Modern.az

Doktor Hümbət Quliyevin gizli vətənpərvərliyi

Doktor Hümbət Quliyevin gizli vətənpərvərliyi

Ədəbi̇yyat

20 Aprel 2023, 10:39

O, vaxtilə Almaniyadan Azərbaycana göndərdiyi bir TIR dolusu maddi-tibbi yardımı... ermənilərə yüklətdirmişdi

Doktor Hümbət Quliyev (Həsənoğlu) 1989-cu ildə Almaniyada çalışdığı Sovet qospitalından Azərbaycana özünün vəsaiti və alman dostlarının dəstəyi ilə, həmçinin ermənilərinli ilə" bir TIR dolusu - bir milyon dollarlıq maddi-tibbi yardım göndərmişdi. Onun bu vətənpərvərlik təşəbbüsündən nə o zaman, nə də sonralar çoxlarının xəbəri olmayıb.

…Yalnız Sumqayıtda deyil, Azərbaycanın əksər regionlarında yaxşı tanınan, böyük hörmət-nüfuza malik olan göz həkimi Hümbət Quliyev dünyanın 40-a qədər ölkəsində olub, müxtəlif beynəlxalq tədbirlərdə, simpoziumlarda iştirak edib. Ancaq hara yolu düşübsə, "dövlət əhəmiyyətli bir yük”lə gedib, elə həmin yüklə də Vətənə qayıdıb. Ancaq elə gedib-gəlib ki, heç bir ölkənin gömrükxanası o "yük"ə qadağa qoya, əlindən ala, müsadirə edə bilməyib. Çünki Hümbət Quliyev o "yük"ü hər yerə maşın, qatar, təyyarə baqajında yox, daha etibarlı yerdə - ürəyində apara bilib, ürəyində də Azərbaycana qaytarıb. O mühüm, hər zaman onun üçün xoş olan "yük"... Vətən məhəbbəti, Azərbaycan sevgisi olub.

Həkim Hümbət Quliyev gənc, istedadlı bir göz həkimi kimi 16 il vətəndən uzaqlarda rus və alman həmkarları ilə birgə işləyib, yüksək peşəkarlığı, dərin, ensiklopedik biliyi sayəsində ad-san qazanıb. Çünki həmişə atasının tövsiyəsinə əməl etməyə çalışıb: "oğul, hansı sənətin, peşənin qulpundan yapışırsansa-yapış, sənətini sev və harda olursansa, ol, ancaq azərbaycanlı olduğunu, Vətənin adını uca tutmağı unutma!". O, atasını sevindirmək, onun arzusuna əməl etmək üçün elə onun tövsiyəsi ilə həkim olmaq istəyib. Ona görə də Sumqayıtın 17 nömrəli orta məktəbinin "gözü" sayılan Hümbət orta təhsilini əla qiymətlərlə başa vurub, əvvəlcə Azərbaycan Dövlət Tibb İnstitutunda, daha sonra isə Saratov Tibb Universitetinin hərbi-tibb fakültəsində təhsil alaraq, göz həkimi ixtisasına yiyələnir. Yeganə azərbaycanlı olaraq 6 il (1979-1985-ci illərdə) Moskva vilayətindəki Kosmik Fəzaya Nəzarət Mərkəzinin poliklinikasında göz həkimi, sonralar isə elə oradaca baş həkim, Leninqrad Hərbi-Tibb Akademiyasının göz xəstəlikləri kafedrasında oftalmoloq kimi çalışmışdı.

İstedadı və geniş təcrübəsi, intellekti ilə diqqəti cəlb edən Hümbət həkim 1987-ci ildə Almaniyadakı Sovet qoşunlarının Hərbi qospitalında göz xəstəlikləri şöbəsinin müdiri vəzifəsinə göndərilir. Orda 7 ilə yaxın səmərəli fəaliyyət göstərərək, dərin bilyi, yüksək peşəkarlığı və erudisiyası, insani keyfiyyətləri ilə həm sovet hərbçilərinin, həm də həkim həmkarlarının böyük hörmət və nüfuzunu, müalicə etdiyi yüzlərlə xəstənin ehtiramını qazanır.

***

Almaniyadakı hərbi qospitalda ermənilərin Sumqayıta köməyi necə təşkil edildi?..

Orda çalışdığı vaxt artıq Azərbaycandan Hümbət həkimi narahat edən həyəcanlı xəbərlər alınırdı - erməni daşnakları Qarabağ iddiası ilə təxribatlar törədir, kəndlərə silahlı hücumlar edirdilər. Gənc və qeyrətli bir azərbaycanlı kimi vətənində baş verən hadisələrə biganə qala bilməyən Hümbət həkimin təklifi ilə həmin çaxnaşıqlı dövrdə rus və alman dostları-həmkarları öz vəsaitləri hesabına xeyli dava-dərman, müxtəlif tibbi avadanlıq alaraq, 1988-ci ilin axırlarında onları Sumqayıta göndərmək qərarına gəlirlər. Bu humanitar, xeyirxah işdə qospital rəhbərliyi də öz köməkliyini əsirgəmir. 10-15 gün ərzində bir vaqon tutacaq qədər dava-dərman, tibbi avadanlıq toplanır. Onları Azərbaycana göndərmək üçün iri bir TIR maşını sifariş edilir. Lakin maşın qospitalın həyətinə daxil olanda Hümbət həkim və dostları sanki həmin anda anlayırlar ki, o həcmdə dava-dərmanı TIRa yığmaq onların işi deyil, köməkçi fəhlə qüvvəsi çağırmaq isə yaddan çıxmışdı. Belə olduqda Hümbət həkim qısa müddətdə qazandığı hörmət-nüfuzdan, qospital rəisinin özünə olan xüsusi rəğbətindən istifadə edərək, ona gözlənilməz təklif etməli olur.

Qospital rəisi azərbaycanlı həmkarının təklifindən əvvəlcə çaşqın halda qalsa da, sonra gülümsünüb, razılaşır. Və... həmin günlərdə qospitalda müalicəsi başa çatan 9 nəfər erməni əsgər neçə gün ərzində toplanılaraq, qablaşdırılmış dava-dərmanın, Almaniya istehsalı olan müxtəlif tibbi avadanlığın Sumqayıta göndəriləcəyini bilmədən bir-neçə saat ərzində, gecədən xeyli keçənədək onları həvəslə maşına yükləyirlər.

İşin "yaxşı getdiyini" görən qospital rəisi arada gülümsünərək Hümbət həkimdən zarafatla soruşur ki, indi o ermənilər bilsə ki, yüklədikləri dava-dərman hara gedir, nə edərlər? Hümbət həkim dərhal susmaq işarəsi ilə əlini dodağına apararaq deyir ki, ermənilər bundan duyuq düşsələr, ya maşına od vurub yandırarlar, ya da Sumqayıta "kömək" etdikləri üçün öz qollarını kəsər, başlarını daşa-divara vurarlar.

...Həmin tibbi yardım Azərbaycandan xeyli uzaqda olan, lakin qəlbi daim vətən həsrəti, vətən sevgisi ilə döyünən gənc həkim Hümbət Quliyevin öz doğma xalqına, Sumqayıta göstərdiyi ilk sanballı humanitar yardım idi. O, bu xeyirxah işi sonralar da davam etdirmişdi.

Var ol, vətən qeyrətli, vətən sevdalı Doktor Hümbət Həsənoğlu!..

Rəhman ORXAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi