Modern.az

“Durnalar” ədiblərimizin yaradıcılığında

“Durnalar” ədiblərimizin yaradıcılığında

Ədəbi̇yyat

10 Noyabr 2022, 12:52

XVIII əsrdən başlayaraq, günümüzə qədər Azərbaycan klassiklərinin və müasir dövr şairlərimizin əsərlərində durnalara xitab edilən şer nümunələrinə rast gəlinir. Sözsüz ki, bu əsərlər milli ədəbiyyatımızın qiymətli sənət inciləridir.


Bu əsərlər sırasında Qasım bəy Zakir, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Məmməd Rahim, Nəbi Xəzri  kimi qüdrətli qələm sahiblərinin yazdıqları şerləri misal göstərmək olar.


Bu şerlərin çoxunda müəlliflər durnalara xitab edərək, ayrı düşdüklərindən xəbər almaq, həsrət dolu, intizar dolu hallarını bildirmək üçün xəbərlər göndərmək istəyində və s. olmuşdur.


Azərbaycan ədəbiyyatında elinin, xalqının dərd-sərini, mənsub olduğu dövrünü, sınfının çatışmazlıqlarını, eybəcərliklərini, xəyanəti və cinayətləri cəsarətlə, çılpaqlığı ilə şerlərində təsvir edən Qasım bəy Zakirin “Durnalar” şeri digərlərindən tamamilə fərqlənir. Belə ki, şair misralarında durnaları özünə həmdəm, yoldaş, həmsirr və dost hesab edərək, ondan ehtiyatlanmamağı təvəqq edir.


Diyari-qürbətdə müddətdi varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa durnalar!


Q.Zakir bu şeirində durnalara sanki bir dostu kimi yanaşır. Onlara mehribanlıq, nəvaziş göstərərək, laçın yatağı olan bu yerlərin onlar üçün təhlükəli olduğunu dilə gətirir, əgər səsləri çıxarsa şahinlər, laçınlar duyuq düşüb onların sürbəsini, yəni dəstəsini dağıdaraq, al- qana boyayacağını bildirir. Bir tərəfdən durnalara sevgisini bildirən şair, digər tərəfdən onlara rəhmi, yazığı gəldiyini, durna qatarının daha uzaq ellərə xətər görmədən səyahət etmələrini ifadə edir:


Laçın yatağıdır bizim məkanlar,
Yavaş-yavaş gedin səsiniz anlar,
Qorxuram toxuna ötən zamanlar,
Sürbəniz dağılıb çaşa, durnalar!


Eşqdən od tutub ciyəri yanan Zakirin həsrətlə sevdiyi canandan xəbər gözləmək üçün qərarlı olduğunu şeirdən görmək mümkündür:
 

Zakirəm, od tutub alışdı cigər,
Var isə canandan sizdə bir xəbər,
Təğafül etməyin, Allahı sevər,
Dönməsin bağrınız daşa durnalar!


Q.Zakirin durnalara etdiyi xitaba, demək olar ki, Molla Vəli Vidadinin və Molla Pənah Vaqif şerlərində də rast gəlinir.


Dostu Molla Pənah Vaqifdən fərqli olaraq, Molla Vəli Vidadi həyatın mənasını eyş-işrətdə deyil, ibadətlə məşğul olub, özünü dünyanın nemət və ləzzətlərindən məhrum edərək zahidiliyə qapanmada, nəfsinə hakim olmaqda görürdü. Yəni o, bütün istəklərini qəlbi ilə axirətdə görməyi tərci edirdi. Bu baxımdan, M.V. Vidadinin “Durnalar”ı tamam başqa övqat yaradır. Vidadiyə görə durnalar həmişə qəm və ələm içində olduğundan, onların oxuduqları nəğmələr fərəh və şadlıqdan deyil, qəm-qüssədən, ah-nalədən pərvaz edir:


Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?!

Tәsbih kimi qatarınız düzәrsiz,
Havalanıb әrş üzündә süzәrsiz,
Gah olur ki, danә-xurә gәzәrsiz,
Siz düşәrsiz pәrişana, durnalar!


Durnaların şirin dilindən bağrı parça-parça olan M.V.Vidadi üzünü havada sıralanan durna qatarına tutaraq, onu rahatsız edən, əli öz doğma yerlərinə çatmadığı üçün vəziyyətin necə olduğu haqda xəbər almaq istəyir. Bu baxımdan, Vidadi durnalardan imdad diləyir, Vətəndən xəbər almaq üçün həsrət acısından üzüldüyü doğma el-obasına durnalar vasitəsilə namə göndərir:


Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!

Bir baş çәkin dәrdimanın halinә,
Әrzә yazsın, qәlәm alsın әlinә,
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!


Məsuliyyətlə demək olar ki, ədəbiyyatımızda bu mövzuda daha çox populyarlıq qazanan, sevə-sevə oxunan, nəğməyə çevrilərək müğənnilərimizin repertuarını bəzəyən məhz Molla Pənah Vaqifin “Durnalar” şeiridir.


Əhli-zövq və səfa şairi olan M.P.Vaqif beş günlük ömrü hədər getməsin deyə, onu eys-işrətdə keçirməyi, könlündən keçən hər bir həsrətin yer almamasını tərci edirdi. Vaqif qəlbinin dərinliklərində kök salan təbdən, hissdən söz açır, durnalardan təmənna ilə xeyli vaxtdır, intizar çəkərək sorağında olduğu alagözlü həmdəmindən ona xoş müjdəli bir xəbər gətirmələrini xahiş edir:


Xeyli vaxtdır yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!


Vaqifə görə durnaların oxumağı heç də ona hüzn gətirmir, könlünü pərişan etmir. Əksinə, onların o gözəl, təsirli avazı şairin kövrək ruhunu təzələndirir, şairi durnalarla birlikdə dövrə vurub, onlarla səyahət etməyə təhrik edir:


Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, durnalar!


Durnalara xitabən yazılmış şerlərə XX əsrin əvvələrindən başlayaraq, ədiblərimizin yaradıcılığında da rast gəlirik. Bu baxımdan, C.Cabbarlının, S.Rüstəmin, M.Rahimin, Nəbi Xəzrinin şerləri diqqət çəkir.


XX əsrin əvvəlində 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhüriyyəti yaradıldı. Cəmi 20 ay yaşayan bu gənc respublikanın süqutu xalqımızın bütün zümrələri kimi ədiblərimizi də rahatsız etdi. Onlar bu haqda müxtəlif şerlər dərc etdirdilər. Şerlərində daim Xalq Cümhüriyyətimizə sevgi sərgiləyən C. Cabbarlı onun süqutu ilə barışa bilmir, ürək ağrısını, həsrət və intizarını misralara köçürürdü. Ədib Cümhüriyyətin qurucularından biri, qurbətdə yaşamağa məhkum olunan həmməsləki Mirzəbala Məmmədzadəyə ünvanlandırdığı şerində intizarını, Turan birliyi həsrətini durnalar vasitəsilə dostuna çatdırır:


İntizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu
Turan ellərinə salam söyləyin.

Ulduzlu bir göy, tac üstə aypara,
Bir al yaylıq verim yetirin yara.
Durnalar, durnalar bizdən dübarə
Turan ellərinə salam söyləyin.


Xalq şairi S.Rüstəmin durnalara xitabən yazdığı şerlərində Cənub həsrətini, Cənub yanğısını, o tayda yaşayan bacı-qardaşlarımızdan nigaranlıq, onlara yetişmək arzusu təsvir olunur. Durnaları özünə tərcüman bilən S.Rüstəm durnalara müraciət edərək, şairi öz arzu-kamına çatması üçün Arazın o tayına ötürmələrini, qanı bir, canı bir cənublu bacı-qardaşlarına qovuşaraq, onlarla sevincini, şer və nəğmələrini bölüşmək istəyini onlardan xahiş edir:


Arazdan o taya ötürün məni,

Arzuma-kamıma yetirin məni.

Paylayım sevinci, şeiri, nəğməni,

Dəysin dost əlinə əlim, durnalar,

İkiqat olmamış belim, durnalar!


Doğma Arazımın qırağındayam,

Bir qara gözlünün fərağındayam.

Həm bacı, həm qardaş sorağındayam,

Məni qorxutmayır ölüm, durnalar!

El gülsün, mən də bir gülüm durnalar.


Qanadlılar dünyasının şairlərindən-durnalardan söz açan S. Rüstəm digər şerində ömür boyu durnalardan razılığını, durnaların həsrətilə dinən ürəkləri təsvir edir:



Ömrüm boyu mən razıyam durnalarımdan,

Arazımı unutmadı qanadlı karvan.

Bu sahildən, o sahilə qondu durnalar,

Yadlarında saxlayaraq mənim şərtimi.

Lələyini qələm kimi yoldu durnalar,

Yazdı cənub torpağına köhnə dərdimi.

Aylar keçdi, soldu güllər, soldu çiçəklər,

Durnaların həsrətilə dindi ürəklər.

Mən də hər gün gözlərimi dikdim göylərə,

Payız gəldi, qaqqıltıyla doldu dağ-dərə...

Yenə bizim bu məkana gəldi durnalar,

Mahnılarla Lənkərana gəldi durnalar.

Gözlərində o sahilin qəmli lövhəsi,

Səslərində qardaşımın, bacımın səsi.

Əzizsiniz, əzizsiniz elçin, durnalar,

İki sahil arasında elçim durnalar!


Xalq şairi Məmməd Rahimin 1960-cı ildə qələmə aldığı “Durnalar” şeirində şair durnalardan ərəb torpaqlarında, Bağdadda uyuyan dahi klassik şairimiz Məmməd Füzulinin qəbri üstdən keçərək, ona Azərbaycan elindən salam söyləyib ruhunu şad etmələrini xahiş edir:

Durnalar, qatar-qatar

Yurdumu tərk edəndə,

Ərəb torpaqlarına

Bizdən qonaq gedəndə,

Hansı gölün suyundan

İstəyirsiniz için!

Qış fəslində yurdunuz

Bəsrə, ya Bağdad olsun:

Ancaq ki, Füzulinin

Qəbri üstündən keçin;

Qoy o nakam şairin

Ruhu bir az şad olsun.

Söyləyin “Biz gəlmişik

Xəzərin sahilindən,

Həsrətini çəkdiyin

Azərbaycan elindən”.

Deyin ki, çox andığın

Fərağilə od tutub,

Çıraq kimi yandığın

Azərbaycan bircə gün

Heç sənsiz olmayıbdır.

Axı dahi adamlar

Vətənsiz olmayıbdır.


Məmməd Rahim həm də bu şerində dahi Füzuliyə olan ümumxalq məhəbbətini təsvir edərək, onun daim xatırlandığını dilə gətirir, durnalardan xalqımızın şad həyatı haqqında xəbərləri ona çatdırmağı rica edir:


O şair ki, dərdini

Açdı sabah yelinə-

Ona salam aparın

Doğma kəndi Boyatdan.

Ona müjdə yetirin

Bizim bu şən həyatdan.

Üçün Bağdad elinə,

Yolunuzdan qalmayın,

Mənim də xahişimi

Ancaq yerə salmayın!


Xalq şairi Nəbi Xəzri isə durnalara tamam başqa kontekstdə yanaşmışdır.


Məkrli düşmən olan erməni quldur dəstələri uzun müddət Azərbaycanın 20 % ərazisini işğal edərək, doğma Qarabağımızı, şeirimizin çeşməsi, mədəniyyətimizin beşiyi Şuşamızı əsarətdə saxladı. 1 milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından didərgin salındılar. Mədəniyyət abidələrimiz, tarixi və dini abidələrimiz vəhşicəsinə talan və darmadağın edildi. Erməni vandallarının bu vəhşiliyi sanki durnaların bu yerlərə baş çəkməsinə böyük bir “Çin səddi” qoydu. Digər şairlərimiz kimi, Nəbi Xəzri də ürəyində köz bağlayan Qarabağ dərdini, Şuşa həsrətini misralara kökləyərək, Qarabağ səmasında durna qatarını yenidən görmək üçün durnalara xitab edir:
 

Səma yolçuları,

             həsrət gözlərəm,

Bu qədər gecikmək olmaz, durnalar!

Sizi üfüqlərdə gəzər gözlərim,

Niyə gəlməzsiniz bu yaz, durnalar?!
 

Qarabağ gözlərdi gəlişinizi,

Hər il yol çəkərdi dağların gözü.

Bu gün yanan evlər,-

Barıt qoxusu,

Nagahan açılan

Güllə qorxusu

Bəlkə pərəm-pərəm eyləyib Sizi?

Ölüm gəzən yerdə durnaların gəzə bilməməsini, qan sızan sularda durnaların üzə bilməməsini önə çəkən şair  “Durnalar qayıdanda” şerində əmin-amanlıq dövründə durnaların qayıdışını tərənnüm edir. Ömrünün son illərində Qarabağ dərdinin acısını yaşayan şair tez-tez bu şerinə müraciət edərdi. Əslində şair illər öncə qələmə aldığı və bu günümüzlə həmahəng səslənən həminki şerində sanki doğma torpaqlarının işğaldan azad olunacağına, Qarabağ səmasının aydın görünəcəyinə, Azərbaycanın dövlət bayrağının dalğalanacağına böyük ümidlər bəsləyərək, inam hissi ilə azad olunmuş torpaqlara durnaların qayıdışını təsvir edir:


Bahar yuxusundan oyadır yeri,

Artıq könül sıxmır çən də, duman da

Durnalar qayıdanda.

Nə qədər arzular qayıdır geri

Durnalar qayıdanda.

Bu gün bir canlıyam, sabah torpağam,

Gör nələr düşünür insan cahanda

Durnalar qayıdanda.

Elə bil dünyaya qayıdacağam

Durnalar qayıdanda,

Hər bahar qayıdanda.


P.S. Azərbaycan klassik ədəbiyyatından bu günə qədər durnalara həsr olunmuş yüzlərlə şeir var. Sözsüz ki, onların hər birinin bədii dəyəri haqqında müfəssəl yazımda bəhs edə bilməzdim. Ümid edirəm ki, gənc tədqiqatçılar  bu mövzuya dönə-dönə müraciət edəcəklər.Yazını xalqımız böyük qələbə gününü- Zəfər bayramını qeyd etdiyi gündə qələmə aldım. Qəlbimdən, ədiblərimizdən fərqli durnalara xitabən bir arzu keçdi. Cəh-cəh vuran quşlar kimi bizim ellərdən uzaq ellərə köç edən durna qatarından bir xahişim var: “Durnalar, 44 günlük Vətən müharibəsində doğma Qarabağımızı düşmənlərdən təmizləyərək qazandığımız tarixi zəfər günümüzün sevincini, müzəffər Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun-canını əsirgəməyən şəhidlərimizin, qanını əsirgəməyən qazilərimizin, cəsur qəhrəmanlarımızın göstərdikləri sücaəti, rəşadəti Siz də dünyaya çatdırın. Cənublu bacı-qardaşlarımız bu gün ciddi imtahan qarşısındadır. Arzumuz onların arzuları ilə birdir! Vahid Azərbaycan!”.


Qafar Əsgərzadə,
Əməkdar jurnalist, pedaqogika  üzrə fəlsəfə doktoru, dosent

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir