Modern.az

Şuşada zəfər şərbətini içən ŞƏHİD

Şuşada zəfər şərbətini içən ŞƏHİD

4 Mart 2023, 13:09

“Səbaildən Şuşaya qədər gedənlər...” kıitabından - bu gün 32 yaşını qeyd etməyən Vüsal Teymurovun hekayəti

Ruslan və Vüsal səhər tezdən oyanıb, anası Nahidənin açdığı səhər yeməyi süfrəsi ətrafında ön cəbhədə və ölkədə baş verənləri müzakirə edirdilər. Onsuz da indi istər Azərbaycanda və dünyanın hər yerində diqqət mərkəzi Qarabağ uğrunda gedən savaşlar idi. Üstünlüyün Azərbaycan ordusu tərəfində olması isə ölkə vətəndaşlarını da, Vətənimizin dostlarını da sevindirirdi. Axşam saat 21 radələrində Azərbaycanın Ali Baş komandanı Cəbrayılın azad olunması haqqında təzə bir tvit də atmışdı. “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan televiziyası vasitəsilə Cəbrayıl rayonunun və digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edib: “Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıtdı. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”.

Ali Baş Komandan qeyd edib ki, uzun illərdən sonra Cəbrayıl şəhəri azad edilib: “Cəbrayıl bizimdir!”

Ruslan qardaşı Vüsala dedi:

- Axşam prezident Cəbrayıın azad olunmasını dedi, gördün də bu murdar ermənilər Gəncəyə, Bərdəyə, Beyləqana da top atdılar. Gəncəyə raket atdılar. Həm oktyabrın 4-ü atmışdılar, həm də bu gecə...

- Həəə... qaqa, o türk jurnalistləri orada olmasaydı, heç xəbəri biz də görməyəcəkdik. Haradan biləcəkdik ki... Hansı televiziya idi?

- Haber Global..

- Oğuldurlar eee... jurnalist, müxbir belə olar eee... odun-alovun içərisindən həmən məlumatı bütün dünyaya yaydılar. Gəncədə 35-ə yaxın adam yaralanıb, bir nəfər dinc sakin də ölüb…

- Bu binamuslar kişi kimi vuruşa bilmirlər də... Dünən bizim əsgərlərin videolarını yerləşdirmişdilər feysbuka, bizimkilər dinc sakinlərə dəymirlər, bu donuz balaları ermənilər isə döyüş Qarabağda gedir, raketi Gəncəyə atırlar...

Nahidə söhbətə qoşuldu:

- Ay bala, onların havadarları var... İndi biz atsaydıq, bütün dünyanı üstümüzə qaldırardılar... Görmürsünüz, bizi istəməyən ölkələr deyir ki, azərbaycanlı ermənini qırdı. Daha bir deyən yoxdur ki, ay erməni sənin azərbaycanlının torpağında nə işin var. Nə işin var kolluqda, qıçın qırıla qoruqda?! Dinc əhaliyə də silah atarlar...

- Ay mami, yaman hirslənmisən eee... İndi biz də gedirik Ruslanla, gedib onların çənəsini də əzəcəyik, qıçlarını da qıracağıq. “Dişə-diş, cana can”- deyib döyüşəcəyik.

Vüsalın bu sözündən ananın ürəyi titrədi. Müharibə insana asan gəlməsin. Həyəcanla:

- Vüsal, bala, gedib yazılmısınız, sözüm yoxdur, heç olmasa biriniz gedin də... Biriniz evdə qalın barı...- dedi.

- Mami, (Vüsal və Ruslan analarını “mami” çağırırdılar) narahat olma, biz həmişə “dvijeniyada” olan oğlanlarıq. (“Dvijeniyada olmaq” - “hərəkətdə olmaq” sözü Bakı və Sumqayıt cavanlarının ən çox işlətdiyi sözlü ibarədir.). 

Evdən çıxanda dedilər ki, səfərbərlik idarəsinə dəyib, tez də qayıdıb gələcəklər. Lakin günortadan sonra Ruslan qayıtdı. Vüsal isə Hərbi Səfərbərlik və Çağırış idarəsində qalmışdı. Nahidə Vüsalı soruşanda Ruslan gözləri dolmuş halda dedi:

- Mami, Vüsalı könüllü kimi götürdülər, dedilər ki, sən canlı-cəsədlisən, həm də ki, onun əsgərlikdə manqa başçısı olması işinə yaradı. Həm də dedilər ki, bir evdən bir oğlan apara bilərik. Get evə, lazım gəlsə, səni də çağıracağıq...

Nahidə əlini dizinə çırpıb heyifsiləndi:

- Vay eeee…Ay bala, Vüsal axı mənimlə heç görüşmədi də... Bu necə getməkdir? İndi biz onu görməyəcəyik?!

- Yox, mami. Yox, onu apardılar... Mən qaldım... Mən də getmək istəyirəm.

Nahidə 40 ilə yaxın idi ki, Badamdardakı bu məhəlləyə Lənkərandan gəlin gətirilmişdi. 8 bacı idilər. Böyük bacısı Tərgülün ədəbini-ərkanını görüb, 7 bacısını da qonum-qonşu alıb evlərinə sahib etmişdilər. 1984-cü ildə qızı Könül, sonra 1986-da Ruslan, 1991-ci ildə isə Vüsal dünyaya gəlmişdi.

Əri Zakir fəhlə işləyirdi. Könül bir az böyüyəndən sonra, Nahidə uşaqları bacısına və Könülə əmanət edib, gedib fəhlə işlədi. Könül isə balaca qız olsa da, iki qardaşına həm bacı, həm də ana oldu. Yeməklərini verdi, dərsə yola saldı, özü də saç ustası sənətinə yiyələndi. Ruslan ali təhsil almağa meyilli olmadı. Vüsal isə elə məktəbdə də əlaçı idi. 239 saylı məktəbin seçilən şagirdlərindən idi. Elə bir bayram tədbiri, tarixi gün olmazdı ki, orada Vüsal çıxış etməsin. O həm məktəbin, həm də sinifin birinciləri sırasında idi. Məktəbi bitirəndən sonra 560 balla Azərbaycan Kooperasiya Universitetinin Gömrük işi fakültəsinə daxil oldu. Ödənişli fakültəyə düşsə də, oxudu. Əsgəri xidmətini də 2012-ci ildə Tovuzdakı 812 saylı hərbi hissədə şərəflə başa vurdu. Əsgərlikdə I manqa komandiri rütbəsinə qədər yüksəldi. Ona hərbi hissədən verilən xasiyyətnamədə şəxsi keyfiyyətlərindən bəhs edən sətirlərin içərisində belə cümlələr var idi:

“…Taborda aparılan hər bir işin və qarşısına çıxan çətinliklərin öhdəsindən gəlmək bacarığına malikdir. Bilik və hazırlıq səviyyəsinin artırılması üçün daim öz üzərində çalışır. Təlimdə yüksək bacarığa malik olduğunu göstərmişdir. Sərrast atəş açır, gözəl xasiyyətə malikdir, dostları ilə dil tapmağı bacarır. Xidmət etdiyi müddət ərzində Teymurov Vüsal Zakir oğlu özünü Vətən torpaqlarının bütövlüyü uğrunda mübarizəyə hazır olan vətənpərvər bir gənc kimi göstərmişdir, özünün tərbiyəsi, davranışı və bacarığı ilə mülki həyata tam hazır olduğunu sübut etmişdir. Qanunları bilir və onları həyata keçirməkdə heç bir çətinlik çəkmir.” 812 saylı Hərbi hissənin komandiri”.

Əsgərlikdən ən nümunəvi xasiyyətnamə ilə qayıtsa da, Bakıda haraya getdisə, ona Azərbaycan Kooperasiya Universitetindən aldığı diplomuna uyğun iş tapılmadı. Hərdən küsdü, hərdən incidi Vüsal. Bir ara Silah Sənayesi zavodunda işlədi. Sonra həmin zavodda da ixtisara düşdü. Vüsal da işsiz qaldı. Kafelərdə işlədi. Öz-özünə düşündü ki, bir yaxşı dayısı da olmadı ki, onu da işə götürən olsun. O da öz savadını, bilik və bacarığını tətbiq edib, Vətənə xeyri dəysin. İşsiz qaldığı müddət ərzində orda-burda günü 20 manata iş tapıb işlədi. Anası soruşanda da dedi ki “mami, dvijeniyadayam”. Ana da bilirdi ki, oğlu evə haram pul gətirməz. Nə qazansa ağlının, beynin zəhməti ilə qazanır. Bax beləcə iş axtardığı günlərin birində müharibə başladı. Vüsal Vətənə olan bütün küskünlüyünü unudub, könüllü döyüşə yazıldı. Axı ona hərbi hissədən verilən xasiyyətnamədə Vətənə gərəkli oğul olduğu qeyd olunmuşdu.

Oktyabrın 5-i günortadan sonra vidalaşmaq üçün anasına, bacısına zəng vurub, xeyir-dua istədi. Anası və atası nə illah etdilərsə, hərbi komendaturaya gəlmələrinə rəvac vermədi. Sonra bacısı Könül ilə danışdı. Könül həmin günü belə xatırlayır:

- Mənə telefon açdı. Sevinə-sevinə dedi ki, Könül, döyüşə gedirəm. Dedim ki, başın xarabdır, nə döyüş? İndi hardasan, biz səninlə görüşməmişik axı… Gülə-gülə dedi ki, qayıdıb gələndə görüşərik. Ağlayıb-yalvardım ki, qayıt, getmə. Dedi ki, bacı sən nə danışırsan, bu yolda öldü var, döndü yoxdur.

Sonra atası Zakir kişi ilə danışdı. Zakir kişi oğul dərdinin ağırlığını çiyinlərində, ürəyində gəzdirir. Dərdini pünhan çəkir, gizlin çəkir. Çünki oğlu həmin gün hərbi komendantlıqdan telefon açanda ona demişdi ki, bala indi ki, gedirsən, qorxma, kişi kimi döyüş, üzümüzü yenə ağ elə. Sağ-salamat qayıt. Gözləyəcəyəm. Sənə inanıram. Ona görə belə demişdi ki, oğlunun xasiyyətinə, mərdliyinə bələd idi.

Vüsalgil cəbhə bölgəsinə gələndə, artıq qızğın döyüşlər gedirdi. Onların bölüyü quru qoşunları əlahiddə hissəsinə aid olduğundan, döyüşlərə Füzuli rayonunda qoşuldu. Onları Xüsusi Təyinatlıların qəhrəman polkovniki Tehran Mənsimovun taboruna verdilər.

Bacı, ən çox mama üçün darıxıram...

Çətin idi, ağır idi döyüş yolu. Müharibə heç vaxt asan olmur. Müharibə dəhşətdir. Özü ilə bədbəxtliklər gətirir. Yanında yenicə tanıdığı oğlanlar şəhid olurdu, ağır yaralanırdı. Bu isə bir ocağın, bir evin, bir ailənin, bəzən də bir nəslin bədbəxtliyinə çevrilirdi. Keçdikləri döyüş yolunda, ağır məsafələrdə təxribatlarla da üzləşirdilər. Şəhid olan qardaşları çiyinlərinə alıb daşıyırdılar, yaralıları köməkləşib aparırdılar. Hələ bu azmış kimi, hərbi sursat, silah yükü, çiyinlərindəki 40 kiloya qədər digər lazımlı ləvazimatlar… Bu qədər yükü Vətəni, torpağı azad etmək üçün çəkirdilər. Füzuli-Xocavənd istiqamətində də döyüşləri başa vurdular. Torpaqlar alındıqca gülüb-sevinirdilər də… Müharibənin qanun-qaydası budur. Ruh yüksəkliyi olmasa, irəli gedə bilməzsən. Düşmənin 30 ildə çəkdiyi səddi qırmaq çox çətin idi. Əslində elə bil ki, qarşılarında əfsanəvi və tarixi Çin səddi var idi. Sadəcə Çin səddini Çin hökmdarı Türklərdən qorunmaq üçün tikdirmişdi. O türklərdən ki, uzun əsrlər həmin torpaqlara hakim idilər. Füzulini keçib Qubadlıya çatdılar. Buradakı sal və sıldırım qayalar onu birinci dəfə görən əsgərlərin və döyüşçülərin heyrətinə səbəb olurdu. 1700 metr hündürlükdə qalxıb döyüşməyin də bir ayrı ləzzəti var idi. Onları 1700 metr hündürlükdə görən düşmən dabanına tüpürüb qaçırdı. Düşməndən qalan qənimətləri isə Azərbaycan əsgərləri öz halal malları kimi götürürdülər. Çünki bu yurdları 30 il əvvəl işğal edərək, azərbaycanlıların halal torpaqlarına, təsərrüfatlarına yiyələnmişdilər. Yiyələnə bilmədiklərini isə talan edib, viran qoymuşdular. İndi bu hündür qayalıq dağların bir üzündə Azərbaycan əsgəri, o biri üzbəüz baxan dağlarda isə erməni terrorçuları dayanmışdılar. Təhlükəyə baxmayaraq döyüş və kəşfiyyat vərdişlərinə yiyələnən oğlanlar aşağıdakı kəndlərə enib, oradan azuqə, yemək, hinduşka-toyuq gətirirdilər, kabab çəkib, məclis qururdular, alınan torpaqların sevincini qeyd edirdilər. Düz noyabr ayının 1-nə kimi bu yüksəklikdə dayanıb, düşmənə aman vermədilər. 29-u oktyabrda bacısı Könülün doğum günü idi. Vüsal imkan tapıb buradan ona telefon açdı. Dedi ki, bacı sənin şərəfinə bu gün ən çətin yüksəkliyi nəzarətə götürə bildik. 12 gün idi ki, həmin yerə yol gəlirdik. Bu qəhrəmanlığı da bacardıq. Köməklərinə həm də Türkiyədən alınan Bayraqdar PUA-ları çatırdı. Noyabrın 1-də Şuşa tərəfə hərəkət etmək üçün xüsusi tapşırıq aldılar. Buna görə gərək Daşaltıya enməliydilər. Noyabrın 3-dən 4-nə keçən gecə polkovnik Tehran Mənsimovun hazırladığı döyüş əməliyyatına uyğun olaraq, Daşaltını düşməndən xilas edə bildilər. Ancaq düşmənlə üzbəüz döyüşən dəstə bilmirdi ki, onların bu əməliyyatı Ordunun içərisində olan hansısa xəyanətkarın ürəyincə olmayıb. Daşaltını almaq, Şuşaya yol demək idi. Belə bir hadisə onların bölüyünün də başına gəldi. Hərəkət koordinatları səhv verildiyindən, mühasirəyə düşdülər. 20 nəfərlə düz 8 saat mühasirədə qaldılar. Onlar iki dağın arası ilə irəliləyirdilər, lakin bilmirdilər ki, mühasirədədirlər. Bu ağır və keçilməz yollarda Vüsal yenə öz zarafatından, deyib-gülməyindən qalmırdı. Belə edirdi ki, uşaqlar yorulmasınlar. Həmin axşam, düşməni azdırmaq üçün onun diqqətini öz bölüklərinin üstünə çəkmək kimi bir tapşırıq aldılar. Elə bu vaxt dağı duman, çən bürüdü. Gecə saat 4 olardı. Bu ağır dağ keçidlərində bir neçə dostu şəhid verdilər. Vüsal da, Əbülhəsən də, Bakının İçərişəhərindən olan Fərid də yaralıları çiyinlərində daşıyırdılar. Bəzən bir yaralını daşımaq üçün 2 saat yarım vaxt itirirdilər. Vüsalın həm də tibbi bacarığı var idi. Ona görə də onun yükü başqalarından daha ağır olurdu. Azad etdikləri kəndlərdə, qəsəbələrdə aptek görən kimi, oraya girib çantasını ağzınacan dərman və tibbi ləvazimatlarla doldururdu. Vüsal həm də uşaqların “şirin sandığı” idi. Çünki onun çiyinlərində həm də yemək dolu çantalar olurdu. İndi də bu mühasirədə ürəyində bir sakitlik var idi. Ətraf duman-çiskin olsa da ürəyinə dammışdı ki, xilas olacaqlar. Və bir də gördülər ki, hardansa şahinlər kimi Xüsusi Təyinatlılar peyda olub yetişdilər. Bu dəfə də onları mühasirədən XTQ çıxartdı. Beləcə, daxili və çöl düşmənlərin daha bir əməliyyat planı pozuldu. Noyabrın 6-sı isə yenidən irəliyə – Şuşaya tərəf getmək tapşırığı gəldi. Axşamüstü yola çıxan taborun üzvləri ayın 7-si səhərə yaxın dağların üstü ilə, qayadan qayaya hoppana-hoppana gəlib Şuşaya gedən asfalt yola çıxdılar. Vüsal baxdı ki, tefonunda şəbəkə yaranıb. Könülə zəng vurdu. Əhval-ruhiyyəsi yüksək idi. Könül də qardaşının səsini eşidib sevindi.Vüsal axırıncı dəfə 29 oktyabrda evə zəng etmişdi. Bu dəfə də bacısına əsgərlərin və özünün şücaətlərindən danışdı:

- Könül, qardaşın burda tarix yazır. Bunların anasını ağladırıq. Bilirsən nə qədər hinduşka kababı yemişik. Ancaq evdə bir-birinizdən muğayat olun. Mənə isə halallıq verin. Şuşaya giririk. İşdir də bilmək olmaz...- dedi. Bu günə qədər bacısı ilə danışanda səsi titrəməmişdi. İndi isə səsi titrədi: “- Bacı, ən çox mama üçün darıxıram, deyərsən ki, onu çox istəyirəm. Ancaq mənə zəng çatmasa, narahat olmayın. Şuşa ən çətin yerdir. Burada şəbəkə olmaya bilər...”.

Vüsal baxdı ki, Qırmızı bazar deyilən dağ başında düşmənlə üzbəüz dayanıblar. Lakin Şuşada olmaq, Şuşaya gəlib çıxmaq onlara xüsusi ruh yüksəkliyi verdiyindən düşmən də gözlərində kiçildi. Təlimatla verilən yerdə mövqeləndilər. Lakin düşmən təslim olmaq istəmirdi. Bu döyüşdə bir neçə nəfər döyüşçü yaralandı. Şuşanın dağları necə soyuq olurmuş. Uşaqların üstlərindəki azuqə də qurtardığından bir tərəfdən aclıq, bir tərəfdən də soyuq onların sümüklərinə kimi üşüdürdü. Vüsal çox yorğun idi. Soyuqdan kələyi kəsilmişdi. Bəlkə də gəlib Şuşaya çatdıqlarından idi ki, əminlik yaranmışdı. Ona görə də dincəlmək istəyirdi. Lakin qarşı tərəf üzbəüz düşmən pusquları idi. Və birdən yenə də silahlar işə düşdü, düşmənlə üzbəüz şiddətli döyüş başladı. Bu zaman snayper güllələrindən biri Vüsalı hədəf götürdü... Dəydi... Bir snayper gülləsi və mərmi atışından Vüsal çoxsaylı yaralandı. Yaraları ağır olmasına baxmayaraq, təxliyə qrupu Vüsalı yaxınlıqdakı tibb bölüyünə çatdırmağa tələsirdi. Noyabrın 8-i idi. Vüsal bu tarixi bilirdi. Vüsal bilirdi ki, artıq Şuşanın ən hündür zirvəsindədir. Dörd nəfər döyüşçü onu qaça-qaça xərəyə qoyub aparırdılar. Bu vaxt Vüsal əlinin birini qaldırıb gülə-gülə onlara baxdı. Bu qədər ağrının içərisində onun üzündə bir damcı da əzab yox idi. Gülə-gülə: “Dayanın. Daha aparmayın məni... Yorulmuşam... Çox yorulmuşam... dedi və kəlmeyi-şəhadətini gətirdi: Əşhədü ənna la iləha İllallah. Əşhədü ənna Məhəmməd ən Rəsullullah...”- bu Vüsalın son sözü oldu. Döyüşçü dostların hər biri belə dost itkisinə öyrəşmişdilər. Lakin Vüsalın öz yeri, öz haqqı var idi boyunlarında... Vüsal onları o qədər çətin vəziyyətlərdən qurtarmışdı ki... 

Döyüşçülər döyüş təlimatına uyğun tapşırıqları yerinə yetirirdilər. Lakin həlak olan dostlarını, eləcə də Vüsal Teymurovun cansız bədənini düz iki gün özləri ilə gəzdirdilər. Onların dayandıqları mövqelər düşmən atəşi altında olduğundan Vüsalın nəşini aşağıya tez ötürə bilməmişdilər...

Bal da verə bilməz balanın dadın

Vüsal bu dünyayadan Tanrı dərgahına qayıdan anda,  Nahidə qəfildən qışqırıb yuxudan oyandı, qızı Könülə zəng vurub  dedi:

- Ay qız, Vüsalın başında nəsə var...

Könül təəccüblə anasının sözünü kəsib:

- Ay mama, sən də söz danışırsan eee... nə olacaq ki...

- Yox eeee. Ay qız yuxuda gördüm ki, Vüsal su istəyir, deyir ki, mami su ver mənə... Su verirəm içir... Baxıram ki, qonşularımız da gəlib Vüsala su verirlər... Yox, Vüsala nəsə olub...

- Ay mama, Vüsal elə dünən danışıb da bizimlə, indi şəbəkə yoxdur, şükür Allaha, deyirlər ki, Şuşadadırlar... Su aydınlıqdır, su vermisənsə, bu yaxşı əlamətdir...

Noyabrın 13-nə kimi Vüsaldan xəbər çıxmadı. Səhər-səhər tezdən qaynı arvadı zəng vurub bu qara xəbəri ailəyə çatdırdı. Vüsalın əmisi oğlu da döyüşdə idi. Nahidə əvvəl elə bildi ki, qaynı oğluna nəsə olub... Dizləri əsdi, taqətdən düşdü... Sonra dedilər ki, şəhid olan Vüsaldır... Badamdardakı evinə gəlib çatanda baxıb gördü ki, el-camaat hamısı onun qapısına yığılıb...

Vüsalın anası Nahidədən sual etdim ki, ana, bəlkə oğlun Vüsal haqqında xatirələrini danışasan?! Cavabı belə oldu:

- Oğlum şəhid olandan sonra, yaddaşımı itirmişəm. İstəyirəm ki, uşaqlığından bu günə kimi necə böyütdüyümü xatırlayım. Ancaq elə bil ki, yaddaşım silinib. Döyüş bölgəsində çəkilən videolarına, şəkillərinə baxıram. Baxıram ki, uşağım 1 ayın içərisində necə qocalıbmış... Mən onu döyüşə göndərəndə, cavan oğlan idi. Mənə deyirdi ki, mami səni heç vaxt qoymaram əziyyət çəkəsən. Evə gəlirdi, alırdı qucağına, bağrına basıb öpüb əzizləyirdi məni. Deyirdi ki, mami, burada ancaq sənin üçün darıxıram. Hər şeyə dözə bilirəm, sənsizliyə dözə bilmirəm.

O mənsiz dözmədi, ancaq mən onsuz yaşayıram. Gedirəm məzarının üstünə, orda söhbət edirəm onunla... bütün dərdlərimi, gileylərimi deyirəm ona. Səs vermir ki, mənə... Deyirəm ki:

Bal da verə bilməz balanın dadın,

Mən dünyadan doydum, Vüsaldan doymadım...

Döyüşdə olanda məndən soruşdu ki, mami, heç məni soruşub axtaran varmı? Dedim ay Vüsal, 8 xalanın hamısı sənin gəlişinə qurban deyib. Sevindi. Dedi ki, qayıdan kimi gedib Türkiyədə istirahət edərik. Dedim ki,Tərgül xalan deyir ki, Vüsal qayıdıb gəlsin, onun Türkiyəyə gedib-gəlmək biletini özüm alacam... Qonşular-qohumlar hamısı deyib ki, Vüsal gəlsin onun qabağına xonça ilə çıxacağıq. Fələk deyir ki, sən arzu elə, mən də qanadlarını üzüm...  Əlimdən nə gəlir ki...

Bu ailədə Vüsal üçün ən çox darıxan 13 yaşlı bir Teyyub Talıbov da var. Vüsalın bacısı Könülün böyük oğlu. Teyyub dayısını hərbi komissarlığa qədər ötürmüşdü. Həmin xatirələri danışanda gözləri dolur: “Ruslan dayımı aparmadılar. O da əsəbiləşdi ki, Vüsalla bir yerdə ikimiz getsəydik, bir-birimizə hayan olardıq”- dedi. Vüsal dayım mənimlə görüşəndə dedi ki, nənəni sənə tapşırıram. Mən şəhid olsam ağlamayın, mənimlə fəxr edərsiniz. Dayısının bu sözlərini təkrar edib, hönkür-hönkür ağlayır Teyyub. Deyir ki, indi dayısı üçün çox darıxır. Çünki Vüsal onu özü ilə hər yerə aparardı. Vüsal onun həm də böyük dostu idi.

Vüsalı noyabr ayının 13-də şəhid yoldaşlarının uyuduğu qəbristanlıqda dəfn etdilər. Onun döyüşdən qəhrəman kimi qayıdacağını gözləyən qonum-qonşular, qohumlar, bacısı Könül al qırmızı rəngdə xonçalar bəzədilər. Bəzəkli xonçaları şəhidin məzarı üstünə düzdülər... Bu məzarlıqda 10 nəfərin Vətən müharibəsi şəhidlərinin sinə daşlarının üstü al-əlvan xonçalarla bəzədilmişdi. Toy tədarükləri, gəlin xonçaları, bəy bəzəkləri daşlara qismət oldu. Badamdardakı  qəbristanlıq toy evinə bənzəyirdi...

Vüsal Zakir oğlu Teymurov 1991-ci il martın 4-də Bakı şəhərində anadan olmuşdu. 29 il ömür yaşadı. O, 2012-ci ildə hərbi xidmət zamanı barəsində yazılan xasiyyətnamədəki fikirləri seçdiyi həyat yolu ilə təsdiq etdi: “Əsgər Teymurov Vüsal Zakir oğlu mənəvi və fiziki cəhətdən sağlamdır. Azərbaycan Ordusunun layiqli hərbi qulluqçusudur. Gələcəkdə Dövlət mənafeyini qorumağa layiqdir. Dövlət və hərbi sirləri qorumağı bacarır. Azərbaycan Respublikasının suverenliyinin qorunmasına, bütövlüyünün müdafiəsinə və içdiyi anda sadiqdir”. Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa istiqamətlərində döyüşlərdə böyük şücaətlə iştirak edən Vüsal bir çox yüksəkliklərin alınmasında, Daşaltı uğrunda gedən döyüşlərdə böyük igidliyə imza atdı, yaralı və şəhid olan silah yoldaşlarını dəfələrlə döyüş meydanından çıxardı. Şuşa uğrunda döyüşlərdə sona qədər iştirak etdi və noyabrın 8-də qəhrəmancasına şəhid oldu. O Tanrı dərgahına Zəfər şərbətini içdikdən sonra yüksəldi. Qəhrəmanımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” , “Füzulinin azad olunması”, “Qubadlının azad olunması”, ”Şuşanın azad olunması”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.


Aida Eyvazlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?