Modern.az

Tatar və başqırdlardan Əkbər Qoşalıya ərməğan

Tatar və başqırdlardan Əkbər Qoşalıya ərməğan

Ədəbi̇yyat

4 Mart 2023, 12:57

Qardaş xalqın istedadlı oğlu

Azərbaycan və tatar ədəbiyyatını zəngin tarixi yol birləşdirir. Nizami, Füzuli yaradıcılığı ilə tatar aydınları qədim zamanlardan tanış olub, onların yaradıcılığı ədəbiyyatımıza önəmli təsir göstərib. Və XX yüzilin əvvəllərində, Tukay dövründə ədəbi əlaqələr daha da gücləndi. Sovet dövründə də bu əlaqələr davam və inkişaf etdi - Azərbaycan yazıçılarının əsərləri tatar dilinə tərcümə edilərək qəzet və jurnallarda çap olunur, ayrıca kitablar şəklində nəşr edilirdi. Eyni zamanda, Abdulla Tukayın, Musa Cəlilin və digər görkəmli tatar şairlərinin şeir və poemaları Azərbaycan dilində böyük tirajla nəşr edilmişdir.

XX yüzilin sonlarında - xalqlarımızın azad nəfəs aldığı 90-cı illərdə əlaqələrimiz daha da gücləndi. Bu tendensiya son 10-20 ildə də özünəməxsus şəkildə davam etdi – ‘dəbi mübadilə nəzərəçarpacaq dərəcədə genişləndi və yeni səviyyəyə yüksəldi.


Bu nəcib işdə ən fəal mövqeyə sahib aydınlardan biri də tanınmış Azərbaycan şairi Əkbər Qoşalı olub desəm, təbii ki, yanılmaram. Əkbər Qoşalının poetik yaradıcılığı Azərbaycan ədəbiyyatının hüdudlarından kənara çıxmış, türk xalqlarının mədəni sərvətinə töhfə vermişdir. Onun əsərləri bir çox qardaş dillərə uyğunlaşdırılıb, bundan əlavə, Türk dünyasının bir çox görkəmli yazıçıları ilə sıx yaradıcılıq və dostluq əlaqələri sayəsində tarixi əlaqələrimizin, neçə yüzillik dostluğumuzun möhkəmlənməsinə uğurla töhfə verib. Özəlliklə vurğulayım, Əkbər Qoşalı və onun həmfikirlərinin təşəbbüsü ilə Azərbaycan dilində tatar şairlərinin toplusu  və fərdi kitabları da nəşr edilmişdir.

Əkbər Qoşalının qurucusu olduğu Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə tatar şairləri bir neçə dəfə Bakıdakı poeziya festivallarında  olub. Mənim də bəxtim gətirdi ki, orada oldum.

Bakıda mənim “Payız yağmuru” kitabım gün üzü gördü və onun müxtəlif məkanlarda təqdimatı xalqlarımız arasında əsl poeziyanın, dostluğun təntənəsinə çevrildi. Azərbaycanda olduğum müddətdə gördüm ki, istedadlı şair Əkbər Qoşalı həm də respublikanın ictimai-siyasi həyatında fəal insan, yaxşı təşkilatçı, qonaqpərvər evsahibidir. Əkbər Qoşalı kimi şairlərə bu dünyada o qədər də tez-tez rast gəlinmir, çünki onların müstəsna insanpərvərliyi və mehribanlığı, öz xalqına sarsılmaz sədaqəti və onun müdafiəsinə qalxmağa hər saat hazırlığı olmalıdır.

O - tatar yazıçılarının yaxın dostu Əkbər Qoşalı məhz belə insandır.

Səmimi tatar salamları ilə,
Razil VƏLİYEV,
Tatarıstanın Xalq şairi,
Tatarıstan Respublikasının
A.Tukay adına Dövlət Mükafatı laureatı


***

Yubileyiniz mübarək, Dostluq Səfiri!

Əkbər Qoşalı... Bu adı eşidəndə dərhal günəşli Azərbaycanı, onun xeyirxah xalqını xatırlayıram. Və əksinə, Azərbaycandan söhbət düşəndə dərhal ağlıma nurlu şəxsiyyət, geniş ruhlu şair Əkbər Qoşalının adı gəlir. Şairin vətəninin adının başqalarının ruhunda ancaq hərarət hissi doğurması sevinc deyilmi?!

Əkbər Qoşalı tanınmış Azərbaycan şairi, publisisti, ictimai xadimidir. Türk xalqlarının yazıçılarının birləşməsində böyük işlər görmüşdür. Bu heyrətamiz insanla mənim dostluğum 2016-cı ildə başladı. Sonra başqurd ədəbiyyatının nümayəndəsi kimi Türk Dünyası Gənc Yazarlarının Forumunda iştirak etmək üçün Bakıya dəvət olundum. Çox mənalı, genişmiqyaslı tədbir idi. Bakı bir neçə gün türk ədəbiyyatının mərkəzinə çevrildi. Məhz bu səfərdən sonra yaradıcılıq üfüqlərim genişləndi, bir çox ölkələrdə qardaşlarım oldu. Hər kəsə bəllidir ki, Əkbər Qoşalının uzun müddət başqanlıq etdiyi Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə yaradılıb. Bu illər ərzində qurum bir çox layihələr həyata keçirib, kitablar nəşr edib, qələm ustalarını bir araya gətirməyə yönəlmiş bir çox tədbirlər gerçəkləşdirib. Azərbaycan dilində “Getmə, ana!” kitabımın nəşrinə görə  də ona sonsuz minnətdarlığımı bildirirəm. (“Getmә, ana!”-Bakı, 2020).


Biz hörmətli Əkbər Qoşalını Dostluq Səfiri adlandırırıq. Və bunlar adi sözlər deyil. Bu gün bir çox xalqlar üçün dostluq və qarşılıqlı anlaşma yetərli deyil. Sanki bütün dünya parçalanmağa, düşmənçiliyə can atanda onun fəaliyyətinin dəyəri daha aydın görünür. O, həmfikirlərini bir ocaq başına toplayır ki, hamı isinsin, sonra da öz istiliklərini başqaları ilə bölüşsün.

Bundan əlavə, Əkbər Qoşalı öz ölkəsinin, xalqının böyük vətənpərvəridir. Bu, onun şeirlərində, internetdəki yazılarında, paylaşımlarında aydın ifadə olunur. Buna görə ona daha çox hörmət edirəm. Axı xalqını sevməyən insan çətin ki, başqalarını da sevsin.

Əkbər ağanın ürəyi genişdir, orada türklərin hər birinin - başqurdun, tatarın, saxanın, çuvaşın, qazaxın, qırğızın… yeri var. Ona görə də Türk dünyamızın geniş ərazilərində o həmişə böyük sayğı ilə qarşılanır.

Təsadüfi deyil ki, Əkbər Qoşalının əsərləri bir çox dillərə çevrilib. Şairimizin təşkilatçılıq qabiliyyətini də yüksək dəyərləndirmək istərdim. Onun ətrafında Azərbaycan ədəbiyyatının ümidi olan - sadiq, istedadlı, səmimi, mehriban silahdaşları var. İntiqam Yaşar, Tural Turan, Taleh Mansur, Aygün Yaşar, Əfsanə Ələsgərli, Nofəl Ümid, Ümid Nəccari, Sərvər Karmanlı və başqa gənc istedadlarla Əkbər Qoşalı sayəsində  dost oldum. Başqurdların bir atalar sözü var: “Айырылғанды – айыу ашар, бүленгәнде – бүре ашар”- “Bölünəndə canavar yeyər, ayrılanda ayı parçalayar”.  İndi çətin vaxtdır. Məhz yazıçılar bu zəmanədə bizim birləşməyimizin, dostluğumuzun möhkəmlənməsinə öz qələmi və sözü ilə xidmət etməlidirlər. Bunun üçün də Əkbər Qoşalı kimi Dostluq Səfirlərimiz olmalıdır.

Yubileyiniz mübarək, əziz qardaş!Sizə dəyər verən Başqurd qardaşlarından, uca Ural dağlarından və dolğun Agidel (Ағиҙел) vadilərindən böyük salam!
 

Aygiz BAYMUXAMMET,
Başqurdistan Yazıçılar Birliyinin başqanı,
Başqurdistanın Əməkdar mədəniyyət işçisi,
Şeyxzadə Babiç adına
Dövlət Gənclər Mükafatı laureatı

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar