Modern.az

Yaradıcı insan barəsindəki düşüncələrim...

Yaradıcı insan barəsindəki düşüncələrim...

28 Mart 2023, 16:02

Ömrünün 60 ilinə qədəm qoymuş, mənalı bir həyat yaşamış, öz məhsuldar fəaliyyəti ilə xüsusi diqqət çəkmiş, aparıcısı olduğu və yaxud qonaq qismində dəvət aldığı verilişlərin, müxtəlif yönlü məclis və tədbirlərin yar-yaraşığı kimi Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist, “Tərəqqi” medalçısı, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə haqqında düşünərkən ilk yada düşən, xatırlanan nələr oldu...

Təbii ki, belə bir yaradıcı insan haqqında xatirələrimin bir yazıyla məhdudlaşdırılası səviyyədə olması mümkünsüzdür.  Ancaq bununla belə Qafar Əsgərzadənin keçdiyi həyat yoluna düşüncələrim nöqteyi-nəzərindən boylanmağı özüm üçün bir növ mənəvi borc saydım. 

Əvvəllər, yəni şəxsi tanışlığım olana qədər Qafar Əsgərzadə mənim üçün jurnalistika sahəsində tutarlı yeri olan, öz bacarığı və istedadı ilə xüsusi qabiliyyətə malik bir şəxs idi. Çünki o, bir çox ədəbi-bədii verilişlərin qonağı, eyni zamanda görkəmli şəxsiyyətlərə həsr olunmuş müxtəlif tədbirlərin aparıcısı kimi mənə çox tanış idi. Yüksək aparıcılıq keyfiyyətləri və dəyərli fikirləri ilə özünə qarşı məndə böyük bir maraq oyatmışdı. Qafar Əsgərzadəni hər dinləyəndə sanki bir cazibə qüvvəsi məni özünə çəkir və istər-istəməz onun söhbətlərinə, fikir və düşüncələrinin seyrinə dalmalı olurdum.

Deyirlər ki, “Dağ dağa rast gəlməsə də, insan insana rast gələr.” Bəli, elə də oldu; Qafar müəllimlə yaxından tanış olmaq zamanı yetişdi...

Uzun illərdir ki, çalışdığım Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq ədiblərin, mütəfəkkirlərin, şair və yazıçıların yubileylərini təntənəli surətdə qeyd edirik. 2016-cı ildə iki böyük sənətkarın – xalq şairləri Səməd Vurğunun və Süleyman Rüstəmin 110 illik yubiley tədbirlərini keçirməyi planlaşdırmışdıq. Rəhbərliklə razılıq əsasında nəzərdə tutulmuşdu ki, Süleyman Rüstəmin yubileyini yazda, Səməd Vurğunun yubileyini isə payızda qeyd edək. Hətta artıq mövcud istiqamətdə hazırlıq işlərinə də başlanılmışdı. Belə bir zamanda Universitet rəhbərliyi məni yanına dəvət edib  bildirdi ki, əməkdar jurnalist Qafar Əsgərzadə rəhbərliyə müraciət edərək Süleyman Rüstəmin yubiley tədbirinin AzTU-da  keçirilməsi üçün icazə verilməsini xahiş edib. Bununla bağlı mənimlə məsləhətləşmələr aparıldı.  Təbii ki, ədiblərin yubiley tədbirlərinin keçirilməsində mənim böyük marağım var; bu işdən xüsusi zövq alıram... Xüsusən, tələbələrin belə tədbirlərdən dolayı xoşhal olduğunu gördükdə isə sevincimin həddi-hüdudu olmur. Bu baxımdan yubiley tədbirini keçirmək həvəsimin çox güclü olduğuna rəğmən, mövcud məsələ ilə bağlı öz müsbət münasibətimi bildirdim. Çünki Qafar Əsgərzadəni efirdən və mətbuatdakı yazılarından yaxşı tanıyırdım... Onun yaradıcı insan olduğu, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə vurğunluğu, şeirə, poeziyaya olan heyranlığı, sənət adamlarına sevgisi, birmənalı olaraq məhsuldar fəaliyyəti  barədə geniş və əhatəli məlumata malik idim. Hazırladığı verilişlərin səviyyəsi mənə tam mənada bəlli idi; olduğu verilişlərdə səsləndirdiyi fikir və düşüncələrin  siqlətini bilirdim. Qafar müəllimdə mənim diqqətimi çəkən ən mühüm amil onun əsl azərbaycanlı olması idi... Mənə tam bəlli idi ki,  o öz milli mənsubiyyəti ilə qürur duyan əsl vətənpərvərdir, milli-mənəvi dəyərlərə, bəşəri dəyərlərə möhkəm tellərlə bağlı bir insandır. Tez-tez televiziya və radio efirlərində müxtəlif səpkili verilişlərdə səsləndirdiyi fikirlər, düşüncələr çox dəyərlidir. Hər bir fikrə yanaşması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və gənc nəslə aşılanmasına hesablanıb. Bütün bu nüanslar əsas verirdi ki, xalq şairi, görkəmli ədibimiz Süleyman Rüstəmin 110 illik yubiley tədbirinin keçirilməsi məqsədilə AzTU-nun möhtəşəm səhnəsini ona həvalə edək.

Nəhayət, Qafar Əsgərzadənin təşkilatçılığı və aparıcılığı ilə Universitetimizdə böyük şairimizin yubiley tədbiri keçirildi. Çox yüksək səviyyədə təntənəli bir  tədbir baş tutdu. Onun şair haqqında səsləndirdiyi fikirlər çox maraqlı idi, böyük diqqət çəkirdi. Şairin bir-birindən gözəl şeirlərini, Respublikanın tanınmış incəsənət nümayəndələrinin ifasında sözlərinə bəstələnmiş mahnıları dinlədikcə insanın ruhu tazələnirdi. Qafar Əsgərzadə yüksək aparıcılıq qabiliyyəti, bəlağətli nitqi ilə həmin tədbirə xüsusi bir ovqat bəxş etmişdi; onun səsinin rəngi, tembri çox cəlbedici idi. Həqiqətən də, səs var insanı özündən itələyir, səs də var ki, insanı özünə doğru çəkir. Qafar Əsgərzadə o xoşbəxt şəxslərdəndir ki, öz səsi ilə məclisi rövnəqləndirə bilir.  

Bəli, Qafar müəllimlə həmin yubiley tədbirindən etibarən yaxından tanışlığım baş tutdu. Elə həmin ilin (2016-cı il) sentyabr ayından o, AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında baş müəllim kimi fəaliyyətə başladı. Bakalavr qruplarında “Azərbaycan dili və nitq mədəniyyəti”, magistr qruplarında isə “Ali məktəb pedaqogikası” fənnindən dərs aparırdı; mühazirələri çox maraqlı keçirdi, tələbələri tərəfindən sevilirdi. “Yeniyetmələrin və gənclərin estetik mədəniyyətinin formalaşdırılmasında televiziya verilişlərinin rolu” adlı dissertasiya mövzusu da pedaqoji elmin profilinə uyğun olduğundan mövcud istiqamətdə fəaliyyəti də təqdirəlayiq idi. Elə bu nüanslar baxımından Q.Əsgərzadə 2018-ci ildə kafedranın dosenti vəsifəsinə seçildi. Həm də AzTU ona doğma bir məkan idi; çünki o, 1986-cı ildə AzTU-nun məzunu olmuş və burada Radiotexnika ixtisasına yiyələnmişdir. Texniki sahə üzrə təhsil alsa da, Qafar müəllim jurnalistikaya elə tələbəlik illərindən böyük həvəs göstərmiş və bu baxımdan “İctimai fənlər” bölməsinin nəzdində fəaliyyət göstərən jurnalistika kursunu bitirərək bu sahə üzrə biliklərə yiyələnmişdir. O, Universitet illərində ictimai fəaliyyəti ilə də diqqət çəkmiş, Radiotexnika fakultəsi üzrə tələbə həmkarlar təşkilatının sədri və Universitet tələbə həmkarlar təşkilatının sədr müavini kimi çalışmışdır. 

Kafedrada işlədiyimiz dövrdən etibarən, Q.Əsgərzadə ilə birgə istər Universitet, istərsə də Respublikada səviyyəli bir sıra tədbirlərdə yaxından iştirak etməyə başladıq. Bu sırada Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Cabir Novruz, Seyfəddin Dağlı və s. ədiblərin yubiley tədbirlərini və anım günlərini nümunə kimi qeyd edə bilərəm. Bu xüsusi əhəmiyyət kəsb edən tədbirlərdə onun böyük zəhmətə qatlaşdığının şahidi olmuşam; o hər bir detala böyük diqqət yetirər, hazırlıq işlərinə xüsusi məsuliyyətlə yanaşar,  nizam-intizama yüksək səviyyədə əməl edər. Bir sözlə, jurnalistikanın bütün tələblərinə ciddi surətdə riayət etmək naminə çarpışar. Bəli, sözün əsl mənasında iş prosesində onu mən gözəl mənada çarpışan görmüşəm... Tez-tez vurğulayardı   ki, qeyd olunan tədbirlər və ya verilişlər yalnız bu gün üçün deyil, gələcək nəsillər, irəlidəki on illiklər, yüz illiklər nəzərə alınmaqla hazırlanmalıdır. Ona görə də bütün nüanslara, məqamlara və meyarlara ciddi diqqət yetirmək lazımdır ki, həmin verilişlər uzun ömürlü olsun. İllər ötdükdən sonra belə təkrar-təkrar işıq üzü görsün, efirə yol tapa bilsin, geniş auditoriyaya çıxmaq hüququnu özündə qoruyub saxlasın. Bu yanaşma sözün həqiqi mənasında vətənpərvərliyin, milli-mənəvi dəyərlərimizə olan sevginin təntənəsidir ki, Q.Əsgərzadə bu yüksək keyfiyyətləri özündə tam mənada formalaşdıra bilib. O, həm də deyərdim ki, bu kimi proseslərdə əsl fədakarlıq nümunəsi göstərir; çəkdiyi zəhmət, keçirtdiyi narahatlıq, yaşadığı gərginlik birər-birər gözlərim önündədir. Bütün bunlar, təbii ki, xalqa, onun dəyərlərinə, mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, sənət adamlarına  olan böyük sevgisindən yararlanırdı. O, nəinki yalnız mənəvi, hətta maddi cəhətdən belə bu tədbirlərə öz töhfəsini verirdi.

Qafar Əsgərzadədə mənim diqqətimi çəkən ən mühüm amil onun əsl azərbaycanlı olmasıdır. O öz milli mənsubiyyəti ilə qürur duyan əsl vətənpərvərdir, milli-mənəvi dəyərlərə, bəşəri dəyərlərə möhkəm tellərlə bağlı bir insandır. Tez-tez televiziya və radio efirlərində müxtəlif səpkili verilişlərdə səsləndirdiyi fikirlər, düşüncələr çox dəyərlidir. Hər bir fikrə yanaşması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə və gənc nəslə aşılanmasına hesablanıb. O, vətənə xidməti ilə, sərgilədiyi əməllərlə başdan-başa xeyirxahlıq mücəssəməsidir. Hər bir insan bu dünyada etdiyi əməllərlə yaşayır. İnsanın xoş əməllərlə yaşaması, etdiyi yaxşılıqlar onun dünyaya bəxş etdiyi gözəlliklərdir. Qafar müəllim də ləyaqətli bir vətəndaş tək onu yaxından tanıyanların təfəkküründə dərin izlər buraxmaqdadır.

Qafar Əsgərzadə həm də işgüzardır, əməksevərdir, öz peşəsini dərindən sevənlərdən biridir. Güclü potensialı var, dərin düşüncəyə malikdir, yaradıcı şəxsiyyətdir. Hər bir fikrə öz meyarları çərçivəsində yanaşmağı bacarır, hər bir nəzəri fikirləri dərin, tutarlı faktlara, dəlillərə söykənir. O, həm filoloji, həm də pedaqoji sahədə mühüm tədqiqat əsərlərinin müəllifidir; məhsuldar alimdir, çoxlu sayda elmi məqalə, publisistik yazı, esse və hekayələrin, o cümlədən, "Azərbaycan jurnalistikasının tarixi", "Ömür yollarında", "Nəğmələrdə döyünən ürək", "S.Rüstəm. Satira və yumor", “Lirik duyğular”  və sair kitabların müəllifidir.

Qafar Əsgərzadə ilə məni birləşdirən ən mühüm amil deyərdim ki, ədəbiyyata, poeziyaya olan sevgidən bəhrələnir. Bəli, mən də poeziya vurğunuyam, bədii ədəbiyyata olan sevgim tükənməzdir. Şair və yazıçıların vurğunuyam, əsl sənət fədailəri, sənət aşiqləri kimi onlara ehtiramım tükənməzdir. Çünki, onlar xalqın yoluna işıq tutublar, qəlbimizə və ruhumuza nurdan çələng hörüblər, gözəlliyi təfəkkürümüzə damla-damla içirib, mənəviyyatımıza ilmə-ilmə toxuyublar. Qafar müəllim də poeziya vurğunudur; şeiri həm dərk edir, həm tutarlı təhlillər zəmnində mühüm məntiqi nəticələr hasil edir, həm də poetik nümunələri özünəməxsus tərzdə, xüsusi bir şövqlə ifa etməyi bacarır. Gözəl qiraətçidir, səsinin rəngi və tembri cazibədardır, fikirləri təbii və səmimidir. Bu nöqteyi-nəzərdən onu dinləmək çox xoş olur... Bir yerdə olduğumuz veriliş və tədbirlər, deyərdim ki, onun sayəsində çox maraqlı alınıb. Söhbətlərində xalqa, vətənə sevgisinin yüksək olduğunu, dilimizə, tariximizə böyük məhəbbət duyduğunu dəfələrlə müşahidə etmişəm. Efirdə aparıcıların etdiyi səhvləri, dilimizin saflığını qorumadıqlarını, nitq mədəniyyətinin tələblərinə əməl etmədiklərini yana-yana dilə gətirər və bu kimi halların yolverilməz olduğu barədə maarifləndirici qeydlərilə mətbuatda mütəmadi çıxış edər.

Qafar müəllim eyni zamanda sədaqətli, çox etibarlı bir insandır. O, bir vətəndaş, bir şəxsiyyət kimi yetişməsində, işinin əsl peşakarı səviyyəsinə yüksəlməsində keçdiyi yollara sadiqlik nümunəsi göstərir, öz yanaşmaları ilə bu istiqamətdə xidmətləri olmuş şəxslərin adlarını xüsusi bir hörmətlə xatırlayar, onlara olan dərin ehtiramını dilə gətirməklə, sanki bir mənəvi rahatlıq tapmış olur. Q.Əsgərzadə Yasamal rayonundakı 158 nömrəli məktəbi bitirib. Hər dəfə o, məktəb haqqında xoş xatirələrini dilə gətirir, müəllimlərini, xüsusilə, ibtidai sinif müəllimi Zemfira xanım Quliyevanı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Bəhriyyə Məmmədovanı xüsusi bir sevgi ilə xatırlayıb yad edir. Eyni zamanda ali məktəb müəllimlərinə olan dərin sevgisini tez-tez vurğulayır, onlarla görüşüb söhbət etməkdən xüsusi bir zövq alır. Jurnalistika sahəsinə qədəm qoymasında rolu olan Firudin Ağayevi və bu sahədə ustadı olaraq qəbul etdiyi Mailə Muradxanlının adlarını xüsusi bir şövqlə xatırlayır, jurnalistikanın sirlərini aşılamaqda böyük rolu olmuş Mailə xanımın xidmətlərini xüsusi dəyərləndirər və bu kimi şəxslərə hazırda böyük bir ehtiyac duyulduğunu qeyd edər. Əsl insan olmaq, pedaqoji mənada əsl şəxsiyyət olmaq budur!

Mən Qafar Əsgərzadə ilə birgə olduğum tədbirlərdə, o cümlədən, televiziya verilişlərində  ona böyük bir hörmət və ehtiramın şahidi olmuşam. Bu istiqamət üzrə  onun addımları çox təqdirəlayiq hesab olunub və aparıcılar ədəbiyyatımızın, şair və yazıçılarımızın  təbliği  və təşviqi istiqamətində verilişlərin hazırlanmasında Qafar müəllimin onlara sidq-ürəklə yardım əlini uzatdığını xüsusi bir şövqlə vurğulayıblar. Hətta şahidi olmuşam ki, növbəti ədəbi-bədii aspektdə verilişlərin hazırlanması üçün Q.Əsgərzadəyə üz tutulub və bu məqsədlə ondan köməklik göstərməsi xahiş edilib. Deyərdim ki, bu hal özü belə onun öz sənətinin əsl sahibi olduğunu göstərən mühüm bir amil olaraq diqqət çəkir.

Bu dəm əbədiyaşar şairimiz Mikayıl Müşfiqin  ibrətamiz fikirləri özündə ehtiva edən misralarını xatırlamaq yerinə düşərdi:

İstər bəstəkar ol, istər nəqqaş ol.
Şair ol, rəssam ol, heykəltəraş ol.
Yaratdığın şeyi sevərək yarat.
Hamıdan yüksək ol, hamıdan baş ol.

Bu haşiyədən də göründüyü kimi, Qafar müəllim həmyerlisi olduğu, tez-tez üz tutduğu böyük şairimiz Müşfiqin  sənət barədə düşüncələrini ömrünün həyat fəlsəfəsinə çevirə bilmişdir. Bu fəlsəfənin nurundan qidalanmış olan onun həyat idealı ömrünün hər səhifəsini mənalı yaşamaq, mənsub olduğu xalqının dəyərlərini uca tutub bayraq tək başı üzərində dalğalandırmaqdan ibarətdir.

Qafar Əsgərzadə həm də xoşbəxt bir insandır. Çünki o, xalqımızın ünlü sənətkarları və görkəmli şəxsiyyətlərilə təmasda olub, onlarla effektiv ünsiyyət qurub, xoş münasibətlərin qərarlaşması naminə bütün imkanlarını səfərbər edə bilib. O dəyərli insanların da Q.Əsgərzadə haqqında söylədikləri sanki onun nə qədər böyük ürək sahibi olduğuna, milli-mənəvi dəyərlərimizə necə möhkəm tellərlə bağlılığına dair fikirlərimizin tərənnümü kimi səslənir.  

Məsələn, essemizin qəhrəmanının poeziyaya olan vurğunluğunu dünyaca məşhur müğənni, SSRİ xalq artisti Zeynəb Xanlarova çox yüksək dəyərləndirərək qeyd edib ki, “Poeziya olan yerdə musiqi var, musiqi olan yerdə poeziya və onlar bir yerdə olanda demək orada Qafar var”. Xalq şairi Cabir Novruz isə “Onun verilişləri ədəbiyyat xadimlərinin təbliği yönümündə həmişə uğurlu alınır. Mən də məmnuniyyətlə onun verilişinin qəhrəmanı olmaq istərdim” - deməklə,  onun mühüm bir keyfiyyətini diqqətə gətirmiş, verilişləri yüksək səviyyədə hazırlayıb təqdim etmə bacarığına böyük önəm vermişdir. Xalq şairi Süleymən Rüstəm isə “Qafar Əsgərzadə klassik və müasir ədəbiyyatımızı dərindən bilir, onu məharətlə təbliğ edir. Qafar öz doğma dilini, millətini, vətənini sevən dəyərli ziyalıdır. Mən onun parlaq və uğurlu gələcəyinə inanıram” fikirlərini dilə gətirməklə Qafar müəllimin fəaliyyətinə böyük ümidlər bəsləmişdir. Bu fikir həm də gələcək böyük məsuliyyətdən xəbər verir ki, bu amili Q.Əsgərzadə özü də aydın sezərək duyub... Proseslərə bugünkü reallıqlar fonunda yanaşdıqda isə, görünən tərəf odur ki, bu görkəmli şəxsiyyətlərin Q.Əsgərzadə barədə söylədikləri dəyərli fikirlər həqiqətin ifadəsi kimi səslənir. Doğrudan da o, bütün fəaliyyəti boyu götürdüyü kursa sadiq qalmış və özünə bəslənilən ümidləri tam mənada doğrultmuşdur.

