Modern.az

İki dost itin restoranda görüşü...

İki dost itin restoranda görüşü...

Ədəbi̇yyat

2 Mart 2023, 12:12

Akif Cabbarlı

(alleqorik hekayə)

Bobik aylardan bəzi üzünü görmədiyi və gecə - gündüz görüşmək həvəsi ilə yaşadığı ala-bula köpəyi qarşısında görəndə gözlərinə inanmadı. Çirkli, bir az da kobudlaşmış pəncəsi ilə dostunun başını sığalladı, göz yaşları ilə islanmış yanağını itin sifərində gəzdirdi.

- Səni də azdırdılar eləmi? Şükürlər olsun ki, azıb – təzməmisən, gəlib buralara, özümün yanıma gəlib çıxmısan. Bu restoranın həyətində sənə də daldalanmağa bir guşə tapılar. Buranın sahibi çox istiqanlı, səxavətli adamdır. Səni də yola verər, dağa – daşa salmaz. Deməli o çoxmərtəbəli, çoxmənzilli binaların həyətindən səni də didərgin saldılar. Yadında olar da yəqin ki, bizə himayədarlıq edən, əlinə düşəni yedirdən kişini və bir nəcabətli xanımla qızını bəziləri necə qınayırdılar, az qala məşhər ayağına çəkirdilər. Yemədikləri dolmanı, sür - sümüyü zibil qutusuna atırdılar, amma bizdən əsirgəyirdilər. O ağsaqqal da dəqiq bilirəm ki, boğazından kəsib bizi yedirirdi. Bu vəziyyət çox davam eləmədi və komendanta yol tapdılar, o da bir dələduz mühafizəçiylə anlaşıb bizi azdırmağı tapşırdı. Yaxşı ki, o gün sən ələ düşmədin, amma məni bir furqon maşına basıb düz gətirib bu restoranın  yaxınlığındakı çöllüyə buraxdılar. Amma nə olsun, yaxşı insana rast gəldim, məni yola verdi, azuqəmi bol elədi. İndi də sən gəlib çıxmısan, baş – başa verib ömrümüzü sürərik.


Bobiklə ala- bula köpək görüşmədikləri günləri az qala saatbasaat xatırladılar, xeyli kövrəldilər də. Bobik söhbətin şirin yerində dərindən köks ötürüb son vaxtlar eşitdiyi və çox pərişan olduğu məsələnin üstünə gəldi.
 

- Yəqin bilirsən, bu arada bəzi üzdəniraq adamlar nəslimizə qarşı necə amansızlıq göstərirlər. Deyirəm necə daşürəkli, qəddar olasan ki, tüfəngi götürüb günahsız, taleyinə on – on beş il yaşamaq şansı yazılan heyvanları qırıb tökəsən yan – yana. Niyə axı? İt bəyən durduğu yerdə kiməsə hücüm çəkər, kiminsə dizindən, ayağından dişdək götürər? Dünyasında ola bilməz. Adamı da hirsləndirəndə, qəzəbləndirəndə daşı götürüb çırpır kiminsə başına, bıçağı soxur qarnına. Qardaş, döymə, ağacı  götürüb tolamazlama, it də səni dişləməsin də. Yem verməyin lazım deyil, heç olmasa kötəkləmə də. Dilsiz – ağızsız heyvanla nə işin var axı... Aparıb itləri çölün düzündə boğuşdurur, qanlarına qəltan edirlər. Belə olanda itlər quduzlaşar, aqressiyaya düçar olarlar da...
 

Bobik öz həmcinslərinin insanlara elədiyi yaxşılıqlardan, göstərdikləri xidmətdən də xeyli danışdı.
 



- Hə, mənim əzizim, adamlar deyir ki, itlər bizim dostumuzdur. Bu sözləri əbəs yerə işlətmirlər. Çobanlar tranzistoru açıb mahnıya qulaq asanda, internetdə qurdalanıb şellənəndə qoyunları biz güdmürükmü? Qarlı – şaxtalı yerlərdə xizəyə qoşur, həyət – bacalarını qoruyur, sərhədlərdə əsgərlərlə birgə keşik çəkir, basdırılmış minaları axtarır, polisin, gömrükçünün köməyinə çatır, dağıntıların altından insanları tapıb çıxarır, əllilərin, zəif görənlərin küçəni adlamasına yardımçı oluruq. İndi bütün bunların əvəzində nə görürük? Hansısa axmaq quyruğumuzdan yapışıb dərəyə tullayır, maşına qoşub sürütləyir, üstümüzə benzin töküb alışdırır, zəhərləyir, güllələyir, daha nələr, nələr...

Bilirsən də, xaricdə belələrinin başına nə oyun açırlar- həbs edirlər, cərimələyirlər. Eşitmişəm ki, xarici ölkələrin çoxunda itlər şəhərin lap ortasında arın – arxayın gəzib – dolaşırlar, heç kimdən də qorxmurlar. Onları vaxtlı vaxtında müayinə edir, dərmanlarını verirlər. Çox yaxşı haldır ki, burada da humanitar təşkilatlar, xeyriyyəçi insanlar bizlər üçün saxlanma düşərgələri yaradır, qayğımızı çəkirlər. Belə olan halda yaşamağa, insanlara təmənnasız xidmət göstərməyə həvəs də artır axı...

Sən də yaxşı bilirsən ki, anasından ayrılan it küçükləri sahibini yaxşı və yaxın dost gözündə görürlər. Bu sahiblərin bəziləri isə sonradan dönük çıxır, daşürəkli olurlar. Bax belə hallar bizi üzür, yaxşılara inamı, etibarı da heçə döndərir. Nə yaxşı ki, həmcinslərimizi geniş mənzillərdə, bağ evlərində, villalarda saxlayır, əzizləyirlər. Olsun, bu bizim üzağlığımızdır. Deməli, qədirbilən insanlar çoxdur, canları sağ olsun.


Ala -bula köpək Bobikin dediklərinə tam şərik çıxdı və o da öz növbəsində itlərə qarşı şiddət göstərənləri o ki var  qınadı.
 

- Bir də ki,  ay Bobik itlərə ad qoymağda da əndazəni aşırlar axı. Gör necə adlar qoyurlar – Kral, Paskal, Kleopatra, Atom, Lazer, Pıuton, Domkrat, daha nə bilim nələr. Gül kimi qədimi it adlar var – Toplan, Bozdar, Bənək, Gümüş, Toppuş, Qarabaş, Muncuq və sair və ilaxır. Elə sənin də adın iprotnıdı – Bobik.


Bobik bu fikirlə razılaşdı, ancaq bildirdi ki, bu adı ona aralarında böyük xətir – hörmət olan bir ağsaqqal qoyub, daha dəyişəsi deyil ki...


Bilmirəm o kişi niyə məni belə adlandırıb. Bəlkə də vaxtilə belə adda iti olub, onun xatirəsinə görə mənə bu adı verib. Həl halda o kişi də daxil bütün yaxşı insanlara, xeyirxah, nəcib və çörəkverən adamlara böyük hörmətim var. Allah onları qorusun, onların işığını da bizim kimi həmişə insanlara möhtac olan varlığın üstündən əskik eləməsin.

Ala - bula köpək Bobikin dediklərini könül xoşluğu ilə qarşıladı, razılıqla başını tərpətdi və gödərək quyruğunu buladı.

... Bir azdan isə səxavətli restoran sahibi Ağaverdi kişi Bobiki və  onun dostunu təzə mal ətindən bişirilmiş şapalaq boyda kotletlərə qonaq edəcəkdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı