Modern.az

Yazdıqlarınıza inanmaya bilmirik, Hamlet müəllim...

Yazdıqlarınıza inanmaya bilmirik, Hamlet müəllim...

Ədəbi̇yyat

15 May 2023, 11:20

Akif Cabbarlı

Xüsusi xidmət orqanlarının veteranı, ehtiyatda olan polkovnik Hamlet İsmayılov bir vaxtlar qorxmaz, cəsur çekist kimi tanınırdı, indi də güclü qələm sahibi, istedadlı nasir kimi oxucuların sevimlisinə çevrilib. Onun xüsusi xidmət orqanlarının şanlı keçmişinə və bu gününə həsr olunmuş yazıları gənc çekistlərin əsl vətənpərvərlik ruhunda yetişməsi və xidmət göstərməsində mühüm önəm daşıyır. Sayca yeddinci kitabı olan, “Xotite-verte, xotite-net” bu missiyanın uğurlu davamı sayıla bilər.

Hamlet müəllimin yeni kitabı rusca yazılsa da, bu nəşrin hər bir sətrində əsl azərbaycanlı ürəyinin, türk ləyaqətinin çırpıntılarını, şanlı qəhrəmanlıq tariximizin parlaq obrazını açıq-aydın duymaq mümkündür. Əgər kitabın adını sətri tərcümə edəsi olsaq, zənnimcə “ istəyirsiniz - inanın, istəmirsiniz – yox” deyə bilərik. Ancaq bütün hallarda görünməz cəbhənin sınaqlardan çıxmış sədaqətli əsgərinin qələmə aldıqları xatirə və təəssürat duyğularının dəqiqliyinə, dürüstlüyünə onu yaxından tanıyanların zərrə qədər də şübhə etməyəcəyi qənaətindəyəm və ümid edirəm ki, bu kitabı oxuyacaq hər kəs də mənim fikrimə şərik çıxacaq.

Uzun illərdən bəri tanıdığım, dostluq etdiyim Hamlet İsmayılov yeni kitabında ötən illərin və müasir dövrün ictimai – siyasi hadisələrinə geniş spektrdə işıq salmağa nail olmuş, Azərbaycan xalqının zaman – zaman üzləşdiyi çətinlik və problemlərdən əsl publisist ustalığı ilə bəhs etmişdir. Xarici havadarlarının, ilk növbədə Mixail Qorbaçovun dəstəyi və fitvası ilə ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən və nəhayət müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğalda olan torpaqlarımızı azad etməsindən, Azərbaycan dövlətinin və xalqımızın sarsılmaz iradəsi ilə həmin ərazilərdə başlayan dirçəliş və çiçəklənmə marafonundan ətraflı bəhs edən müəllif çoxları üçün olduqca maraqlı olan məqamlara aydınlıq gətirmişdir.

Kitabda Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafından, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza diqqət və qayısından, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi önəmli dəstəkdən də bəhs edilmişdir.

Müəllif ötən onilliklərdə rastlaşdığı çeşidli hadisələri həqiqətin süzgəcindən keçirməyi ustalıqla bacarmış, gənclərin hərbi – vətənpərvərlik tərbiyəsinin düzgün qurulması, onlarda xalqa, dövlətə məhəbbət hissinin davamlı olaraq aşılanması zəruriyyətini önə çəkmişdir.

Müəllif yeni kitabında xüsusi xidmət orqanlarının milliləşməsində, yenidən formalaşdırılmasında əvəzsiz xidmətləri olan fenomenal şəxsiyyət, Ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini də oxucuların diqqətinə çatdırır. 1980-ci ildə dahi şəxsiyyətin Naxçıvan səfəri zamanı ölkə rəhbərinin təhlükəsizliyinə cavabdeh olanlar arasında o zaman DTK-nın Naxçıvan idarəsində işləyən Hamlet İsmayılov deyirdi;  “Onunla fəxr edirəm ki, taleyimə dahi bir insanın təhlükəsizliyinin təmin olunması kimi şərəfli vəzifəni yerinə yetirənlər arasında olmaq qisməti düşüb”.

1973 – cü ildən 2003 – cü ilədək xüsusi xidmət orqanlarında qüsursuz fəaliyyət göstərən polkovnik Hamlet İsmayılovu keçmiş iş yoldaşları və gənc çekistlər vətənin sadiq əsgəri, layiqli vətəndaş kimi tanıyır və ehtiram göstərirlər. O da öz növbəsində vaxtilə çiyin – çiyinə çalışdığı insanları unutmur, onlarla daim əlaqə saxlayı, tez – tez görüşür, hal - əhval tutur. Xüsusi xidmət orqanları veteranları Alyansının rəhbəri Fəxri Abbasov, veteran çekistlər Bəhruz Teymurov, Bəxtiyar Əliyev, Şamil Süleymanov, Əli Orucov və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səmimi duyğu və düşüncələri bu kitabda geniş yer alıb.

Hamlet müəllim öz nəslinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirib. Onun böyük qardası Əliağa və Ayaz ikinci Dünya müharibəsində şərəfli döyüş yolu keçiblər. “Mən də müharibə iştirakçısıyam – Birinci Qarabağ müharibəsinin. 1991-ci il iyulun 6-da Goranboy istiqamətində döyüşlərdə ağır yaralanmışam. Bu kitabı yazmağa 2020-ci ilin martında başlamışam. Həmin ilin noyabrında Azərbaycan Ordusu erməni faşistləri üzərində şanlı Qələbəyə imza atdı. Biz bu Qələbəyə görə öz qəhrəmanlarımıza – ilk növbədə Ali Baş Komandanımıza minnətdar olmalıyıq. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, Dmitri Solntsevin, Denis Proninin, Fəqan Məmmədovun, Xudayar Yusifzadənin, Yüksəl Əlizadənin və yüzlərlə digər igidlərimizin cəsarəti qarşısında baş əyirəm”.

Hamlet müəllim yeni kitabında cəsur çekistlərimizin istər döyüş bölgələrində, istərsə də adi günlərdə Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda əsil fədakarlıq nümunəsi göstərdiyi publisistik çalarlarla oxucuya təqdim edir.

Müəllifin dili rəvan, süjet xətti orjinaldır. Bəhs etdiyi hadisələr inandırıcı, yaratdığı obrazlar bitkindir. O, rastlaşdığı və iştirakçısı olduğu hadisələrə bədii don biçməyi, oxucunu inandırmağı ustalıqla bacarmışdır.

Müəllifin yeni kitabında müxtəlif vaxtlarda qələmə aldığı şeirləri də yer alıb.

Hamlet İsmayılovun bu kitabı gənc çekistlər və oxucuların  Zəfər tariximizə dair daha çox bilgilər əldə etmələri üçün etibarlı mənbə kimi də tanına bilər.

Yeni kitabı münasibəti ilə hörmətli dostumuzu, tanınmış çekist, istedadlı yazıçı – publisisti ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum:Rusiya şəhərləri bombalandı