Modern.az

Heydər Əliyevlə bağlı müsabiqə yekunlaşıb

Heydər Əliyevlə bağlı müsabiqə yekunlaşıb

Ədəbi̇yyat

9 Aprel 2023, 12:45

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə yanvar ayının sonlarında elan edilən və ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş iki nominasiyadan ibarət şeir müsabiqəsi bu gün uğurlu sonluqla yekunlaşıb.

Modern.az xəbər verir ki, Uşaq və Gənclərin İnkişaf Mərkəzində düzənlənən müsabiqənin yekun turunda əvvəlcə ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş  şəhidlərimizin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib.

AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə çıxış edərək deyib ki, həm I (Yerli və bölgədə yaşayan yazarların Heydər Əliyevin şəxsiyyətini və siyasi fəaliyyətini əks etdirən ən yaxşı şeirləri), həm də II (Ulu öndər haqqında görkəmli Azərbaycan şairləri tərəfindən yazılan şeirlərin ən yaxşı qiraətçiləri), nominasiyalar üzrə müsabiqəyə qatılanların say çoxluğu mərhum ölkə başçısına yönəlik ehtiram hissinin ən bariz nümunəsidir.
Mingəçevir şəhər İcra Hakimiyyətində şöbə müdrinin müavini vəzifəsində çalışan Elşən Əliyev, münsiflər heyətinin üzvləri - Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru Ədalət Ouliyeva, Mingəççevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov, şəhər Bələdiyyəsinin şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı və Şahlar Şükürov adına 35 saylı Kəlbəcər rayon tam orta məktəbin direktoru, tanınmış şair Elşən Əzim müsabiqənin yekun turuna qatılan məktəblilərə xeyir-dualar verib, uğurlar arzulayıblar.

Çağdaş Azərbaycan ədəbiyyatının bir sıra görkəmli sənətkarları ilə yanaşı, digər qələm sahiblərinin də ulu öndərə həsr etdikləri şeirləri qiraətlərində səsləndirən uşaq və gənclərin çıxışlarından sonra, münsiflər heyəti üzvlərinin yekdil rəylərinə əsasən, Türkan Qaffarova (17 saylı məktəb) birinci yerə, Gülər İsmayılova (15 saylı məktəb), Məsim İmanov (7 saylı məktəb) II yerə, Bətül Abbaslı (9 saylı məktəb) və Fatimə İskəndərli isə (2 saylı məktəb)  III yerə layiq görülüblər. Yusif Məmmədovla (9 saylı məktəb) Nuray İskəndərli (2 saylı məktəb) fərqləndirici yerə sahib olublar.

Müsabiqənin I nominasiyası üzrə seçim şəhər Uşaq və Gənclərin İnkişaf Mərkəzi direktorunun iş otağında, çay süfrəsi ətrafında aparılıb. Münsiflər heyətinin sədri İsmayıl İmanzadənin hamı tərəfindən dəstəklənən təklifi ilə birinci yerə bölgə yazarlarından heç kim sahiblənməyib.

İkinci yerə şəhərdə və bölgədə yaşayan şairlərdən Seymur Paşayev (“Müdrik-dahi rəhbər” adlı şeiri ilə), Ələkbər Sönməz (“Sən gəlməsəydin” adlı şeiri ilə), III yerə tanınmış şair-publisist Məmməd Mərzili (“Heydər baba” şeiri ilə), fərqləndirici yerə isə Rəfael Dəmiroğlu (“Dahilər dahisi” adlı şeiri ilə) sahibləniblər.

Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə və Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev münsiflər heyətinin üzvlərinə seçimdə fəal iştiraklarına görə  təşəkkürlərini bildiriblər. Onların hər ikisi çıxışlarında qeyd ediblər ki, qaliblərə mükafatlar aprel ayının sonlarında ulu öndərin  anadan olmasının 100 illiyinə həsr ediləcək təntənəli Poeziya gecəsində təqdim ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?