Modern.az

Türk dünyasının dahi şəxsiyyətlərini tanımaq borcumuzdur  - Cavanşir Feyziyev

Türk dünyasının dahi şəxsiyyətlərini tanımaq borcumuzdur  - Cavanşir Feyziyev

Ədəbi̇yyat

5 İyun 2023, 16:17

Türk dünyasının dahi şəxsiyyətlərini, cəngavərlərini tanımaq həm bizim, həm də gələcək nəsillərin borcudur.

 

Bunu Modern.az-a deputat Cavanşir Feyziyev II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyəti barədə danışarkən deyib. 

 

Onun sözlərinə görə, belə bir festivalın Azərbaycanda keçirilməsi mühüm əhəmiyyətə malikdir:

 

“Azərbaycan Yazıçılar Birliyinin, Milli Elmlər Akademiyasının və digər təşkilatların birlikdə təşkil etdiyi II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festivalın keçirilməsi artıq ənənə halını alıb. Həmçinin, festivalda iştirak edən yazarların coğrafiyası da ötən ilə nisbətən genişlənib. Eyni zamanda kitablarını nümayiş etdirən yazarların sayı əvvəlki illərdən daha çoxdur. Bu da Türk xalqları arasında ədəbi-bədii əlaqələrin daha da genişlənməsinə xidmət edir. Bizim keçmişimiz birdir, ancaq biz bu günümüz və gələcəyimizin də bir olması üçün çalışmalıyıq”, - deyə parlamentari bildirib.

 

C.Feyziyev vurğulayıb ki, Türk dünyası dedikdə tək 6 müstəqil dövlət deyil, Türk millətinin yaşadığı bütün coğrafiyanı nəzərdə tutmalıyıq:

 

“Bu gün sərgidə təqdim olunan kitablar arasında mənim də müəllifi olduğum beş cildlik "Türk Dünyası" kitabları da var. Qeydolunan kitablar bütövlükdə Türk dünyasına həsr olunub. Birinci kitab türk sivilizasiyasının təməl prinsipləri adlanır. Bizim tarixdən gələn birliyimiz və bu bərabərliyi təmin edən dəyərlərimiz kitabda öz əksini tapıb. Hazırda bu kitab bir neçə türk dilində çap olunub. Bu baxımdan hiss edirəm ki, mən öz məqsədimə çatmışam. Bu gün də həmin məqsədi izləməkdə davam edirik. İkinci kitab isə türk xalqlarının tarixi haqqındadır. Türk dünyası çox genişdir. Bildiyimiz kimi, 6 müstəqil Türk dövləti var. Həmçinin, digər dövlətlərin tərkibində muxtariyyət statusunda yaşayan türk toplumları da mövcuddur. Avrasiyanın böyük bir hissəsində türklər məskunlaşıb. Ona görə də biz Türk dünyası deyəndə tək 6 dövləti deyil, türk millətinin yaşadığı bütün coğrafiyanı nəzərdə tutmalıyıq. Bu ərazilər həm insanları, həm də yeraltı sərvətləri ilə zəngindir. Zənginliyi təmin edən bütün dəyərləri toplamaq məqsədi ilə ikinci kitabı yazmışam”.

 

“Üçüncü kitab isə "Türk dövlətçiliyi" tarixi adlanır. Türklər tarix boyu Avrasiyada çox geniş ərazilərdə dövlətlər yaradıblar. Həmin dövlətlər dövrlərə uyğun olaraq müxtəlif strukturlara və hiyerarxiyalara əsaslanıblar. Lakin sonda bütün bunlar müasir türk dövlətçilik bazisini təşkil edir. Bu gün müasir dünyanın adət etdiyi parlament və ya kollegial idarəetmə məhfumları türk dünyasında çox qədim zamanlardan mövcud olub. Türklər hər zaman dövlətlərini, xalqlarını, tayfalarını idarə edərkən cəmiyyətin fikrinə üstünlük veriblər. Dördüncü kitab isə "Türkşünaslıq" adlanır. Bu kitab türk dünyasının keçmişi, bu günü və gələcəyini öyrənən elmə aiddir. Tarix, dilçilik, etnoqrafiya və mədəniyyət tərəfindən Türk xalqının həyat və yaşam tərzinin mövcudluq tarixinin elementlərini özündə əks etdirən məlumatlar bu kitabda cəmləşib. Nəhayət, beşinci cild isə Türk dünyasının məşhur şəxsiyyətləri ilə bağlıdır. Tarix boyu Türk dünyası fatehlər, cəngavərlər, dahi şəxsiyyətlər yetişdirib. Həmin şəxsiyyətləri tanımaq bizim və gələcək nəsillərin borcudur. Tarixdə yaşamış və dünya üçün bütün sahələrdə böyük açılışlar, yeniliklər gətirmiş Türk oğullarının həyatını, yaşadığı dövrü öyrənməyimiz çox vacibdir”, - deyə deputat əlavə edib.

 

Qeyd edək ki, bu gün Bakıda Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı öz işinə başlayıb. Festivalda müxtəlif ölkələrdən nümayəndələr iştirak edir. Festivalın açılış mərasimində AYB-nin sədri yazıçı Anar, Milli Elmlər Akademiyasının vitse- prezidenti Dilqəm Tağıyev, millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev və başqaları çıxış ediblər. 

 

Daha sonra deputat Cavanşir Feyziyevin “Türk Dünyası” adlı beşcildliyi təqdim olunub. 

Bu xəbər ilə bağlı
Deputatın “Türk Dünyası” kitabı təqdim olundu - FOTOLAR
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır