Modern.az

Ata ruhunun əzabından xilas üçün qət edəcəyimiz 11 KİLOMETR

Ata ruhunun əzabından xilas üçün qət edəcəyimiz 11 KİLOMETR

Ədəbi̇yyat

9 May 2023, 10:14

Adını necə istəyirsiniz deyək, Böyük Vətən müharibəsi, sovet-alman müharibəsi, yaxud 1941-1945-ci illər müharibəsi, fərq etməz. Əsas fakt odur ki, bu müharibədə faşizm üzərində qələbənin təmin olunmasında Azərbaycanın və azərbaycanlıların özünəməxsus yeri və adı var. Həm ön cəbhədə, həm arxa cəbhədə azərbaycanlıların göstərdikləri qəhrəmanlıqlar hələ sovet dövründə, rusların digər millətlərə “qısqanc” siyasəti vaxtlarında kitablardan, dövri mətbuatdan kənarda qalmayıb. Azərbaycanın qələbədəki rolunu danmaq mümkün olmayıb. Hitlerin yubileyində SSRİ-nin əksi olan tortda fürerin Bakını seçməsi, döyüş təyyarələrinin və hərbi texnikaların Azərbaycan nefti hesabına irəliləməsini necə danmaq olardı? Mən buna görə 9 may Qələbə gününü əlamətdar bayram kimi qəbul edirəm. Elə dövlətimiz də ata-babalarımızın şərəfli müharibə illərinə böyük hörmət və ehtiramla yanaşır.

9 may mövzusunu mənə bir az yaxınlaşdıran da müharibənin 1418 gününü cəbhələrdə keçirmiş atamın döyüş yollarıdır. Tarixçi-jurnalist kimi atam Cəmil Xudiyevin müharibə illərini araşdırmağı həm oğul, həm də vətəndaş borcu sanmışam. Təəssüf ki, atamla bu mövzuda danışmaq mənə qismət olmayıb. 1975-ci ildə, mənim 10 yaşım olanda atam Xankəndidə erməni həkimlərinin səhlənkarlığı ucbatından, vaxtında və lazımi tibbi yardım almadığından 51 yaşında dünyasını dəyişib. Uzun illər Şaumyanın adını daşıyan Xankəndidə erməni həkimlərin azərbaycanlılara qarşı belə terror aktları çox olub.

Atamın müharibə illərini araşdırmaq üçün sağ qalan həmyaşıdları, yaşca məndən böyük olan qohumlarımla da söhbətlərim olub. Onların söhbətlərində bəzən xatirələrin içərisində dolaşıb qalmışam. Nəhayət, ən dəqiq məlumatları almaq üçün bir neçə dəfə Rusiya Silahlı Qüvvələrinin arxivinə müraciətlər etmişəm. Bu müraciətlərdən sonra atamın döyüş yollarını əks etdirən sənədləri, hərbi əməliyyat coğrafiyasını, xidmət etdiyi hərbi hissələr, təltifləri haqqında müfəssəl məlumatlar əldə etməyə nail olmuşam. Tank qoşunlarında xidmət edən atamın döyüş yolları ən ağır cəbhələrdən keçib, o, Stalinqrad uğrunda gedən şiddətli döyüşlərin iştirakçısı olub, 1943-cü ildə hərbi əməliyyatlar zamanı yaralanmasına və müalicədən sonra arxa cəbhəyə dönmək imkanı olmasına baxmayaraq, yenidən cəbhəyə qayıdıb, xidmətini Ukrayna cəbhəsində davam etdirib, Böyük Qələbəni Almaniyanın şərqində qarşılayıb.

Müharibədən sonrakı dövrdə atam ali təhsil almaq arzusunu gerçəkləşdirib. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olub. Həyatını bütövlükdə pedaqoji fəaliyyətə bağlayan Cəmil müəllim Yuxarı Qarabağda tanınmış ziyalılardan biri sayılıb.

Atamın ikinci cəbhəsi doğulub, boya-başa çatdığı doğma şəhərdə, Xankəndidə başlayıb. O, ömrünün sonuna qədər şəhərdəki ermənilərin açıq və ya gizli millətçilik fəaliyyətini ifşa etməkdən çəkinməyib.

Əslində mən bu gün, 9 may günündə kompüter qarşısında əyləşib bu sətirləri yazmalı yox, atamın məzarını ziyarət etməliydim. Amma Xanın şəhərindəki erməni nökərlərin düşmənçilik və işğalçılıq siyasəti nəticəsində 30 ildən artıqdır  ki, azərbaycanlılar Xankəndidəki məzarlarını ziyarət edə bilmirlər. Amma bunun da sonuna çox qalmayıb.

Xankəndi ilə Şuşanın arasında asfalt yolla  11 kilometr məsafə var. Mən bu və difgər mövzularda 11 rəqəmini həmişə uğur rəmzi kimi qəbul etmişəm. Yəqin ki, bu da mənim futbola marağımdan irəli gəlir. Futbolda qaydanı pozan komandaya qarşı 11 metrlik cərimə zərbəsi təyin edilir. Adətən bu cərimə zərbələri dəqiqliklə hədəfinə çatır. Erməni toplumu qayda-qanunu çoxdan pozub. Deməli, cərimə zərbəsi bizdədir. Bu zərbəni isə 11 kilometrlik məsafədən Azərbaycanın igid oğulları vuracaq. Bütün varlığımla inanıram ki, zərbə öz hədəfinə çatacaq. Dünyanın diqqət mərkəzində olan Xankəndi öz azadlığına qovuşacaq. Bax elə onda da atamın ruhu əzab-əziyyətdən xilas olacaq.

Ruhun qarşınsında baş əyirəm, ata! Narahat və nigaran günlərimizin sonuna çox qalmayıb. Biz Xankəndiyə, sənin ziyarətinə qələbə ilə dönəcəyik...
 

İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir