Modern.az

Təki sağlıq olsun...

Təki sağlıq olsun...

3 Dekabr 2022, 18:46

Akif Cabbarlı

(hekayə)

Mən ofisimizdə - sözün açığı, “idarəmizdə” yazmağa ona görə çəkinirəm ki, modern düşüncəlilər dərhal yaxama iri hərflərlə bir “köhnəfikirli” yazlığı yapışdıracaqlar – yeganə əməkdaşam ki, ilin – günün bu vaxtında vaxtilə kolxoz sədrlərinin qəbul otağında səliqəsiz şəkildə sıralanan qapqara örtüklü dəmir oturacaqları xatırladan ensiz, nahamar stulda otururam. Qarşımdakı stol da güc – bəla sağ qolumun yerləşməsinə imkan verən genişlikdədir. Kirayədə olduğumuz ünvandan şəhərin lap mərkəzində bizim üçün ayrılmış geniş, işıqlı məkana köçəndə uzaqgörən, fərasətli işçilər otaqların ən genişini və işıqlısını, mebellərin ən təzəsini və rahatını qapazladığından yerdə qalan və utilizə ərəfəsində olan stol və stula möhtac qalmışdım. Hərə öz yumşaq, enib – qalxan, fırlanan kreslosuna yayxanıb mürgü vurmağında, mən isə daş kimi bərk stuluma möhkəmcə pərçim olmağımda tapmışam rahatlığımı.

Telefon məsələsində də vəziyyət analoji olaraq xeyirimə olmadı. Paylaşdılar, babat nömrələrə sahib çıxdılar, kiminləsə paralel olan nömrədən də şəhərə çıxışıma qadağa qoyuldu və nəticədə ofisdən kənarda və ofisdaxili rabitə imkanından məhrum edildim.

Bunlar mənim bacarıqsızlığımdan irəli gələn məsələlər deyil, nə isə elə bil sadəcə alın yazısı və şans problemləridir. Oturub hərdən fikirləşirəm, olub – keçənləri gözlərimin qarşısına gətirirəm, öz – özümə deyirəm ki, niyə belə olsun axı... Qohum – qonşu oğlanlarının hamısı məndən qabaq evləndilər, oğul – uşaq sahibləri oldular. Gec ailə qurdum, ilk iş yerimdə mənə hamıdan sonra mənzil ayırdılar. Hamıya 13 – cü əmək haqqı, mükafat yazılanda məni yaddan çıxardılar. Məndən sonra  gələnlərə çox keçmədi ki, Əməkdar mühəndis adı, orden – medal verdilər, mənim adımı siyahıya salmadılar. Amma bütün çətin işləri mənə həvalə elədilər, çünki yaxşı bilirdilər ki, yarıdacağam. Yaşım tamam olan kimi də dərhal baş müdir çağırıb pensiyaya çıxmaqda tələsməyimi məsləhət gördü. Yaxşı ki, iki ildən sonra yaxın dostlarımın  biri indi oturmağa rahat stulum olmasa da, cüzi maaşlı bir işə dəvət elədi məni. Buna da şükür.

Hələ qurtarmamışam sözümü. Bəzi məqamları da xatırlatsam yerinə düşər. Hə, onu da deyim ki, hələ bircə dəfə də yadıma düşmür ki, metro vaqonuna, yaxında avtobusa birinci, heç olmasa ikinci, ya da üçüncü minəm. Cavanlı – qocalı təpilirlər içəri,  mən də mütləq axırıncı minəm ya minməyəm. Mağazalarda, ya da bankomatın qarşısında  növbələrdə də eynilə bu cürdür. Ağsaqqall- zad sayan yoxdur. Basıb keçirlər irəli. İrad bildirməyə də cürət elƏmirəm. İndi çox adamın cibində bıçağı, beşbarmağı var. Kim zəmanət verə bilər ki, gözünün altını qaraltmayacaq, yaxud qabırğanını altını deşməyəcəklər. Ən yaxşısı elə axıra qalmaqdır vallah.

Cavan vaxtı, əlim işdə olanda, vəzifədə oturanda bütün tədbirlərə, məclislərə birinci məni çağırar, lap başda əyləşdirərədilər. İndi heç yada da salmırlar, axırda yada salıb Allah eşqinə harasa dəvət eləsələr də, məclisin lap aşağısında, stul da olmasa bir köhnə taburetka tapıb əyləşirdirirlər. Əvvəllər isə “toy generalları” kimi lap başda yer göstərirdilər ki, desinlər ki, bəs məclisdə filan idarənin baş mühəndisi Elbrus Şahdağlinski də olub. İndi mənim tutduğum mövqe, daşıdığım vəzifə məclislərin yuxarı başı üçün  aşağıdan da aşağıdadır. Heç buna görə  çağırılan yerlərə daha getmirəm də. Onsuz da dəqiq bilirəm ki, lap axırda, sonradan sonraya yada salıblar.

Bir dostum var, oğlunun diplom işini yoxlayıb ora – burasına əl gəzdirdim, getdi, yaxşı da qiymət aldı. Təzə söhbət deyil, çoxdan olan işdir. Söz vermişdi ki, oturub qeyd eləyəcəyik. Gözə dəymir. Qonaqlığı – zadı lazım deyil, gəlsə görüşsə yaxşı olar, ölüm – itim dünyasıdır. Yaş keçir, qocalırıq. Əzrayıl müəllim də bəlkə mənim ehkamlaşma həyat tərzimə riayət eləmədi, illərlə hər yerdə, hər məsələdə gecikməyimin fərqinə varmadı, mənimlə görüşə xətrimə dəyməsin deyə operativ şəkildə, lap tez gəldi, nə bilmək olar...

Hər halda sağlıq olsun...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!