Tanıdığım andan mənim Qafar müəllimlə səmimi münasibətim yaranıb və artıq bu münasibət dostluğa çevrilib. O, hər bir işdə məsuliyyəti, yüksək intizamı ilə fərqlənir. O öz doğma yurduna, dədə-baba ocağına bağlı bir insandır; xalqımıza Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz, Seyfəddin Dağlı və s. bu kimi görkəmli şəxsiyyətləri bəxş etmiş, yurdumuzun gözəl və füsunkar təbiət ocağı kimi tanınan məşhur Xızı diyarındandır. Dönə-dönə söhbətlərində ata-baba yurdundan, onun cazibədar təbiətindən, füsunkar gözəlliyindən, səfalı yerlərindən ürək dolusu söz açar, sevgidən köz alan böyük hisslərlə, ovxarlanmış duyğularla o doğma məkanı vəsf etməkdən doyub-usanmaz.

Qafar Əsgərzadə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2000-ci ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Mərhəmət" jurnalının baş redaktorudur.

Respublika radiosu və televiziyasında silsilə çıxışları olub. Ədəbi dram verilişləri və musiqi verilişləri redaksiyalarının xəttilə çoxsaylı verilişlər hazırlayıb təqdim edib. Hazırda bu verilişlər Milli Televiziya və Radiomuzun fondunu bəzəməkdədir.

Qafar Əsgərzadənin xidmətləri respublika rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib; o, Respublikanın Əməkdar jurnalistidir, "Tərəqqi" medalına layiq görülüb. Həmçinin, "Cəfər Cabbarlı" və "Humanizm carçısı" mükafatları laureatıdır. Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. 

Qafar Əsgərzadə həm də gözəl ailə başçısı, fəadakar atadır. İki qız övladı var ki, onların əsl vətəndaş olaraq yetişmələri, həyatda layiqli bir mövqe tutmaları üçün səylə çalışır. Övladlarının uğurlarını ifadə edərkən sevincdən onun gözlərini parlaq, üzünü nurlu, xoş təbəssümlü görmüşəm. Bu hal özü elə onun ailə dəyərlərinə olan münasibətinin təntənəsidir.

Əziz Qafar müəllim! Sizi 60 yaşınız – yubileyiniz münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm! Sizə cansağlığı, uzun ömür, Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərlərimizin təbliği naminə yeni-yeni yaradıcılıq fəaliyyəti, şərəfli və məsuliyyətli işinizdə böyük uğurlar arzulayıram. Hər zaman əhvalınız bahar təravətli, yaz nəfəsli olsuin!

Altmışdan yüzə doğru yolların hamar olsun,
Yoluna qar yağmasın, həmişə bahar olsun.
Qəlbində sevgi odu, gözlərində nur görüm,
Diləklərin gül açsın, Tanrı sənə yar olsun!

Qoynunda dünyaya göz açdığım, ayaq tutub gəzdiyim Yardımlının havası, suyu, insanları tək saf, pak, təmiz olan, ürəyimdən qopub gələn xoş bir sədanı, səmimiyyəti özündə ehtiva edən şirin bir duyğunu Sizə çatdırmaq istərdim: “Çağdaş dövrdə, milli-mənəvi dəyərlərimizin təhlükəli həddə olduğu bir zamanda, hörmətli Qafar müəllim, Sizintək vətənpərvər insanlara ehtiyacımız daha çoxdur. Allah Sizi və sevdiklərinizi qorusun! 60 yaşınız mübarək olsun!”.


Həbib Mirzəyev
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Texniki Universitetinin
“Humanitar fənlər” kafedrasının müdiri

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü