Modern.az

Unutmayaq ki, unudulmayaq

Unutmayaq ki, unudulmayaq

Ədəbi̇yyat

1 Dekabr 2022, 15:42

Prezident İlham Əliyevin rəsmən elan etdiyi “Şuşa ili” sona çatmaq üzrədir. Bu Zəfər sədalı, Qələbə ətirli il həm də möhtəşəm layihələrlə, gözəl tədbirlərlə yadda qaldı. Onlardan biri də 28.11.2022 tarixində Beynəlxalq Muğam Mərkəzində təşkil edilmiş kitab təqdimatı idi. Bu dəfə Mərkəzin konsert zalına dəvət edilənlərə filologiya elmləri üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının “Salam, Məşədi” adlı kitabı təqdim edilirdi. Həmin tədbirdə iştirakım məmnunluq yaratmaqla yanaşı məni çox uzaqlara, uşaqlığıma apardı...

Atamın musiiqi savadı yox idi, ancaq o, muğam bilicisi idi desəm, məncə, səhv etmərəm. Atam muğamlarımızı o dərəcədə yaxşı bilirdii ki, xanəndələrin ifasında hər hansı bir xırda qüsuru dərhal hiss edirdi. Qardaşım yaxşı tar çalırdı. Əhməd Ağdamskidən dərs almış, ustadın sevimli tələbəsi idi. Atamın işi ilə əlaqədər ailəmiz tez-tez bir ryondan digərinə köçürdü. Belə məqamlarda qardaşım hər şeydən əvvəl tarını götürərdi.Həmin o tarı ki, ömrünün sonunacan ona həmdəm oldu, kədərini də, sevincini də onunla böldü. Ailəmizdə musiqiyə, muğamlarımıza sxüsusi münasibət var idi. Atam bizə- rus sektorunda oxuyan övladlarına, muğamları dinlədir və izah edərdi. Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, Qurban Pirimov, Xan Şuşinski kimi muğam ustadlarının adları bizim evdə tez-tez çəkilərdi.

Hər dəfə Şuşaya gedəndə xalq xanəndələrini canlı dinləyərdik. Xan əmi ilə görüş isə bayrama çevrilərdi. Çünki bilirdik ki, Xan əmi mütləq muğam ifa edəcək.

Bəlkə o üzdən Gülhüseyn Kazımlının “Salam Məşədi” adlı kitabının təqdimatına xüsusi bir həvəslə getdim.

Kitab təqdimatının muğam axşamına, muğama ehtiram saatlarına çevrilməsi tədbirdə iştirak edənlərın ürəyincə oldu. Bu təqdimat daha çox muğam sənətinə məftun olanların məclisi idi. Məclisi söz zənginliyi ilə, sözü yerində demək məharəti ilə fərqlənən Əsəd Cahangir açdı.

“Nə məni, nə kitabımı tərifləməyə ehtiyac yoxdur. Biz bura muğam dinləməyə, Söz eşitməyə yığılmışıq”,- deyən Gülhüseyn müəllim sona qədər təvəzökarçasına özündən yox, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsdən danışdı və onlara təşəkkürünü bildirdi.

Gülhüseyn müəllimin yazdığı bu kitab xanəndə Məşədi Məhəmməd Fərzəliyev Şuşalının məhz “Şuşa ili”nə təsadüf edən 150 illik yubileyinə həsr edilib. Dərin araşdırmalar, axtarışlar, arxivlərdən və xarici ölkələrdən toplanmış material əsasında yazılmış bu əsəri kitabın redaktoru yazıçı-publisist Kənan Hacı haqlı olaraq “Kitab- Abidə” adlandırıb. Çünki bu kiçik kitab Məşədi Məhəmməd Fərzəliyev Şuşalının xanəndəlik fəaliyyətinı və həyatını əhatə edən, faktlarla zəngin bir əsərdir.

Təsadüfi deyil ki, kitab müəllifin yuxuda məşhur xanəndə ilə yarımçıq qalmış qısa dialoqu ilə başlayır. Bu o deməkdir ki, müəllif əsər haqda çox və uzun müddət fikirləşib, nə yazacağı, necə yazaçağı haqda düşünüb və nəticdə Şuşa muğam məktəbinin ünlü nümayəndələrindən biri olan Məşədi Məhəmməd Fərzəliyev Şuşalı haqda topladığı məlumatları kitab şəklində muğamsevələrə təqdim edib.

Xanəndə haqda əvvəllər də yazanlar olub. Gülhüseyn Kazımlı həmin yazılardan Mustafa Cəmənlinin “Şərq Qərb olmur” hekayəsindən və Rəfail Hüseynovun “İstambulda qərib məzar” oçerkindən parçalarla kitabın məzmununu daha da zənginləşdirib.

Hörmətli Mehriban Xanım Əliyevanın Çingiz Qacarın “Köhnə Şuşa” kitabına yazdığı ön söz də müəllif tərəfindən yerində istifadə olunub. Çünki məhz orada Mehriban xanım Şuşaya bir mədəniyyət mərkəzi kimi yüksək qiymət verərək yazır: “Şuşa Şərqin qəribə bir formulasını- “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”, yaradan musiqi akademiyasıdır”.

Kitabda həmçinin Xalq artisti, professor Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Xalq artisti, profeessor Mənsum İbraimov,Əməkdar müəllim Qəzənfər abbasov, Əməkdar artist, tarzən Valeh Rəhimov, Tarixçi, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd , Yazıçı – publisist Kənan Hacı kimi görkəmli şəxslərin ürək sözləri də yer alıb.

Şuşalı xanəndələr sırasında xüsusi yer tutan , Xan Şuşinskinin dediyi kimi “xanəndələrin çoxunun ehtiyat etdiyi” Məşədi Məhəmməd Fərzəliyev haqda “Salam Məşədi” adlı kitabına görə , Qarabağ xanəndələrini unudulmağa qoymadığına görə hörmətli alimimiz, muğam sənətinə xüsusi ehtiram və diqqətlə yanaşan Gülhüseyn Kazımlıya təşəkkür edir, gələcək tədqiqatlarında uğurlar diləyirəm.


Təranə Məmməd,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!