Modern.az

“Dədə Qorqud” dastanı Azərbaycanın tarixi coğrafiyasıdır

“Dədə Qorqud” dastanı Azərbaycanın tarixi coğrafiyasıdır

28 Noyabr 2022, 16:26

Hər bir xalqın qədimliyi onun tarixi, mədəniyyəti, bu günə qədər gəlib çatan ədəbi-tarixi nümunələri əsasında qiymətləndirilir. Ədəbi nümunələr aid olduğu xalqın tarixi, tarixi nümunələr isə onun sənətkarlığı, mədəniyyəti haqqında fikir söyləməyə əsas verir.

 

Elə ədəbi nümunələr də var ki, təkcə bir xalqın deyil, eyni kökə, eyni mədəniyyətə malik olan bir neçə xalqın tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında fikir söyləməyə əsas verir. Belə müştərək ədəbi abidələrdən biri də 1997-ci ildə 1300 illik yubileyinin keçirilməsi haqqında ümummilli lider Heydər Əliyev tərəfindən Fərman imzalanan “Kitabi-Dədə Qorqud” dastanıdır. “Kitabi-Dədə Qorqud” dastanı təkcə Azərbaycan türklərinin deyil, bütün türkdilli xalqların keçmişini, ədəbi-bədii düşüncəsini əks etdirir və xüsusilikdən uzaqlaşaraq, ümumbəşəri dəyərlərə malik bir istinad nöqtəsinə çevrilir. Bu sahənin əvəzolunmaz tədqiqatçısı, akademik Tofiq Hacıyevin yaradıcılığının böyük bir hissəsini onun oğuz qrupu dillərinin müştərək nümunəsi olan “Kitabi-Dədə Qorqud”a həsr etdiyi əsərlər təşkil edir.

 

Bu fikirlər filologiya elmləri doktoru, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru Sərdar Zeynalın “Dədə Qorqud sevgisi və yaxud “Dünənimizin keçmişi”nə müasir baxış” sərlövhəli məqaləsində yer alıb.

 

Modern.az məqaləni təqdim edir.

 

“Bu dastanla bağlı alimin iki kitabı çap olunub. Bunlardan biri 1999-cu ildə “Elm” nəşriyyatı tərəfindən nəşr edilən “Dədə Qorqud”: Dilimiz, düşüncəmiz”, digəri isə 2014-cü ildə “Elm və təhsil” nəşriyyatında çap edilən “Dədə Qorqud kitabı”: tariximizin ilk yazılı dərsliyi” kitabıdır. Birinci kitab 212 səhifə, 7 bölmədən ibarətdir. Kitabın titul səhifəsində “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi haqqında ulu öndər Heydər Əliyevin 20 aprel 1997-ci ildə imzaladığı Fərmanın mətni verilib. Giriş əvəzi verilmiş yazı “Türkün yeddi möcüzəsindən biri “Dədə Qorqud” adlanır. Elə həmin girişdə müəllif “türkün yeddi möcüzəsi” deyəndə nəyi nəzərdə tutduğu haqqında yazır: “Mete, Atilla, Əmir Teymur və Osmanlı imperatorluqları, “Dədə Qorqud” dastanı, “Orxan-Yenisey” daş kitabı, M.Kaşqarlının “Divan”ı türkün yeddi möcüzəsidir. Bu möcüzələrdən biri böyük Türk coğrafiyasının Azərbaycan torpağı ilə bağlıdır. Bu möcüzə “Dədə Qorqud” dastanı və ya “Dədə Qorqud” kitabı adı ilə tanınır.

 

Akademik Tofiq Hacıyev burada qədim dövrdə dastanların xüsusi dastan ifaçıları tərəfindən söyləndiyi haqqında məlumat verir və göstərir ki, 1989-cu ilə qədər Qırğızıstanda “Manas” dastanını söyləyən dastançıların bir neçəsi yaşayırmış.

 

O, Qırğızıstanda konqresdə iştirak edərkən eşitdiklərinə əsaslanaraq yazır ki, ola bilər ki, Azərbaycanda da “Dədə Qorqud” dastanlarını nə zamansa söyləyən dastançılar olmuşdur. Akademik elə bu hissədə dastanın hansı dövrün məhsulu olduğu haqqında əldə edilən faktlara əsaslanaraq “Dədə Qorqud” dastanlarının yazıya alınması tarixi ilə bağlı yazır: “Görünür, Drezden nüsxəsini yazıya alan, onu Hicri 466-cı, Miladi 1074-cü ildə yazılmış nüsxədən köçürmüş və həmin tarixi bu şəkildə hifz etməyi düşünmüşdür”.

 

Kitabın birinci bölməsi “Dədə Qorqud” (“Kitabi Dədə Qorqud əla lisani- taifeyi-oğuzdan”) adlanır. Bu bölmədə akademik dastanı səciyyələndirən üç əlaməti qeyd edir. O, əsərdəki qəhrəmanların tarixi şəxsiyyət olduqlarını, orta əsr dastanları içərisində ən mükəmməl ədəbiyyat nümunəsi və təkcə Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə orta əsrlər türk ədəbiyyatlarının yeganə yazılı eposu olduğunu bu əlamətlər sırasına daxil edir.

 

Bu bölmədə dastanın türkcəsini yaxşı bilən, İstanbulda səfir işləmiş alman şərqşünası H.Dits tərəfindən 1815-ci ildə Drezden kitabxanasından tapıldığını qeyd edir. Onun ardınca bu dastanla bağlı araşdırma aparan xarici və yerli tədqiqatçılarla bağlı qısa məlumat verir. Dastanın əsl adının XV əsrdə tapılan əlyazmasının üzərində “Kitabi-Dədə Qorqud əla lisani-taifeyi-oğuzan” (“Oğuz tayfasının dilində Dədə Qorqud kitabı”) kimi yazıldığını qeyd edir. Bu bölmədə, eyni zamanda, başqa dillərə tərcüməsi ilə bağlı da geniş məlumat verilir.

 

Akademik Tofiq Hacıyev bu qədim abidənin tapıldıqdan sonra nəşr olunub araşdırılması və dünya mədəniyyətinə tanıdılması barədə yazır: “Dədə Qorqud kitabı”nın dünya mədəniyyətinə tanıdılması almancaya tərcümədən başlandı, onun dünya şöhrətinin tamamlanmasından əsr yarım sonra başqa bir dil - ingilis dili ağırlığını öz üzərinə götürdü”.

 

Alimin dastana istinad edərək gəldiyi son nəticə budur ki, oğuzların qurduqları dövlət bəyliklərdən ibarətdir və bu bəyliklərin hamısı bir mərkəzə tabedir. Dövlətin başında isə xanlar xanı dayanır. Dövlətin başçısı elə xanlar xanıdır. Müəllif bu bölmədə hər bir boyu ayrı-ayrılıqda təhlil edir. Əsərdəki mənfi və müsbət obrazları dastandakı vəzifələrinə görə qruplaşdırır və onları qiymətləndirir.

 

Bütün müasir ədəbiyyatda “Dədə Qorqud” dastanının 12 qoldan ibarət olduğu qeyd edilsə də, akademik 13-cü boyun da tapıldığı, lakin həmin boyun dastana əlavə olunmadığını qeyd edərək yazır: “Əlimizdə olan “Dədə Qorqud kitabı”nda on iki boy əhatə olunur. “Bakinski raboçi” qəzetindəki (4 avqust 1936) məlumata görə professor B.Çobanzadə Leninqrad Şərqşünaslıq İnstitutu kitabxanasının əlyazmaları arasında dastanın 13-cü boyunu tapmışdır. Ancaq bu boy ortalığa çıxarılmadı. B.Çobanzadənin repressiya qurbanı olması və 1950-ci ildə dastanın Azərbaycanda (SSRİ-də) qadağan edilməsi 13-cü boy söhbətini unutdurdu”.

 

Alim dastandakı faktlara əsaslanaraq dastanda ailədə ata-oğul, oğul-ana münasibətlərindən də ətraflı söhbət açır. Bu ailələrin timsalında oğuz ailələrində ata-anaya olan müqəddəs sayğı, onlara olan hörmət-izzət nümunələr əsasında diqqətə çatdırılır. Bütün bu söylənilən fikirlər, dastan və apardığı tədqiqatları özünün bir vətəndaş işi hesab edən T.Hacıyev yazdıqlarının və apardığı tədqiqatların o qədər də yetərli olmadığı qənaətinə gəlir və bölmənin axırında yazır: “Ədəbi bədii abidə olaraq “Dədə Qorqud”un tarixi səciyyəsi kimi F.Körpuluzadənin qənaətindən yüksək söz demək mümkün deyil: bütün türk ədəbiyyatlarını tərəzinin bir, təkcə Dədə Qorqudu o biri gözünə qoysan, ikinci göz (Qorqud gözü) daha ağır basar”.

 

Əsərin ikinci bölməsi “Əski türk demokratiyası Dədə Qorqudun gözü ilə” adlanır. Bu bölməni Tofiq müəllim ola bilsin ki, başqa bir ad altında da verə bilərdi. Görkəmli alimin daxili düşüncəsi, insanlığa, ümumiyyətlə, insanlara olan yanaşması bu başlığın özündə də əksini tapıb.

 

Bu bölmədə tədqiqatçı alim Dədə Qorqud boylarında təsvir olunan türk cəmiyyətinin quruluşu və dastanın məzmunundan söhbət açır. Alim yazır: “Boylarda qul sözü var, ancaq bu söz quldarlıq cəmiyyəti anlayışı yaratmır. Ümumiyyətlə, boylarda qul sözü çoxmənalıdır: yerinə görə insan, qulluqçu, nökər, əsir mənalarında çıxış edir; qul-xəyalıq, qul-qaravaş şəkillərində də işlənir. Dastandakı qullar nəzarət altında deyillər, adi işçilər kimi işləyirlər”.

 

Dastanda insan-qəhrəman obrazı ilə yanaşı, at obrazı da xüsusi bir yanaşma ilə təsvir edilib.

 

Bununla bağlı T.Hacıyev yazır: “Oğuz cəmiyyəti üçün atdan qiymətli ikinci varlıq, ikinci təbiət qüvvəsi yoxdur. Eyni zamanda dünya tarixinin təsdiqlədiyi kimi, heç bir etnos türk qədər atın qədrini bilmir və onun imkanlarından heç kəs türk qədər maksimum istifadə etmir”. Bu bölmədə, eyni zamanda, dastanı təşkil edən boylarda xan–bəy münasibətləri, Qıpçaq Məlik, Qazan xan, Dirsə xan obrazları təhlil olunur və dastanda onların tutduqları mövqe işıqlandırılır. Bölmənin sonunda alim dastanda öz əksini tapan həyat lövhələrini qiymətləndirərək bu qənaətə gəlir ki, hələ min illər bundan əvvəl Oğuzların qurduğu dövlətdə olan demokratik idarəetmə sistemi heç bu gün də dünyanın heç bir ölkəsində yoxdur.

 

Kitabın digər bir bölməsi də “Kitabda oğuz ailəsi” adlanır. Bu bölmənin əvvəlində dövlət və ailənin bir-birinə uyğun, bir-birindən fərqli xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Müəllif yazır: “Ailə kiçik miqyasda dövlətdir; dövlət ilk mərhələdə ailənin minlərlə dəfə artımıdır, daha sonralar yüz minlərlə, milyonlarla dəfə böyüdülməsidir. Ailə qanunları etnosun törənişindən başlamış, hər etnosun öz ailə qanunları, etnik ailə normativi müəyyənləşir. Türk coğrafiyasının müəyyənləşməsində, türk uluslarının törəməsində oğuz başlanğıcı mühüm yer tutur”.

 

Bu bölmədə dastanda oğuz ailələrinin qurulmasından, bəylə gəlinin bir-birini bəyənməsindən, ata-anaların bu izdivaca münasibətindən danışılır. Dastanda oğlanla qızın ailə qurmasında ata-ananın razılığının əsas rol oynadığı qeyd olunur. Buna öz münasibətini bildirən müəllif bununla bağlı yazır: “Aydın olur ki, qızın ərə köçməsində ata-ananın mütləq icazəsi olmalıdır, eyni zamanda qızın oğlanı görüb bəyənməsi, könül verməsi şərtdir”.

 

Bütün bunları oxuyanda görürük ki, bizim ulu babalarımızın 1300 il bundan qabaq ailə quruculuğuna münasibəti, insan hüquqlarına yanaşması yaşadığımız dövrdə bəzi insanların bu məsələlərə yanaşmasından çox mütərəqqi olmuşdur. Bizim yaşadığımız bu XXI əsrdə hələ də qızın və oğlanın bir-birini görmədən, onların razılığını almadan evlənmələrinə məcbur edilmə hallarına tez-tez rast gəlinir.

 

Bu bölmədə oğuz ailəsinin əxlaq qaydaları, qadın namusunun müqəddəsliyi, ata-ananın bir-birinə bağlanmasında övladın rolunun əsas olması məsələləri ön cərgəyə çəkilir, oğuzlarda ana haqqına Tanrı haqqı kimi yanaşılması və digər məsələlər öz əksini tapır. Burada “Dədə Qorqud” dastanlarında əks olunan övlad-valideyn məsələsi də diqqət mərkəzinə çəkilir.

 

Kitabın digər bölməsi “Dədə Qorqud kitabı” ədəbi-bədii abidə kimi” adlanır. Bu bölmədə Tofiq müəllim “Dədə Qorqud” kitabına həm ədəbi, həm bədii, həm də tarixi bir əsər kimi yanaşır. Bu bölmədə kitabın neçə boydan ibarət olması, orada sərhədləri qeyd olunan Oğuz dövlətinin əraziləri, burada qurulan dövlət və dövlətçilik ənənələri öz əksini tapmışdır.

 

Bununla bağlı alim yazır: “Dədə Qorqud” Oğuzun tarixidir. “Dədə Qorqud” Oğuzun dövlətçiliyidir, “Dədə Qorqud” Azərbaycanın tarixi coğrafiyasıdır, birinci növbədə “Dədə Qorqud” ədəbi-bədii əsərdir”.

 

Alim dastanda Oğuz cəmiyyətini səciyyələndirən çoxlu kəlam, atalar sözləri və məsələlərin geniş yer tutduğunu qeyd edir. Söylənən ibrətamiz sözlər, xeyir-dualar və ustadnamələr dastanın dilini daha da zənginləşdirir.

 

Bu bölmədə dastanın boylarındakı şeir parçaları, onların tərkibində olan dil vahidləri və sair məsəllər müqayisə edilir. Burada Tanrı sanki insanlarla ünsiyyət yaradır, onları eşidir, onların hər birinə yüz qırx il ömür verir və s. kimi fikirlər təhlil edilir. Ailədə kişi–qadın məsələləri diqqət mərkəzinə gətirilir.

 

Dastanla məşğul olan insana məlumdur ki, dastana daxil olan hər bir boyun müstəqil bir əsər olaraq özünə görə məzmunu, süjet xətti, kompozisiyası və sonluğu var. Dastandakı bütün obraz və hadisələri təhlilə cəlb edib araşdıran müəllif sonda yazır: “Əlbəttə, kitabımızın kamilliyinin ən uca göstəricisi onun dilidir. Bu dilin gözəlliyi yalnız onun sevgi dili olmasında deyil, səsindən, sözündən tutmuş, cümlənin təşkilinə qədər bu dil hər şeyi ilə gözəldir. Bütün tərəflərindən dil yaradıcılığının gözəl harmoniya nümunəsidir”.

 

Bölmənin sonunda müəllif belə bir nəticəyə gəlir ki, “Türk dili Tanrının dilidir, bu dildə Tanrıyla danışmaq olar”.

 

Kitabın 6-cı bölməsi “Kitabın təşbehləri” adlanır. Bu bölmədə kitabın bədii xüsusiyyətlərindən, orada işlədilən təşbehlərdən danışılır. Qeyd olunur ki, başqa xalqların qəhrəmanlıq dastanlarından fərqli olaraq “Dədə Qorqud” dastanlarında bədii təsvir və ifadə vasitələrindən daha çox istifadə olunur. Bu, dastanın dili sırf şeir dilindən ibarət olmasa da, orada verilən şeirlərdə təşbehlərə daha çox yer verilib və işlədilib. Bunu nəzərə alan professor yazır: “Dədə Qorqud kitabı”nın dili, əlbəttə, bədii dildir. Bədiiliyin çox tipik şəkildə təzahür etdiyi dil fiqurlarından biri dastanın təşbehləridir. Dastanın dilində təşbehlər elmi əsərlərdəki kimi epizodik deyil, sistem təşkil edir, işlənməsində fasiləsizlik, müntəzəmlik var”.

 

Müəllif dastandakı təşbeh və bənzətmələrin müasir dövrdə nəşr olunan əsərlərin dilində işlədilən təşbeh və bənzətmələrdən daha mükəmməl olduğunu qeyd edir. Bu bölmədə dastanda işlənən təşbeh və bənzətmələrin köklərinin qədim olduğu Füzulinin “Leyli və Məcnun”unda işlədilən bəzi bu cür vahidlərin həmin dastanın dilindən qidalandığı da qeyd edilir.

 

Kitabın digər bir bölməsini Tofiq Hacıyev “Kitabın dilinin iki sintaktik xüsusiyyəti haqqında” adlandırıb. Bu bölmədə tədqiqatçı dastanın başqa dil xüsusiyyətinin olması ilə yanaşı, kamil sintaksisi ilə səciyyələndiyini də qeyd edir. O, dastanın dilində işlənən lakonik ifadələri, dialoqlardakı hazırcavablığı və digər göstəriciləri dastanın sintaksisinin uğuru sayır. Müəllif dastanın sintaksisinə istinadən bu qənaətə gəlir ki, dastanın dili çox qədimdir, çünki dastanın dilində ərəb və fars dillərindən gələn tərkiblərlə burada qarşılaşmaq çox çətindir. O göstərir ki, dastanın dili qədim olmasaydı, həmin dastanlar ərəb işğalından sonra yaransaydı, onda dastanın dilində xeyli sayda işlənən ərəb və fars dillərindən keçən frazeoloji tərkib və ifadələrlə qarşılaşa bilərdik.

 

Müəllif bu bölmədə dastana daxil edilən bütün boyların dilində işlənən qrammatik fiqurları nəzərdən keçirir, onlara öz münasibətini bildirərək təhlil edir və bu barədə yazır: “Dastanın sintaktik vahidlərinin – söz birləşmələri və cümlələrinin leksik sistemi göstərir ki, bu yaradılışında nəsr sintaksisi olmayıb; ilkin poetik formaların sonrakı şəkil dəyişdirmələri nəticəsində gəldikcə zəmanə katiblərin – yazıya alanların əli ilə onda az-çox nəsrləşdirmə işi aparmışdır”.

 

Müəllifin irəli sürdüyü fikirdən belə məlum olur ki, dastan ilk yaranarkən o ilk dəfə nəsr şəklində deyil, nəzm formasında olmuş, sonradan onu yazıya alanlar dastanın əsas hissəsini nəsr formasına salmışlar. Öz fikrini təsdiq etmək üçün müəllif aşağıda qısa bir nümunə gətirərək fikrini belə aydınlaşdırır: “Bu nəsr sintaksisi kimi bir abzasdır. Ancaq dastanda müxtəlif nasirlərin alliterasiya şeiri kimi verdiyi parçaların prinsipi üzrə bu da şeirdir:

 

Bu halları gördüğündə

Qazanın qara qıyma gözləri

Qan-yaş toldı.

Qan tamarları qaynadı,

Qonur atını öncələdi.

Kafər keçdigi yola düşdi.

Getdi.

 

Xalis şeirdir. İlk misrada alliterasiya yoxdur. Ancaq iki ritmik hissədən (4x2) ibarət 8 hecalı bir misradır.”

 

Bunun ardınca müəllif dastanın müxtəlif boylarından parçaları nümunə gətirərək onun ilkin variantının tamamilə şeir formasında olduğunu isbatlayır.

 

Kitabın son bölməsi “Dədə Qorqud kitabı”nın dili” adlanır. Bölmənin girişində yazılır: “Dədə Qorqud kitabı”nda bir neçə əsrlik ədəbi-bədii təfəkkürümüzün sanballı çəkisi cəmləşir. Bu fikir hər iki mənada özünü doğruldur:

 

1. Abidə bir neçə əsrlik xalq yaradıcılığının məhsuludur;

 

2. Bu əsərdə ayrı-ayrı yazıçıların, şairlərin bir neçə əsrdə yaratdığı sənət nümunələrinin siqləti vardır”.

 

Burada müəyyən nümunələr gətirilərək dastanın bir çox boylarının islamiyyətin qəbulundan hələ çox–çox əvvəl yarandığı diqqət mərkəzinə çəkilir. Dastandan bununla bağlı nümunələr gətirilir. Dastanda əks olunan hadisələrin hamısının Azərbaycan coğrafiyasında baş verdiyi həmin əsərdə gətirilən faktlarla sübut olunur.

 

Noyabrın 27-si böyük şəxsiyyət, görkəmli alim, akademik Tofiq İsmayıl oğlu Hacıyevin anım günüdür. Biz əvəzolunmaz insanı daim iftixar hissi ilə anır və əziz ruhu qarşısında baş əyirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir