə, ata bir az gülümsə, bu necə oğul yola salmaqdır...” deyib, onu qınadı və gülə-gülə atasını qucaqladı.


Kor-peşman evinə qayıtdı Ayaz. Şəhərin dağlıq yerində yaşadıqlarından dəniz onlarla üz-üzə idi. Yadına 1990-cı ilin 20 yanvarı düşdü. Haradan hara xatırladı o günü...  Şəhərdə bir soyuq var idi ki... Hamı Dağüstü parka tərəf irəliləyirdi. Gecə rus tanklarının tırtılları altında qalan, kor güllələrlə qətlə yetirilən dinc əhalini üzbəüz görünən Dağüstü parkda dəfn edirdilər. O zaman Ayaz da gənc idi. Bayılın Buxta küçəsindəki tək yaşadığı evindən çıxıb, insan selinin axışdığı Dağüstü parka yetişdi. Dünyalarca aşiqi olduğu, əsərlərini sevə-sevə oxuduğu tarixi əsərlər yazıçısı Əzizə Cəfərzadə çıxış edirdi. Şəhidləri ağlayırdı. Onun oxuduğu bayatılar indi yenə yadına düşmüşdü:

 

Arazam keç üstümdən

Çək karvan köç üstümdən.

Bu dərdi mən əkmişəm,

Dəryazam biç üstümdən.

 

Burda bir xanım ağlar

Cismimdə canım ağlar.

İtirdim igidləri

Damarda qanım ağlar.

 

Fikirli-fikirli gəlib evə çatdı. Yeganənin gözləri qıpqırmızı idi. Bükülüb divanın bir küncündə oturmuşdu. Qadın elə bil ki, yumağa dönmüşdü. Elə bil ki, evlərinin də işığı azalmışdı.

 

***

Onları elə həmin gecə Sumqayıtdakı N saylı hərbi hissəyə gətirdilər. Ən əziz və yaxın dostu Vüqar Mehdiyevlə eyni avtobusda gedirdilər. Vüqarla uşaqlıqdan dost idilər. Vüqar ona dedi:


-Nicat, səhər-səhər yaman bikef idin. Amma görürsən, mən sənə demişdim axı, yəqin ki, çağırarlar.


-Həəə... demə-demə, ay Vüqar. Sən deyəndə ki, məni çağırdılar, elə bil içimdə nəsə qırıldı, ömrümdə ilk dəfə sənə paxıllıq elədim. Elə səninlə danışandan 5 dəqiqə sonra, mənə də zəng gəldi. Amma bilirsən pis olan nədir, anamı incitdim. Özümü onunla soyuq münasibətdə apardım ki, məndən küssün.


-Nicat, səndən çıxmayan iş, gərək etməyəydin. İndi fikir edəcək sənə görə...


- Heç nə olan deyil, ölməyə getmirik ki, döyüşüb qayıdacağıq da...


Avtobus yola düşəndə Murad Qurbanovun anası Mehriban xanım da gəlib onlara yaxınlaşdı. Avtobusun salonuna çıxıb, uşaqlara xeyir dua verdi: “Gedin, öldürün, hamınız da söz verin ki, qayıdacaqsınız...”.

 

Döyüşə yollanan iki dost...

 

Yeganə özlüyündə Nicatla küsü saxladı. Nicat evə zəng vuranda onunla küsülüymüş kimi danışmayacağını qərarlaşdırdı. Və sonra baxdı ki, artıq ön cəbhədən şəhid xəbərləri gəlir. Ürəyi dözmədi. 2 gündən sonra Nicatın ilk zəng etdiyində dərhal telefonu özü götürdü. Oradakı vəziyyəti soruşdu. Nicat dedi:


 -Ana, narahat olma, biz hələ döyüş bölgəsində deyilik, burada təlim keçirik. Kəndin adamları evlərində nə qədər yemək varsa, gətirib bizə verirlər. Heç nədən ehtiyacımız yoxdur. Sən bilirsən ki, mən təbiəti çox sevirəm. Buraların təbiəti elə gözəldir ki... Ana, sənə bir şad xəbərim də var. Məni indi 20 nəfərin üstündə manqa komandiri qoyublar.


Ana da özlüyündə oğlunun təhlükəsizliyini təmin edirmiş kimi: “Nicat, başına dönərəm, çox qabağa getmə, özünü hər şeyə görə irəli atma...”- dedi oğluna.


Nicat manqa komandiri təyin ediləndən sonra, ilk əvvəl əsgərlərin döyüş hazırlığını yoxladı. Və hərbi komanda verib, əsgərin birinə “Sola dön!” dedikdə o sağa döndü. Nicatı gülmək tutdu.
Yadına Azərbaycanın tanıınmış yazıçısı Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında qələmə aldığı bir epizod düşdü. Kitabın bir hissəsində türk zabitlərinin əsrin əvvəllərində hərbi bacarığı olmayan Bakı şəhəri sakinlərini necə hərb sənətinə öyrətməsindən bəhs edilirdi: “Lakin türk zabitləri bu «xam» adamlardan az müddətdə elə çevik, cəsur, mətanətli döyüşçülər yaratdılar ki, adam məəttəl qalırdı. Hər məşğələ vaxtı beş-altı saat onları qaçırdır, yorur, taqətdən düşənə qədər əldən salır, polad nizam-intizam yaradırdılar; özləri də yorulmaq bilmir, istədiklərinə nail olmadıqca əl götürmürdülər. Bir məşqi kərratla təkrar etdirirdilər. Birdən komanda sədası şimşək təki guruldayırdı: “Nəfərat düzülün!” “Arş, irəli!», «Sol! Sol! İrəli! İrəli! Ar...ka...ya dön!” “Sağ, sol! Sola dön”, “İrəli. Silahlar umuza!” “Olmadı! Təkrar!.. Silah umuza! silah dabana”, “Yarım dönüş so...la!” “Sağa yarım dönüş!” “Farağat! Yerində say bərkdən!.. Geriyə dön!”, “Hasarı aşmaq!” “Cəld! Cəld!..”“Hədəfi nişan al!” “Olmadı! Təkrar hədəfə!” “Süngü axılsın! İrəli! Süngü çıxarılsın!” “Azad!”.


 Məktəbə gedən gündən anası ona fərqli-fərqli kitablar verib oxumağa sövq etmişdi. Nicatın da tarixi romanlar könlünə daha çox yaxın olduğundan, Azərbaycanın kəşməkeşli tarixini yaxşı bilirdi. Hərb sənətinin incəliklərini də, kitablardan öyrənmiş, sonra isə hərbi xidmətdə ləyaqətlə qulluq etmişdi.


Yeganə oğlunun xarakterinə bələd idi. Gözündə bir damcı da qorxu deyilən hiss yox idi. Həmişə özünü irəli atırdı. Onun yanında kiməsə haqsızlıq olarsa, onun haqqına kimsə girərsə, qəbul etməzdi. Zəif insanların güclülər tərəfindən incidilməsinə heç vaxt dözməzdi. Ana ona görə də narahat idi. Bilirdi ki, oğlu, arxada gizlənməyəcək, özünü elə hey önə atacaq. Sonuncu dəfə Nicatıyla 9 oktyabrda danışdı. Nicat anasına gözaydınlığı verdi. Dedi ki, artıq xeyli irəliləyiblər. Dedi ki, ana eşitmişəm ki, Ali Baş Komandan bizimlə fəxr etdiyini deyir! Bizim necə döyüşdüyümüzdən xəbərdardır. Mən sənə demişdim axı, Ana sən mənimlə fəxr edəcəksən.


Sonra isə bacısı Nigarın müəllim işinə qəbul edilməsi münasibəti ilə anasına göz aydınlığı verdi. Sonda telefonunun enerjisinin bitəcəyini bəhanə edib, anası ilə sağollaşdı. Naəlac qalan ana “Oğul, demirəm ki, hər dəqiqə telefon aç, sadəcə gündə bir dəfə salamat olmağın barədə mesaj yaz. Gün o gün olsun ki, Qarabağı alıb dönəsiniz!”- deyə bildi.

 

***

Dedim axı, Bakıdan uşaqlıq dostu Vüqar Mehdiyevlə bir çıxmışdılar. Ayrı-ayrı taborlarda olsalar da, Füzulini, Cəbrayılı süvari qoşunların tərkibində keçmişdilər. İndi isə üzü Hadruta tərəf gedirdilər. Arada-bir bu iki uşaqlıq dostu yol üstündə bir-birini görəndə dayanıb bir-iki dəqiqə hal-əhval tutar, ya da ki, ancaq uzaqdan salamlaşıb, ötərdilər. Çünki bu yerlərdə dayanmaq olmurdu. Hər dəqiqə düşmənin atdığı top atəşinə məruz qalmaq təhlükəsi var idi.


Piyada xeyli yol getdiklərindən, yaman yorğun idilər. Nicatın yükü çox ağır olmasına baxmayaraq, manqasında irəliləyən əsgərlər üçün yemək tədarükünü də çiyinlərində daşıyırdı. Belə fikirləşirdi ki, bu əsgərlər ona etibar edilibsə, demək, onların qayğılarına qalmaq şərəf vəzifəsidir. Xeyli irəlilədikdən sonra gəlib bir dağın dibində istirahət etmək üçün dayandılar. Nicat yanındakı döyüşçü dostu Kamrana tərəf döndü:


- Kamran, gör bir Ordumuz haradan hara qədər irəliləyib. Yəqin ki, 5-10 günə hər yeri alarıq...- dedi.


Kamran :


- Eh, irəliləyirik eeee... ancaq bilmirik ki, kim öləcək, kim qalacaq?


Nicat dərhal onun könlünü aldı:


-İnşallah, hamımız salamat qayıdacağıq. Ölməyə gəlməmişik ki, hələ ki, öldürürük. Mən təzə maşın almışam. Evimizə qayıdanda, səni də rayonlara gəzməyə aparacam.


Mülki həyatda Nicat öz dostları arasında təşəbbüskar kimi seçilirdi. İstirahət günləri olduğunda dostlarını yığıb Azərbaycanın gəzməli-görməli məkanlarına aparırdı. Əgər dostları içərisində xəstəsi olsaydı, ona mütləq yardım edirdi və həm də dostları ilə birllikdə ehtiyacı olanın köməyinə çatırdı. Payızın bu gözəl günlərində mərimi və top səslərindən qulaq tutulan məqamda dostu Elnuru xatırladı. Elnurun xərçəng xəstəsi olduğunu biləndən sonra, onu maşınına qoyub bütün rayonları gəzdirmişdi. Fikirləşirdi ki, bəlkə gördüyü mənzərələr, təbiət Elnurun əhvalını dəyişər, yaxşılığa doğru nəsə olar. Lakin olmadı. Elnur vəfat etdi. Elnuru itirmək onu çox sarsıltdı. Sonra da Vüqar, Vüsal, Cahid, Şəmsi ilə birlikdə pul toplayıb, Elnurun məzarının baş daşını özləri götürdülər. Üstünə də yazdılar ki “Anasından yadigar!”.


Nicat dostlarına çox güvənirdi. Vüqar Mehdiyev indi yanında idi. Bakıda olan dostlarından isə arxayın idi. Bilirdi ki, dostları onun valideynlərini tək qoymayacaqlar. Xəyaldan onu Kamranın cavabı ayırdı.


- Amin! Təki, birlikdə qayıdaq...-dedi Kamran.


Nicat bir də ətrafını nəzərdən keçirib:


- Ancaq ki, buralar heç xoşuma gəlmədi axı... ürəyimə damıb ki, burada bizi tələyə sala bilərlər, atarlar... –dedi.


Elə bu vaxt Vüqar Mehdiyev də arxadan gəlib onlar dayanan yerə çatdı. Vüqar da yorğun idi. Fikirləşdi ki, elə burada dayanıb, onlarla birlikdə dincələr. Nicat isə onunla salamlaşdı, görüşdü və dedi:


- Vüqar, sən burda dayanma, get, öz taborunuza çat. Onsuz da sizin tabordan az uşaq qalıb...


Vüqar özlüyündə Nicatdan incidi. Nicat hərbi hazırlığına görə daha yüksək rütbədə olduğundan, hərbi qaydalara görə, əmrə tabe oldu. İncimiş halda yoluna davam etdi ki, qabaqdakı döyüşçülərə çatsın.


Vüqar aralanıb gedəndən 2 saat sonra, onların dayandığı yerə göydən mərmilər yağış kimi yağmağa başladı. Tankın yanında olan əsgərlərdən biri yaralandı. Nicat tez irəli atılıb, onu həmin yerdən çıxardı. Daha sonra isə ikinci yaralının arxasınca getdi. İkinci yaralını çıxarmaq istəyəndə isə yenidən top atəşi atıldı. Bu dəfə atılan mərminin bir parçası Nicatın boyun nahiyəsindən dəydi. Yanındakı yoldaşları ona yardım etmək istəyəndə isə: “Mənim yaram yüngüldür, siz ağır yaralıları çıxarın!”- deyə əmr etdi.


Döyüş dostları onu tək qoymadılar. Yaralandığı ərazidən çıxarıb təcili yardım maşınına yerləşdirdilər. Nicat artıq vəziyyətinin çox gərgin olduğunu görüb: “Məni anama çatdırın...”- dedi. 


Əslində, həqiqətən də burada taborun uşaqları pusquya düşmüşdülər. Düşmən   azərbaycanlıların mərdliyinə bələd idi. Bilirdilər ki, bir əsgər yaralanarsa, şəhid olarsa, digərləri gəlib onu həmin yerdən çıxarır. Erməni də bu fürsətdən istifadə edib, köməyə gələnləri də nişan alırdı. Nicat və onun yanındakı döyüşçülər bu hiylənin qurbanı oldular.

***

Hər telefon zənginə boylandı Yeganə xanım. Nicatın da telefonu susmuşdu. Xəyalına qorxulu səhnələr gətirdi, gözlərinə gecə-gündüz tabut göründü. Axırıncı dəfə oğlu ilə danışanda şikayət edib demişdi ki, “Sən məni yuxusuz qoydun”. Nicat isə cavabında: “Mama, yuxusuz qalmağın zərəri yoxdur. Sən mənim üçün dua et”- demişdi. Bu sözləri deyəndə ana, oğlunun səsində bir nigarançılıq, təlaş hiss etmişdi. İndi oturub-durub o son sözləri dolandırırdı fikrində. İndi artıq telefonuna gələn qeyri zənglərə əsəbiləşirdi. Ananın bir arzusu var idi, oğlunun səsini eşidib, salamat olmasına əmin olmaq. Artıq oktyabrın 12-si idi. 3 gün 3 gecə idi ki, Nicatdan xəbər yox idi. Belə dərd içərisində qovrulduğu vaxt, qardaşı oğlu Ramil zəng vurub “Bibi, Nigar rayona gəlməsin, mən özüm gəlib aparacağam”- dedi. Yeganə heç nə başa düşmədi:


-Niyə ki, ay bala, qoy gedib kənddə qeydiyyatdan keçsin də, sən onu rayonda qarşılayarsan...


-Yox da bibi, mənim Bakıda işim var, gəlim işimi görüm, birlikdə qayıdarıq- dedi Ramil. Əslində isə bibisinin fikrini yayındırırdı. Ramilgilin ailəsinə Nicatın şəhid olduğu barədə xəbər yetişmişdi.


Oktyabrın 12-də səhər saatlarında Nicat Şükürlünün şəhid xəbəri gəldi evə. Ailənin tək oğlu, istedadlı, cəsarətli, bacarıqlı, Bayıl qəsəbəsindəki 49 saylı “İntellekt” məktəb-liseyi yüksək qiymətlərlə oxuyub, Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakultəsini bitirən Nicat Şükürlünun tabutunun yaşadığı Buxta küçəsinə gətirilməsi mənzərəsini yazmıram. Çünki Azərbaycan həmin günlərdə Vətənə Qalibiyyət gətirən şəhidlərini eyni məhəbbətlə qarşılayırdı. Hər yer bayraqlarımıza bürünür, şəhid qapıları ziyarətgaha çevrilirdi. Onları qəhrəman adlarına layiq qarşılayırdılar. Nicat Şükürlünü Badamdarda  dağın döşündəki qəbristanlıqda Cavidan Ağayevin yanında dəfn etdilər.


Oğlunu dəfn edəndən sonra, onun tabutunun büküldüyü bayrağı atası Ayaza verdilər. Ayazın qulağına yenə Əzizə Cəfərzadənin səsi gəldi:


Arazıyam adanın

Quluyam şahzadanın

Qabağına çıxaydim

Sizə gələn qadanın.

 

Haray a yoldan ötən,

Əynimdə qara kəfən.

Bu qədər məzar olmaz,

Nə günə qaldın Vətən...

 

***


O dəhşətli xəbərdən sonra Yeganə xanım aylarla xəstə yatdı. Oğlunun yoxluq xəbərini eşitmək istəmədi. Atası Ayaz Şükürov qolu-qanadı sınmış kimi gəzdi. İstədi ki, inanmasın. Lakin inandı. İnandı oğlunun şəhidliyinə, inandı oğlunun uca zirvələrdə, Tanrı dərgahında olduğuna. Gör bir nələr fikirləşirdi, başına nələr gəldi. Nicat 1991-ci ilin oktyabr ayının 23-da dünyaya gəlmişdi. Həmin vaxt da bu dar dalanlardan keçirdi. Dostlarına xəbər etdi. Ayazın oğlu olması münasibəti ilə dostlar bir araya gəlib, yeyib-içib, şənləndilər. Hər badə qaldıranda dedikləri ilk söz bu oldu: “Ayaz, gözün aydın olsun, dünyaya əsgər gəlibdir!”. İndi Ayaz düşünürdü ki, bəlkə də həmin vaxt, oğluna “əsgər” deyilməsinin özündə bir qanunauyğunluq var imiş...  Uşaq dünyaya gələndə tər-təmiz olur. Deyilən xoş sözlər, arzular da onun alın dəftərinə yazılırmış...


... Mas-mavi gözləri var Nicatın anasının. Evlərindən içəri girəndə qonağı ilk qarşılayan Nicat Şükürlünün divardakı şəkli və onun həyatının müxtəlif anlarından bəhs edən şəkillər, əşyalarla dolu guşəsidir. Burada ailəsi ilə keçirdiyi xoşbəxt günləri və anları yer alıb. Şəkillərin birində qış fəslidir. Yeganə müəllimə deyir ki, divardakı şəkildə əks olunan əynindəki paltarı ona Nicat almışdı:


-Nicat bizə hər zaman sürprizlər edirdi. Hər bayram bacısına və mənə pul verib deyirdi ki, gedin özünüzə ürəyiniz istəyən hədiyyəni alın. Və ya bir də görürdün ki, bacısına və mənə ətirlər alıb gətirib. İndi həmin ətirlər durur, Nicat isə xoş ətir kimi havaya uçub, lakin ətri burnumdan getmir. Oğlum çox tərbiyəli idi. Allahına bağlı insan idi. Dini etiqadı var idi. Nə içki içər, nə də siqaret çəkərdi. Döyüşdə olarkən dostlarına deyib ki, döyüşlər qurtarsın, gedərik Kəlbəcərdə qartopu oynayarıq. Qış fəslində Bakıda dayanmırdı. Dostlarını da başına yığıb aparırdı, qar olan rayonlara. Təbii ki, bizi də unutmurdu. Vaxtını elə qururdu ki, bizimlə səyahətə də vaxtı çatsın. İndi yadıma düşəndə fikirləşirəm ki, o, döyüşə getməzdən əvvəl dedi ki, gedib babamla görüşüm. Demək, “gedib də dönməmək var” qismətini fikirləşibmiş. Nicatın dəfnindən 7 gün sonra babası da köçdü dünyadan. Nə xoşbəxt adamdır ki, tez gedib, nəvəsinə qovuşdu. Bizim günlərimiz
Nicatla xoşbəxt idi. Nicatın yoxluğu evimizin işığını azaldıb. Qaranlıqlara qərq olmuşuq. Atası deyirdi ki, Nicat sağ-salamat gəlsin, dükandakı bütün ərzaqları qonşulara sevincək kimi paylayacaq. Adətimiz üzrə, biz hər il Novruz bayramını Bakıda 20 mart günü keçirəndən sonra, 21 martda Kürdəmirə gedərdik. Bu il Kürdəmirə də getdik, lakin bayramımız olmadı...


Yeganə xanim davam edir:


-Nicatın ən çox sevdiyi məqam, gün Orucluq günləri idi. Namaz ibadadətini pozmazdı və bunu heç kimə bildirməzdi. Orucluq ayı gələndə evimizdə xüsusi bir gözəllik, ab-hava hökm sürürdü. Bu il o da tərk etdi bizi. Nicat hər şeyin ən yaxşısını sevirdi. Axşamdan onun üçün ən gözəl yeməkləri bişirirdim. Səhər-səhər imsağa dururduq. Nicat səhər o başdan gedib dükandan isti şirniyyat alıb gətirirdi, deyirdi ki, nə qədər vaxt tamam olmayıb, tez bulkamızı isti-isti yeyək. Azan səsi gələndə elə bil ki, üzündə günəş doğurdu balamın. Mənə deyə bilərsiniz ki, Quranda yazılanlardan xəbərdar olduğun halda, niyə ağlayırsan, niyə sızlayırsan? Şəhid məqamının Qurani-Kərimdə necə yüksək məqam olduğundan da xəbərdaram. Lakin gedən ruhum, cismim, canımdır axı... Mənim də bütün analar kimi, oğul toyunda oynamaq arzum var idi... Mən Nicatı nə vaxtsa itirəcəyim haqqında fikirləşmirdim. Eh...Nə zalımsan, ay dünya... Həmişə fikirləşirəm ki, görəsən balamın boynuna qəlpə dəyəndə nə düşünüb, nə fikirləşib, necə qışqırıb, kimi köməyə çağırıb? Balam heyif oldu. Görəsən qanı üstünə necə tökülüb?! Fikirləşirəm ki, kaş anaları döyüşə gedən övladları ilə yanaşı göndərələr. Yanında olsaydım qanlı köynəyindən yapışardım, deyərdim ki, Nicat döz, qanı axan yarasını sarıyardım, öpərdim, oxşayardım, maşına çatana kimi döz deyərdim, mən yanında olsaydım, bəlkə də balama heç nə olmayacaqdı... Bilirsinizmi, toppuş əlləri var idi Nicatımın. Üşüyəndə deyirdim ki, Nicat o toppuş əlinlə məni ovuşdür. Ovuşdururdu, kürəyim elə yumşalırdı ki... İndi kim ovxalayacaq kürəyimi. O gündən kürəklərim qatıb...




Göz yaşları içində davam edir:


- Noyabrın 10-da gecə bir də baxdım ki, küçədən səs gəlir. Qorxdum, elə bildim ki, yenə məhəlləyə şəhid tabutu gətiriblər. Sonra qonşumuz Çingiz gəldi. Dedi ki, Qələbə qazanmışıq. Müharibə qurtarıb. Yaralı könlüm bir də param-parça oldu ki, daha Nicat qayıtmayacaq. Həmin günə qədər hardasa inamım var idi, gözləyirdim ki, bəlkə elə gələcək. Çünki nə atası, nə də mən tabutunu açıb baxmadıq. Əmiləri baxdılar. Ayın 10-da qonşuların sevincini görüb mən də sevindim. Fikirləşdim ki, bu qələbəni Nicat kimi oğullar qazandı. Heç olmasza, onların qanı yerdə qalmadı. Həmin gün iş yoldaşlarım Təhminə müəllimə, məktəbin müəllimləri, Nicatın dostları bizə gəldilər, şəhidimin qanının yerdə qalmadığını deyib, təskinlik verdilər. İndi xəyallarla yaşayıram. Gözümün qarşısında Nicat adlı bitib-tükənməyən bir film var. Onunla Qarabağı gəzirəm, onunla ev qururam, onun uşaqlarıyla qayğılanıram, onunla nə vaxtsa gəzdiyimiz yerlərə gedirəm...  Dostlarının danışdığı söhbətlərindən, xatirələrindən, döyüş yoldaşlarının dediyi hadisələrdən söz-söz , ilmə-ilmə yenidən yığıram Nicatımı. Gecə-gündüz axtarıram Nicatımı.


Gecələr min xəyala dalıram sənsiz,

Ətrini yastığından alıram sənisz...

Söhbətim-sözüm, baharım-yazım

Ürəyimdə qaldı, sənsiz hər arzum...

 

Atası Ayaz Şükürov deyir:


- Nicat balaca olanda bütün oyuncaqlarını sındırıb, içərisinə baxırdı. Əsasən də maşınları. Bir dəfə də anası ondan soruşdu ki, niyə sındırırsan, cavab verdi ki, xarab olub, düzəldirəm. Bir gün də ona oyuncaq göbələk alıb gətirdik. Neylədisə içərisini aça bilmədi. Dedik ki, onu aça bilmərsən. İçində bomba var. Bir gün də evə gələndə gördü ki, Nicat bu göbələyi vurur yerə, özü də qaçıb gizlənir ki, guya göbələk partlayanda ona dəyməsin... Deyirəm ki, kaş ki, həmin günü də mərmi oğlumdan yan keçəydi... Nicatın şəhidliyindən iki ay keçəndən sonra ən yaxın dostu Vüqar Mehdiyev gəldi. Həyat yoldaşım Yeganə xəstəxanada idi. Vüqar döyüşdən dekabr ayının 10-da təxris olub, birbaşa bizə gəlmişdi. Uşaq elə bil ki, gözümə baxmağa utanırdı. Elə yorğun görkəmi var idi ki... Yolların palçığının içərisində idi üst-başı. Dayanıb key kimi üzümə baxırdı. Görüşüb bağrıma basdım. Elə bildim ki, elə Nicatı qarşılayıram. Qoxladım onun da saçlarını. Bir anlığa belə fikirləşdim ki, döyüşdən qayıdıb gələn bütün oğullardan eyni qoxu gəlir - barıt qoxusu! Vüqar Nicatın yol çantasını və döyşdə geyindiyi papağını gətirmişdi. Çantanı özündə yadigar saxladı, papağını isə bizə qaytardı. Bir paltarı da şəhidliyindən sonra gəldi karqo ilə. Döyüşə getməzdən əvvəl sifariş vermişdi.


Gözləri dolur.

- Onu bütün nəslimizin əqrabaları, uşaqlar, institut tələbələri sevirdi. Nicat nümunəvi uşaq idi. Tərifdən xoşu gəlirdi. Əməyinin bəhrəsini görəndə sevinirdi. Bu dəfə isə tərifə layiq işlərin ən gözəlini gördü. Medallar aldı. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi. Mən onun geri dönməyəcəyinə inanmırdım. Çünki Nicat hara getsə uğurla, müvəffəqiyyətlə geri dönürdü. Bu dəfə də uğurla, qələbə ilə döndü.

 

***


Bu hələ son deyil. Bizim Vətənimizə üz ağlığı gətirən qəhrəmanlarımızın şəhadətindən indi bir il keçir. Lakin onların adlarına yazılan dastanlar, şerlər, kitablar çoxalır, artır. Yaddaşlarımız təzələnir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlu  şəhidimiz Nicat  Şükürlüyə belə bir şer itfah edib. Bu şer bütün şəhidlərimizə həsr olunur!

            
Başını dik tut, ay Ana!


Başını dik tut, ay ana, Nicat kimi övladın var,

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

Sən, elə oğul böyütdün, adı düşübdü dillərə,

Elə hünər göstərib ki, müjdə verib, səhərlərə.

 

Uşaqlıqdan zirək idi, çox xoşlayırdı zəhməti,

Məktəbdə əlaçı idi, yalnız “beş” idi qiyməti.

İnsanı şəxsiyyət edən, saf əqidə, saf amaldı,

Müəlimlər deyirdilər, Nicata əhsən, halaldı.

 

Nicat həm də idmançıydı, qazanmışdı diplom, medal,

Üz gözündən tökülürdü, mərifət, qanacaq, kamal.

Orta məktəbi bitirib, yollandı hərbi xidmətə,

Əsgəri borcunu verdi, bu vətənə, bu dövlətə.

 

Amma rahat deyildi o, qəlbi elə göynəyirdi,

“Faşistlər qovulmalıdır, yurdumuzdan” söyləyirdi.

Bir an boş dayanmazdı, oxuyurdu, çalışırdı,

İntiqam, qisas hissiylə, o yanırdı, alışırdı.

 

İnsan necə xoşbəxt olur, halallıqla ucalanda,

Ali təhsil diplomunu, çox sevinmişdi, alanda.

Həşimovun şəhidliyi onu sarsıtmışdı yaman,

Dua edirdi Allaha: - Baş Komandan versin fərman.

 

Atılaraq döyüşlərə, məhv edəyin ermənini,

Bizim bircə əsgərimiz, şil-küt eyləyər minini.

Könüllü tək yazılmışdı, döyüşlərə getmək üçün,

O müqəddəs savaşlarda qələbəyə yetmək üçün.

 

Arzusuna çatan zaman, necə sevinirdi Nicat,

Bu savaş bizə qələbə, torpağa qurtuluş, nicat.

Manqa komandiri oldu, Vətən ona arxalandı,

Düşmənə sübut eylədi, erməni, mifdi, yalandı.

 

Füzulidə döyüşərkən, göstərdi nə qədər hünər,

Əsgərlərinə deyirdi, bizimdir qələbə, zəfər.

Hadrut uğrunda döyüşdə, Nicat əsil cəngavərdi,

Elə burda o, cənnətdən, solmayan gül-çiçək dərdi.

 

Doğma torpaq, haqq yolunda candan keçənlər ölməzdir,

Şəhidlərin xatirəsi xalq qəlbindən silinməzdir.

Başını dik tut, ay ana, Nicat kimi övladın var,

Ağlama, qəmgin dayanma, “Şəhid Anası” adın var.

***



Dünən Nicatın otuz bir yaşı tamam oldu. Xəbərlər proqramında deyildi ki, Kəlbəcərə qar yağıb. O Kəlbəcərə ki, Nicat müharibədən sonra dostlarını başına yığıb ora getmək, orda qartopu oynamaq istəyirdi.

Qar yağdı. Ancaq Nicatın izlərinin üstünü örtə bilmədi.


Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı