Modern.az

Kaş bu, son məktub olmayaydı... - Zəlzələdə həlak olan Azərbaycan sevdalısının xatirəsinə

Kaş bu, son məktub olmayaydı... - Zəlzələdə həlak olan Azərbaycan sevdalısının xatirəsinə

Ədəbi̇yyat

13 Fevral 2023, 09:58

Onun ömrünun yarımçıq qalan hisssəsini əməlləri yaşadacaq...

...Türkiyədə baş verən müdhiş zəlzələ zamanı, eşitdim ki, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısıb və tərcüməçisi gənc dosrumuz Abdulkadir Özkan da uçqunların altında qalıb. Mən onunla əvvəllər qiyabi tanış idi. Bu ötə payız (2022-ci ildə) isə daha yaxından, şəxsən tanış olmuşdum. İstiqanlı, zarafatcıl, emosional bir gənc idi. (Yeri gəlmişkən, bizim yazıçılardan bir çoxunun əsərləri məhz onun sayəsində Türkiyədə tərcümə və nəşr edilib. Məsələn, mənim bildiklərimdən Əfqan, Eyvaz Zeynallı, Əlabbas Bağırov, Aslan Quliyev, Arif Ərşad və digərlərinin kitabları).
  
Bir neçə gün öncə mən Abdulkadir Özkanla telefonda danışdım. Dedi ki, bir balaca nasazdır. Sən demə, mənim əməliyyat olunduğumu da eşidibmiş. “Keçmiş olsun”, - dedi. Sevindirici xəbər verdi: “QAPI” romanımı artıq türkçəyə çevirib. Əsər haqda xeyli xoş sözlər dedi, mənim tərifi sevmədiyimi bildiyi üçün az sonra məktub yazıb ürəyindən keçənlərin qalanını da göndərdi. Tanrıdan arzum bu idi ki, bu, onun sonuncu məktubu olmasın.

Budur həmin məktub:

... Firuz Bey salam! Necesiz, yaxşısız inşallah. Eger meni soruşursanızsa, düzü xesteyem, hetta bu gün bir neçe gün için xestexanaya yatma ehtimalım var imiş. Yoxlanmaya gedecem. İnşallah alınmaz. Amma sağalacam, veziyyetim pis deyil. Bu sebep ile "qapı"da kaldık. “Cennet Çiçeyi” romanı hele yarımçık, qutarabilmedim. “Qapı” için gözel işledim, ruhunu saxladığımı güman edirem. Xülasa, tercümeleri fevralın başında yox axırında tehvil verecem size. ...

Son olaraq bunu bölüşmem lazım, “Qapı”nı oxuyanda size olan hörmetim bir defe de arttı, mazur görün ifademi, futbolda, meşkte bir tabir var "ters köşe", belke siz eks qıraq deyersiz, qapıcı kimi eks qırağa yattım. Çox tesirlendim. Sanki bir kimise yox, böyük bir teşkilat eyleşib yazıb kimi kitabı, bir kelayağı kimi işlenib eser. Tercümeni mene verdiğiniz ve mene inam elediyiniz için sağ olun, sayenizde özümle fexr edirem. İşleriniz avand olsun. Soruşanlara salam deyin. Görüşenedek...".

“Firuz Bey, xeste olduğuma göre ne Facebook-a girirem, ne de dostlar ile danışıram düzü, heç xeberim yox idi sizin narahatlığınızdan, Heqiqeten çox üzüldüm. Atamnan bölüşecem, ev halqıynan da, size dua edeceyik, inşallah tecili taparsız şefanızı. Çox geçmiş olsun. Meslehetleriniz için elelxusus teşekkür edirem. Menim için çox qiymetli. Sizden öyreneceyimiz çox şey var. Görüntülü danışabilerik elbette sesinizi eşidende bele şad oluram, amma madem operasiya geçirdiniz, dincelmeye üstünlük vermeniz lazım. Mene gelende sağalaram, ele deyirler, köhne problemin ferqli varyantı, amma tehlükeli deyil, çox işlediyime göre yaranıb. Yeriye bilmirem, çetinlik çekirem, hemişe yatıram ve dermanlarnan mürgüleyirem. Size seher yazanda xestexanaya yatmalıydım, indi plan deyişti, belke o biri xefte yatacam, bir hefte vesselam. Yeni yaxşıyam,  meni derd elemeyin.

...Fevralda gele bilmeyecem. Eslinde teyyare biletini götürmüş idim, amma marta, belke olsun ki martın axırına gele bilecem. Xahiş edirem köhne sağlamlığınıza qovuşun tecili. Bilirsiz sizi ne qeder sevir, xetirinizi ne qeder isteyirik. Salamlarınızı çattıracam, siz de soruşanlara salam deyin. Hörmet edirem. Yaxşı günlerde tezeden görüşenedek...

02.02.2023”.

Bu, son məktub imiş....

“...kaş bu sonuncu məktub olmayaydı...”. Bir neçə gün öncə öz arzularımı bu cümlələrlə ifadə etmişdim. Amma eşitdim ki, dostumuz Abdulkadir bizim bu ümid dolu arzulardan bir qədər öncə həyatla vidalaşıb. Onun ruhsuz bədəni yaşadığı evin uçqunları arasında qalıb. Mən bu müdhiş xəbəri eşidətkən istər-istəməz  onun və ailəsinin  Kahramanmaraşdakı evlərini xatırladım.  O geniş, səliqəli mənzildəki  otaqların birini  Abdulkadir üçün ayırmışdılar. Otardakı rəflər kitablarla dolu idi. O kitabların çoxu Azərbaycan yazıçılarının əsərləri idi. Kitab dənizində az qala  itən və məmnun-məmnun gülümsəyən gənc dostumun özü də bu anlarda sirli bir kitaba bənzəyirdi. Divardan Azərbaycan sazı asılmışdı. Zarafatla dedim:

- Dınqılada bilirsən?

Onün gülüş oynayan sifətinə ciddi bir ifadə qondu:

- Dınqldatmaq niyə, müəllim? Çoxlu saz havalarını ifa edirəm.

Əlimi çiyninə qoyub gülümsədim. Bildi ki, zarafat edirəm.

- Şaka yapıyorum,- dedim.

- Bilirəm,- deyə əlini mənə sarı uzatdı. Onun zərif, yumşaq əllərini ehtiyatla sıxdım...

Sonra biz onun (arabasında)  maşınında Kahramanmaraşdan Elaziğa doğru yol aldıq. Orada kitab sərgisi və imza günü olacaqdı. Yeri gəlmişkən deyim ki, o, mənim “Dəniz karvanı” povestimi və ”Neytral zona” adlı pyesimi çevirmişdi. Pyesi artıq İzmir Sənət teatrosu qəbul etmişdi. Bu barədə teatrın rəhbəri Necati Zəngin məlumat vermişdi. Deməli, əli yüngül imiş dostumuzun...

Elağıza gedərkən yolboyu müxtəif mövzularda söhbətimiz olurdu. Ən çox da dilimizin sirli qatlarından...

- Abdulkadir bəy, sizdə “gözüm su içmir” ifadəsi işlədilir?.. Yox? Bəs “ağlım bu işdən bir şey kəsmir”  ifadəsi necə? O da işlədilmir? “Nə əldən qoyur, nə yardan qoyur” necə?

Sonra Abdulkadir səbrlə həmin ifadələrin türkcə, həta bəzən maraq göstərdiyi rus dilində qarışığını tapıb geniş izah edirdi.O, tərcümə zamanı frazeoloji  ifadələrə, onların məna çalarının mahiyyətinə  fikir verirdi...

Dostumuz  Azətbaycanı, onun təbiətini, adamlarını, xörəklətini, musiqisini necə sevirdi. Sanki öz vücudu ilə o, Azərbaycanın bir parçası idi...

...Artıq  Abdulkadir haqq dünyasındadır. Səhv etmirəmsə, onun ailə üzvlərindən yalnız biri - Akif bəy sağdır. O da təsadüf üzündən evdə olmayıb, əsas iş yeri İstabuldadır.

Artıq yuxarıda qeyd olunduğu kimi, Abdulkadir son məktubunda yazır ki, mənim “Qapı” romanımı tərcümə edib.

Mən bu yerdə məktubdan bəzi seçmələri vermək məcburiyyətindəyəm:

...“Qapı” için gözel işledim, ruhunu saxladığımı güman edirem...

Son olaraq bunu bölüşmem lazım, “Qapı”nı oxuyanda size olan hörmetim bir defe de arttı...

Çox tesirlendim. Sanki bir kimise yox, böyük bir teşkilat eyleşib yazıb kimi kitabı, bir kelayağı kimi işlenib eser. Tercümeni mene verdiğiniz ve mene inam elediyiniz için sağ olun, sayenizde özümle fexr edirem…”.

Mən bu sətirləri nədən bir  daha yada saldım? Deməli, “Qapı” romanının tərcüməsi onun bilgisayarındadır… Salamatdır… Ümidliyəm… Basin sağ olsun, Türkiyəm… İndi mən bu qlobal və lokal  faciələrdən sonra hədsiz dərəcədə sarsılsam da, bir möcüzəyə inamım qalıb. Bəlkə, həmin tərcümə Abdulkadirin daim özü ilə, çox zamansa arabada  gəzdirdiyi kompüterdədir? Bəlkə romanın tərcüməsi itməyib? Bəlkə... Bəlkə..

 “Bəlkələr” çox, Abdulkadir Özkan isə  həyatda yoxdur. Amma onun qiymətli tərcümələri qalmaqdadır. O tərcümələr dostumuzun ömrünün yarımçıq qalan hissəsini yaşadacaq və yaşatmadadır...


P.S. Həmkarımız Aslan Quliyev gərəkli bir təkliflə çıxış edıb: Abdulkadir Özkan haqda xatirələri toplayıb bir məcmuə və ya kitab kimi nəşr etmək. Zənnimcə, mənim bu  müxtəsər yazım da elə həmin xatirələrdən biri kimi o kitaba daxil ola bilər... və bəlkə  xatirəsi bizim üçün daim əziz olan dostumuzun  sevərək tərcümə etdiyi “Qapı”nın da qapısı bir gün açıldı. Onun ruhuna ehtiram olaraq.

08.02.2023
 

Firuz Mustafa

                                                                                      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür