Modern.az

Bir şəklin tarixçəsi - Nəbi Xəzri göy “Volqa”sını niyə satmışdı...

Bir şəklin tarixçəsi - Nəbi Xəzri göy “Volqa”sını niyə satmışdı...

30 Yanvar 2023, 11:00

QAZ-21 markalı “Volqa” avtomobili vaxtilə - ötən əsrin 60-70-80-ci illərində sovet xalqları arasında sevilәn və pupulyar maşın idi. Amma bu maşını almaq o dövrlәrdә hər kәsin cibinə uyğun deyildi. Daha çox tanınmış adamlara, yüksək vəzifəlilərə, imkanlı ticarətçilərə “Volqa”da gəzmək nəsib olurdu. Bu, sözsüz ki, maşınnın qiymətilə bağlı idi – axı QAZ-21 SSRİ-də ən bahalı maşın sayılırdı.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoda da QAZ-21 markalı “Volqa” avtomobili əks olunub. Fotonun tarixçəsini mərhum Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev danışır:

“Bu şəkildə atam Nəbi Xəzri öz maşınıyla əks olunub. Zaman 1961-ci il, məkan Yazıçılar Ittifaqının yanı...

Çox sevirdim bu maşını, “göy Volqa” deyirdim ona...

Atam o maşını 1960-cı ildə almışdı. Mən 2, qardaşım 4 yaşında olanda hər ikimizi qabaq oturacaqda əyləşdirər, ya kəndə, ya da bağa aparardı.

1964-cü ildə məndən iki yaş böyük qardaşım Ələkbər dünyasını dəyişəndən sonra atam bu maşına oturmaq istəmədi... Bir neçə dəfə oturdu, lakin sükan arxasına keçən kimi gözlərindən yaş gilələnərdi... Sonralar bunun səbəbini soruşanda deyirdi ki, “maşına oturan kimi Ələkbər gözümün qabağına gəlirdi, elə bil gəlib oturub qabaqda”. Sonda o maşını satdı, başqası ilə əvəzlədi.

Təzə maşın alanadək atam işə 4 ay piyada gedib-gəldi. Bizdən sonra “göy Volqa” yaxşı insana qismət oldu - İsmayıl müəllimə. Rəhmətlik Cabir Novruz atama zəng eləyib dedi ki, “Nəbi, qoy maşın özümüzünkünə qismət olsun, dostumuz İsmayıl “Volqa” axtarır, sənin maşının da əla maşındır, sat İsmayıla. Atam da məmnuniyyətlə razı olmuşdu. Rəhmətlik İsmayıl Nəcəfov - dostlarım Abbasqulu və Məhərrəm Nəcəfzadələrin atası - Abşeron rayonunda ticarət sahəsində işləyirdi. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Nəbi Xəzrinin beş övladı dünyaya gəlib: 3 qız, 2 oğlan. Amma şairin bir qızı və bir oğlu erkən yaşda vəfat edib.

Lalə adlı üçüncü qız övladı cəmi iki il yaşayıb. Böyük oğlu Ələkbər isə dörd yaşında dünyadan köçüb.

Arzu Babayevin sözlərinə görə, iki övladını erkən yaşda itirmək Nəbi Xəzriyə böyük zərbə oldu, ömrünün axırına qədər onların sarsıntısından xilas ola bilmədi.



A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü