Modern.az

Eldar Quliyevin növbəti bayram tədbiri

Eldar Quliyevin növbəti bayram tədbiri

Ədəbi̇yyat

22 Aprel 2023, 22:22

Mahir QABİLOĞLU

Adətimcə hər gün axşam Zabitlər bağında gəzirəm. Adı Zabitlər bağıdır. Amma nə zabit gözə dəyir, nə də əsgər. Orucluq ayıdır. Havalar soyuq keçir. Belə havada bağda əsasən adam az olur. Amma indi gəzişənlər çoxdur. Bağın daimi sakinləri deyillər. Əsasən də ailəlilərdi. Geyimlərindən sadə insanlara oxşayırlar. Yarım saat sonra – saat səkkizə işləmiş bağ birdən boşalır. Gəzintimi başa vurub bağdan çıxıram. Yolum “Şəhrizat” restoranının qabağından keçir həmişə. Bir dənə də boş yer yoxdur. Evə gəlirəm. Səhərisi gün yenə eyni mənzərə. Bağı eyni marşrut üzrə dövrə vururam. İki restoranın qabağından keçəndə bu geyimi sadə insanların ora girdiyini görürəm. Çox bahalı yerlərdir. İndi mənə çatır ki, demə onları iftara dəvət ediblərmiş. Yaxşı haldır. Alqışlayıram bu süfrələri təşkil edənləri. Axı ötən illərdə belə kütləvi deyildi. Həmişə belə olaydı təki, – köks ötürüb, – Ramazan ayında yox, təki ilin bütün aylarında insanlar belə mehriban olaydılar. Varlılar kasıbları heç vaxt yaddan çıxartmayaydılar, – deyirəm.

Artıq orucluq başa çatıb. Ramazan bayramını qeyd edirik. Bəs bunlar niyə indi yadıma düşdü? Əvvəlki illərdə olduğu kimi millət vəkili, atamın bağda ərik axtarmayan nadir dostlarından olan Eldar Quliyev məni Maştağaya – Ramazan bayramıyla bağlı təşkil etdiyi bayram süfrəsinə dəvət etdi. Jurnalist kimi yox, qardaşoğlu kimi. Bayramı bir yerdə qeyd etdik, baxmayaraq ki, oruc tutan deyiləm. Və özümə borc bildim ki, balaca bir yazıyla mən də Eldar müəllimə təbriklərimi çatdırım. O məclisdə ona çox adam yaxınlaşıb, minnətdarlığını bildirdi. Qoy bir nəfər də yazılı təbrikini çatdırsın, o da ki mən. Axı hamı yaza bilmir. Amma ürəkdən gələn hər bir söz, millət vəkili və gözəl insana edilən dualar Mahir Qabiloğlunun 100 yazısından irəlidir.


AzTV, “Space” televiziyalarında, “Xalq qəzeti”ndə informasiya sahəsində işləmişəm. Əlbəttə ki, jurnalistikanın bu sahəsinin adamı olduğum üçün, hərdən reportaj formasına da varıram. Əvvəlcə Eldar müəllim çıxış etdi. Bayram süfrəsinə təşrif buyuranları təbrik etdi. Sonra şair Vüqar Əhmədi 60 yaşı münasibətilə təbrik edib, sözü ona verdi. Ruhani dua oxudu. Süfrədə nə var idi? Çay, şirniyyat, kompot və suları demirəm, isti yeməkləri sayacağam: iki cür plov. Aşa iki cür qara – səbzi və şabalıdlı qovurma. Lobyalı plov quru balıqla. İki cür kabab. Hamısı da artıqlamasıyla. Sonda da elan verdilər ki, kim istəsə stolun üstündəkilərdən və mətbəxdə olanlardan sellofan qablara qoyub  evə də apara bilər. Nə qədər adam vardı? 700 nəfər olardı. Çünki stollar sıx-sıx qoyulmuşdu. Belə məclislərdə oynamaq üçün yer nəzərdə tutulmur axı. Kişiləri başa düşdük, bəs arvad-uşaq? Eldar müəllim dedi ki, başqa bir məkanda qadınlar üçün də bu cür böyük məclis qurulub. Axı Bakı kəndlərinin öz mentaliteti var. Seçki ərazisində yerləşən bir uşaq evi və bir internatın balaca sakinləri də bayram hədiyyələrindən kənarda qalmayıblar. Böyüklərdən kim var idi? Yəqin yüksək vəzifəliləri nəzərdə tutursunuz, eləmi? Deputat Əliabbas Salahzadə və bir polis mayorunu gördüm. Qalan elə kənd camaatı idi. Televiziyalardan və mətbuatdan da heç kim yox idi. Bəs mən? Mən evin uşağı sayılıram.

ƏRKLƏ QINAMAQ

Eldar əmi məni hərdən qınayır. Amma nə edim ki, AzTV-nin “Xəbərlər”ində işləmişəm. O qədər bayram tədbirinə getmişəm ki... Bezmişdim. Deputat Eldar Quliyev də məni bütün tədbirlərinə dəvət edir. İştirak elədiklərimdən xüsusi həzz alıram. Çünki bütün bunları və digər xeyriyyəçilik tədbirlərini o nə yuxarıların göstərişiylə edir, nə də millət vəkili kimi üzərinə düşən vəzifələrə görə. Heç bir qanunda bunlar yazılmayıb. Yazılmayan qanunlara riayət isə zatdan gələn məsələdir. Nəsildən-nəsilə keçir.

“Xəbərlər”də işləyənlərin hərəsinin bir sevimli sözü vardı. Biri “vurğulamaq” sözünü tez-tez işlədirdi, o biri “axırıncı yox, axarıncı olsun” ifadəsini, digəri... Mənim də sevimli sözüm vardı: “Mütəmadi”.

HAŞİYƏ: Adil Nağıyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı idi. Müavini də şair Cabir Novruzun oğlu Mirzəbəy rəhmətlik. Dostumuz Tamxil Ziyəddinoğlu əsasən o rayona çəkilişə gedərdi. Bir dəfə necə oldusa mən getməli oldum. Çəkdim, gətirib efirə verdim. Növbəti dəfə Mirzəbəy zəng etdi ki, gəl, tədbirimiz var. Tamxili yadına saldım. “Adil müəllim tapşırıb ki, səni çağırım” dedi. Getdim. Fikirləşirdim ki, yəqin şairoğlu şairoğlunu məsləhət görüb. Xırdalana çatdım. Adil Nağıyev biz qayıdanda nə desə yaxşıdır? “Şair oğlu, amma nə yaman demişdin ogünki reportajında: “Abşeronda abadlıq-quruculuq işləri MÜTƏMADİ davam etdirilir”. Əhsən”.

P.S. Onu da qeyd edim ki, rayonda abadlıq-quruculuq işləri aparmaq icra başçısının vəzifə borcudur. (SON)

Bugünkü tədbirdən sonra sevimli sözüm yadıma düşdü. Yazımı da bu sözlə bitirmək istəyirəm: “Millət vəkili Eldar Quliyev təkcə bayramlarda yox, bütün aylarda xeyirxah tədbirlərini mütəmadi davam etdirir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı