Türk poeziya ədəbiyyatı kitabxanası tarixinə nadir bir kitab hədiyyə olunub.
Modern.az-ın məlumatına görə, Yakutiya Yazıçılar Birliyi bu nadir kitabın ərsəyə gəlməsinə imza atıb. Yakut xalqının klassik şairi Anempodist Sofronov- Alampanın “Sevgi nəğməsi...” şeiri dünyanın 33 dilinə tərcümə edilib.
Kitabın ideya müəllifi olan Saxa-Yakutiya Respublikasının xalq şairi Natalya Xarlampyeva deyib ki, Anempodist İvanoviç Sofronov-Alampanın 135 illik yubileyi qeyd olunub.
“Bu münasibətlə Saxa Yazıçılar Birliyi olaraq xalqımızla dost olan ölkələrin şairlərindən Anempodist Alampanın və ya “Sevgi nəğməsi...” şeirini tərcümə etməyi xahiş etdik. Nəticədə şairin çox sevdiyi xanımına həsr etdiyi “Sevgi nəğməsi...” şeiri türk, azərbaycan, ingilis, fransız, qazax, qırğız, krım-tatarı, tatar, ərəb, başkir, bolqar, avar, buryat, macar, italyan, kabardin, kalmık və hətta azsaylı xalqlardan sayılan şimallı even və yikagir dillərinə tərcümə olundu”, - deyə o bildirib.
“Sevgi nəğməsi ...” adlı kitabda eyniadlı şeir 33 xalqın dilində səhifələnib. Onu Azərbaycan dilinə türkdilli xalqların əsərlərinin peşəkar tərcüməçisi Aida Eyvazlı Göytürk çevirib.
Tirajı 500 nüsxədən ibarət olan bu kitab türkdilli xalqların kitabxanalarına biblioqrafik vəsait kimi hədiyyə olunacaq. Türk dünyasının klassik şairinin bu nadir kitabının tərtibatçısı istedadlı gənc şair “Çolobon” jurnalının baş redaktoru Qavril Androsovdur.
Anempodist Sofronov-Alampa
Sevgi nəğməsi
Necə izhar edim eşqimi sənə,
İzn ver bir həzin nəğmə oxuyum.
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
Gözlərinə qonub bir röya kimi
Yuxuna şirinlik gətirəcəyəm.
Qarışıq, dolaşıq fikirlərini,
Silib ürəyindən, itirəcəyəm.
Yox! Yox!
Gözəl duyğuların qorxmasın ancaq,
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
O elə nəğmədir,
Qəm gətirməyir.
O elə nəğmədir nəqarəti xoş
Sevinc bəxş eləyir...
Mən səni qəfildən
Qışqırıq ilə yuxudan oyatmayacam!
Yox! Yox!
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
Könlünə dolacaq həzin avazım...
Təki icazə ver, təki oxuyum!
Bilirsən nələr var o nəğmələrdə:
Sənin o yuxulu, gözəl üzünü,
İpək saçlarını, hörüklərini,
Qara qaşlarının altından baxan,
Qara gözlərini, od baxışını,
Bahar çiçəyi tək təravət saçan
Üzünə yaraşan al yanağını,
Badam ləblərini,
Təbəssümlə dolu dodağın altdan
Mirvariyə bənzər ağ dişlərini,
İzn ver nəğməmlə vəsf eləyim mən.
İzn ver bir həzin nəğmə oxuyum,
Sən nəfəs alanda nəfəsin olum,
O incə, o mərmər sinənə dolum.
Görüm necə vurur sinəndə ürək?
Mənim səsim şirin, avazım ürkək.
Asta oxuyacam sevgi nəğməsin.
Ancaq sən izn ver, bu mənim bəsim.
Nəğməmi dinləsən biləcəksən ki,
Al Günəş altında, bu Yer üzündə
Hər şeydən müqəddəs, hər şeydən əziz,
Tək səni bilmişəm, səni sevmişəm.
Bütün qanım ilə, coşqun qəlbimlə,
Mən səni sevmişəm...
Sənin yolunda
İstəsən odlara atım özümü,
Yanıb külə dönüm, külüm qalmasın.
Qoy sənə yetişən ünüm qalmasın.
Külümü küləklər sovursun göyə.
Qarışım dənizin dalğalarına.
Batsın ürəyimə nizələr, oxlar.
Bir kor güllə gəlib batsın köksümə,
Əgər bircə dəfə könlünə dəysəm.
Sonuncu nəfəsim çıxan günədək,
Nə qədər çırpınır sinəmdə ürək,
Mən sənə qəm-kədər vermərəm, inan!
Əl götür bu soyuq inaddan aman,
Niyə istəmirsən nəğmə oxuyum?
Könlümü yandıran eşq atəşimlə,
Səninçün sevgidən nəğmə oxuyum.
Mən özüm haqqında asta-astaca
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.
20.05.2021. BAKI.
Natalya Xarlampyevanın ruscaya çevirdiyi şeiri Azərbaycan dilinə tərcümə etdi:
Aida Eyvazlı GÖYTÜRK